Mən kəbutər deyiləm - Şərif Ağayardan yeni hekayə

Mən kəbutər deyiləm - Şərif Ağayardan yeni hekayə
11 iyun 2020
# 08:55

Kulis.az Şərif Ağayarın “Mən kəbutər deyiləm” adlı yeni hekayəsini təqdim edir.

Hekayə Mədəniyyət Nazirliyində baş verən son hadisələrdən təsirlənərək qələmə alınıb

Kino studiyasının mühafizə köşkündə oturan bığlı kişi dirsəyini qarşısındakı masaya dayayıb fikirli-fikirli harasa baxırdı. Köşkün yanında seyrək-gümüşü tükləri xəfifdən parıldayan, ağzının kənarları sallanan, gözləri sifətindən yaş qarışıq üzüaşağı axan iri sümüklü arıq bir it uzanmışdı. Hərdən iri başını maşınların şitinə qoyulan oyuncaq itlər kimi sağa-sola yelləməsə, onun canlı olduğuna heç kim inanmazdı. Arada geniş ağzını açıb əsnəyir, uzun və qırmızı dili ilə ağzının həndəvərini yalayıb iştahla udqunurdu. Bədənindən xeyli irəli çıxartdığı yoğun qolları və saymazyana arxasına sərdiyi tüklü quyruğu ilə iki metrəcən uzanan bu bədheybət varlığın qorxusundan köşkə yaxınlaşmadıq. Həmişə zarafatla ustad dediyim dostum əl atıb sinəmdən saxladı, mən məcburən ona ayaq uydurdum, divarın dibi ilə qorxa-qorxa addımlamağa başladıq. Bayaqdan ləng hərəkətləri, bəlkə də hərəkətsizliyi ilə yanındakı qoca itin ahənginə düşmüş mühafizəçi gözlənilmədən üzünü bizə çevirib qışqırdı:

“Dayanın!”

Dayandıq. Lakin o, sakitləşmədi, əlini toqqasına atıb tapança çıxartdı, bizə tuşlayıb qabağımıza qaçdı. İt başını çevirib laqeyd bir baxış atmaqla kifayətləndi.

“Tərpənməyin-q!!!”

Zibilə düşmüşdük.

Əllərimizi qaldırıb divara söykəndik. Üzü bərabərində tutub üstümüzə tuşladığı tapançanın dəstəyindən ikiəlli yapışan mühafizəçi nişangahını pozmamaq üçün asta-asta addımlarla bizə yaxınlaşırdı. Görəsən, ilk hansımıza atəş açacaqdı? Hansımıza və haramıza? Yəqin, əvvəl ayağımızdan atardı. Qaçmayaq deyə. Yoxsa nə etmişdik ki? Təbii, adamın ağlı yerindəydisə...

Ustadımın sifətində indiyədək görmədiyim qorxaq, məsum, həm də bezgin, usanmış bir ifadə vardı. Səhv etmirəmsə, sol əlinin çeçələ barmağı azca titrəyirdi.

“Silahlarınızı yerə atın-q!”

Sağır nunla bitən son söz bu dar macalda tam ayırd edə bilmədiyim hansısa bölgənin şirin ləhcəsini yadıma salıb içimdə isti bir arxayınlıq yaratdı; bığlı zırramanın bizə güllə atmayacağına inandım. Nə olsun gözünün birini yersiz qətiyyətlə yumub, qollarını düz açaraq silahı hansımızınsa allah bilir qaşlarının arasına, yaxud ürəyinin başına tuşlamışdı.

“Dedim, silahlarınızı yerə atın-q!!!”

Ustadımın dodaqları da titrəyirdi. Nəsə demək istədi, səsi çıxmadı.

“Eşitmədin-q-iz?!”

Əynində yaxasındakı yumru emblemə aypara şəklində “Qartal” yazılmış uniforma vardı. Tapançasının deşiyi müəmmalı nöqtə kimi qaralırdı. Qıyılı gözü açıq gözünə qoşulub bərəldi, bığları hirsindən əyildi. Ayağının birini möhkəm yerə çırpıb bağırdı:

“Tərpənməyin-q!!!”

Biz tərpənmirdik.

Əllərimizi daha ürəkdən havaya qaldırıb divara yaslandıq, ustadım sol çiynini azca çəkib bədənini sağa əyərək təslim olduğunu açıqca nümayiş etdirdi. Mühafizəçi onun məzlum duruşuna fikir vermədən şəhadət barmağı ilə “1” göstərib mənim sağıma, şəhadət və orta barmağı ilə “2” göstərib ustadımın soluna hərəkət işarəsi verdi. Gözətçi köşkündən daha iki əlisilahlı çıxdı. Göstərilən istiqamətlərə qaçıb yerə uzandılar və uzun silahlarını bizə tuşladılar. Bığlı mühafizəçi eyni uniforma geyinmiş və sinəsinə birər-birər “Qartal” yazılmış gənclərin yerlərini rahladığını görəndə silahını aşağı endirib arın-arxayın yanımıza gəldi. Qaşının birini aşağı salıb, o birini yuxarı qaldırıb diqqətlə gözümüzün içinə baxdı. Onun üzündə doğma bir səfehlik gördüm, gülməyim tutdu. Mühafizəçi qəzəbdən qaşlarını düyünləyib aşağı sıxdı, silahını təpəmə dirəyib məni dəli kimi sağa-sola çəkişdirdi:

“Nəyə gülürsən-qqq? Axmaq, nəyə gülürsən-qqq? De görüm, nəyə gülürsən-qqq?”

Məni çəkişdirə-çəkişdirə sifətindəki məsumluğu səsə çevirən sağır nunlarla daha çox və daha qabarıq danışması içimdə kişnəyən gülüş köhlənini şahə qaldırdı. Biz sağa-sola hərəkət etdikcə uzanıb məni nişan alan mühafizəçi yerində saat əqrəbi kimi fırlanırdı.

“Eeee... bəsdirin!” – ustadım ürəkləndi – “Dayanın! Tərpənməyin! Silahlarınızı atın! Gülməyin!” – əllərini aşağı salıb deyinə-deyinə bizə yanaşdı, onu nişan alan mühafizəçi də yerində fırlandı.

“Bizdə silah nə gəzir? Terrorist-zadıq?”

“Bəs niyə siçovul kimi divarın dibiylə gedirsiz?” - mühafizəçi əl-qolunu ölçə-ölçə qışqırdı.

“Siz yatmışdınız, yanınızdakı itdən qorxduq.”

“Məəənnn?!” – tapançanın lüləsini sinəsinə qoyub döşünü irəli verdi – “Mən? Yatmaq? Özü də postda?” – gözlərini bərəltdi – “Beynini dağıdaram, avara!” – silahı ustadıma tuşladı, ustadım qorxusundan əllərini silahın qabağına tutdu – “Kiminlə danışdığını, bilirsən? Qırx ildir mühafizədə işləyirəm, postda bir saniyə də olsun kirpik çalmamışam. Nə gecə, nə gündüz! Yatsaydım, sizi necə görərdim? Xuliqan!”

“Ola bilsin, xəyala dalmısınız, mənə elə gəlib!”

“Şlaqbaum!!!” – gənc mühafizəçilərdən biri qışqırdı. Bığlı məni buraxıb köşkə qaçdı, şlaqbaumu qaldırdı, keçidə qara bir maşın yaxınlaşdı. Gənclər yerdən qalxıb bizi yanladılar və maşınla aramızda dayanıb hərbi salam verdilər. Bığlı da şlaqbaumun yanına çıxıb azca yumrulanmış qarnını qabağa verərək, əlini qulağının üstünə apardı. Qara maşın keçib gedəndən sonra qətiyyətlə gicgahına sıxdığı əli tədricən boşaldı, əvvəl çiyninə, sonra yanına düşdü. Az sonra yorğun-yorğun havaya qalxıb “gəlin” işarəsi verdi. Gənc mühafizəçilər bizi silahın döşünə alıb köşkə apardılar.

Ustadım jurnalist vəsiqəsini uzadanda bığlı siyirməni çəkib toz basmış əyri-üyrü eynək çıxartdı, burnunun üstünə taxtı, vəsiqəni diqqətlə gözdən keçirib incik-incik söylədi:

“Belə deyin dəəə, bayaqdan... Belə deyin dəəə...” - vaysındı - “Görəsən, bu insanlar məni nə vaxt başa düşəcəklər?” – ağlamsındı – “Anlamırlar. Məni anlamırlar.” - əllərini stola, alnını əllərinin üstünə qoyub eləcə qaldı. Bir dəqiqə, iki dəqiqə. Ustadım yerində qurcuxmağa başlayanda gənclərdən biri pıçıldadı:

“Küsdü.”

Ustadım təəccüb elədi:

“Nəə?”

Mühafizəçi ciddiyyətlə:

“Küsdü... Fikir vermə. Bir azdan keçəcək.”

Ancaq keçmədi. Bığlı ayağa durub sanki gözəgörünməz birinə üz tutaraq: “Adım Mustafadır. Mustafa rəis də deyə bilərsiz, eləcə rəis də!” - dedi və telefonda iki rəqəm yığdı: “Alo! Şaxa xanım, direktora deyərsiniz, yanına jurnalistlər gəlib. Oldu.”

Dəstəyi yerinə qoydu, üzümüzə baxmadan bayıra çıxdı. Əyilib köşkün qapısının azğında uzanan qoca itin boynundakı xaltaya toxundu, it buna bəndmiş kimi əvvəl enli sinəsini, sonra uzun incəsini yerdən asta-asta qaldırdı, yavaşca silkinib Mustafa rəisə qoşuldu. Yaxasına parça yaxalıq, yaxalığına orden asılmış itin arxadan büzüşmüş xayaları görünürdü.

Ustadım Mustafa rəisin və itin dalınca çaşqın-çaşqın baxdı. Kənardan diqqət edəndə sanardın Mustafa rəis tanınmış kənd şairdir, dövlət televiziyasından onun haqqında film çəkməyə gəliblər, o da kadra babat bir şey düşsün deyə itini götürüb bağda gəzişir, gah ağacların gövdəsini sığallayır, gah kövrək budaqlara toxunur, gah da əllərini qoynuna alıb göyün ənginliklərinə tamaşa edir. İt də sahibinin melanxolik əhvalını anlayır, onun yanında xoş bir xəyal kimi hərlənir, çəkiliş üçün qəribə, mistik fon yaradır. Film “çəkilişi” hardasa iyirmi dəqiqəyəcən sürdü. Üzündə güllər açmış Mustafa rəis sevinə-sevinə yanımıza qayıtdı. Çatanda bizi qocaman iti ilə tanış elədi:

“Tanış olun, Şirxandır!”

İtin başını sığalladı. İt yaş qarışıq üzündən axıb getməkdə olan gözlərini qırparaq başının duruşunu sərtləşdirdi, rəisin onu daha rahat sığallamasına şərait yaratdı. Mustafa rəisin üzündəki güllər daha da pərvazlandı. O, itin də, özünün də yaxasındakı medalı göstərib mənası anlaşılmayan şadyanalıqla dilləndi:

“Baxın! İkimizi də eyni ordenlə təltif ediblər!” – şirin-şirin güldü – “Amma bu ordenlər sovxadır. Nə vaxtsa, xırdavat bazarından film çəkilişləri üçün alıblar. Görmürsünüz, üstündə rus hərfləri ilə “Trud” yazılıb. İndi kimdir orden istehsal edən? Adamlarda o həvəs qalmayıb. Biz təltif olunanda hazırından hərəmizin yaxasını birini asdılar. Biz də zəhmətkeşik axı!”

İtin başını sığallamağa davam etdi:

“Şirxan ən çox filmə çəkilən heyvandır. Özündən deyən aktyor onun qədər çəkilməyib. Yaxşı da qonorar alıb. Ölkə dağılmamış istehsal olunan bütün filmlərdəki it səsi ona məxsusdur. Canlı çıxsın deyə gah hürdürüb, gah uladıb yazıblar. Şirxan hürməklə ulamağı qəribə şəkildə qarışdıra bilir. Çox gözəl səsi var. Qurd səsinə oxşayır. Qətiyyət və məsumluq - ikisi bir yerdə! Şirxan! Şirxan!” – itə tərəf əyilib ağzını göyə tutdu – “Hauv! Hauv! Şirxan, hauv!”

Qoca it Mustafa rəisin sözünü yerə salmadı, yorğun və qaytanlı səsiylə bir ağız hürüb məmnunluqla ona baxdı, sevincdən Mustafa rəisin gözləri alovlandı:

“Studiyanın arxa qapısını bağlayanda Şirxan bizə çox kömək elədi. Quzğunlar Şirxandan bərk qorxurdular! Halbuki adama hürmür. İnsanların çoxundan mədənidir. Təhsil görüb, tərbiyə görüb...”

Elə bil, qəfil nəsə xatırladı:

“Siz niyə ayaq üstə durmusuz? Ay uşaq, stulları qoy, dostlarımız otursunlar. Şirxan, sən də gəl.”

İçəri keçdilər, biz Mustafa rəisin stolunun ətrafında oturduq, Şirxan onun ayaqlarının yanına sərələndi. Gənclər bizə çay süzdülər. Mustafa rəis onlara əmr verdi:

“Ərazini yoxlayın!”

Gənclər silahlarını alıb qaça-qaça köşkdən çıxdılar. Mustafa rəis ağzındakı konfeti sağ ovurduna keçirib gülümsündü:

“Deyəsən, siz quzğunların kim olduğunu bilmirsiniz.”

Ustadım gözünü döydü.

“Bax bu bina var ha, bu binanın bu həyəti var ha, elə bil camış leşidir. Ölkə dağılanda bu camış da öldü, quzğunlar cəmdəyinə daraşıb sökməyə başladı. Mən o vaxtdan burda mühafizəçi işləyirəm. Biz əmrə tabe olan adamlarıq. Nə edə bilərdim? Gücüm ona çatırdı ki, sənədi olmayan maşını içəri buraxmırdım. Fəqət, bir gün studiyanın arxasından qapı açıldığını eşitdim. O qapıdan rahatca söküb-taladılar buraları. Mən də qaldım baxa-baxa! Onda Şirxan da yanımda yox idi ki, dərdimi deyəm”, - itin başını sığalladı, amma bu, sığallamaqdan çox boyun masajına oxşadı – “Həmzəyev studiyaya rəhbər gələndə biz qartalları başına yığıb quzğunlara müharibə elan elədi! Onları buralardan qovub çıxardıq, arxa tərəfdən açdıqları qapını zəncirləyib düz yeddi qıfıl vurduq. Beləliklə, qartallar quzğunları məğlub etdi! Şirxan da bizdəndir. Söz vermişəm, onun yaxasındakı ordenin yanına qartal emblemi tikəcəm. Öz əllərimlə! Eynən məndəkindən.” - sinəsindəki emblemi sığalladı – “Eləmi, Şirxan?”

İt başını sallayıb razılığını bildirdi.

Nitqinin ən bərraq yerində Mustafa rəisin birdəncə gözləri doldu, səsi boğuldu:

“O namərd gülləsi atılanacan hər şey yaxşı gedirdi! Kaş o güllə Həmzəyevin maşınına yox, mənim ürəyimə dəyəydi!”

Ustadım içdiyi çayı saxladı, diqqətlə Mustafa rəisə baxdı:

“Nə güllə?”

“Sizin dünyadan xəbəriniz yoxdur! Quzğunlar Həmzəyevi öldürmək istədilər. Özü də gözümüzün qabağındaca!” – qəhərə boğuldu, Şirxan dostunun bu halını görcək astadan inildədi, ağzının ətrafı daha çox sallandı, gözləri üzündən daha çox axıb getdi.

“Sizi buna görə incitdim. Bağışlayın! Elə bildim, quzğunlardansınız!” - az qala ağlayacaqdı – “Polis hələ də cinayətkarı yaxalaya bilməyib. Təsəvvür edirsiniz? Əgər Həmzəyevə güllə atılıbsa, burda heç kim güvəndə deyil!”

Ustadım vəziyyətə uyğun kədərli sifət aldı.

“Bax elə burda atdılar! Burnumuzun ucunda”, – Mustafa rəis əlini şlaqbauma uzatdı – “Mən ordaydım. Həmişəki kimi dayanıb direktora hərbi salam verirdim. Özü belə istəyir. Xoşuna gəlir. Gərək başını dik tutasan. Gəlin, göstərim”, – köşkdən çıxıb şlaqbauma yaxınlaşdı, biz də onunla çıxdıq, qəddini azca yana əyib əlini studiya binasının tininə uzatdı – “O küncü görürsünüz? Mən ora baxırdım. Həmzəyev şəxsən özü deyib ki, mənə və hörmətli qonaqlara salam verəndə başını dik tut. Məğrurca! Əvvəl-əvvəl bunu bacarmırdım. Məcbur qalıb başa saldı. Dedi, burnunun ucundan binanın o tininə baxarsan! Həmzəyev rejissordur axı. Necə dayanmaq, necə baxmaq lazım olduğunu yaxşı bilir. Mənsə... zibilə qalsın!” – Təəssüflə başını buladı – “O gün binanın tininə baxanda Hafizin bir misrası yadıma düşdü. Deyir, mən kəbutər deyiləm ki, hər binanın küncünə qonam! Əvvəllər, kəbutər sözünün mənasını bilmirdim, misra mənim üçün heç bir məna ifadə etmirdi. O gün ora baxanda ağ bir göyərçinin eynən şeirdəki kimi düz binanın tininə qonduğunu gördüm, onda yadıma düşdü ki, kəbutər göyərçin deməkdir. Bizdə qız vardı, orta məktəbdə, qəşəng də qız idi...” – öskürdü – “adı Kəbutər... Ədəbiyyat müəllimimiz ona zarafatla Göyərçin deyirdi. Ordan yadıma düşdü. Qəfil güllə açıldı, mən diksindim, göyərçin uçdu, elə bildim, gülləni göyərçinə atdılar...” – səsini qısdı – “Hətta bir ara necə dalıb getdimsə, elə bildim, güllə şeirin misrasına dəydi. Olur məndə belə şeylər”, – gözlərini sildi – “Bir də sürücünün qışqırğına ayıldım, Həmzəyev özünü itirmədi, oturacağa əyilib “Sür! Sür!” deyə qışqırdı. Sürücü maşını binanın həyətinə qaçırdı, mən sağa-sola baxdım, fəqət heç kimi görmədim.”

Mustafa rəis parıltısı sozalan gözlərini qıyıb uzaqlara baxdı, elə bil ömrün o başında kiməsə hesabat verirdi:

“Həmzəyevi qorumaq cəhənnəm, atəşin hardan açıldığını da bilmədim! Allah Hafizin də, o göyərçinin də bəlasını versin!”

Geri çevrildi, köşkün divarından asılan lövhəni göstərdi:

“Bir baxın. Mənə yaraşarmı bu?”

Divardan onun hərbi salam verən yaxası ordenli fotosu asılmışdı, yanında balaca bir mətn də vardı:

“Vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün mühafizə xidmətinin rəisi Mustafa Mərdanova şiddətli töhmət verilsin. Direktor: M.Həmzəyev.”

Mustafa rəis:

“Şəkildə də binanın tininə baxıram. Elə şeiri düşündüyüm anda çəkdi bizim fotoqraf. Yaxşı adamdır. İndi harda olsa gələr. İstəsəniz, sizin də Şirxanla şəklinizi çəkər. Burda, birinci mərtəbədə qəşəng studiyası var. Dələ saxlayır özüyçün. Elə şirindilər ki! Həmişə gərgin olanda gedib sığallayıram. Adama qəribə xoşbəxtlik bəxş edirlər. Şirxan məni onlara qısqanır.” – gözlərini qadınsayağı süzdürüb Şirxana baxdı, gülümsədi – “Eləmi, Şirxan?” – it saymazyana əsnədi, ağzını marçıltıyla yumub mürgülədi. Mustafa rəis ciddiləşdi. Qaşlarının ikisini də qaldırıb itin başını incə-incə tumarladı. İt bu sevgi dolu nəvazişdən xoşhallanıb gözlərini yumdu.

“Düzü, Həmzəyevin məni işdən qovmamasına məəttəl qaldım. Əslində, buna layiq idim. Görünür, quzğunlara qarşı mübarizədəki xidmətlərimi nəzərə aldı. Vəzifəyə başladığı gün birinci məni qəbul eləmişdi. Demişdi, Mustafa rəis, sən yerində möhkəm durmasan buralarda heç bir iş görə bilməyəcəyik. Mən də söz vermişdim, demişdim, Həmzəyev, namusuma-qeyrətimə and olsun, əlimdən nə gəlir edəcəm! Elədim də!” - Əllərini yana açdı. – “Baxın, quzğunların izi-tozu da qalmayıb. O vaxtdan burda qalıram, evə getmirəm. Xoşbəxtlikdən ailə-uşaq da yoxdu.”

Köşkün arxa divarındakı taxta qapını açdı, içəri otaqda köhnə divan, tumbuçka göründü:

“Burda yeyirəm, burda da yatıram! Şirxanla birlikdə... Allah ona dəyməsin.”

Yenə itin başını sığalladı, boynunu ovxaladı, bu vaxt gənc mühafizəçilər qaranəfəs içəri girdilər:

“Hər şey qaydasındadır, rəis!”

“Arxa qapını yoxladın-q-ızmı?”

“Yoxladıq!”

“Qıfılları saydın-q-ızmı?”

“Saydıq!”

“Yaxşı. Oturun-q, dincəlin!” – üzünü ustadıma tutdu – “Bir iş də var: Hafizin şeirini xatırlamağım mənim günahımdırsa, binanın tininə baxmağım Həmzəyevin günahıdır. Axı mən ora baxmadan da hərbi salam verə bilərdim. İndi düşünün, binanın tininə baxan adam, yan-yörədə pusqu quran adamı necə görə bilər?”

Ayağa qalxdı, ustadımı da ayağa qaldırdı.

“Çest” ver görüm!”

Ustadım qeyri-iradi əlini qulağına aparıb başını azca yuxarı qaldırdı. Mustafa rəis hirslə onun əlini vurub aşağı saldı:

“Papaqsız “çest” vermək olmaz!” – papağını çıxarıb ustadımın başına qoydu, təpiklə ayaqlarına vurdu – “Bunları da cütlə! Aha. Çənəni azca qaldır. Sola doğru. Sola doğru. Bacarmadın”, - çənəsindən və boynunun arxasından yapışdı – “Başını boş saxla! Boş saxla. Bax belə. Vot!” – Kənara çəkilib diqqətlə baxdı – “Əla! İndi düz binanın tininə bax. Düppədüz. Hafizin misrasını xatırla. Yadında qalıb? Mən kəbutər deyiləm ki... Xatırladın? Göyərçin xəyal elə binanın tinində. Elədin? Eləcə qal. Misranı təkrarla.”– gənc mühafizəçilərin birindən silahı alıb köşkün küncünə çəkildi – “Məni görürsən?”

Ustadım ona tərəf göz süzdürüb nəsə demək istəyəndə qışqırdı:

“Düzünə bax! Düzünə bax! Misranı təkrarla. Göyərçini düşün. Görürsən məni?”

“Yox” – ustadım cavab verdi. Mustafa rəis ah çəkib büzüşdüyü küncdən qalxdı:

“Atan oldu behiştlik!”

“Atam ölməyib ki...”

“Diriyə də rəhmət var.”

“Siz rəhmət yox, behişt dediniz.”

Mustafa rəis duruxdu:

“Kəsə dedim. Allah adama rəhmət eləyəndə onu bağışlayır və behiştə aparır. Allahın rəhmətindən kənar behişt olar?”

Ustadım bayaqkı “çest” pozasını dəyişmədən dilləndi:

“Mümkündür!”

“Necə?”

“Misal üçün əməli saleh bir adamın rəhmətə ehtiyacı olmaz, birbaş behiştə gedər.”

Mustafa rəis deməyə söz tapmadı, bəlkə də ona görə qışqırdı:

“A-a-zad!!!”

Ustadım bayaqdan yay kimi gərilmiş bədənini boşaldıb əlini aşağı saldı, başındakı papağı səliqə ilə çıxarıb Mustafa rəisin masasının üstünə qoydu. Bu an mühafizəçilərin birinin çox yad, kökləndiyimiz ahəngə heç uyğun gəlməyən səsi eşidildi:

“Rəis, olar bir söz soruşum?”

“Soruş.”

“Siz niyə direktorumuza xəyali güllə atmaq üçün bu uzun silahı seçdiniz? O atəşin uzun silahdan açıldığına əminsinizmi?”

Mustafa rəis ağzının sol yanıyla gülüb ustadıma baxdı:

“Görürsən də, kimlərlə işləyirəm? Bunlardan adam qoruyan olar? Güllə haqq-hesabından sonra gətirib qoşublar mənə. Bu silahları da veriblər ki, adamları qorxudaq. Həmzəyev tapşırdı, kino inventarından verdilər. Yalançı silahlardı. Mənim silahım bilirsən hansıdır?” – yuxarı qaldırıb göstərdi. – “Qəmlonun tapançasıdır! Kinoda Abasqulu bəyi bu tapança ilə öldürür.”

Bayaqdan susan mühafizəçinin çiynindəki silahı aldı:

“Yeddi oğul istərəm”də Qəzənfərlə Qəqəninin nişan alıb atdığı beşatlandır. Bəyi götündən vurur ee uşaq! Hahaha! Səninki hardandır?” – dil-dil ötən arıq-çəlimsiz mühafizəçiyə baxdı, silahını alıb işığa tutdu – “Bunu bilmədim. Deyəsən, “Qatır Məmməd”dəki Göyüşün tüfəngidir. Əzizi vurur e! Namussuz köpəyoğlunu! İndi quruluş dəyişib, Qatır Məmmədi xain çıxardırlar. Nə deyim, vallah!”

Divarları quzulayan və köhnəliyin qüssəli tozanağına bürünən studiya binasını göstərdi:

“Ona qalsa, burdan çıxan qəhrəmanların çoxu xaindir!” – dalınca əlini gənc mühafizəçiyə uzadıb qəşş elədi – “Gör, Göyüş kimi kişinin silahını kim gəzdirir?!” – Səsini qaldırdı – “Yadında saxla, a gədə, uzaq atəşi heç vaxt tapançadan açmırlar. Tapança əlbəyaxa döyüş üçündür. Anladın?”

Gənc mühafizəçi başını tərpətdi.

“Haydı! Qaç arxa qapını yoxla” – otaqdan çıxar-çıxmaz dalınca qışqırdı – “Qıfılları saymağı unutma!”

Bu an daxili telefon zəng çaldı, Mustafa rəis inanılmaz həyəcanla ayağa qalxıb dəstəyi götürdü:

“Mühafizə xidməti! Oldu!”

Üzündə bayaqkı işıqdan əsər qalmamışdı:

“Həmzəyev sizi gözləyir.”

Qoca it xəfif iniltiylə əsnədi, biz vaxt itirmədən sağollaşıb köşkdən çıxdıq, binanın həmişəki tinində tək ayaq üstə ağ bir göyərçin dayanmışdı.

# 5765 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #