Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...

Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
8 iyul 2020
# 09:00

Kulis.az Bircənin "Atamın vəsiyyəti" yazısını təqdim edir.

12 aprel, karantinli bazar günü. Evdə olacağımı düşünüb ləzzətdən şellənirəm, avara-avara pəncərələrdən boylanıram. Bomboz hava tam mənlikdi, düşmənim Günəş xanım daldaya çəkilib. İş yoldaşlarıma söz verdiyim fəsəlinin xəmirini yoğururam. Uzun bir günün sərəncamımda olduğunu düşünüb arxayın tərpənirəm.

Bu dəm ev telefonum qışqırmağa başlayır:

- Alo, xeyirdimi?

Xasiyyətimi bilən bacım birbaşa mətləbə keçir:

- Xeyir deyil, dədəmiz yıxılıb, vəziyyəti ağırdı.

Elə bil qollarımdan qara daş asılır:

- İndi neyləyək, yollar da bağlı?

- Sizi bilmirəm, mən piyada gedəcəm, kişi bizi istəyir, - deyib hönkürür.

- Özünü topla görək başımıza nə gəlir.

- Ta bundan artıq nə gələsidi, atamız ölür.

- Uşaqlar bilirlər?

- Yox, hələ heç birinə deməmişəm, Hakimi yığıram çıxaq.

- Yol bağlıdı, buraxmayacaqlar.

- Düşüb piyada gedəcəm, - atamızın dıqqılı (kişinin öz sözüdü) qızı ağlaya-ağlaya telefonu yerə qoyur.

Aqili, Hakimi yığıram, ikisi də çaş-baş qalıb. Özümü cərcəmləyib Rüfətdən eşitdiyim xəbəri Aqilə çatdırıram:

- Həyəcanlanma, atam o zəhrimardan tutub, hər şeyə hazır olmalıyıq.

- Havadan danışırsan?

- Havadan niyə, Maralın qırxına gedəndə Rüfət pıçıldamışdı qulağıma, sizə deməyə ürək eləmədim, qıymadım.

Qardaşım xəttin o başında xeyli susur. Mən ağbirçək-ağbirçək danışmağa başlayıram:

- Atamızın ölüm yaşı çoxdan çatıb, təki Allah əzab verməsin.

- Hakimə də xəbər elə, yığılın bizə, bir azdan gəlirəm.

Pal-paltarımı yol çantama yığıram, güllərimi sulayıram. Hakim zəng vurur:

- Gedirəm Laləni götürəm, çıxaq rayona.

- Nə tez, axı Aqil dedi bizə yığışın.

- Ay bacı, Lalə dayanmır, ora nəyə gedək? SMS-lə “dəfn” yazıb beş saatlıq icazə almışıq, görək postu keçə biləcəyikmi?..

***

Maralın yasına gedəndə atamı sınıq görüb hay-həşir salmışdım:

- Ay dədə, nolub sənə, niyə belə ərimisən?

- Çörək ağacından yıxılmışam.

- Çoxmu hündürüydü sənin çörək ağacın?

- Əzrayıl ağa gündə neçə yol qamçısını mənə tərəf şaqqıldadır. Həm qorxudan, həm də acından bu gündəyəm...

Saatın əqrəbləri bir-birinə dolaşa-dolaşa irəlilədikcə səbrim büzüşüb yumağa dönür.

Laləgil hələ posta çatmayıblar. Qorxa-qorxa atamın nömrəsinə zəng vururam. Rüfət götürür, işlərin nə yerdə olduğunu səsindən anlayıram.

- Qadam, axı dünən yaxşıydı, mənlə xeyli söhbət elədi.

- Səhər yeddidə qalxmaq istəyib, duran kimi yıxılıb. Özünüzü mənə yetirin, atam bu yataqdan qalxmayacaq.

Qardaşım dünyanın o başında, mən taclı virusun addım səslərini eşitdiyimiz Bakıda səs-səsə verib ağlaşırıq.

Bir neçə dəqiqə sonra Rüfət sevincək bağırır:

- Ay Bircə, atam gözlərini açdı, gör nə deyir.

Kişinin qumrov səsindən əsər-əlamət qalmayıb, güclə danışır:

- Bu küyçünün sözünə inanma. Yadında basıb-bağlayırdı – ay erməni tankını belə vurdum, mühasirəni belə yardım. Bu, qorxağın yekəsiymiş, kiridə bilmirəm bunu. Heç nəyim yoxdu, ancaq gələ bilsəniz gəlin.

- Ay ata, səsinə qurban olum, nolar karantinin bu vaxtında ölmə hələ.

- Bəs nə vaxt ölüm?

- Qadan alım, axı hələ hazır deyilik. Bu yandan da yer-göy alışıb yanır, görək bəndi-bərəni aşıb gələ bilirikmi. İndi ölməyin yeridi?

- Qışda ölmə, yayda ölmə, bayramda ölmə, karantində ölmə, itin qızı, bəs mən nə vaxt ölüm? Sən nə vaxt hazır olacaqsan, heç olmasa vaxtını-vədəsini de. Sənə verdiyim vəsiyyətnaməni də gələ bilsən özünlə gətir.

- Vəsiyyətnamənin hər bəndinə özün sağkən əməl eləmisən, daha onu ortaya çıxartmağın nə mənası?

- Gətir. İşdi, sən çatınca ölsəm verərsən Aqilə. Ancaq ona!

- Yaxşı, - deyib hönkürdüm.

İndi də Rüfət başladı mənə ürək-dirək verməyə:

- Ağbirçək, deyəsən yadından çıxıb, gündə neçə dəfə kişini Kamilə qurban deyirdin.

- Yenə deyirəm, ay Rüfət, atam Kamilin qada-bəlasını yığıb getsin balasının, bacısının yanına...

***

Gün əyiləndə Lalədən zəng gəlir:

- Postu keçdik, Hakim maşını uçurdur.

Sevincimdən evin içində o baş-bu başa qaçıram, nənəmin dilincə atamı oxşayıram:

Dolayda bulaq ollam,

Bulağa yolaq ollam.

Bilsəm hardan gəlirsən,

Ora göz-qulaq ollam.

Bacı-qardaşımın mənzil başına çatdığını bilən kimi Aqil zəng vurur:

- Hazır ol, tezdən gedirik.

Kitabxanamı axtarıb atamın neçə il qabaq öz əliylə yazıb mənə verdiyi vəsiyyətnaməni tapıram. Əslində atamın iki vəsiyyəti vardı, mənə tapşırdığı biz üç bacıyla bağlıydı, burda əmlakının bizə çatası hissəsinin bölgüsünü aparmışdı. Bundan heç anamın da xəbəri yoxuydu, qardaşlarımdan Səməndərlə Aqil bu işə şahidlik eləmişdilər. Atam ölənə qədər bu sirr qorunmalıydı. Kişi bizim adımıza ayırdığı pulu Lalənin adına banka qoymuşdu.

Şükür ki, o pul elə atamın sağlığında bizə qismət oldu – Sevillə mən ev aldıq, Lalə öz payını qızının xaricdə təhsil alması üçün göz bəbəyi kimi qoruyub saxlayır.

***

Səhərəcən atamın ala gözləri, gur saçları, düz qəddi, güləş üzü gözümün önündən çəkilmədi.

Atam nənəmin ikinci ərindən ilk övladıydı. Ondan sonra dünyaya gəlmiş iki uşaq körpəykən tələf olmuşdu. Sovet hökumətiylə yola getməyən babam güllələnəndən sonra nənəm atamı varlı-hallı təklə-tərəkəmə əmilərinə verməmişdi. Bəlkə də belə eləməsəymiş, kişi adlı-sanlı bir elm, ya sənət adamı olarmış. Atam oxumaq dəlisiydi, kitab xəstəsiydi. Ali təhsil almaq arzusu ürəyində qalmışdısa da sonralar qardaşlarımla əlbir olub evdə iri bir kitabxana yaratmışdı. Çobançılıqla səkkiz uşaq böyüdüb oxudub hamısını ev-eşik yiyəsi eləmişdi.

Atam Bakıdan ev alanda Musa əmim onu çox danlamışdı, hətta bir müddət dindirməmişdi:

- Əlindəkini-ovcundakını yığıb xosmaya vermə, geridə bir çətən külfətin var.

Cavabında atam ona:

- Mən balalarımı oxudub bu kənddən uçurdacam, - demişdi.

Dediyi kimi də eləmişdi.

***

Aprelin 13-ü səhər tezdən Aqil, arvadı, bir də mən yola düşdük. Qardaşım arada Fəridəyə sataşırdı:

- Mən postdan ancaq bacımı keçirdəcəm, səni bəlkə də maşından düşürdülər.

- Niyə, atam gəlini məndən çox istəyir, bizim qədər onun da yolunu gözləyir.

Gerçəkdən atam gəlinlərinə bir ayrı cür məhəbbət göstərərdi. Atası dünyadan köçəndən sonra Fəridə virdini qaynatasına salmışdı, onunla həm dost, həm sirdaşıydılar. Atamın bütün gizlinci, sirr boxçası Fəridənin qoltuğunda olardı. Nərddə, dominoda tay-tuş kimi cığallıq eləyib daş oğurlayar, zər tutardılar.

İş yerimdən mənə daşdan keçən sənəd vermişdilər, Aqil də özüylə arvadına icazə almışdı, bu səbəbdən yolda bizi incidən olmadı. Hər dəfə postu rahat keçəndə qardaşım Fəridəyə sataşırdı:

- Görürsən, bacımın boyunu görən kimi polislər yolu taybatay açırlar. Bircənin qədrini bilin, o hələ sizin üzünüzə çox qapılar açacaq.

Aqil kədərimizi unutdurmaq üçün yol boyu bizi güldürüb şənləndirirdi. Biz də qardaşımın sükan tutan əllərinə təpər vermək üçün onun oyununa həvəslə qoşulurduq. Arada Lalənin həyəcanlı zəngi kıtılımızı vurdu:

- Nolar, tez gəlin, dədəmiz ölür!

- Səsini içinə sal, - acıqlandım, - bilmirsən Aqil maşın sürür?! Sən hardan bilirsən ölmək nə təhər olur?

- Vallah gəlib kişini sağ görməyəcəksiz.

Oyunumuz pozuldu, maşına gərgin sükut doldu. Az keçmiş əmim oğlu Məhər zəng vurdu:

- Aqil, qurban olum, təntimə, əmim yaxşıdı, arxayın gəl.

Qardaşımın rəngi üstünə qayıtdı. Məhər Musa əmimin üçüncü oğludu, həm də atamın qapı qonşusudu. Atalarından sonra əmim uşaqları dədəmə mehir salmışdılar. Ən çox da Məhər – gündə iki dəfə başını bizim qapımızdan içəri təpməsəydi atamın gözünə yuxu getməzdi.

***

Seyrək çiskin yolu islatmağa başlayanda Aqil maşını ağaclığa verib saxladı:

- Düşün əl-üzünüzü yuyun, bir tikə çörək kəsin. Hələ bilmirik irəlidə bizi nə gözləyir.

Fəridə maşının qabaq kapotunun üstündə süfrə açdı. Qardaşım bizə iri, bəzəkli termosdan qaynar çay süzdü. Süfrə Aqilin xoşuna gəldi:

- Gör baldızını nə çox istəyir ey bizim arvad.

- Neyləyim, böyük baldızdı, zəhmindən zəhrim yarılır, - Fəridə güldü. - Hələ balaca termosda ona kofe də dəmləmişəm.

Fikrim can üstə olan atamın yanında qalmışdı, əlimi yeməyə uzada bilmirdim. Aqil soyuq kotletdən çörəyin arasına doldurub mənə uzatdı:

- Bucığazı ye, gedək görək başımıza nə gəlir.

Dürməyə baxıb kövrəldim.

- Sənə deyirəm ye. Çatan kimi dədəni götürüb geri qayıdacam, ən yaxşı həkimlərə göstərəcəm, əcəli çatmayıbsa ölməyə qoymayacam.

Dürməkdən bir dişlək aldımsa da tikə boğazımdan ötmədi. Neylədimsə gözümün suyunu saxlaya bilmədim:

- Mənası yoxdu, atamızınkı bura qədərmiş.

Onlardan aralanıb doyunca ağladım. Çiskin üzümə, qoluma yağdıqca damarımda qanımı soyudub məni bir balaca toxtadırdı. İndi bircə istəyim vardı: tez çataq, Aqil atamı sağ görsün...

***

Kənddəki qohum-əqrəba bizə yığılmışdı. Sevil də burdaydı, əri bacımı hansısa firmanın “avtolavka”ya bənzər maşınıyla birtəhər dədə yurduna çatdırmışdı. Ağır səfərə çıxmış tək övladından başqa bütün balaları atamın başına yığılmışdı.

Aqili görəndə çarpayıda oturub ayaqlarını sallayan kişinin gözləri çevrikdi, bayağıdı özündən getdi. Məhər çevik tərpənib əmisinin başını divara çırpılmaqdan qorudu. Evdə vay-nöysə qopdu. Aqil dizlərinə döydü:

- Can, ay ata, niyə bu günə düşmüsən!

Kişini yatağa uzadıb gözlərini sığadılar. Aqil atamın sinəsinə üz qoyub əllərini öpə-öpə hönkürürdü. Rüfətin balalarının çığırtısı qonum-qonşunu bir göz qırpımında qapımıza yığmışdı.

Məhər Aqili atamdan qoparanda kişi gözlərini açdı. Onun ölmədiyini görən qonşular dağılışdılar, tək Yetər qaldı. Yetər bizi aralayıb özünü atamın çarpayısının ayaqlarına atdı:

- Ay Rəhim dayı, balalarını demirəm, barı məni yetim qoyma, gözlə oğlumun toyunu eləyim, gəlinimə boygörüncəyi ver, bizi urvatsız eləmə.

Atam Yetərə baxıb gülümsədi:

- Bizim tuta dırmaşan üzümün budağını niyə kəsmisən?

Yetər başına cütəlli qapaz salıb vaysındı:

- Vallah onu mənə Rüfət kəsdirdi, dedi xəzəli qapıya tökülür. Bıy mənim qolum qurusun!

Atam güclə eşidilən səslə:

- İkiniz də çörəyi dizinin üstündə adamlarsınız, - dedi. - Karantindi, ağzıma girmə, dəsmalını qaldır yaşmaq vur.

- Sənə gələn mənə gəlsin. Heç cavanlıqda yaşmanmağa vaxtım-imkanım olmadı, indi ta gecdi.

***

Atam buz kimi ərimişdi, gözləri çalasında kiçilib solmuşdu. Balaları dövrələmə başına yığılanda Məhər anasını, qardaşlarını, Yetəri qabağına qatıb evdən çıxardı:

- Durun biz gedək, şükür Allaha, uşaqlar karantini yarıb gəldilər, otursunlar atalarının yanında. Bəlkə bir sözləri, məsləhətləri var.

Məhərin fikri anamın xoşuna gəldi:

- Sən birinci ananı apar, bayaqdan burdadı.

Lalə anamı dürtmələyib əmimin yadigarına sarıldı:

- Ay onun gələn yollarına qurban olum! Məhər, bibimə dəymə, qoy otursun yanımızda.

Anam kirimədi:

- Yox, qalmasın, apar.

Səkinə bibimizə canı yanmırdı, anam hələ yetmiş il qabaq – neçə günün gəlini olduğu vaxt bir komada yaşadığı eltisinin onu oyatmaq üçün gərdəyini bürmələyib yuxarı atmasını yaddan çıxarmamışdı. Səkinə bibi anamın altı uşağının göbəyini kəsmişdi, iç-içə yaşadıqları illər uzunu ona bir köntöy söz deməmişdi, di gəl, bütün bunlar anama yetmiş il qabağın incikliyini unutdurmamışdı...

***

Bacı-qardaş dinməz durub bir-birimizə baxırdıq. Neçə ildən bəri ilk dəfəydi hamılıqla bir yerə yığılmışdıq. Heç kim danışmağa söz tapmırdı. Bu ağır sükutu pozmaq üçün üzümü doqqaza tutub nalə çəkdim:

- Hardasan, ay Səməndər?

Atam səsimə gözlərini açdı:

- Çağırma, özüm gedirəm ona sarı. Allah sənin qurbanını qəbul eləyir deyəsən. Məni basdıran kimi bu qapıda bir qurban kəsin, hamınız gülə-gülə onun ətindən yeyin, sevinin ki, sinəmə bir yara da vurulmadı.

Kamil mənə göz ağardıb çarpayıya əyildi:

- Ata, sənə qurban olum, yolumuzda çox əziyyət çəkmisən, məni də öz əlinlə torpağa qoy sonra get.

Qaçıb qardaşımın ağzını əlimlə qapadım:

- Allah eləməsin, - dedim, - anan da, atan da sənə qurban olsun.

Hakim məni yanladı:

- Kişinin qulağı eşidir, səsin çıxmasın, hərəmiz bir cürə yarımcanıq.

Səməndərdən sonra Kamili bir bidəva bəla tutmuşdu, uşaqlıqdan dostluq, yoldaşlıq elədiyi qardaşımızın vaxtsız ayrılığı hamımızı sinsitmişdi, amma Kamilin yeddi qatından keçmişdi. Atam illərdən bəri xəstə balasına görə heç yerdə bənd ala bilmirdi, hara getsə dönüb Kamilin ətrafında lövbər salırdı. Bir dəfə durub-durub mənə belə dedi:

- Diriykən şişə çəkilib təndirə sallanmaq bilirsən necə olur? Bir atanın Əzrayılın qapısı ağzında yatan oğlunu hər gün ziyarətə getməsi diri-diri cəhənnəmdə yanması deməkdi.

Ona təskinlik üçün arabir gözəl yanaqlarından şirin bir öpüş alıb deyirdim:

- Səni Kamilə qurban demişəm.

Onda kişi sevincindən uçurdu:

- Allah qurbanını qəbul eləsin.

Bir yerə cəm olmuş bacı-qardaşımı gördükcə ölümün ağırlığı üstümdən götürülürdü, bax elə indicə, balalarının gözü qarşısındaca atamın canını tapşırmasını, artıq əziyyət çəkməməsini istəyirdim.

***

Bacılarımı başıma yığıb xırda bir məşvərət elədim:

- Bərkdən ağlamaq, çığır-bağır salmaq olmaz. Anamızdan da, bilirsiz, bizə haray yoxdu. Yadınıza gəlir dayımız qızı Qələmin yasından qayıdanda kişi nə demişdi?

Lalə üzünü turşutdu:

- Dedi sağ qalan dayın qızlarının ikisi də bir əlcəyə yuyulsun, üç para kəndin kişiləri onların yan-yançaqlarını, tuman-şəltələrini gördü. Adam da ölüsünü belə urvatsız eləyərmi?

- Nə yaxşı yadınızda qalıb. İndi biz üçümüz də səbirlə atamızın ölümünü gözləməliyik, ölümü təmkinlə qarşılayıb qardaşlarımıza həyan olmalıyıq. Qoca kişinin yasını şouya döndərmək, çığırıb-bağırmaq, saç yolub üz cırmaq olmaz. Kamilin başına toplaşıb atamızın qaranlıq gecələrinə çıraq tutmalıyıq. Birimiz xəstənin yastığının yanını kəsdirməliyik, birimiz biş-düşə, birimiz də ayaqüstü qulluğa baxmalıyıq.

Söz ağzımdan çıxan kimi Sevil dilləndi:

- Dediklərinin hamısıyla razıyam, amma mən bura kiməsə yemək bişirməyə gəlməmişəm. Oturacam atamın dizinin dibində, gecələr qarovul çəkmək də mənlikdi.

Lalə elə bildi Sevil işin yüngül tərəfini götürdü:

- Ta neyləyək, canımızın canı çıxsın, - dedi, - sən mətbəxi götür, mən də anamıza, gəlib-gedənə baxım.

***

Atamın sistemini qoşandan sonra olan-olmazdan süfrə açıb hamını yığdım mətbəxə. Arada qaçıb dərmanın necə axdığını yoxlayırdım. Bir də gedəndə atam gözlərini açıb mənə xeyli baxdı, baxdı, zəif səslə soruşdu:

- Bircəsən?

- Hə, ata, qadan alım, nə deyirdin?

- Səndən başqa kimsə var burda?

- Heç kim yoxdu.

- Dediyimi gətirdin?

- Hə, gətirmişəm.

- Onu gizlicə verərsən Aqilə. Qalan heç kimə heç nə deməzsən. İstəmirəm qızlarıma verdiyim pulu oğlanlarım bilib məndən bədgüman olsunlar.

Ürəyimin simləri titrədi:

- Ata, axı niyə halal malını bizə gizli verirsən? Qardaşlarımızın hansı səni qınayacaq, hansı sənə nə deyəcək? Bəyəm onlar bizə azmı atalıq eləyiblər? Özün indi aç hər şeyi de onlara.

- Yox, lazım deyil. Balalarım ağıllıdılar, məni başa düşəcəklər. Pul hər şeydən təhlükəlidi, güllədən, müharibədən, lap elə indi sizi evlərə dürtən xəstəlikdən də qorxuludu.

- Ata, elə bilirəm bu virus elə mənicə öldürəcək.

- Qocalardan ötrü bişiriblər axı deyirlər.

- Bax elə belə şeylərə görə özün vəsiyyətini oğlanlarına aç de, sonra biz qızlardan ürəkləri qırılar.

- Qırılmaz, mən öz malımı kimə istəsəm bağışlayaram. Hamınıza aldığım evi Hakimin böyük oğluna verdim, Kamilin oğluna Aqil sizin yanınızdan ev aldı, Rüfət rayonda ev tikəndə Kamilə kömək elədim, o da qardaşına yaxın yerdə ev tikdi. Sizin payınızı qoy heç bilməsinlər. Rüfət sonbeşikdi, sizə ata yurdunda atalıq eləyəcək deyə çoxunu ona verdim. Qalan məbləği Aqil aranızda bərabər böləcək. Hamınızın halal xoşunuz olsun.

Üzümü atamın üzünə söykəyib ağladım, qardaşlarım süfrə üstündəydilər deyə səsimi çıxara bilmirdim. Mənə atadan çox ana, oğluma dayə, evcik, futbol yoldaşı olmuş böyük ürək yiyəsinin yerdə döşəli qalmağı sinəmə dağ çəkirdi. Ağlamağım ölümdən qorxan atamı üşürgələndirirdi:

- Deməmişəm ağlamaq yoxdu? Həmişə bir iş görəndə oxuyurdun ha, bax indi də nəsə oxu.

- Ata, sənin bu halında oxumaq olar?

- Sən Səməndərin canı oxu.

Özümü toxtadıb pəsdən oxumağa başladım:

Getmə uzaqlara, qal, sənə qurban,

Bu dilsiz-ağızsız lal sənə qurban...

Oxumurdum, atama layla çalırdım, onun çox xoşladığı mahnını onun bəyəndiyi tərzdə ağıya çevirib ağlayırdım. Kişi gücdən düşmüş əlləriylə qolumdan yapışdı:

- Məndən olsa uzaqlara getmərəm. Əzrayıl kişiyə gücüm çatmır, deyir vaxtdı, düş qabağıma.

***

Səhəri Aqil şəhərə qayıdıb özüylə kəndə həkim gətirdi. Həkim atamı uzun-uzadı yoxladı. Müayinə vaxtı atam üç dəfə bayılıb huşunu itirdi. Hər dəfəsində Rüfətin balalarının, arvadının çıxardığı vay-nöysəni görən həkim təəccübünü gizlətmədi:

- Ağsaqqal, sən çox xoşbəxt adamsan, - dedi. - Bu yaşda övladların, nəvələrin, gəlinlərin, qardaşın balaları səndən ötrü bu qədər göz yaşı tökürlər. Vallah mən belə mənzərəylə çox az rastlaşmışam, darıxma sağalacaqsan.

Üzdə nikbin danışdısa da daldada ayrı söz dedi:

- Bu vəziyyətdə onu heç yerə aparmaq olmaz. Şiş mədəni bürüyüb, ordan qalxıb udlağa. Ona görə də udduğunu qaytarır. Sanılı günləri qalıb.

Üstümüzə su ələndi. Həkim gücləndirici dərmanlar yazdı, bizə təskinlik verib Aqillə Bakıya qayıtdı. Qaldıq atamızın üzünə baxa-baxa...

***

Gündüzlər çardağımızın altında quşlar civildəşən kimi kişi gözünü açıb deyirdi:

- Qoymayın, sərçələr qaranquşun yuvasına girib.

Çardağın dəmirləri üstündə onlarla qaranquş yuvası vardı. Səməndər ölənə qədər anam əlipayalı dayanıb bahar köçüylə gələn quşları çardağın altında yuva qurmağa qoymurdu, qapını bulamasınlar deyə qaranşquş köçünü mal pəyəsinə tərəf yönəldirdi. Quraqlıq olan ili atam çardağın altına təmiz qablarda su qoyurdu, quşların uzaqdan su daşımağına qıymırdı. Qaranquş qoxulu suya qonmaz, məsələn, soğan, göy-göyərti iyi verən suya dimdik vurub yuva qurmaz.

Havalar isinib çardağın dəmiri qızanda atam qalxıb oranı qalın bir şeylə örtərdi ki, kürt yatan quşun yumurtası bişməsin. Anam müdam deyinərdi:

- Qapının cücəsini sağsağan daşıyır, bizim kişi də qaranquş becərir.

İndi yatağında can verən atam çardağın altındakı çığırışmadan bilirdi ki, sərçə əziz qonaqlarını perik salıb.

***

Səkinə bibi ikiqat olmuş canıyla çəliyinə söykənə-söykənə gəlib otururdu atamın yastığının dibində:

- Ölüm mənimdi, ay Rəhim, sənin çiynində gora gedim, - deyib gözünün yaşını axıdırdı. - Sən Allah aç gözlərini, balaların pələsəng olub.

Atam bayılanda onun çevrikmiş gözlərinin üstünə əlini qoyub bizi toxtadırdı:

- Qorxmayın, Rəhimin ölümü gözəl ölümdü, kaş Səməndər yarası olmayaydı.

Kişi ayılanda Səkinə bibi yanına yığdığı dəsmalı, cunanı gizlədib onun üzünə xəcalətlə baxırdı. Çarəsiz dərdin əlində girinc qalmış atam gözlərini hərləyib birimizi tapırdı:

- Bunu aparın, mənim ölümümü görməsin.

Sonra mənə baxıb deyirdi:

- Quzğun o qara körpənin başının üstünü kəsdirib didməyə hazır durduğu kimi ananla Səkinə də dəsmal əllərində dayanıb mənim keçinməyimi güdürlər ki, çənəmi çəksinlər.

Atamın nəyə işarə vurduğunu tək mən bilirdim. İllər əvvəl uzaq Afrikada bir fotoqrafın çəkdiyi şəkli mətbəxin divarına vurub yana-yana çox tamaşa eləmişdik: yırtıcı quş günün altında domuşub acından can verən qaradərili uşağın ölməyini gözləyir ki, onun körpə vücudunu didib parçalasın.

Atam həmişə o şəklə baxıb fotoqrafı söyürdü. Xeyli sonra bildik ki, zavallı fotoqraf o mənzərənin dəhşətindən ayıla bilmədiyinə görə intihar eləyib...

***

Kamil dava-dərmanını yığıb köçmüşdü yanımıza. Gəlin Ayselə görə evdə oturmuşdusa da qızı dörd divar arasında saxlaya bilmirdi. Gündə neçə dəfə bizə gələn Aysel bir gün mətbəxdə başımın üstünü aldı. Axşama hazırladığım piroqu doğrayırdım. Aysel iri qara gözlərini üzümə zilləyəndə məni titrətmə tutdu:

- Bircə mama, sənin bir yubkan vardı ha, hanı o?

Qorxduğumu gizləmək üçün onun üzünə qəzəblə baxdım:

- Hansı yubkamı deyirsən?

- Dəmirli cins yubkanı.

Elə bildim əmgəyimə guppul vurdular, illər öncə təpəmə atdığı güldan döşlərimə dəyib yerdə çiliklənəndə hansı ağrını duymuşdumsa indi də həmin ağrı canıma doldu. Deməli, bu qız heç nəyi unutmayıb, hər xırda detal, hətta yubkam da yadında qalıb.

Məni çığnam-çığnam elədiyini yadına salıb eynən o günkü kimi gülürdü. Qızı mətbəxdə qoyub evə qaçdım. Kamil başa düşdü:

- Aysel gəlib?

- Ay qardaş, hər şey bu qızın yadındadı, məni döydüyü gün geyindiyim yubkanı soruşur.

- İstəsən saatını-dəqiqəsini də deyər, - Kamil pəncərədən baxa-baxa dilləndi. - Bişirdiyini götürüb gedir, aparıb hamısını yeyəcək, çıx qoyma.

Aysel piroqu sini qarışıq götürüb evlərinə aparırdı.

- Dəymə, qoy aparsın, - dedim, - təzəsini bişirərəm.

***

Gələn-gedənin az olduğu günün birində Yetərə qoşulub qaynının bizim evdən bir az aralı pay torpağında əkdiyi günəbaxan tarlasına getdim. Xırda oğlan uşaqları boş “Kola” qablarına daş yığıb başları üstündə şaqqıldada-şaqqıldada aşağı-yuxarı yüyürürdülər. Təəccübləndim:

- Ay Yetər, bu uşaqlar niyə belə eləyirlər?

Cavabında qonşum da öz əlindəki butulkanı başından yuxarı qaldırıb şaqqıldatdı:

- Günəbaxanı quşdan qoruyuruq, həm də günə on manat qazanırıq.

Butulkanı Yetərin əlindən qapıb eynən onun kimi elədim:

- Nə var burda, mən də şaqqıldadıb axşama bir onluq qazanacam.

- Sahənin uzunluğu bir kilometrdi, gərək elə yeriyəsən ki, sən qayıdınca gerinin toxumunu quş eşib aparmasın.

Qarağac qabığı kimi yanmış Yetər əlindəki qabla səs salıb vər aşağı götürüləndə qandım ki, on manatı qazanmaq mən düşündüyüm qədər də asan deyilmiş.

Quşqovanların uzaqlaşmağından istifadə eləyib ağac kölgəliyinə yığılmış balaca torbaları eşməyə başladım. Birində iki soyutma yumurta, bir dilim çörək, bir cüt konfet; birində iki alma, bir tikə çörək, bir şüşə su; birində də eləcə yavan çörək görəndə başım gicəlləndi. Torbalardakı günü on manata quş qovan uşaqların günorta yeməyiydi. Hər biri özünə bankadan kassa düzəldib pulunu ora yığırdı ki, dərs açılanda o pula paltar, kitab-dəftər alsın. Əlbəttə, andır virus qoysa...

***

Anam dükan-bazar yolu tanımayıb, corabdan iynə-sapacan nəyə ehtiyacımız olubsa hamısını atam alıb.

Kişi rayon mərkəzindən bazarlıq eləyib evə qayıdanda konfet dolu torbadan mətbəə qoxusu verən təzə kitabları acgözlüklə çıxarıb bir-birimizin əlindən qapardıq. Dörd sinif oxumuş atam dövrün bütün məşhur qəzet-jurnallarına abunə yazılardı – “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərini, “Azərbaycan”, “Ulduz”, “Azərbaycan qadını”, “Elm və həyat” jurnallarını poçtalyon qapımıza gətirərdi. Qardaşlarım oxuyub bir-birilərinə ötürərdilər, sonra növbə biz qızlara çatardı. Gözdən uzaq əyalətdə, uçuq-sökük kitabxanasından savayı bir mədəniyyət ocağı olmayan kənddə o qəzetlər, jurnallar bizə həm xəbər, həm bilik, həm də intellekt dərsi verirdi. Atam bu yolla bizi dünyadan, sivilizasiyadan təcrid olunmağa qoymurdu.

Radionu, maqnitofonu da atam sevdirmişdi bizə. Sehirli qutudan öyrəndiklərim yaddaşıma ömürlük həkk olunmuşdu. Verilişləri yaşımıza görə bölərdi. Biz balacalar “Biləyən”, “Sandıqça” uşaq proqramlarına, Savalan babanın nağıllarına qulaq asardıq. Atamla qardaşlarım isə “Bulaq”, “Arzular”, “Axşam görüşləri” kimi verilişləri dinləyərdilər. Həftədə bir dəfə səsləndirilən radio tamaşalarını həsrətlə gözləyərdik.

Rayon mərkəzinə hər yolu düşəndə atam patefonumuza təzə vallar alıb gətirərdi. O vallar olmasaydı biz Ağabala Abdullayevin “Zabul segah”ını, Yaqub Məmmədovun “Mənsuriyyə”sini, Fatma Mehrəliyevanın “Kəsmə şikəstə”sini necə dönə-dönə dinləyib yaddaşımıza köçürərdik, Sadıqcanı, Hacı Hüsünü, Seyid Şuşinskini hardan tanıyardıq? Yaqub Məmmədovun pərəstişkarı olduğundan atam Səməndərin toyunu aparmağı ona tapşırmışdı, böyük sənətkar düz üç gün bizi də, toya gələn qonaqları da feyziyab eləmişdi.

Axşamlar atam “VEF” radioqəbuledicisini qulaqlarına dayayıb “Azadlıq” radiosunun vurulan dalğalarının xışıltısı arasından güclə eşidilən Üzeyir bəyin “Üvertüra”sını heyranlıqla, qürurla dinləyərdi. Gündüzlər çobanlığını eləyib gecələr bizə Koroğludan, Yusiflə Züleyxadan, Abbasla Gülgəzdən, Məlikməmməddən oxuyardı. İndi onun sayəsində tanıdığım yüzlərlə qəhrəmanı – Fərhadı, Böyük İsgəndəri, Əmir Teymuru, Qızıl Arslanı atamın köməyinə çağırırdım. “Səmərqəndin ulduzları”nı oxuyandan sonra o tarixi şəhərdə yaşayan kiçik əmimlə üç gün Teymurun mavzoleyini, o dövrdən qalma başqa abidələri gəzib kamını alan atam gördüklərini necə təsvir eləyirdisə elə bilirdim mən də oralarda olmuşam...

***

Rüfətlə ikilikdə qalanda səs-səsə verib ağlaşırdıq. Hakim bunu görəndə uşaqlıq loğazını yenə saldı dillərə:

- Ay bala, sizin ikinizin də atanız çoxdan ölüb, gedin onu ağlayın.

Qonşu kənddən Keçəl Məmməd deyilən bir kirvəmiz vardı. Qızdan-gəlindən həyalı utancaq bir kişiydi. Məmməd dayı Rüfətlə məni daha çox istəyirdi deyə Hakim həmişə and-aman eləyib bizi inandırmağa çalışırdı:

- Bax, sizin dədəniz o kişidi.

İndi özündən kiçik bacı-qardaşının yetim-yetim ağlamağına dözə bilməyən qardaşım loğazıyla bizi bu sayaq kiritmək istəyirdi.

Axşamlarımız daha ağır keçirdi. Xəstə ziyarətinə gələnləri yola salıb atamın gözündən uzaq yerdə hərəmiz bir tikə dadırdıq. Evin-eşiyin iş-gücünü sahmana salan doğmaları qaranlıq çökəndən sonra yenə atamın başına cəm olurdular. Mən mətbəxdə gumuldana-gumuldana qab-qacağı yuyurdum, ardınca da çay süfrəsi hazırlayırdım.

Evdəkilər məni unudanda hələ ölməyə könlü olmayan atama gecə laylası çalırdım:

Bu dağda maral azdı,

Ovçu çox, maral azdı.

Ölmərəm, ay balalarım,

Qorxmayın, yaram azdı.

Hakim səsimi eşitcək Rüfəti haylayırdı:

- Ə, qadan alım, gəl maşını işə sal, bunu apar ver öz qardaş-bacısına gəl.

Rüfət onun çağırışına həvəslə qoşulurdu:

- Bacı, geyin gedək öz bacı-qardaşımızın yanına.

Hakim qolunu sonbeşiyimizin boynuna salıb kövrəlirdi:

- Sən doğulduğun günə, boyuna-buxununa qurban olum. Sən olmasaydın mən bu kənddə, bu ocaqda kösöv kimi yanmışdım. Gəl min dalıma səni qapıda gəzdirim, qoymaram ayaqların yerə dəysin.

Rüfət gözləriylə anamı axtarıb deyirdi:

- Kurorta gedən yerdə onun yolu yumrulaydı. O, İstisu eşqinə düşməsəydi mən də bu zibilə düşməzdim. Mənim düşmənim bax o Ərəbzəngidi.

Beş yaşlı qardaşımız qəfil öləndən sonra anam havalı kimi olmuşdu. Atam onu Kamilə qoşub kurorta göndərmişdi. Ordan qayıdanda anam Rüfətə hamilə qalmışdı. Uşaq doğulandan sonra Kamil üç ay anamı dindirməmişdi, körpənin üzünə baxmamışdı.

***

Anam atama yaxın getmirdi, Səkinə bibini, əmim uşaqlarını hər fürsətdə acılayır, hərəyə bir dil tolamazı atırdı. Yetmiş il ona gözünün yağını yedirdən, üzünə bir turş kəlmə deməyən kişisini əzizlərinə qısqanırdı. Mənim çəfakeş, təmkinli, tədbirli atam isə acıdil, kəmhövsələ arvadını ölüm döşəyində belə gözündən qoymurdu.

Səməndərdən sonra anamın həyətimizdəki güllərə-çiçəklərə qəzəbi yaranmışdı. Atamın gözündən yayınan kimi açmış qızılgülləri yoluqlayıb zibil qabına tökürdü, onları qarğıyırdı:

- Mənim balam qara yerdə çürüyür, bunların fətir kimi qızarmağına bax!

Kişi yüyürüb anamın qollarından sallaşırdı:

- Ay qansız, o gülləri Səməndər öz əliylə əkib, necə qıyırsan onlara?

- Qoymayacam bunları açsın, bu güllər mənim düşmənimdi.

Atam dili batanacan yönü güllüyə sarı yatdı. Anamın o səmtə getdiyini görəndə zəif səslə deyirdi:

- Amandı qoymayın, qolu qurumuş gülləri beyman eləyəcək.

Arvadı bizə danladıb sonra da peşman olurdu, çöldə onu tək oturan görəndə bizi qınayırdı:

- Ananız quru yerdə oturub, aparın onun altına bir döşəkcə atın. Üzüyü barmağında deyil, görün hara qoyub. Saçını darayın.

Özümü saxlaya bilmirdim:

- Az qala bir aydı acsan, susuzluqdan yanırsan, bir dəfə gəlib əlini başına qoymur, dizinin dibində oturmur, neylirsən onu?

- Elə demə, sizin kimi övladlar verib mənə.

- Gülxanımı alsaydın bizdən yaxşılarını doğardı sənə.

- Onu bilmək olmaz.

Gülxanım atamın göbəkkəsməsi olmuşdu. Böyüyəndə ikisi də bir-birini sevmişdi. Amma nənəmin qızın anasından xoşu gəlmədiyindən atamı istəklisindən ayırıb oğluna siğə bacısının qızını, yəni anamı almışdı. Gülxanım başını götürüb uzaq elə gəlin getmişdi.

Xeyirdə-şərdə atamın keçmiş sevgilisini görəndə evə bir şələ xəbərlə qayıdırdım:

- Gül kimi Gülxanımı alaydın, - anam eşitsin deyə bərkdən deyirdim, - bu da qalıb dədəsi evində qarıyaydı.

Anam ikimizə də yağlı aley göndərib aralananda atam məni yanına çağırırdı:

- Gəl danış görüm Gülxanımı necə gördün, heç məni soruşdumu?..

***

Arada ayılıb üzümüzə diqqətlə baxırdı, hansımızı tanıyırdısa ona aid bir xatirəni yada salırdı:

- Laləsən?

- Hə, ay ata, dıqqılı qızın Laləyəm.

- İndi də Anarın dostları ona təhniz vuracaqlar.

Elə bildik kişini qara basır.

- Nəyə görə, heç xəstəyə, xəstəliyə də təhniz vurarlar?

- Anar dostunun babasının yasına getmişdi ha, yadında?

Lalə atamın sinəsinə dolaylanıb ağladı:

- Demək yadından çıxmayıb? Gör neçə il keçib üstündən.

Kişi başını astaca yırğalayıb gülümsədi.

Hələ orta məktəbdə oxuyanda Anarın bir dostunun babası dünyadan köçür, tay-tuşlar yığışıb yasa gedirlər. Süfrəyə ehsan gəlir, Anar qaralı aşdan boşqabına çəkəndə dostu hönkürüb ağlayır. Bacım oğlu qaşığını yerə qoyub soruşur:

- Ay Nihat, babanın neçə yaşı vardı?

- Yetmiş iki.

- Ta nə istəyirsən, qoysana aşımızı yeyək.

Anar bu söhbəti babasına da nağıl eləyibmiş. İndi kişi bizə onu xatırladırdı.

***

Aprelin sonlarına doğru atam iki dünyanın sərhədinə lap yaxınlaşdı, zülmət səltənətinə çoxdan köçmüş əzizlərini çağırmağa başladı:

- Ay Musa, əlini mənə ver.

Məhər məhşər ayağında atasını haylayan atamın əlindən bərk-bərk tutub ağladı:

- Can Musa, əmi, Musa yanındadı, burdadı.

Bir az sonra əlini Sevilin qollarında gəzdirib:

- Telli, gəlmisən, - dedi, - yaxın gəl, yanımda otur.

Sevimli, əziz bibimiz – evlərimizin bəzəyi, qardaşı qızlarının sirr yeri, pənah yeri dörd iliydi bizi yalançı dünyada atıb getmişdi.

Səməndərdən sonra Kamil dəvasız dərdə yaxalananda yazıq Telli mama bütün dərdini-sərini unudub yenə dizimizin dibini kəsdirdi, qardaşım ağır əməliyyata girdiyi gün ayaqlarını axar suya sallayıb, saçlarıyla suyu qılınclayıb özünü ona qurban dedi.

Talesiz qadının yanında diligödək, gözükölgəli Tanrı onun bu diləyini yerə salmadı...

***

Atam vaxtlı-vaxtsız dünyadan köçmüş bütün əzizlərini haraylayıb başına yığdı, tək Səməndərin adını çəkmədi, tək onu çağırmadı. Bəlkə də gedəcəyi qaranlıq dünyada balasını görmək istəmirdi; ya bəlkə günahları vardı deyə Allah onu Səməndəri göndərdiyi dünyaya yaxın qoymurdu. Bilmirdim, bilmirəm.

Xəstənin ağırlığı ən çox Rüfətin, Hakimin, Sevilin çiyinlərindəydi. Kişiyə bir damcı su uddursun deyə Sevil özünü həlak eləyirdi. Qərib bacım atamın ölməyəcəyinə daha çox inanırdı (əslində buna inanan təkcə elə o idi), ona görə də bütün gecəni kişinin üstünü basdırır, əlini-ayağını soyuqdan qoruyurdu. Mənsə artıq atamızın aqibətiylə barışmışdım, ona görə də çox sakit, arxayınıdım. Həm də Sevil atamızla bir evdə bizdən az yaşamışdı, onunla bağlı xatirələri çox deyildi, üstəlik, valideynlərinin sözünü yerə salıb istədiyinə getmişdi deyə bəlkə də özünü suçlu sanırdı. Ancaq atam bunu bir dəfə də bacımın başına qaxmamışdı, əksinə, Aqillə köməkləşib bir vaxtlar toysuz, paysız uzaq yerə yola saldığı qızına Bakıda ev almaqla günahını yumuşdu.

***

Axşamlar qardaş-bacım, əmim uşaqları dövrələmə atamın başına yığışanda özümü atırdım gecənin qoynuna. Gölləyimizdəki qurbağalar çığırışır, cırcıramalar cırıldaşır, İsaq-Musaq quşları hələ də bir-birini haraylayırdı. Səngərdəki əsgərlərimizin səsini, hənirini özümə həyan tutub gen həyətdə itiyi itmiş kimi dolaşırdım. Bu həyətin çəpəriylə çəkilən, barısıyla dikilən, ağacıyla əkilən atamın yerə yapışıq kürəklərini ağlayırdım. Ömrümdən yanar ulduz kimi keçən Səməndəri haraylayıb “Atan ölür, ay namərd, durma gəl” deyirdim.

Gedir gülüm, ağlaram,
Olur zülüm, ağlaram.
Əsir vədə küləyi,
Tökür gülüm, ağlaram.

Aralı səngərdəki düşmən gecənin bağrına bir güllə atanda, qurbağalar şappıltıyla suya düşüb cırcıramalar susanda qorxub evə qaçırdım. Dızıldayan samovarın içinə bir topa üzərlik, üstünə də kərmə qırığı atıb evdəkiləri tüstüyə verirdim:

- İyləyin ciyəriniz açılsın, koronanızı ocaqda yandırmışam.

Anam səsimə başını qaldırıb ürəyindəkini dilinə gətirirdi:

- Ay Məhər, el bizə güləcək, deyəcəklər bunun nə günahı vardı belə çətin öldü. Neçə gündü can verir, ölmür axı...

***

Mayın biri axşamı Kamillə Məhər bizi həyətimizdəki mətbəxdə iftar süfrəsinə oturdub özləri evə keçdilər. Hakim orucluq duası oxuyurdu, hərəmiz əlimizdə bir xurma, bir istəkan su duanın bitməsini gözləyirdik.

Suyu dodağımıza aparmamış Rüfətin qızı Aytac nalə çəkdi:

- Ay babaaa!..

Hamımız evə yüyürdük. Atam bu dünyadakı nəfəs payının son udumlarını alırdı. Kamil bizə təpindi:

- Ay balam, heç olmasa bir qurtum su için, ağzınıza bir tikə qoyun.

Sevil irəli soxulub özünü atamın üstünə atdı. Rüfət Hakimə səsləndi:

- Bir surə Quran oxu, qoy səsi kişinin qulaqlarına dolsun.

Məhər əmisinin ayaqlarından tutmuşdu. Nənəmin bir sözü vardı, deyərdi: “Əzrayıl ruhu candan çətinliklə qoparıb alır. Can ruhu verməmək üçün çox əlləşir. Üç yüz şallaq zərbəsindən sonra ruh uçub gedir”.

Həvədiş, uzuncaynaq, dəmbəgöz, arıq, qocalıb əldən düşmüş Əzrayılı gözümün qabağına gətirib atama baxırdım. Kişi çətinliklə nəfəs alıb-verdikcə qaxac qollu məxluqun ağır, cod qamçısının atamın taxtaya dönmüş canına dəydiyini görürmüş kimi səksənirdim. Onun aldığı nəfəsləri aramla sayırdım: 19, 20, 21, 22...

Kamil baş ucunda dayanıb həzin səslə atama layla çalırdı:

Sən məni yandırmısan,
Qəm atın mindirmisən.
Yıxıb atam evini
Belimi sındırmısan...

Atam bircə dəfə Kamilin səsi gələn tərəfə qovzanıb sanki “səni eşitdim” dedi. Hakim nərə çəkirmiş kimi uca səslə “Bismillahir-rəhmanir-rəhim” deyəndə kişi yığılıb açıldı, çənəsi titrədi, nəfəsi tükəndi...

***

Rüfətin oğlu darvazamızı taybatay açan kimi kənd camaatı həyətimizə axışdı. Mənə elə gəldi adamlar qaranlıqda qapı dalında dayanıb evimizi dinşəyirmişlər. Cavanlar, ahıllar qardaşlarımı, əmim oğlanlarını dartıb meyidin yanından eşiyə çıxardılar. Qarayaylıq gəlinlər, əzizini itirmiş kənd arvadları bizə hova gəldilər, öz dərdlərini atamın dərdinə qatıb ağı dedilər, bayatı çəkdilər, şaxsey vurdular. Heç bir saat keçməmiş el qapımızı yas qapısına döndərdi.

Kəndin iri xeyir-şər samovarı qaynayır, çardağımızın altına stol-stul düzülürdü. Yaxın qonşular hərəsi əlində bir dolu qazan gəlib bizi yedirtmək uğrunda bəhsə girmişdilər. Hovumuza çatan zəhmətkeş el adamlarını gördükcə nənəmin dedikləri qulağımda səslənirdi: “El qəbrinə bircə təpkeş vurmayanın dədəsinin meyidi ortalıqda qalar. Loğman dərmanını el yarasından gizləsə öz yarasına qurd düşər”.

Kəndin cavanları Rüfəti əlləriylə yedizdirib sabah görüləsi işlərin siyahısını tutdular.

- Qəbir qazmağa kim gedəcək?

Yeddi cavan əl qaldırdı...

***

Əmim qızı Səhərə qara xəbər çaparaq çatmışdı, özünü yetirib məclisi qazan kimi qaynadırdı:

- Sinənin bala dağına, ürəyinin Səməndər yarasına balalarım qurban, əmim lay-lay, - dedikcə elə bilirdim indicə Səməndərlə Telli mama ələ-ələ tutuşub qapıdan girəcəklər.

***

Atam can verdiyi dəqiqələrdə Aqil yol gəlirdi. Qardaşım çatana qədər el-camaat dəfn üçün hər hazırlığı görüb səhərin açılmağını gözləyirdi. Səməndərin üç dəst kostyumunu, geyindiyi son köynəyi atamın sinəsinə sərmişdim. Aqil meyidin üzünü açmaq istəyəndə əllərini tutdum:

- Mən ölüm açma, - dedim.

Qardaşım əlimi yüngülcə itələdi:

- Nolar, imkan ver son dəfə üzünə baxım.

- Baxma, qoy yaddaşında iki gün əvvəl gördüyün kimi qalsın.

Qardaşım daha dirəşmədi. Birdən atamın sinəsinə sərilmiş paltarları görüb duruxdu. O köynəyi də, kostyumları da Səməndərə Aqil almışdı, hamısını sevə-sevə əyninə geyindirib qardaşının boyuna, şux görkəminə tamaşa eləmişdi. İndi o paltarları meyidin üstündə görmək ona çox ağır gəlirdi.

Əl atıb köynəyi qamarladı, qoxulayıb üzünə sıxdı, sinəsinə basdı:

- Necə ürəyiniz gəldi bunu bura qoydunuz.

Köynəyi qardaşımın əlindən qoparıb meyidə bükdüm:

- Özünün arzusudu, sabah bunları da qəbrə qoyacaqsız...

***

Cavidlə Anar özünü yetirəndə dan sökülürdü. Qapımızda növbə çəkən kənd cavanları bir-birinə söykənib elə oturaqlıca mürgüləyirdilər.

Bacım oğlu içəri girəndə əlimi dodağıma apardım:

- Anar, ölüm qabağında, dayıların yatıb.

Oğlum aralıdan mənə baxırdı. Anar meyidin üstünə yıxılanda Səhər astaca gumuldandı:

Əzizinəm dan üzü,

Quşlar ötər dan üzü.

Mənim ölüm xəbərim, ay nəvələrim,

Çatsın sizə dan üzü...

Anar:

- Ay baba, ay baba, - deyib hönkürdükcə mənim oğlum addım-addım geri gedirdi.

İstəyirdim Cavid də baba deyin fəryad qoparsın, atam övladlarından seçmədiyi, yolunda can verdiyi, ona qoşulub uşaq oyunları oynadığı nəvəsinin fəryadını eşidib əməyinin itmədiyini görsün, bu dünyadan köçünü rahat çəksin.

- Oğlum, yaxın gəl, - dedim, - sən də babanla halallaş.

Cavid dalın-dalın gedib qapının ağzına çəkildi:

- Yox, ana, gəlmək istəmirəm, o günü gördüm də.

“O gün” Maralın yasına gəldiyimiz günüydü. O gündən bir ay 12 gün keçirdi.

Anar yenə yaxamı buraxmadı:

- Xala, qurbanın olum, bir azca aç babamın üzünü görüm.

Əl atıb atamın üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı. Atamın yolunda Cavid qədər olmasa da xeyli əziyyət çəkdiyi, ölənəcən uşaqlıq ləhcəsini yamsıladığı nəvəsi saralmış, arıqlamış, diriliyindən əsər-əlamət qalmamış meyidə sarılıb onu duz kimi yaladı.

***

Saat 12-də atamı yuyata götürdülər.

Kənd camaatının üstümüzdə əsməsi məni kövrəldirdi. Cavanlar Kamili kölgəyə çəkirdilər, Aqilin kürəyinə jilet atırdılar, gimrik oğlan uşaqları ovcumuzda bürmələnmiş kağız dəsmalları əlimizdən alıb yenilərini paylayırdılar, ağsaqqallar yuyatın qabağına düzülüb qardaşlarımı, atamın oğlan nəvələrini ora yaxınlaşmağa qoymurdular. Bütün el əlbir olub bizim yükümüzə çiyin verirdi.

Zümrüdün səsi bəlkə nənəmi də yuxudan ayıltmışdı, əziz balasının son səfərə çıxdığını ona xəbərləmişdi. Atamın yolunda canına qəsd eləyən əmim qızına baxdıqca uşaqlıqda ona verdiyim zülümlərə görə xəcalət çəkirdim.

Arada Zümrüdün başını sinəmə sıxıb yalvardım:

- Qurbanın olum, toxta, imkan ver bir az da Lalə, Sevil ağlasın.

Bayıra çıxan Səhər qapının kandarında ayaq saxlayıb mənə çəmkirdi:

- Əmisi onu həmişə əzizləyib, payını tutub, qoy ağlasın.

İçəridə hamı başıma yığışmışdı, atamın köçü hazır olana kimi məni ovudurdular. Bu dəm Səhər qaranəfəs özünü içəri təpib məni dimdiyinə vurdu:

- Qalx görüm, Cavidin bağrı yarıldı.

Camaatı yarıb yuyata sarı keçdim. Hakim, Rüfət, Məhər, Ziya yaxalarında önlük meyidi yumaq üçün hazır durmuşdular. Cavid özünü babasının cansız bədəninin üstünə yıxıb qışqırırdı, ağlayırdı:

- Ay baba, ay ata, ay əmi, ay qardaş! Ay baba, sən bu dünyada həm atam oldun, həm qardaşım, həm dostum oldun, həm oyun yoldaşım. Ay baba, sənin saatlarını qolumda görən dostlarıma atamındı, atam verib deyib öyünürdüm. Ay baba, məni yetim qoydun, qorxuram yetimlikdən.

Oğluma yaxın getmirdim, ürəyindəkiləri dilinə gətirdiyinə sevinirdim, qardaşlarım sayaq atama sığal çəkdiyinə görə qürurlanırdım.

***

Atam anasının başı üstündə, balasının kürəyinin arxasında, təbərrük bacısının qonşuluğunda dəfn olundu. Yas məclisi Musa əmimin yası kimi təmtəraqlı keçmədi, mərdimazar virusun ucbatından əl-qol aça bilmədik. Gələn qonaqlara bir istəkan çayla halva ehsan eləyib yola saldıq.

Atamın torpağa tapşırıldığı günün axşamı Kamil başda olmaqla qardaşlarım səf durub Vəhşət namazı qıldılar. Əmim oğlanları, Rüfətin cavan dostları da qardaşlarımdan geridə düzülüb atamızın qəbr evindəki ilk gecəsinin rahat keçməsi, təzə məkanında yaxşı əməlləriylə bərqərar olması naminə Allaha yalvardılar.

Yeddi gün fələkdən küsülü, nənəmizin xatirəsindən xəcalətli gəzən qardaşlarımı Məhərlə mən başımıza yığdıq. Kənd camaatının gətirdiyi qazan-qazan yeməkdən, Məhərin gəlininin, Ziyanın arvadının bişirdiyi sirniyyatdan süfrə açdım, samovar qaynatdım, sınıq atam oğlanlarının qulluğunda durdum.

Bizim “Qırx şamlar”ımızı erməni gülləsi çoxdan qırıb qurutmuşdu, yerində atamın təzə saldığı pöhrəlik göyərirdi. Axşamlar bacı-qardaşımın qoluna girib çəpər qonşumuz Məhərin təzə saldığı dirriyə, bağ-bağçaya, səngərin lap yaxasında qızaran laləliyə baxmağa aparırdım.

Cavidin halı heç özüylə deyildi. Səməndərin paltarlarını atamın qəbrinə qoyub üstünü torpaqlayanda oğlumun səsi bütün qəbiristanlığı silkələmişdi. Dayıları bütün günü onu qucaqlayıb üz-gözünü sığallayırdılar, öpüb oxşayırdılar:

- Atamızın zəhməti halalın olsun, - deyirdilər.

***

Yeddinin axşamı Aqil anamı yuxuya verib hamımızı başına yığdı, atamın öz əliylə yazdığı vəsiyyəti yerinə yetirdi, kişinin illərlə yığdığı pulu aramızda tən böldü. Uzun zaman heç birimiz pula yaxın gedəmmədik, elə bilirdik atamızın sərvətini, səltənətini yağmalayırıq. Yenə Kamil ağsaqqallıq eləyib irəli durdu, Aqilin ayırıb çinlədiyi pulları bir-bir götürüb qucağımıza qoydu.

Heç nədən xəbəri olmayan Sevil çaşıb qalmışdı. İstədi hər şeyi açıb-ağartsın, desin ki, atam bizim payımızı verib, ancaq Aqilin sərt baxışlarıyla toqquşub səsini uddu.

Atam Səməndərin qızlarını, Cavidi, qalan nəvələrini də unutmamışdı. Toyunu görmədiyi subay nəvələrinə vəsiyyət elədiyi pulun bir hissəsinə toy hədiyyəsi kimi qızıl alınacaq, qalan məbləğ babalarının adından toya nəmər kimi yazılacaq.

Belə çıxır ki, o toylar çalınmayınca atamın adı bu dünyanın hesab dəftərlərindən biryolluq silinməyəcək...

İyul 2020-ci il

# 12012 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
#
#
# # #