Dörd min ildi dustağam - Adil Şirinin şeirləri

Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
19 sentyabr 2020
# 12:20

Kulis.az Adil Şirinin şeirlərini təqdim edir.

Bakı – 2020; COVİD-19 Labrinti

Külək əsir,
küçələr boş,
buludlar, ağaclar,
ümidlər sərxoş.

Pəncərələrin narahat işıqları
dörd divar arasında
gizlədib uşaqları.

Dəniz tək-tənha qalıb,
qağayılar ağlayır,
bir kimsə yox sahildə,
üzgündü,
küskündü bulvar.

Köhnə görüş yerlərində
unudulmuş sevdalar var.

Əlimi dünyadan üzürəm bəzən,
düşünürəm ki, mən bəlkə
bir ömür boyu
çıxa bilməyəcəm
bu küçələrin,
bu günlərin labrintindən...

Dörd divar arasında

Dörd divar arasında
Dörd rəngsiz fəsil
Dörd min ildir bu yerdə
Mən dustağam elə bil.

Dörd min ildir ömrümə,
Gün doğmur, yağış yağmır.
ən dərdli gecələrdə
ay pəncərəmdən baxmır.

Dörd divar arasında
Qəlbimdə bir həbsxana.
Qəfəsdə bir quş uçur
Qanadları yana-yana...

II

Dörd divar arasında
Ulayır yalquzaq külək.
Məzarımı qazın, gedim
Görüm nə istəyir fələk.

Yay günü mənim yuxuma
Qar düşər, bəyaz qar düşər...
Gəlsən qapımı döymə,
Barmaqların üşüyər.

Xəbərim yoxdu bu gün
Yaxınımdan, uzağımdan.
Payız yarpağı kimiyəm
Ayrılmışam budağımdan.

III

Dörd divar arasında
solur son arzum, gümanım.
Yollarımdan gözünü yığ,
Ay məndən sevgi umanım.

Ömrümün üstündə gəzir
Həsrətin, dərdin kölgəsi
Qeyb olur son ümidlərim,
içimdə boğulur səsim.

Otaqda ölüm mələyi
Köksümdə fələyin əli,
Dodaqlarımda qan tamı...
Ölmüşəmmi, qalmışammı?
Döşəməyə qan damır...


***

Ay işığı
Qaranlığın pərdəsini
Aralayır səssizcə...
Burdan çıxıb getsəydim,
Qarşı yatan qara dağa
Bir də qalxsaydım.
Son nəğməmi oxuyub,
Son duamı etsəydim
Və başımı qaldırıb
Göydə Aya baxsaydım,
Yenidən doğulardım
Və yenə sənə aşiq olardım.

# 4822 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər