Tənha ərik ağacının kölgəsi – Hekayə

Tənha ərik ağacının kölgəsi – Hekayə
29 iyul 2020
# 17:19

Kulis.az Nuray Nəzərovanın “Tənha ərik ağacının kölgəsi” hekayəsini təqdim edir.

Fərman təyyarənin enişini səbirsizliklə gözləyirdi. Görəcəyi şəhərin xəyallarında canlandırdığı qədər gözəl olduğuna inanmaq istəyirdi.

Şəhərin üzərində dolanarkən, ən gözəl və ağacların çox olan yerində bayraq meydanını gördü. Üç rəngli bayraq sanki küləklə dava edirdi. Külək onu yatışdırmağa çalışsa da o, yenə də dalğalanır, məğrurluğunu itirmirdi.

Fərman bu şəhər haqqında bildiklərini kitablardan öyrənmişdi. Bir də, qonşuları Əhməd dayının bu şəhər haqqında danışdığı nağıllardan.

Nəyahət, təyyarə Şuşanın hava limanına endi. Fərman təyyarədən enən kimi dağlardan gələn sərin hava, ana körpəsini oxşar kimi onun üzünü oxşadı. Sevinirdi, xoşbəxt idi. Bəli, o, yay tətilini Şuşada keçirəcəkdi. Burada onların bağ evlərdi vardı. Atası, Şuşanın bol sulu, ağaclı yerində tikdirmişdi evlərini. Müharibədən sonra demək olar ki, Şuşada təmirsiz ev qalmamışdı. Hər tərəfdə gözəl binalar gözə çarpırdı.

Fərman ailəsi ilə birgə atasının əvvəlcədən sifariş verdiyi taksiyə oturub evlərinə yollandı. Yol boyunca maşının pəncərəsindən bir-biri ilə əl-ələ tutub yallı gedən dağlar görünürdü. Fərman hər gördüyü dağın, meşənin adını atasından soruşur, məktəbə qayıdanda dostlarına demək üçün çoxlu tətil xatirəsi toplamağa çalışırdı.

Sarı rəngli taksi nəhayət Fərmangilin evlərinin önündə dayandı. Anası və atası maşının arxasından çamadanlarını götürüb evə daxil olurdu. Lakin şəhərin görüntüsü, dağlar, meşəliklər Fərmanı çox uzaq xəyallara aparmışdı. O, xəyalların da uzandıqca-uzanan Topxana meşəsində at çapır, bayraq meydanının ən yüksək hissəsinə kimi ən yaxşı qaçış ustası olaraq çatırdı.

Evləri müharibədən sonra ən gözəl və müasir dizayn da tikilmişdi. Şuşanın demək olar ki, bütün evləri belə idi. Hər evdə internet, hər evdə xüsusi telefon şəbəkələri quraşdırılmışdı. Müharibədə dağılan tarixi abidələr öz gözəlliyini yenidən qazanmış, hər şey gözlənildiyindən də daha yaxşı alınmışdı.

Fərman evə qaçaraq keçdi. Otağına qalxdı, çamadanını boşaltdı, paltarını dəyişib, bir atlet sərbəstliyi ilə at tövlələrinə getdi. Orda Şimşəyin belinə atlanıb, Topxana meşəsinə tərəf atını çapmağa başladı.

O, Şuşanın yaylaqlarında at belində çapmağı sevirdi. İndi xəyalları gerçəyə çevrilmişdi. İstədiyi qədər gəzişə bilərdi. 10 yaşı olmasına baxmayaraq, böyük şəhər Bakının səs-küyü onu həmişə sıxırdı. Şuşada isə o, özünü lap doğma diyardakı kimi hiss edirdi.

Topxana meşəsini o baş, bu baş çapdıqdan sonra Fərman atının yorulduğunu hiss etdi. Ona görə də meşənin kənarı ilə yavaş-yavaş getməyə başladı. Hava o, qədər təmiz, o qədər səfalı idi ki, Fərman vaxtın necə gəlib-keçdiyini bilmədi. Fərqində olmadan gecənin Topxana meşəsini qucaqladığını gördü. Artıq vaxtdı, evə getməli idi. Amma, nə at çapmaqdan, nə içinə çəkdiyi təmiz havadan, nə də ona nəğmə deyən quşların, cırcıramaların səsindən doymamışdı.

Birdən bir çobanın ona tərəf gəldiyini gördü. Atını saxladı. Çoban kimin uşağı olduğunu soruşdu.

- Ay bala artıq gecə düşür, get evinə qorxarsan burda. Meşələr gecə qorxulu olur.

Fərman atını mahmızlayıb, gülməyə başladı.

- Ay çoban baba şəhər mənim şəhərimdi, bu meşə də mənim meşəmdi. Bura gələn məndən qorxsun, mən kimdən qorxacağam - deyib, atını çaparaq çobandan uzaqlaşdı.

Təsadüfən yolunun üstündə tək-tənha ərik ağacı gördü. Sanki, əvvəllər çevrəsində nələrsə vardı. İndi tənha qalıb, boynunu bükən tənha ərik ağacı Fərmanı öz yanına çağırdı. Fərman atdan düşüb, ağaca yaxınlaşdı. Budaqlarını oxşadı. Başına dolanıb, gövdəsini tumarladı. Xəyala daldı. Özünü xəyalarında kiçiltdi. İndi o, 10 yaşında deyil, 4 yaşında balaca bir oğlandı. Bu ağac Fərmanın olduğu uşaq bağçasının həyətindədir. Fərman onun kölgəsində dostları ilə gizlən-qaç oynayır. Ərik ağacı onu gizlənsin deyə budaqları arasında görünməz edir. Onu gözlərini yumub hamı gizləndikdən sonra, gizlənənləri axtarandandan heç biri tapa bilmir. Çünki, Fərmanı ən yaxşı dostu və sirdaşı tənha ərik ağacı görünməz etmişdir. Fərman bu tənha əriyin kölgəsi altında böyüdü, məktəbə getdi. İndi isə sanki, onunla yenidən xatirələrini bölüşmək üçün qayıdıb.

Fərmanı xəyallardan atasının səsi oyatdı.

- Ay bala sən haradasan? Anan neçə saatdı səni axtarır. Yeməyini yemədən evdən çıxıbsan.

Fərman günahını anlayan günahkar kimi başını aşağı salıb, atasından, icazəsiz qaçıb getdiyi üçün üzr istədi. Şimşək də yorulmuşdu. Fərman atasının əlindən tutub, Şimşəklə birlikdə evlərinə qayıtdı.

Tez yatmalı idi. Sabah daha güclü sınaq onu gözləyirdi. Üç rəngli bayrağın dalğalandığı zirvəni Şimşəklə birlikdə çaparaq fəth edəcəkdi.

Gallery

# 6244 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #