Cəbhədəki əsgərləri gözləyənlərin sevinci

Cəbhədəki əsgərləri gözləyənlərin sevinci
9 oktyabr 2020
# 11:24

Təzə köçdüyümüz kirayə evin sahibi namaz üstdə dua oxuyur:

“Allah sən əsgərlərimizi qoru! Sən qələbəni yetir! Hamı sağ-salamat evinə dönsün”.

“Nərmin, qulaq as, nənə gör nə deyir”. – yoldaşımın antenasını o biri otaqdan gələn dua səslərinə tərəf çevirirəm.

Biz o biri otaqdan nənənin duasını eşidirik. Ardınca bir səs də gəlir:

“Amin”

Bu da nənənin yoldaşıdır.

- Televizorun səsini qaldırın. Görək, yenə haranı almışıq. – mən deyirəm.

Baba:

- Qıra-qıra gedirik e, bala. Allah canlarını sağ eləsin!

“Ordumuz böyük ruh yüksəkliyiyi ilə irəliləyir. Qələbə bizimlədir”. – aparıcının səsinin ardınca hamımız eyni anda cavab veririk:

“İnşallah!”

Dalınca nənənin səsi:

“Hamınıza qurban olum, ay bala. Qələbəylə qayıdın evinizə”.

Nərmin hazırda ön cəbhədə olan qardaşı Nahidi xatırlayıb əlavə edir:

“Atam, qayıt evinə. Darıxdıq”.

Taksiylə gedirik. Qoca sürücü deyir:

“Getdim Səfərbərliyə. Dedim, məni də aparın, döyüşmək istəyirəm”.

Yanımızdan tırlar keçir, güzgüsünə Azərbaycan bayrağı yapışdırılan tırlar.

“Nə aparırlar görəsən?” – düşünürəm. Taksi sürücüsü içimi oxuyur:

“Təkər aparırlar, qadan alım. O gün də ərzaq aparırdılar”.

Xaçmaz rayonunun mərkəzində qələbəlikdi. Camaat sevinc çığlıqları atır:

“Qarabağ Azərbaycandır!”

Bir avtobus dolusu cavan cəbhəyə yollanır, şüşənin arxasından yığışan adamlara baxıb gülümsünürlər. Elə bil hamısı toya, şənliyə gedir.

“Gözlərinizə qurban olum...” – bir qadın qışqırır.

Cəbhəyə gedənlərin gözlərindəki işıq aşıb-daşır, çölə, yığışanların üstünə düşür, o işığın altında hamı dua oxuyur, alqışlayır, sevinir.

“Nahid zəng eləmişdi. Deyir, hər şey yaxşıdır. İnşallah, qələbəylə qayıdacağıq”. – Nərmin qardaşından danışır, hər xəbəri səksəkə içində dinləyir, azad olunan torpaqların sədası gələndə gözləri dolur.

Hər yerdə döyüşlərdən danışırlar, küçəboyu gedirik, hər tərəfdən “Allah əsgərləri qorusun”, “Şəhidlərimizə Allah rəhmət eləsin”, “Az qalıb deyirlər”, “Qaqa, Cəbrayılı qaytarıblar”, “Mən də gedib döyüşəcəm” cümlələri ucalır. Adamların içində çoxdandır yadırğadıqları sevinc hisləri baş qaldırır. Hamının üzü gülür, bir-birinə təbəssüm göndərir. Qocalar dua edir, yaşlı qadınlar cavanları görəndə qucaqlayıb alqış edirlər onlara, cəbhəyə pay aparan maşınların səsi qələbənin daha da yaxınlaşdığından xəbər verir.

“Gedəcəyik Qarabağa, o gözəllikləri görəcəyik”. – deyirəm Nərminə.

Kimsə zarafatla bizə deyir:

“Bəlkə gedib orda qalasınız”.

Bu cümlənin nə vaxtsa bu qədər ümidlə və inamla səsləndiyi eşitməmişdim. Hamı eyni cür gözəl cümlələr qurur, eyni cür gülür, eyni cür sevinir.

Bizim xalq dönüb olub bir adam. O adam neçə illərdir həsrətlə gözlədiyi qələbə sevincini dadmaq, ürəyindəki kədəri birdəfəlik basdırmaq, yerində bağ-bağat açmaq istəyir.

“Aç televizoru, görək indi haranı alıblar” – Nərminə deyirəm. Gülümsünür, televizoru açır. Evdəkilər köks ötürür. “Torpaqlarımız işğaldan azad olundu!” – köks ötürmələrinin tərcüməsi.

Televizorun səsini qaldırırıq...

# 2254 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #