Pulumuzu oğurlayan erməni

Pulumuzu oğurlayan erməni
8 oktyabr 2020
# 12:01

1984-cü ilin yayında rayonumuzun məktəblərindən 25 nəfər seçib Şuşaya pioner düşərgəsini aparmışdılar. Salyanın istisindən çıxıb, səp-sərin, yam-yaşıl yerə düşmüşdük.

“Qaqarin” adına “pionerlager”in arxa qapısı Cıdır düzünə açılırdı. Qapıdan çıxan kimi, önündə dünya boyda geniş çəmənlik, göz işlədikcə dağlar görünürdü. İki gündən bir bizi ora aparırdılar. Yerli uşaqlar bizə dağları, dərələri, bitkiləri, bir sözlə hər şeyi adbaad öyrədirdilər.

İlk dəfə qartalı da orda görmüşəm. Elə ucadan, elə rahat, elə fəxrlə süzürdü ki, adam o qaratala qoşulub uçmaq istəyirdi.

Hər səhər yeməkxananın qabağına düzülüb “pendir, çörək, şirinçay, gecikənə yoxdu pay” oxuyurduq. Tez alışmışdıq düşərgəyə. Düşərgə ümumittifaq olduğundan, orada hər yerdən, hər millətdən uşaqlar var idi.

Lagerin direktoru da erməni qadın idi. Onda biz erməni nədir bilmirdik. Şuşanın təbiəti əsrarəngiz idi, bir saat yağırdı, kəsən kimi göy üzü açılırdı, tər-təmiz gün çıxırdı. Nə yağış, dolu yağırdı, buz yağırdı.

Düşərgədə bir-iki şəhər uşağı hasardan aşıb gəlir, bizə qoşulur, futbol oynayırdılar. Müəllimlər də göz yumurdular. Biz otaqda 4 uşaq qalırdıq, hamımız da Salyan məktəblərindən. Hasradan aşıb bizə Armen adında erməni uşaq qoşulmuşdu. Hündürboy, gülərüz, qaynayıb-qarışan uşaq idi. Hətta bizə qahmar da çıxırdı. O qədər isnişmişdik ki, otağımıza gətirirdik, müəllimlər görməsin deyə gizlədirdik. O da futbolda canla başla oynayır, dava düşəndə özünü qabağa verirdi.

Lagerin mətbəxində işləyən qadınlardan biri şokoladlı noğul satırdı. Orada ən qimətli şey bu noğul idi. 1 manat verib tum paketində noğul alıb, ləzzətlə yeyirdik. Bütün noğullarımı Armenlə bölürdüm. Nə də olmasa, ilk dəfə başqa yerdən dost tapmışdım.

Lagerə 20 günlük gəlmişdik. Atam cibimə 18 manat pul qoymuşdu. Bu mənimçün çox böyük pul idi. O yaşıma qədər bir cibdə o qədər pulum olmamışdı. Həm də noğul almağa bəs edirdi. İlk dəfə idi uşaq arzuma çatmışdım. Lager, gözəl dostlar, hər gün futbol və istədiyim qədər dadlı noğul. Amma sən saydığını say...

Lagerdə qaldığımız 9-cu gün günorta yeməyindən qayıdıb gələndən sonra otaqdakı uşaqların, içi mən qarışıq pullarımız yoxa çıxdı. Otağı ələk-vələk elədik, pullar yox idi, elə bil göyə uçmuşdu. Milisin qorxusundan cınqırımızı da çıxarmadıq.

Armen o gündən bir də lagerə gəlmədi. Ən dəhşətlisi o idi ki, qalan 10 günü biz göy üzünə az baxdıq, gözümüz yerdə-yurdda qaldı. Hər şeyin dadı qaçdı.

Bilə-bilə ki, pulları Armen oğurlayıb, inanmaq istəmir, pulu yerdən tapıb onu günahsız olduğunu sübut etmək istəyirdik. Oysa Armen bizim xəyallarımızı, nübar etdiyimiz dostluğumuzu, inamımızı, noğul sevincimizi oğurlamışdı.

Mən Qarabağ müharibəsi başlayanda, rayonlarımız işğal olanda, başımıza müsibət gələndə hamısının günahını Armendə gördüm. Uşaqlıq xəyallarımızı oğurlayan Armen böyüyüb vətənimizi, Şuşanı, Cıdır düzünü, o vüqarlı Qartalı, minlərlə uşağın noğul xəyalların oğurladı.

Bizsə uşaq vaxtlarındakı kimi, gözümüzü yerə dikib, birtəhər onu günahkar çıxarmaq istəmədik. Elə hey düşündük ki, günah bizdədi.

Bu gecə yuxumda Şuşanı, o qoca vüqarlı qartalı, dünyanın ən şirin noğullarını görmüşəm. Yuxumu işığa, suya danışmışam.

# 3354 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #