Ölümdən sonra yaşamağın yeganə sirri

Ölümdən sonra yaşamağın yeganə sirri
8 sentyabr 2020
# 11:05

Təsəvvür edin, müəllim yanına gedib hər hansı bir dili sıfırdan öyrənməyə başlayırsınız. Təbii, dilin ümumi ahəngini və ən vacib spesifikliyini mənimsəyəndən sonra sözlər yadınızda qalmağa, qarşınızda düzülən sirli hərflər gizli mətləblərini açmağa başlayır. Bir müddət sonra zəhmətinizin bəhrəsini görürsünüz və həmin dildə danışmağa, yazmağa başlayırsınız.

Bir də düşünün ki, yanına getdiyiniz müəllim sizə hər hansı dili deyil, özündən uydurduğu yalançı kəlmələri öyrədir. Siz heç vaxt o yalançı kəlmələri həqiqi kəlmələr sayaq yadınızda saxlaya bilməyəcəksiniz.

Nədən?

Cavablar çoxdur.

Mənə görə, ən ağıllı cavab sözün canlılığı ilə bağlıdır; gerçək məna ifadə edən sözlər doğrudan da canlıdır. Onlar da insan kimi bir ruh, bir enerji daşıyıcısıdır.

Ulu Mövlana “Söz – can yonqarıdır” deyirdi. Füzulu bu fikri bir az da inkişaf etdirib “söz”lə “can” arasına bərabərlik işarəsi qoydu, “söz - candır” dedi.

Diqqətlə baxsaq, klassik ədəbiyyatımızda insanın ən unikal metaforalarından biri sözdür. Çünki o da insan kimi həm cisim, həm can daşıyır. Xalq arasında işlənən “Sözünün canını de” ifadəsi təsadüfi yaranmayıb.

Sözün fikir kimi mövcudluğu ruhlar aləminə, deyilişi ruhun bu dünyaya gəlişinə, yazılışı insanın doğulmasına bənzəyir. Yazılmış söz maddidir, ələ gələndir, onu pozmaq və ya silmək mümkündür. Sözü silməklə o, yalnız öz cismindən, yəni niqabından məhrum olur, enerjisi qalır.

Söz canlı və enerjili olduğu üçün dil öyrənmə prosesində o da hərəkətə keçir, sənə yaxınlaşır, yadında qalmaq üçün cəhd göstərir.

Buddistlərə görə, dünyada hər şey canlıdır. Hətta daşlar da. Sadəcə onlar trans vəziyyətindədir. Bu hikmət bizim səmavi kitabımızda başqa cürsə də qeyd olunur və bütün yer kürəsinin, yer kürəsində mövcud olan hər şeyin Tanrıya ibadət etdiyi deyilir. Yalnız insana əlavə bir funksiya verilib: kainatın bu icbari ibadətindən əlavə gündə 17 rükət namaz qılmalıdır. Tanrının ona əta etdiyi ruhun xatirinə. Tanrıya sevgisini ifadə etmək naminə. Axı o, yaradılmışların əşrəfidir.

Söz də belədir. Trans vəziyyətində onsuz da canlıdır. Onu oxuyanda, öyrənəndə cana gəlir, səninlə ünsiyyətə girir, gülür, ağlayır, kədərlənir, sevinir.

Bir var sözü trans vəziyyətindən oyatmaq, bir də var ona yenidən can vermək.

Sözə ikinci həyatı verən yaradıcı insanlardır. Sənə qədər bəlli məna və enerji daşıyan sözləri sən yeni kontekstə qaldırırsan, ona yeni həyat bəxş edirsən. Füzuli bu məqamda “Ver sözə ehya...” deyir. Yəni, onu cana gətir, ona yeni həyat ver. Ver ki, sən öləndən sonra səni yaşada bilsin.

Söz qeybdən var olur.

Sözə can vermək Tanrını imitasiya etməkdir.

Tanrı Adəmi gildən yaradır və ona öz ruhundan üfürüb cana gətirir. Əgər tanrının üfürdüyü o ruh olmasaydı, Adəm sadəcə bir heykəltəraşlıq nümunəsi kimi qalardı, insana çevrilə bilməzdi. Söz də belədir. Müəllif öz ruhundan üfürüb cana gətirə bilmədiyi söz özünün əzəli-əbədi trans vəziyyətində qalır, yeni həyat qazanmır və təbii ki, müəllifini yaşatmaq imkanından məhrum olur.

“Ehya verilən” söz əbədi yaşaya, öz müəllifini də yaşada bilir. Əslində, insan da özünün ruh qatıyla əbədidir. Ölüm cismani hadisədir. Ruh verə bildiyin söz sənin ruh qatınla daimi irtibatdadır və ölümdən sonrakı “gizli” mövcudluğunun xəbərçisidir.

# 2909 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #