Pandemiya uşaqları, şagirdinə qoşulub ağlayan direktor: İlk dərs günündən reportaj – Fotolar

Pandemiya uşaqları, şagirdinə qoşulub ağlayan direktor: İlk dərs günündən reportaj – Fotolar
15 sentyabr 2020
# 12:03

Avtobusun içi məktəbli forması geyinmiş mürgülü uşaqlarla qaynayır. Analar, atalar uşaqlarını məktəbə aparırlar. Çoxdandır, bu mənzərələrə həsrət qalmışdıq.

Yolum 270 saylı orta məktəbədi.

Hövsanın ən böyük məktəblərindən biri.

Məktəbin qabağı qələbəlik, səs-küylüdür. Darvazanın qarşısında valideynlər uşaqları ilə növbə pozur, aləmi bir-birinə qatırlar. Dəmir barmaqlıqlardan keçib məktəbin həyətinə keçirəm.

- Ay, valideynlər, bu uşaqları evdə döyürsünüz, məktəbə gətirəndə əzizləyirsiniz. – Gonbul müəllimlərdən biri deyir bunu. Niyə belə dediyini bilmirik. Söhbətdən xəbərsizik.

- Geri çəkilin, sosial məsafəni pozmayın! – Başqa bir müəllim valideynlərə təpinir.

Uşaqları bir-bir, növbəylə, qızdırmalarını yoxlayaraq buraxırlar. Səbirsiz analar, atalar da onlarla birgə məktəbə girməyə çalışır. Amma onlara giriş qadağandır.

Bilik günü olmasına baxmayaraq gül dəstələri, anaların canfəşanlıqlarını görmək mümkün deyil. Pandemiya dövrü olduğundan hər şey nizam-intizam çərçivəsində keçirilir. Bu birincilər pandemiya uşaqlarıdır.

Həyətdə sosial məsafəni ayırd etmək üçün xətlər çəkilib. Uşaqlar qəribə baxışlarıyla ətrafı süzürlər.

- Ağlayan uşaq tapdım, çək bunu! – Fotoqrafımıza səslənirəm. O da gülümsünür.

Məktəbli uşağa bir də baxıram. Ağlamaq istəyir, amma göz yaşları yanaqlarından süzülmür.

Müəllimlər bir qayda olaraq öz siniflərindəki uşaqları cərgəylə düzür, təlimat verirlər. Yavaş-yavaş uşaqlar yerlərini alırlar. Üzlərində eyni ifadə var: qorxu, utancaqlıq, yorğunluq.

Məktəbin direktoru Kəmalə xanımla tanış oluruq. Çox sadə, uşaqlara diqqətcil olmağı gözümdən yayınmır.

- Müəllimə, sosial uşaqlara məsafəni necə izah edəcəksiz?

- Yuxarı siniflərə başa salmaq olur, amma birincilərə çətindi. Uşaqdılar da.

Uşaqlar əllərində Azərbaycan bayraqları əsgər sayaq düzülüblər. Birdən himnimiz çalınmağa başlayır.

Hamı xorla "Azərbaycan" deyir. Bayrağı yuxarı qaldıra bilməyən birinciləri müəllimləri tənbeh edir: “Yuxarı qaldırın, yuxarı.”

Aralarına qoşulub himnimizi oxuyuram. Qəribə hisslər keçirdirəm. Sıraya keçirəm. Fotoqrafımıza səslənirəm:

- Şəklimi çək!

Hər il adət halını almış rəsmi hissə bu il pandemiyaya görə təxirə salınıb. Himdən sonra hər yeri sükut doldurur.

Gənc müəllimlər diqqətimi çəkir. Gözlərindən müəllim kimi ilk iş gününün həyəcanı duyulur. Uşaqların bir-bir gözlərinə baxıram. Rəngli, şaşqın, qayğılı gözlər...

Uşaqları tamaşa elədikcə ilk dərs günüm yadıma düşür. Məktəbə Tiflisdə getmişəm. Qorxaq olduğumdan bacımla bir qoyublar. Ona görə də Tiflis mənim uşaqlıq şəhərimdi. Kimsə o şəhərdən danışanda dilim topuq vurur, həyəcanlanıram.

Rəngli çantalar geyinmiş uşaqların bəziləri gözümə yuxusuz görünürlər. Yəqin gecə məktəbin xofundan yaxşı yata bilməyiblər.

- Adın nədi sənin? - bir qız uşağından soruşuram.

Üzündə təbəssümlə cavab verir:

- Damla

- Nə gözəl adın var. Hərfləri öyrənmisən?

- Nənəm bütün hərfləri öyrədib. Deyim?

Başına tumar çəkib gözümü digər uşaqlara tuşlayıram. Aralarında kök bir uşaq diqqətimi çəkir.

- Neçə yaşın var?

- Üç... - əliylə də göstərir.

Bilmirəm niyə.

- Dərslərini oxuyacaqsan?

- Çantamda hər şey gətirmişəm.

Kəmalə xanım ağlayan bir uşağı sakitləşdirir:

“Narahat olma, oğlum, anan gələcək indi”.

Növbəylə uşaqlar siniflərinə daxil olurlar. Birincilərin sinif otaqlarını gəzirik. Günəşin bərq vuran gur şəfəqləri sinifləri işıqlandırır. Ağlamaqdan gözləri qıpqırmızı olan bir qızı görürəm.

- Niyə ağlayırsan? Məktəb xoşuna gəlmədi?

- Eee, evə getmək istəyirəm.

- Ev maraqsızdı, məktəb maraqlıdı. - təsəlli verməyə çalışıram.

Siniflərin birində Həmid Herisçiyə bənzər uşaq görürəm. Eynəyi, saçları, xırda gözləri eynən bizim Həmid müəllim. Tərslikdən fotoqrafımızı tapa bilmirəm.

- Şeir bilirsən?

Gözlərini yerə dikib susur.

- Bilirəm.

- Hansı şeir?

- Ay pipiyi qan xoruz.

Kəmalə müəllimənin direktor kimi ilk iş günüdü deyə bilərik. Gənc olmasına baxmayaraq uşaqlara qarşı son dərəcədə həssasdır.

Dəhlizdə gəzərkən qəfil bir uşaq qaça-qaça qapıya yaxınlaşır. Məktəbin qarovulçusu onu saxlayır. Aha, ilk gündə məktəbdən qaçmaq istəyən uşaq. Bizi görən kimi ağlamağa başlayır.

- Anamı istəyirəm, üüüü...

Onu sakitləşdirmək üçün hərə bir ağızdan təsəlliverici sözlər deyir:

“Anan gələcək, evə gedəcəksən. Darıxma. Heç belə gündə ağlayarlar?"

Uşaq heç cürə bizim sözlərimizə məhəl qoymur, göz yaşlarının ardı-arası kəsilmir.

- Adın nədir?

Üzünü turşudur:

- Abbas.

- Abbas, ürəyin nə istəyir?

- “Tom Cerri”yə baxmaq.

- Burda dərs keçirilir axı, evdə baxarsan.

Ayağını yerə vurur:

- Evə getmək istəyirəm!

Sinfilərin birində müəllim, şagirdlərinə ilk dərs gününün mövzusu barədə məlumat verir:

"Bilik gününüzü təbrik edirəm. Uşaqlar, bu gün önəmli gündür. Siz məktəbə ilk addımlarınızı atırsınız. Bu gün sizlərə ilk dəfə pandemiyadan, sosial məsafədən danışmaq istəyirəm”.

Uşaqlar iki-iki otura bilmirlər, hamı tək-tək əyləşib. Siniflərin içində də sosial məsafəyə diqqət edilir.

Siniflərin birinə keçir, arxa oturacaqların birində özümə yer tapıram. Yanımdakı balaca oğlan mənə baxır. Gözlərində yazılanı oxudum: "Xeyirdi? Sən niyə oturmusan burda?"

- Ən çox hansı oyuncaq xoşuna gəlir? - vəziyyəti yumşaltmaq üçün soruşuram.

- Sənə nə?! - gözlərində qəzəb işarəsi...

Sakitcə sinifdən çıxıram. Son dəfə çönüb ona baxıram. Hələ də sifət edir mənə.

Kəmalə xanımla rastlaşırıq. Məktəbdən, uşaqlardan danışmağa başlayır:

“Bizim məktəbdə uşaqlara diqqət yüksək səviyyədədir. Burda psixoloqumuz da var. Bir dəfə yuxarı siniflərdən, səhv eləmirəmsə doqquzuncu sinifdən bir oğlan otağıma girdə və hönkürtü ilə ağlamağa başladı. Onu sakitləşdirmək üçün qucaqladım, özümdən asılı olmayaraq mən də ağlamağa başladım. Dedi ki, uşaqlar məni başa düşmür. Mən anamı ikinci sinifdə itirmişəm. Heç kim onu əvəz edə bilmir. Xeyli söhbət elədik, dərdləşdik. Özünə gələndən sonra olanları uşaqlara danışmamağımı istədi”.

Söhbət əsnasında müəllimlərdən biri Abbası axır ki yola gətirib sinfə qoymalarını direktora məruzə etdi.

O biri sinifdə sükut bayrağı əsir.

- Sizdə ağlayan uşaq yoxdur deyəsən, müəllimə?

Gülümsünür:

- Yox, hamısı ağıllı uşaqlardır.

Müəllimə sözünün təsdiq olunması üçün sinifdən soruşur:

- Düz deyirəm, uşaqlar?

- Bəli. – uşaqlar bir ağızdan dillənir

Getmək vaxtıdır. Məktəbdən çıxıb telefonumda Lalə Məmmədovanın “Məktəb illəri” mahnısını qoşuram:

"Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq".

Deyəsən, ağlamaq istəyirəm...

Foto: İlkin Nəbiyev

# 11733 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər