Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri

Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
14 iyul 2020
# 15:39

Kulis.az Cavanşir Yusiflinin tərcüməsində dünya şöhrətli, suriyalı şair Adonisin şeirlərini təqdim edir.

Qızılgül görünməzdir, bilirəm,
Bir qadın da eləcə
Üzümüz səmanın gizli tərəfidir,
Astar üzü,
bulud-bulud tanıyıram oranı.
Səma yerdəki cənnəti çiyinlərində tutur
Tarixə xoş gəldin, demək qalır bizə
Və onun atom külü,
Fanilik
Necə ümidsiz ola bilər ki,
Yolu külkəkdən keçirsə...


Əl-Məərini yad edərkən

1. Uşaqlıq


Uşaqlığı əl ağacıyla getdiyi yolun dostluğuydu.
Qaranlıqsa atdığı addımların yaddaşıydı.
O vaxtdan o, sözü və mənanı,
onların üz cizgilərini birləşdirdi.
O eyni zamanda bilirdi ki, ölüm yeganə cənnətdir...

2.

O, sadəcə zövq üçün deyil, öyrənmək, sorğulamaq naminə gəzirdi.
Sözlərini həmişə bir musiqi melodiyası müşayiət edərdi,
bu, ağacların başından havalanan musiqi kimi elə
havada oynaşardı.
Hara getsə, harda olsa tələyə düşdüyünün fərqindəydi,
qalmaq istədiyi yerlərdə də...


Vədəsiz köçənlərə

Sünbülün adından gəldim,
Çörəyimiz cəhənnəm olanda
Qədim kitabların ölmüş səhifələri
Yenidən qorxu məmləkətinə qayıdanda.
***
İnqilabın rəngi –göyqurşağıdır –
Sırımsıx
Dünya kül altında yuxudan oyananda
Buzla qandallanmış zamanın nəhri
Başqa bir zamana axıb tökülür,
Nəsillərin sınağından çıxıb,
Uşaq dizləri kimi güclənir
Günbəgün
ilbəil
verir, ötürür...


Küləyin yaddaşı

Küləyin üzünə yazdım
kimliyimi
soyadımı unutdum,
yazmadım...
Yazıda zaman dayanmır
amma suyun barmaqlarıyla imza atır
qəlbində yatan ağrıya...
Bilirsənmi
kəndimin ağacları şairdir
ayaqlarını
səmanın mürəkkəbinə batırır
hər axşam.
Külək yorulur
Səmasa onun ayaqları altına sərilir
Həsir kimi.
Yaddaş son sığınacaq yerindi
Ancaq orda sən
Özü də yaddaş olmuş
Cizminlə qala bilərsən
Büsbütün...
Dilin səhrasında
yazı kölgədir
gizlənmək üçün.
Bir şair üçün ən gözəl məzar
Sözlərin arasındadı,
Sözlər arasındakı boşluqlardadı...
Bəlkə işıq
Çaşdıracaq səni
Səhər olunca
Belə olarsa,
heç nədən qorxma
təqsir günəşindi.


Ovsun yeri

Tanrıyla mənim aramda
Nə qisas, nə qovğa qaldı
Hərə çəkilib getdi
bulud qapısını üzünə bağlayaraq
Hər kəs yerini bildi,
Sərhəddini tanıdı
Yurdum sehr,
Ovsun yeridir
Mən havanın xəyalıyam
Suyun üzünə toxunuram
Yaralanır...
və mən
Butulkanın içindən dənizə düşürəm...


***

Dedim ki, cəhənnəm olsun dəftərlər də, kitablar da...
Cavab vermədi
Əllərinin arasındn şübhə çayı axıb geçdi
İkimizin arasından şəfqət çayı ...
Əllərimniz birləşdi
Boğazımız qovuşdu
Kitab oldu...

Dünən

Otağımın qapısını «xoşbəxt ulduz»la bağladım
Yeganə pərdəni çəkdim və məktublarını üstümə çəkib yatdım
Yastıq su oldu dolub boşalan sözlərdən
Bir cadugərəm mən, onunsa adı büxur və büxurdandı
Bir cadugərəm mən, osa qığılcım və istidən alışıb yanan məbəddi
Tüstü içində uzanmışam
işarərlərdən rəsm çəkirəm
onun yarasına bir çimdik sehr atıram
və dərimlə yuyub aparıram
Ah, sən yaram, cəhənnəmi işıqlandıran
Ah, sən yaram, əzizim ölüm...
Yaranın içində bürclər var, mələklərin məskəni
Çay da qapıların bağlayır, otlar yeriyir
Bir kişi paltarların atır üstündən, soyunur
O, mərsin yarpaqlarını bir-bir qoparır, dua edə-edə
Su damcı-damcı başına düşür
Diz çökür və qeybə çəkilir
Yuxu görürəm –
Torpağı güzgü olana qədər silirəm
Onu, buludların qapısını oddan hasarla döyürəm
Göz yaşlarından günbəz tikirəm, günbəz
Mənə sonuncu hədiyyən nə olacaq ?
Mənim suyuma qarışırsan, sənə içmək üçün ölümü uzadıram
Nəyim var, sənə verirəm : məzar və əvəzsiz ölüm. »

« - Köynəyim, toy günü içində gecələdiyimiz.
Sonra səninlə məzara enəcəm
Məhəbbətdən ölməyini asanlaşdırmaq üçün
Bir dəfə torpağın üstündə bir şüşə gördüm,
sınmışdı, çilik-çilik olmuşdu,
dəniz çəkilir,
yerdə balıqqulağı və dirilmiş varlıqlar qalırdı
Quşlar, quşların qanadları
Dedim ki,
Qadın bu göylər kimi təmiz, şəffaf olsun
Qoy bu dünya da elə cinsəllik daşına çevrilsin
Onu dənizin coşub əyilən yerindən görəcəm
Onun köpüyünü sevəcəm və onun üçün gözümün küncündə bir yer qazacam
dalğalara and içirəm ki, onlar mənim bəbəklərimdi
yaralarımın üstünə duz səpərək gəzirlər
mənimlə birgə
gözlərini qıpmadan ayıq qalırlar,
ya da yuxudan yumulan gözlərini üzümə dikib
içlərində batmış səslərinin sədasın
oxuyurlar:
O deyir: (sən mələksən, yalnız dərinin altını görürsən
Bu, səninlə mələklər arasındakı yeganə bənzəyişdi
Dərinliklərin qitəsini açmaq istəməzdinizmi ?
Hə, gedirsən,
Daha ucaların qitəsinə...


Gözlərinlə mənim aramda

Gözlərim gözlərinin içinə axanda
dan yeri göründü
dərin, ucsuz, bucaqsız...
Qədim, çoxdan kül olmuş
dünəni,
bilmədiyim hər şeyi görürəm
Hiss edirəm ki, dünya
gözlərinlə mənim aramda keçir,
Qurtarır...
Yanıb kül olur,
əzizim...


Dialoq

«Hardaydın
Kirpiklərin altında hansı işıq ağlayır?
Hardaydın?
Göstər mənə, nə yazıbsan?»
Cavab vermədim. Sözüm yox idi daha
Mürəkkəb dumanında ulduz tapa bilmirdim
Kağızları cırıb atmışdım
Kirpiklərinin altında hansı işıq ağlayır ?
Hardaydın sən?
Susdum.
Gecə bədəvi çadırıydı
Ulduzlarsa qövmlər
Mənsə sısqa bir günəş
Altında
Təpələr yer-yer görünürdü,
Səfilin birisə yolu keçirdi.

Səfər

Dalğanın təkinə enəcəm
Bizi atıb gedən illərlə görüşəcəm
Bir də yeddi Qalaktikanı
Dodaqlarla görüşəcəm
Bir də yuxu basmış
Qapanmış gözlərlə
Allahın cəhənnəmində göz qamaşdıran ülgüclə
Birdən yoxa çıxacam
Küləyin yelpiyiylə
Addımlarım yol ayrıcında qalacaq
Uzaqda
Bir səhrada

Sual üçün güzgü

Sual verdim dedilər ki,
Oda tutaşmış budaq
Quşmuş
Dedilər ki, sifətim bir əlçim ləpə
Dünyanın üzüsə güzgüymüş
Səhərin doğuşunda ağrı
Gəlib çıxdım
Yolumun üstündə
Mürəkkəbim dünyaydı
Cümlələr tir-tir əsirdi
Xəbərim yoxdu ki, aramızda
Körpü atılıb - od topaları və kahinlik
Qardaşlıq körpüsü
Xəbərim yoxdu ki, üzüm
Qayığa dönmüşdü
Qığılcımlar içində üzürmüş


İşığa toxunmaq

Gecə bədirlənmiş ay altında
Süd yolunu axtarırsan
Su yoluymuş görəcəksən
Qolların çaya dönüb
Sinən də mənsəbinə
Bu gün göylər şeir yazdı
Ağ mürəkkəblə
Adını qar qoydu
Yuxun cavanlığa çəkir səni
Sənsə hey qocalırsan
Xəyallar
Uşaqlığa doğru addımladıqca böyüyürmüş
Yuxu bir idman atı
Heç nəyə toxunmadan
Uzaqlara aparır bizi
Bulud yorulub indi
Gözünün seçdiyi ən yaxın çaya sinir
Köynəyini yumaqçün
Ayağını suya qoyar-qoymaz
Köynək yoxa çıxır
Uçub gedir
Yatağından qızılgül çıxır
Səhərin əlindən yapışır
Gözlərini ovuşdurmaqçün
Palma gövdəsiylə danışır
Qızılgül ətriylə
Küləklə fəza sərgərdan
əl-ələ tutublar
Göyqurşağı?
Yerlə səmanın birliyi
Bircə sapdan toxunmuş
Payızın enişi boyu yeriyir
Yazın əlinə söykənib
Göylər də ağlayır
Tez də gözlərini silir
Üfüqün dəsmalıyla
Yorğunluq gəlsə
Külək səmada xalça toxuyar
Üstündə uzanmaqçün
Günlərimin meşəsində
Küləkdən başqa
Yer qalmadı nəyəsə
İşığa toxunmaqçün
Kölgənə dirsəklənməlisən
Hərdən mənə elə gəlir bu külək
Çiyinlərimə baş qoyub
Uşaq kimi ağlayır
Ağaca
Meyvəsini necə anlatmalı
Göyqurşağına
Toxunduğu ipliyi?
Sanki bir əldi
Işıq kölgələrin ipləri üstündə
Yerini dəyişir
fəzanın çiynidir
orda
qara buludların altında
parçalanır
Gilyotin üçün fəza da
Kəsilməli başdı
İşıq ola bilməzsən
Gecəni
Çiyinlərində daşımadan
Buludlarla müqavilə bağlayacam
Yağışı azad etməkçün
Başqa birisi də
Küləklə
Bizi – məni və buludları
Buraxsın, gedək azadlığa
Sözlər sürgündə yaşayır
Yollar vətəndə
Nə qəribədi bu sözləşmə
Sahillə dalğalara arasında
Ləpələr yazını yuyub aparır
Xatirələr bir başqa evin
Buraya yalnız
Xəzələ dönmüş cisminlə
Girə bilərsən...

Yuxu üçün güzgü

Yuxumu götür, tik onu,
əyninə geyin,
Dünən əllərimin içində
Yuxu apardı səni
Məni dörd yana gəzdirdin
İnilti kimi
Gəzdirdin məni
Günəş arabasında
Qağayı kimi göyə milləndin
Gözümdən dən-dən töküldün.

# 2128 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #