Ciddiləşən Xoşqədəm, özünü biabır edən “Bu şəhərdə” və məni “öldürən” Facebook -  Ayxan yazır...

Ciddiləşən Xoşqədəm, özünü biabır edən “Bu şəhərdə” və məni “öldürən” Facebook -  Ayxan yazır...
4 noyabr 2020
# 12:01

Cəbhədə döyüşlər başlayandan qəribə-qəribə adamlarla, şok effekti yaradan fikirlərlə qarşılaşırıq. Biri Paşinyanın həyat yoldaşını nəzərdə tutaraq yazır ki, qadının yeri mətbəxdir, gedib kartof-soğanını soysun. Başqa biri deyir, Şuşa nazlı gəlinimizdir, bir az da gözləyək.

Hələ bu ara-sıra sosial şəbəkəyə sızan gülməli və bir o qədər qeyri-ciddi fikirlərdir.

Müharibə söhbətinə görə xal tutmağa çalışanlar da var. Onlar ayrı dərddir.

Çox qəribədir ki, hamının birlik ifadə etdiyi bu günlərdə müğənnilərin həmrəylik naminə elədikləri söyüşlə, lağ-lağıyla qarşılanır. Deyirlər, sən manıssan, sənin tüfəng götürüb yalandan sıra addımları atmağına dəyməz, özünü şitliyə vurma.

Bunun üstündə guya ermənilərin öldürdüyü "məşhurlarımız" ortaya çıxdı: Elza Seyidcahan, Manaf Ağayev, Mehman Əhmədli, Maral Tahirqızı, Səyyad Əlizadə...

Hələ biri Şəbnəm Tovuzlu ermənilər tərəfindən öldürülməsi paylaşımına yazmışdı ki, Həcinin bundan xəbəri olsa, sizin üçün yaxşı olmaz.

Bizim sadəlövh camaatımız da elə bilirdi ki, həqiqətən bu şou əhlini ermənilər “öldürür”.

Böyük səhifələrin yüksək yumor hisli cavanları belə bir "manıs öldürmə" aksiyası təşkil elədilər və hədəflərinə ulaşdılar. Əsas inandırmaq idi. Düzü, ara yerdə məni də "öldürmüşdülər". Qulağım sarğılı şəkil paylaşıb ermənicə öldürdüklərini bəyan etmişdilər. Heç olmaya yaralı desəydilər, dərd yarıydı.

Bu günlərdə Xoşqədəm xanım da gündəmdə idi. Dedilər, milli azlıq söhbəti edib. Videosuna baxdıq, gördük, elə bir şey deməyib. Sadəcə fikrini ifadə etməkdə çətinlik çəkib. Axı illərdir, onu-bunu axtarmaqdan, arvad söhbətlərindən sonra gəlib ciddi danışırsansa, istər-istəməz təhtəlşüurundakı axsamalar üzə çıxacaq. Xoşqədəm xanım camaatın illərdir görmədiyi adamları tapmağı bacarırdı. Di gəl, lazımı ifadəni o məqamda tapıb söyləyə bilmədi və camaatın dilinə düşdü.

Onsuz da o sözü deməsə də, heç nə eləməsə də, camaatın ondan xoşu gəlmirdi. Bəhanə lazımıydı Xoşqədəmi yıxıb-sürüməyə. Nəticədə bir xeyli tənqid edəndən sonra hərə öz mövqeyinə çəkildi. Birdən hamıya hardansa agah oldu ki, bəs biz indi birlik olmalıyıq, düşmən bizə baxır. Onlar görsə ki, Xoşqədəmi yıxıb-sürüyürük, deyəcəklər, bunlar necə adamdırlar, bunlarda fikir azadlığı yoxdur. Bir də hamının ağlına batdı ki, bizdə heç vaxt etnik narazılıq olmayıb, hamı çox firavan yaşayıb. Etnik söhbəti qızışdıranlar 90-larda qalıb. İndi biz o təkrarı izləmək istəmirik. Vəssalam. Xoşqədəmin yaxasını buraxıb yolumuza davam elədik.

Bu dəfə əlimizə "Bu şəhərdə" səhifəsi keçdi. Onlar nə edib? Hamilə qadınların şəkilini paylaşıb yazıblar ki, Anna Akopyanın dəstəsi Qarabağdan qayıdır. Səhifənin admini də deyəsən elə onlar ağıldadır. Guya dəhşət zarafat edib. Camaat qırıldı gülməkdən. Prodüserləri də açıqlama verib ki, bəs orda narazılıq edən kişilər yox, qadınlardır. Adam bu qədərmi düşüncəsiz olar? Qadınlar haqda bir şey paylaşmısan, onları aşağılamısan, hamiləlik kimi insanı həyata bağlayan möhtəşəmliyə həqarət etmisən... Hələ durub belə deyirsən.

Qadınlar narazı olmasın neyləsin? O qədər bu qadın söhbətləri ilə dəxilsiz zarafatlar edib camaatı güldürüblər ki, zərrəcə anlayışları qalmayıb. Elə bil, qadın bunlar üçün zarafat mövzusudur. Belə də olmalıdır.

Prodüserin bu açıqlamasından sonra ərinməyib şərhləri bir-bir oxudum (2 mindən çox şərh vardı). Yalan deyir. Kişilər də narazıydı, etiraz edir və səhifənin şəkli silməsini istəyirdi. Prodüser də deyir, bəs əsgərlər qayıdanda o şəkli onlara da göstərərik, əgər biri qayıdıb desə ki, bu tərbiyəsizlikdir, biz o dəqiqə silərik.

Biz illərdir adamlara izah edə bilmirdik ki, bunların beyinləri inkişafdan qalıb, gülünüb qurtarmış zarafatları ilə əsəblərimizə toxunurlar.

Bu da sevimliniz “Bu şəhərdə”. Hələ də onları sevən, izləyən və qarnını tutub gülənlər var. Bu düşüncə, qurşaqdan aşağı, qadın üzərində qurulan yumor olduğu müddətcə, onlar da həmişə var olacaqlar. Di gedin, deyin, silsinlər o şəkli. Silirlərmi? Yox. Hamı söyür, silmirlər. Xeyri yoxdur. Gözləyək. Bəlkə, bu yazıdan sonra silərlər.

Biz zarafatcıl, yumoru olan, hər şeyi yüz ölçüb bir biçən adamlarıq. Mənə elə gəlir, torpaqlar azad ediləndən sonra daha vacib bir işimiz də var: İçimizi manıslıqdan təmizləmək!

Bilmirəm, biz maddi resurslara söykənən manıslığa qalib gələ biləcəyik, yoxsa yox, hər halda cəhd göstərməliyik.

Cəbhədə qələbələr qazanan xalq hər şeyə qadirdir!

# 37956 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
# # #