Səxavət, Xəcalət, Əmanət

Səxavət, Xəcalət, Əmanət
28 iyul 2020
# 10:30

Bir ay qabaq dostlardan biri karantin müddətində neylədiymlə maraqlandı. Mən illər qabaq alıb evə atdığım, indiyədək üzünü də açmadığım kitabları oxumağa fürsət tapdığımı bildirdim: bir-neçə əcnəbi müəllifin adını çəkdim. Dostum dünya ədəbiyyatını bilən adamdı, əlinin arxası ilə həmin müəllifləri zarafatyana kənara itələyərək, mənə bu yaxınlarda bir kitab verəcəyini və hərdən el dilində yazılmış əsərləri də oxumağı məsləhət gördü...

Bu, Əli Vəlioğlunun iyirmi il bundan qabaq çıxmış “Halal çörək” povesti idi... Bu kitabı birnəfəsə oxudum və xeyli düşündüm...

Əvvəla həmin dostumun “El dilində yazılmış əsər” ifadəsini xatırladım: bununla nəyi qəsd eləyirdi? Səməd Vurğun dilinin şirinliyini? Yüyrək nağıl dilini? Qatları bir-birinin üzərində yox, bir-birinin yanında olan, yəni dərinlik ilğımı ilə deyil, genişliyi ilə cəlb edən dili?

Bəlkə də dünya ədəbiyyatının üslub, dil texnikası baxımından rəngarəngliyini sadə bir düsturla ifadə eləmək olar: dalğa dilində yazılanlar və ləpə dilində yazılanlar. Məsələn, Asturiasın dili dalğa dilidir, Taqorun dili ləpə dili. Məsələn, nobelçi Brodskinin dili dalğa dilidir, nobelçi Şeymas Hininin dili ləpə dili. İndi sual çıxır: bunlar dənizin, yəni insanın, insan təfəkkürünün, bəşər həyatının biri-biri ilə yanaşı duran iki fərqli vəziyyətinin fərqli dilləridirmi?

Öz ağrılarını həkimə tibbi dillə deyil, öz balaca budkasının işlək leksikonu ilə ifadə edən pinəçi effektinin ədəbiyyatda yeri nə boydadır?

Axı həyat kerçəkliyi belədir: gündüzlər Kortasarın “qəliz” dilli, mürəkkəb konstruksiyalı romanlarından danışan valideynlər axşamlar öz uşaqlarına şirin dilli, sadə quruluşlu Məlikməmməd nağılları danışırlar.

“İntellektual dilli əsərlər” əslində bizi kirləndirməklə məşğul olmadımı? Canımıza bir intellektual hiyləgərlik hopdurmadımı? Asturias dilinin oxucusu ilə Taqor dilinin oxucusunun həyat fəlsəfəsi arasında hansı fərqlər var? Hər iksi bir kafedə ofisiantı eyni intonasiyada çağırmırmı, hər ikisi taksini eyni havacatda fitləyib saxlatdırmaq istəmirmi, hər ikisinin hər qəbildən tərəziyə elədiyi barmaqların izləri eyni deyilmi?

Bunlar ritorik suallar deyil, tərəddüdlərdir.

“Halal çörək” povestini oxuyandan sonra adamın ağlına gələn ikinci sual isə belədir: bəs intellektual həyat tərzi – texnologiya məişəti dünyaya nə verdi? Bu povestdəki insanın həyat fəlsəfəsindəki dədə-baba qaydasının sadəliyindən uzaqlaşa-uzaqlaşa haralara gedib çıxdıq? Cəmisi üçcə anlayışın – səxavət, xəcalət və əmanət fəlsəfəsinin üzərində bütöv bir əxlaq sistemi qurmaq mümkünkən yüzlərlə etik nəzəriyyəyə, ünsiyyət modellərinə nə ehtiyac vardı?

Bu kitab bir müddət qabaq Bakı küçələrində gəzən, bədəninin müxtəlif yerlərinə dəmir-dümür keçirmiş məlum turistin müasirliyi fonunda yabasını sinəsinə saz kimi basıb qəlbinin dərinliklərindən muğam oxuyan əkinçinin görüntüsünü qəribə halda üzə çıxarır. Və adamı, istər-istəməz, dünyanın indiki gedişatının yoxa çıxardığı halal çörək romantikasının nisgili bürüyür. Bu romantika indi təkcə vağzallarda yaşayır: bu, hansı qatarın hansı platformadan nə vaxt çıxacağını radioda elan eləyən o xanımın adama qəribə duyğular yaşadan səsidi.

Keçmişin nisgili çox cazibədar. Bu povestin bir yerində yazıldığı kimi: bəzi yaranışlara adı sonradan qoyurlar, bəzi yaranışlar isə adlarını özləri ilə gətirir – atlardan: Kürən, Qaşqa, Səmənd… qoyunlardan: Saqqar, Çalkürə…

# 5442 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #