İcazə verək, insanlar Allahlarıyla dalaşsın

İcazə verək, insanlar Allahlarıyla dalaşsın
11 iyul 2020
# 14:07

Kulis.az İlqar Kamilin "Mənim tanıdığım Allah" yazısını təqdim edir.


Təsəvvür edin, qışdı, orucluğun 24-cü günüdür, mədrəsədə təhsil alıb evə qayıdan dindar oğul baxır ki, sübh azanından dörd dəqiqə keçib, amma anası indicə dərman içdi. Dərhal səslənir:

- Anacan, azan olub axı!

- Oğul, bilirəm, amma ürək dərmanımdı, içməsəm olmazdı.

- Bəs mən illərdi nə oxuyuram? Sənin orucun batildi!"

- "Axı, ay oğul, huşsuzluq eləmişəm də, 3-4 dəqiqəyə görə 24 günlük zəhməti yerə vurum?

Ana deyir, oğul cavab verir, ana yalvarır, oğul inad eləyir, nəhayət, bu höcətləşmə ananın qəfil "şilləsiylə" bitir:

"Oğul, başına dönüm, sənin kitablarda oxuduğun Allah bu qədər xırdaçı ola bilər, mənim qəlbimdə duyduğum Allahsa çox-çox böyükdür!"

"Anam üçün" romanı bu diaqloqla başlayır, ardınca da müəllif tez qeyd edir ki, Allahın 3-4 dəqiqəsinə belə könül rahatlığıyla yanaşan o əziz ana ətrafının, qonum-qonşusunun 3-4 qəpiyinə çox həssaslıqla yanaşırdı, odur, bu evin ən çox işlədilən sözü beləydi: bizə haram tikə düşmür bala, Allah götürmür bunu, diqqətli ol!

Sizcə, Allah ən çox nəyə qəzəblənər? Bu məsələdə mən Pakizə ana kimi düşünürəm, mənim tanıdığım Allah zülmə, haramxorluğa, yaltaqlığa, ədalətsizliyə və s. bu kimi iyrəncliklərə qəzəblənər, tutalım, bir gəncin ona "meydan oxumasına" isə ən pis halda qımışıb keçər - sanki xırda bir uşaq Qəzənfər əminin yolunu kəsib deyir, sən döyərsən, mən?

Əvvəlcə ordan başlayaq ki, mənim tandığım Allah üçün onunla ünsiyyətin bütün növləri xoşdur, qiymətlidir, əzizdir. Çünki, insan Allaha gileylərində şükürlərindən daha səmimi olur.

Nə baş verir? Rəvan Cavid adlı bir gənc gecənin bir aləmində dünyada olan bütün olub-bitənləri gözünün önündən keçirib hisslərini, ağrılarını yazıya çevirir:

Mən qadın olsaydım, Allah doğardım,
qoy olsun, Allaha günah, doğardım,
Allahı azacıq uşaq doğardım,
qoy bir az anlasın ac uşaqları.

Sizin tandığınız Allah bu giley dolu misralara necə reaksiya verərdi? Bağrına sıxmazdımı onu, deməzdimi, oğlum, haqlısan, amma sənin bilmədiyin şeylər var... İndi siz bir də Allahın "bəndələrinin" reaksiyalarına baxın. Dünən ürək ağrısıyla yazmışdım, dünyanın bütün dərdi budur: əsərlə (bəndəylə) müəllif (Allah) arasında harmoniya, bənzərlik, oxşrlıq yoxdur. Müəllifə baxırsan - nəhəng! Əsərə baxırsan cıp-cılız!

Qarşısında çıxış etdiyim auditoriyadan soruşuram: “Dini mətnlərdə Allah ən çox hansı cəhətiylə vəsf olunur, hansı zikr ana zikridir öpüb gözümüzün üstünə qoyduğumuz Səmavi Təlimin?”

Cavablar yekdildir: “Allahu-əkbər!” Qımışıram: “demək, Tanrı ən çox məhz bu cəhətində ona bənzəməmizi istəyir - böyüklükdə!”

Biz necə, böyüyə bilmişikmi?

Şəxsən mən o reaksiyaların "skrin"lərini görəndə utandım, Allahımdan utandım... Və bir böyük ustadın mədrəsədən məzun olmuş tələbələrə dediklərini xatırladım: "Allahı sizə tapşırıram!" Tələbələr çaş-baş qaldı:

"Necə yəni... Bəlkə əksinə, ustad?" Xeyr, - dedi ustad, - mən Allahı sizə tapşırıram, çünki gedəcəyiniz yerlərdə onu sevdirmək də, söydürmək də sizin təqdimatınızdan asılıdır.

Gileyin özündə də iman var, qardaşım, özü də ən səmimisindən, insan inanmadığı Allaha niyə gileylənsin ki? Onu nədəsə niyə qınasın ki?

Bir şeirimdə yazırdım: "Görəsən, Allah da ağlayır uşaqlar öləndə?". Bu da bir giley idi, qınaq idi, amma Allah buna görə sındırmırdı qələmimi, əksinə, bir də baxırdım, ustufca qəlbimə ilham edib cavablarını.

Rusların "üçüncü artıqdır" sözü ən çox Allah-bəndə münasibətlərinə aid olunmalıdır, lütfən icazə verək insanlar Allahlarıyla dərdləşsinlər, gileyləşsinlər, dalaşsınlar... İnanın, biz araqatanlıq eləməsək, onlar dil tapacaqlar, barışacaqlar, dostlaşacaqlar.

Boğmayaq adamları, bezdirməyək, daha da uzaqlaşdırmayaq Ondan. Həzrəti Musayla Allahın dialoqları doludur belə suallarla, sual ancaq sual şəklində olmur ki - gileyin, qınağın özü bəzən ən böyük sualdı. Sual da qınaqdı, qınaq da sualdı. Qoyaq insanlar suallarını versin, sorsunlar, sorğulasınlar, hətta bəzən dözməyib "daşlasınlar" da Onu. Dedim axı, mən tanıdığım Allah üçün onunla ünsiyyətin bütün növləri xoşdur, qiymətlidir, əzizdir.

Məşhur "Şəbaniyyə münacatı"nda oxuyuruq: (ərəbcə transkripsiyası belədir: lə in əxəztəni bi-zənbi, əxəztükə bi əfvik").

"Əgər qiyamət günü məni günahımla hesaba çəkmək istəsən, mən də səni əfvinlə hesaba çəkərəm". Deyərəm, ilahi, mən kiçikdim, cılızdım, rəzildim, günah elədim, bəs sən niyə böyüklük eləyib bağışlamadın, sən ki Allahdın! Görün necə şirin söhbətdi, necə gözəldi, necə qəşəngdi.

Rəvayət var, Allah bəndəsini cəhənnəmə göndərər, bəndə gedə-gedə hey qanrılar Ona tərəf. Nida gələr: "Saxlayın, görək niyə belə edir? Bəndə Allaha nə desə yaxşıdı? "Sənə elə baxıram, çünki səndən bunu gözləməzdim". Allah məhz bu ümidinə, bu gileyinə görə əfv edər onu.

Müdirinə etiraz etmək, ustadına haq sözünü deyə bilmək... Bəzən mənə elə gəlir, Allahın da ona sözünü deyə bilən bəndəsindən xoşu gəlir, axı yaltaqlanmaqların ən pisi Allaha yaltaqlanmaqdır, deyil? Yetər ki, bu qınaq səmimi olsun və bir az da estetik. Yəni mənim tanıdığım Allah gənc dostumuz Rəvan Cavidin məlum misrasına məzmununa görə yox, olsa olsa, formasına, estetikasına görə etiraz edə bilərdi, deyərdi, oğlum, "Allah doğardım" nədi, axı sən şairsən, axı sən bunu daha gözəl, daha zərif yaza bilərdin.

# 4092 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #