Beynini Amerikaya, meyitini Azərbaycana etibar edən Lütfi Zadə 

Beynini Amerikaya, meyitini Azərbaycana etibar edən Lütfi Zadə 
6 sentyabr 2021
# 10:38

Belə bir siyasi fənd mövcuddur: dirilərin heykəli qoyulmur, adına küçə verilmir, nailiyyətləri əbədiləşdirilmir. Çünki, demək olar, dünyanın hər yerində heykəli qoyduran, küçəni adlandıran hakimiyyətdir.

Sağ məşhur isə partlamamış bombadır, o, hər an mövqeyini dəyişə bilər. Məsələn, hakimiyyətə əks mövqe tuta bilər, bu hakimiyyətə böyük zərbə olar. Ən əsası, sağ adamın adı ona görə əbədiləşdirilmir ki, o hələ sağdır və hər an qatı cinayətkar, terrorist ola biləcək potensiala məxsus bir canlıdır - insandır. Buna görə yaşayan məşhurların adının əbədiləşdirilməsi məsələsi bütün dövlətlərdə hakimiyyətin yüz ölçüb bir biçərək qərar verdiyi məsələdir.

Şərqdə isə sağ məşhurla mərhum məşhura münasibət təkcə siyasi ideoloji müstəvidə deyil, həm də mənəvi, fəlsəfi plastda həll olunur.

Şərqli təfəkküründə istənilən uğurlu adam potensial rəqibdir. Sanki həmin adamın uğur qazandığı yöndə bircə yer var, o da yeddibaşlı əjdaha bulağa çökən kimi həmin yerə sahib çıxıb. Həmin uğurlu şəxs müflis olsa, bütün imtiyazlardan məhrum edilsə, onun yeri boşalacaq və bizim o yerə qalxmağımız üçün şərait yaranacaq. Bu təkəbbürlü təfəkkür ucbatından Şərq, Qafqaz ölkələrində intriqa daha kəskindir.

Atası Möhsün qədər olmasa da, yetərincə uğur qazanan İran rejissoru Samirə Məhməlbalfın “Günortadan sonra, saat 5...” filmində səhrayla gedən ailə qatırı ölmüş bir qoca əfqanla rastlaşır. Qoca əfqan ölkənin ucqarından paytaxt Kabilə getdiyini deyir. O, 4 aydır yoldadır və az öncə qatırı susuzluqdan ölüb. Məşəqqətli yolda addımlamasının səbəbi isə şərqli təkəbbüründən alayı bir məna vermir: “Üsamə bin Laden yaxalanıb. Onu özümüz cəzalandırmalıyıq, yoxsa ABŞ-a təhvil verməliyik? Bu suala cavab tapmaq üçün səsvermə olacaq paytaxtda. Mən də gedirəm, öz fikrimi çatdırım onlara”.

Qoca əfqan özünün önəmli adam olduğunu hiss etdirmək üçün 4 ay səhrayla yol gəlir, zülm çəkir, qatırı ölür...

Şərqli və qərblinin müqayisəsində ilk gözə çarpan cəhət bizim liderliyə daha çox can atmağımızdır. Müsəlman ölkələrində “ikinci”lik dəbdə deyil. Vəzir olmaq istəyən yoxdur. Hərçənd ən çox iş görən də, ölkəni idarə edən də vəzirdir.

Zəlilcəsinə birinciliyə mübtəla olmaq bizi tamam əldən salıb. Təbii, birinci olmağı hamı istəyir, bizimki isə istək yox, xəstəlikdir. Hədəfimiz problemin həll olunması yox, həmin problemi özümüzün həll etməyimizdir.

Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı (FOTOLAR)

“Allah”lığa cəhd Şərq insanını xoşbəxt olmağa qoymamaqla yanaşı, uğurlu adamlara qarşı qısqanclıq, nifrət hissi yaradır. Məşhur ətriyyatçı Murad Məsudun təbirincə desək, bizimkilərin xoşbəxt olmaq dərdi yoxdur, başqalarının xoşbəxtliyini özlərinə dərd edirlər.

Bütün uğurlu adamları potensial rəqib görməyimiz ucbatındadır ki, bizdə insanlara öləndən sonra daha çox dəyər verirlər. Düzdür, bu tendensiya - ölüyə sevgi hər yerdə mövcuddur. Bizdə isə sanki insanları sevmək üçün onların ölümünü gözləyirlər.

Şərqlilər rəhmətlikləri sağ insanlara rəğmən ona görə çox sevir ki, onlar haqqında keçmiş zamanda danışaraq həm də öz yazıçılıq, hekayətçilik yanğılarını öldürür. Bütün yaradıcılıqlarını ölən insanların ocaq yerində qalayır, tonqala bir az da gop ataraq alovu şölələndirir.

Şərqlinin indiyə, insanın özünə deyil, xatirələrə dəyər verdiyini, baş daşı ilə fetiş yaşadığını həssaslıqla duyub, başqa məsələlərdə olduğu kimi sözügedən plastda da topu doqquzluğa göndərən şəxs Lütfi Zadədir – bizim dildə Lütfəli Ələsgərzadə.

Sağlığında Azərbaycandan çox da danışmayan alim vəsiyyətinə uyğun Bakıda dəfn edildi. Bu vəsiyyət yurd sevgisi ilə əlaqəli olsaydı, o, doğulduğu Novxanı kəndində dəfn olunmasını istəməli idi. Sözügedən vəsiyyət alimin iti zəkası ilə bağlıdır, o, beyninin məhsulunu Azərbaycanda, İranda uğurla tətbiq edə bilməyəcəkdi, çünki onun nəzəriyyəsi bizə lazım deyildi, Firəngistanda uğur qazanıb bizə məşhur bir meyit gətirməsi vacib idi ki, onu da Lütfi Zadədən gözəl kimsə bacarmadı.

Nəhəng alim beyninin bütün məhsulunu elmin qədrini bilən insanlara həvalə etdi, meyitini xatirələrə dəyər verən bizə təslim qıldı.

Lütfi Zadənin anası yəhudi, atası azərbaycanlıdır. Yəhudilər nəsli ana xətti ilə davam etdirdiklərinə görə Lütfi Zadəni yəhudi hesab edir, biz isə əksinə, onu ərdəbilli Rəhim kişinin oğlu kimi sevirik!

Kaliforniyada "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

Bakıdakı qəbrinin üstündə isə mötəbər bir abidə ucaltmışıq. Neapol dairəsindən üzü Babək prospektinə gələn küçəyə də Lütfi Zadə adını vermişik.

Başqa neyləməliyik?

# 22777 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər