Ermənilərin öldürdüyü oyuncaqlar

Ermənilərin öldürdüyü oyuncaqlar
13 oktyabr 2020
# 10:29

Uşaq vaxtı bibim məni tez-tez Tiflisin Vaqe parkına gəzməyə aparırdı. Onda bu dünyanın oyun parklarından ibarət olduğunu düşünür və içdən-içə sevinirdim. Həyat o qədər gözəl idi ki, bütün fəsillər baharı xatırladırdı.

Parkda gəzdiyimiz günlərin birində zibil qabından oyuncaq tapdım. Bibim dondurma almışdı, mən də iştahla mədəyə ötürmüşdüm. O qədər iştahla yemişdim ki, dondurmanın çubuğunu yerə atmağa hazırlaşırdım. Bibim dərhal mənim bu yersiz hərəkətimin qarşısını aldı və yaxındakı zibil qabına işarə elədi ki, get ora at.

Zibil qabında məni hədiyyə gözləyirdi. Bu hədiyyəni kim bura atmışdı, niyə oyuncağı zibil qabına layiq bilmişdi, heç bir fikrim yox idi. Atamla anamın mənə aldığı hədiyyələrə heç vaxt bu nankorluğu etməzdim. Bütün oyuncaqlarım otağımda məni gözləyirdi.

Həyatının qalan hissəsini zibil qabında yaşamağa məhkum edilən o oyuncağı ordan xilas edib sevincək bibimə göstərdim.

- Aya, - biz onu belə çağırırdıq, - gör nə tapdım.

Bibim çox ciddi şəkildə oyuncağı gözdən keçirib onu təzədən zibil qabına atdı:

- Lazım deyil, dədənə deyərik, sənə lap yaxşısını alar.

- Ee....

Uşaqların həmişə elədiyi və uğurla nəticələnən zırıldamalarını işə saldım və nəhayət, bibim gözümün müzüyünü tökməyimə dözə bilməyib oyuncağı zibil qabından çıxardı və mənə uzatdı.

- Bax ha, evə gedən kimi möhkəm-möhkəm yuyursan. Həm oyuncağı, həm də əllərini. – düzü, onda korona filan yox idi, amma bütün böyüklər kimi bibim də, məndən narahat idi.

İndiki kimi yadımdadır, qolu qırılmış bir fransız zabitinin oyuncağı idi zibil qabından tapdığımız. Onu evə gətirdik, yaxşıca yuduq, quruladıq və oyuncaqların arasına qatdıq. Oyuncaq fransız zabit o biri oyuncaqların içində dura bilmir, tez-tez yıxılırdı, deyəsən, ayaqlarını yaxşı düzəldə bilməmişdilər. O biri oyuncaqlarım da ona tərs-tərs baxır, bu yad oyuncağın onların arasında nə işi var deyə baş sındırırdılar.

Mən o oyuncaq fransız zabitini Tiflisdən gedəndə özümlə götürmüşdüm. Sonra isə aqibətindən xəbərim olmadı: qəfil yoxa çıxdı. Ya anam onu əvvəlki yerinə - zibil qabına atmış, ya da hardasa itirmişdik. Üçüncü variant isə gülməli idi: o biri oyuncaqlar onu gözümçıxdıya salıb sıradan çıxarmışdılar.

Müharibənin dağıntıları insanları, qocaları, qadınları, uşaqları üzdüyü kimi oyuncaqları da kədərə bürüyür. İndi savaş havasında gəzdiyimiz bu günlərdə də dağıntılar arasından çıxan kədərli oyuncaqları görürük. O oyuncaqların içindən ağlayan uşaq səsləri gəlir. O oyuncaqların içindən “Atam, hardadır, ana?” sualı eşidilir. O oyuncaqların qulağından güllə səsi eşidilir.

Mən hər dəfə dağıntılar arasından çıxan o oyuncaqlara baxanda qəribə oluram. Uşaqları sevindirən, onların dostu olan oyuncaqlar onların, ölkələrinin taleyinə də şərik çıxırlar. Bombaların dağıtdığı evlərdə oyuncaqlar da ölür. Uşaqların dostları olan oyuncaqlar...

Dünyanın oyun parklarından ibarət olduğunu düşünən uşaqlar bu gün o parklarda əli silahlı düşmən əsgərlərini, güllə səsini, bombaların gurultusunu da görür və eşidirlər.

Soruşsan o uşaqlardan:

- Oyuncaqların hanı?

Deyəcəklər:

- Ermənilər öldürüb.

Oyuncaqların qatilləri dayanmaq bilmir, elə hey uşaqların oyun parkları kimi gördükləri dünyaya bombalar yağdırır. Mən öz uşaqlığımda itirdiyim o oyuncağın da hardasa atıldığını, kimsəsiz qaldığını düşünmüşdüm. Müharibənin arxasındakı dağıntılarda üzə çıxan bu oyuncaqlar da indi atılmış, tərk edilmiş, atasız-anasız uşaqlara bənzəyir.

Bir gün o oyuncaqların uşaqların yanında olduğu, hər yerin güllə səsindən təmizləndiyi bir dünya arzulayıram.

Uşaqlar oyuncaqlarsız qalmasın!!!

# 2994 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #