Biabırçı tərcüməçilərimiz: Nadir Qocabəyli, Nəriman Əbdülrəhmanlı, Samir Bulud…

Biabırçı tərcüməçilərimiz: Nadir Qocabəyli, Nəriman Əbdülrəhmanlı, Samir Bulud…
20 may 2020
# 09:00

Bizim ən böyük problemlərimizdən biri də tərcümədir. Ana dilində normal tərcümə tapmaq az qala müşkülə dönüb. Bu haqda sosial şəbəkədə bir status yazdım, amma görünür məsələni daha geniş şərh etməyə ehtiyac var.

Sovet vaxtı pis-yaxşı tərcümə ənənəsi vardı. Nəşriyyatlar tərcüməçiyə yaxşı qonorar ödəyirdi, ortaya keyfiyyətli iş çıxırdı. Mənim kitabxanamda o dövrün tərcümə kitabları var, oxuyub ləzzət alırsan.

Müstəqillik dövründə həmin ənənə dağıldı, pərakəndəlik, səliqəsizlik, məsuliyyətsizlik baş alıb getdi. Təbii, bunun obyektiv tərəfləri də var: sinəsini qabağa verib dünya ədəbiyyatını tanıtmaq istəyən nəşriyyatlar az büdcə ilə tərcüməçilərə sifariş verir, onlar da candərdi tərcümə edirlər. Anlayıram, pul azdı, qonorar kifayət eləmir, redaktorluq institutu nəşriyyatlardan köç edib. Bəs insafa nə gəlib? İş görmək ləyaqət məsələsidir. Sən öz dilində dünya ədəbiyyatının incilərini təqdim edirsənsə, puldan, qonorardan əvvəl öhdəliyinə düşən məsələlər var. Anlaşılıqlı olmalısan, vicdanla tərcümə etməlisən, rusca tərcüməyə girişdiyin halda mümkün qədər orijinalla tutuşdurmalısan. Elə etməlisən ki, sənə az qonorar verənlər utansın.

Son vaxtlar Azərbaycan dilinə tərcümə olunan əksər kitabları əlimə götürən kimi yad bir şeyə toxunuram sanki. Bu nə tərcümədir, bu nə dildir? Mənə maraqlıdır, görən hansısa azərbaycanlı bu dildə danışıbmı? Açıb oxuyursan və inana bilmirsən ki, bu, bizim dildədir. Adı üstündə Azərbaycan dili yazılıb, amma mətndə azərbaycan dili yoxdur. Hansı dildir, allah bilir?

Ən çox da bu tərcümə biabırçılığı “Alatoran”la, “Qanun”da tez-tez görülməkdədir. Qəpiyini qəpiyinin üstünə yığırsan, gedib kitab mağazasından kitabı alırsan və biabırçı, ana dilindən min kilometr uzaq bir tərcümə ilə qarşılaşırsan. Ayıb deyil? O oxucunun nə günahı? O yazıq, o bədbəxt nə etsin? Bizim dildə oxuyan bir ovuc adam var, onu da bu yolla özümüzdən uzaqlaşdırıq. Məqsəd dünya ədəbiyyatındakı əsərləri bizim dilə tərcümə etməkdir. Çox gözəl. Alqışlayıram. Amma pis tərcümə etməkdənsə, qoyun elə o əsər Azərbaycan dilində olmasın.

Bir dəfə Martin Pajın “Mən necə idiot oldum” əsərini bizim dildə oxudum. Nadir Qocabəyli tərcümə etmişdi. Heç nə başa düşmədim. Yaxşı ki, azdan-çoxdan rus dilində bilirəm, getdim, oxudum və əsərdən ləzzət aldım. Bu haqda yazıçı Seymur Baycanla dialoqumuza baxın:

Kitab Mən necə İdİot oldum | Martin Paj | 2000019297963 | Alinino.az

- Seymur, bu nə tərcümə idi, a kişi? O cür əsəri nə günə qoyub e gör.

Seymurun cavabı:

- Eybi yox, əsas odur tərcümə olunub.

Bizim hələ, Allah eləməsin, müasir ədəbiyyatımızın ən ciddi imzası bunu deyir. Eybi yox da, əsas odur tərcümə edib. Biabırçı da olsa, Azərbaycan dilindən uzaq düşsə də, cəhənnəm, tərcümədir də.

Bu yaxınlarda Nəriman Əbdülrəhmanlının tərcüməsində Vircinya Vulfun “Mayaka doğru” əsərini oxudum. Daha doğrusu, oxuya bilmədim. 50 səhifə gic kimi oxuyurdum, birdən ayıldım ki, axı mən heç nə başa düşmürəm. Vircinya Vulfun arxa qapaqdakı məsum şəklinə baxdım. Dedim, yazıq Vircinya bacı, o vaxt daşları cibinə doldurub göldə özünü öldürmüşdün, indi bilsəydin ki, Nəriman Əbdülrəhmanlı sənin romanını bu kökə salacaq, Allahdan bir günlük dirilmək üçün icazə istəyib təzədən intihar edərdin.

Kitab Mayaka doğru | Virciniya Vulf | 9789952365412 | Alinino.az

Yukio Mişimanın “Məhəbbət yanğısı”nı da Nəriman müəllim sağ olsun, çox möhtəşəm tərcümə edib. Mişima özünü xarakiri ilə o dünyaya yola salıb. Bax indi insafdandır, onsuz günah iş görüb, intihara əl atıb, kişinin sümükləri sızıldamazmı, yatdığı yerdə təzədən xəncəri ilə qarnını doğramazmı?

“Qanun”da tez-tez tərcümələri ilə qabağımıza çıxan Samir Bulutdanmı danışım, Kifayət Haqverdiyevadanmı, hələ adını bilmədiyim, yadıma düşməyən neçə-neçə belə tərcüməçidənmi? Nə edək? Başımıza haranın daşını salaq? Dərd birdimi, beşdimi? Qurtarmır ki... Deyirsən, oturub öz dilimizdə kitab oxuyub problemlərdən bir an olsun uzaqlaşasan. Xeyri yoxdur. Nadir Qocabəyli ilə Nəriman Əbdülrəhmanlı dərdlərini təzədən yadına salır.

Hələ Ziqmund Freydin kitabları. Mən Azərbaycan dilində bu kişinin bir normal kitabını oxuya bilməmişəm. Qismət deyil, nə edəsən? Bir dəfə kitab yarmarkasında yenə Ziqmund Freydin yaralı kitabını gördüm, dostuma dedim ki, vallah, alman dilində oxusaq, bəlkə daha yaxşı başa düşərdik kişini. Ötənlərdə “Alatoran”da yenə bu yəhudi balasının kitabını aldım – dedim bəlkə bu səfər yaxşı olar. Rüstəm Ayaksın çevirdiyi “Mədəniyyət sancıları” adlı kitabın elə ilk səhifəsindəcə məni bir sancı tutdu ki... Tərcümə sancısı... Deyəsən, bu sancını mənlə bərabər neçə-neçə adamlar da çəkir.

Sigmund Freud - Mədəniyyətin Sancıları

Görün, elə bir vəziyyətdəyik ki, əsəbimdən yazını da dağınıq yazıram. O qədər çarəsiz durumdayıq, o qədər e, ölünü qoy, dirini ağla burda deyiblər bax. Yaxşı ki, tək-tük yaxşı tərcümələr var, yoxsa boğulardıq bu biabırçılığın içində. O tərcümələrə də möcüzə kimi baxmışam. Həmin tərcümələri oxuyanda onu tərcümə edən o mübarək kişilərə (həyatda olanlara) zəng etmişəm, görəndə əllərindən öpmüşəm. Acınacaqlı vəziyyətdir. Kənardan bir fikir verin. O qədər az sayda vicdanlı tərcüməçi var ki, sən onları görəndə bağrına basmaq istəyirsən.

Vilayət Hacıyev, Saday Budaqlı, Etimad Başkeçid, İlqar Əlfi, Seyfəddin Hüseynli kimi tərcüməçilər yaxşı ki, varlar. Onların tərcüməsini oxuyanda ümidsizlikdən bir anlıq sıyrılıb çıxıram. Deyirəm, yox, bu dildə yaxşı tərcümələr oxuyacağıq. Görünür, Tərcümə Mərkəzinə dövlət dəstəyi burda öz rolunu oynayır. Ancaq tərcüməçilərin işinə vicdanla, sevgiylə yiyə durması da var. Niyə tərcüməni yola verəsən? Bu kitabda sənin adın gedəcək axı. Nə qədər oxucu... Dayanın, bəlkə oxucunun azlığına görə deyirsiniz, elə basməmmədi nə gəldi, yazaq? Qonorarın azlığından şikayət ediriksə, yenə də bu bizi siğortalamır. Nə olur-olsun, ortaya yaxşı tərcümə qoymaq lazımdır. Heç kimə görə yox, ən azı özümüzə görə. Oxuyan bir dəstə adama görə. Düşünün ki, birtəhər pul tapıb kitab alanlar var. Onlara yazıq deyilmi?

Heçmi öz tərcümənizi qabağınıza qoyub oxumursunuz? Heç məsuliyyət hissiniz yoxdur? Demirsiniz, mən niyə belə tərcümə elədim? Ən azı imtina edin. Deyin, adınızı silsinlər ordan. Yaxşı, tərcüməçinin insafı yoxdur, yoxdur, bəs naşirə nə olub? Bu da ayrı dərddir. Naşir var ki bizdə? Mətbəə işçiləridir çoxu. Eləcə kitabı alır və çap edir. İnsafən, “Teas Press”in işi bu mənada təqdirəlayiqdir. Ordan bir neçə yaxşı kitab oxumuşam. Elə Seyfəddin Hüseynlinin tərcüməsində Cülian Barnsın “Aqibət duyğusu” romanı. O qədər gözəl idi ki, oxuyanda ağlamaq tutdu məni. Bu qədər gözəl tərcümə olar, İlahi? Elə bil Barns azərbaycan dilində yazmışdı bu əsəri. Bax tərcümə belə olmalıdır. Sən onu oxuyanda o xarici müəllifin bizim dildə yazdığına inanmalısan. Elə olmasa da, inanmalısan.

Kitab Mifin qısa tarixi | Karen Armstronq | 9789952520927 | Alinino.az

Elmi kitablardan da ayrıca yazmaq istədim. Sonra vaz keçdim. Onlar ucdantutma biabırçılığın təntənəsidir. Hansı elmi kitabı açsan, ürəyin ağrıyır. Məsələn, Yalçın İslamzadənin “Mifin qısa tarixi” tərcüməsi. Görən, Yalçın müəllimin özü o tərcüməni başa düşüb? Sonra da elmlə məşğul olan adamların giley-güzarını eşidirsən: hamı şeir oxuyur, elmi əsər oxumur. Oxumaz da. O nə tərcümələrdir edirsiniz? İnciməsinlər, amma o kitabları tərcümə edənlər bədii tərcüməçilərdən daha biabırçı vəziyyətdədirlər. Onlar, ümumiyyətlə, Azərbaycan dilini bilmirlər. Ciddi deyirəm. Gərək, karantindən sonra hamısını məktəblərə Azərbaycan dili kurslarına göndərək. Başqa çarəsi yoxdur. Adamlar Azərbaycan dilində danışa, yaza bilmirlər. Təkamüldən dəm vururlar, ancaq hələ öz dilimizdə təkamül eləməyiblər. Elmi kitablar başdan-ayağa rəzillikdir, adam içinə çıxarılası deyil.

Nəsə, yazdıqca daha da əsəbiləşirəm. Sonda onu deyim ki, qorxuram bu tərcümələri oxuya-oxuya dünya ədəbiyyatı gözümdən düşə. Ya da gərək bildiyim iki dildə - rusca, türkçə oxuyum. Başqa çıxış yolu yoxdur.

Allah bizi bu cür tərcüməçilərdən qorusun!

Amin!

# 12785 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #