Yazıçı Anarın çəkildiyi uğursuz məhəbbət filmi

Yazıçı Anarın çəkildiyi uğursuz məhəbbət filmi
16 may 2020
# 09:00

Kulis.az Eldar Quliyevin 1972-ci ildə çəkdiyi “Var olun, qızlar” bədii filminin təhlilini təqdim edir.

Film real hadisələr əsasında lentə alınıb. 1958-ci ildə məktəbli Tofiq Hüseynov çimərlikdə dənizdə batan dörd qızdan üçünü xilas edir. Dördüncü qızı xilas edəndə isə özü də onunla birlikdə həlak olur.

“Var olun, qızlar” Tofiq Hüseynovun xatirəsinə ithaf olunub. Əhvalat onun üzərində qurulub ki, Rüstəmin (Ömür Nağıyev) qəhrəmanlığı haqda film çəkilir. Filmin ssenaristi Şəmsi ( Həsənağa Turabov) çəkilən materialdan razı qalmır. Onunla filmin rejissoru Murad (Anar) arasında mübahisə baş verir. Tofiq rolunu isə gənc aktyor İsa (Rəfael Dadaşov) oynayır. Bu, İsanın kinoda ilk roldur. Şəmsi ondan tələb edir ki, rolu yaxşı mənimsəmək üçün Rüstəmin xilas etdiyi qızları axtarıb tapsın, onun haqda material toplasın. İsa əvvəlcə onun təklifinə etinasız yanaşır. Sonra isə öyrənir ki, sevdiyi qız Sona Rüstəmin xilas etdiyi qızlardan biridir. Bu fakt İsaya Rüstəm haqda ətraflı bilgi toplamağa stimul verir. Əgər o, əvvəldə, sadəcə rolu oynayıb məşhurlaşmağı arzulayırdısa, sonradan Rüstəmə layiq bir obraz yaratmaq istəyir. O, bir-bir qızları axtarmağa başlayır...

Alla Axundovanın Hüseyn Seyidzadənin yardımı ilə yazdığı ssenari struktur etibarilə maraqlıdır. Əfsus ki, Eldar Quliyev materialın uyğun təsvir həllini tapmayıb. Əvvəlki yazılarımda qeyd etdiyim kimi Eldar Quliyevin milli kinoda maraqlı işləri olsa da (“Bir cənub şəhərində”, “Babək”, “Burulğan”) bəzi ekran işləri, həmçinin son illərdə çəkdiyi filmləri keyfiyyətcə aşağıdır.

Gallery

“Var olun, qızlar” film içində film prinsipi üzərində qurulub. Əhvalatda bu prinsip dağınıqdır. Rejissor bunu və digər xətləri dramaturji səliqəyə sala, sahmanlaya bilməyib. İlk epizod filmin çəkilişindən hazırlanmış materialla baxışla başlayır, müzakirəsi keçirilir. Anlaşılan odur ki, təqdim olunan material o qədər də yararlı deyil, üstəlik, İsa qəhrəmanı ilə özünü identifikasiya etməli, onu dərindən araşdırmalıdır. Amma nə baş verir?

İsa sevdiyi qız Sona (Yelena Çuxray) ilə görüşür, onun ailə problemlərində, çətin alınan münasibətlərində ilişib qalır. Sonra xilas olunan digər qızlardan biri, Sonanın bacısı, ailə həyatı alınmayan, qızı Nigarla (Arzu Səfərova) tək qalan Solmaza (Valentina Aslanova) vurulur və ona evlənmək təklifi edir. Bu müddətdə isə Rüstəm xətti unudulur, o, epizodik xatırlanır. Rejissor Rüstəmi bu qarmaqarışıqlığın içinə yerləşdirə bilməyindən onun obrazı gah metroda, gah küçədə qəfildən İsanın gözünə görünür. Bunun bir qarabasma, mistik qat, yoxsa şərtilik olduğu aydınlaşmır. Hər nədirsə, ara-sıra görünən Rüstəm obrazı ekranda baş verən situasiyalara, Sona-Solmaz-İsa münasibətinə daxil ola bilmir.

İsa xilas olan qızlardan digəri Zeynəblə (Nurəngiz Gün) görüş təyin edir. Zeynəb ərdədir, əri mühüm vəzifələrdən birində işləyir. Ekranda isə onu əriylə yox, deyingən, sözbaz qaynanası ilə görürük. Rejissorun əsas məqsədi xilas olunan qızların indiki həyatını, necə insan olduğunu göstərmək və onları ölümdən qurtaran adamı xatırlayıb xatırlamadıqlarını öyrənməkdir. Amma rejissor qızların məişətinə həddən çox aludə olur, yersiz detallara gedir və beləcə Rüstəm təkcə personajlar yox, elə rejissorun özü tərəfində də unudulur.

Gallery

Zeynəb sanki bir cinayəti gizlədirmiş kimi özünü aparır, bu hadisəni xatırlamaq istəmir, xatırlayanda isə əzab və utanc hissi keçirir. Əlbəttə ki, bunun çox səbəbi ola bilər. Sadəcə Zeynəbin hansı səbəbə əsaslandığı, daxilində baş verənlər qaranlıqdır. Xüsusən də, onunla bağlı son epizodda kədərləndiyi yerdə qəfildən gülməyə başlaması əsaslandırılmır. Ən azı üzünün ifadəsi ilə kədərdən gülüşə gətirən xətti aktrisa verə bilmir.

Solmaz və Sonanın davranışında da hadisəyə münasibətdə unutqanlıq, etinasızlıq önə çıxır. Xüsusən, Sona xaraktercə eqoistdir, onu heç doğma bacısının qayğıları da maraqlandırmır.

Tutumlu olan yeganə səhnə İsanın Rüstəmin atası (Sadıq Həsənzadə) və anası (Sədayə Mustafayeva) ilə görüşü səhnəsidir. Ana üçün oğlunun ölümündən sonra həyat əhəmiyyətini itirib. Rüstəm haqda filmin çəkilib-çəkilməməsi onu maraqlandırmır, çünki oğlu onsuz da geri qayıtmayacaq. Ana hətta oğlunun qızları xilas etməsinə görə peşmandır. Bundan başqa interyer-təmir olunmamış, səliqəsiz ev valideynlərin ovqatını əks etdirir.

Bir qayda olaraq aktyor obrazını hazırlıq prosesində öyrənir. Filmdə isə çəkiliş prosesi zamanı İsanın öz obrazını araşdırması məntiqi deyil.

Final səhnəsində film dənizdə çəkilişlərlə davam edir. Kadrların məzmunu o qədər xaotikdir ki, rejissorun niyyəti bəlli olmur.

Bundan başqa rejissor musiqiyə də çox aludə olub, emosionallığı gücləndirmək üçün musiqidən izafi istifadəyə yol verib.

Gallery

“Var olun, qızlar” filmi uzun illər ekrana çıxmayıb. Səbəbi odur ki, şair yazıçı Novruz Gəncəli ssenari müəllifləri Hüseyn Seyidzadə və Alla Axundovanı plagiatlıqda ittiham edərək, müəllif haqlarının qorunması məqsədilə məhkəməyə verib. N.Gəncəlinin iddiasına görə, 1961-ci ildə onun “Azərbaycan” jurnalında yayımlanan “Bizim sahildə” adlı ssenarisi A.Axundova və H.Seyidzadə tərəfindən oğurlanıb. Hüseyn Seyidzadə məhkəməyə ünvanladığı ərizəsində məsələni belə izah edib ki, kinostudiyada saxlanılan sənədlərdən məlum olur ki, N.Gəncəlinin “Bizim sahildə” ssenarisini çəkmək üçün əvvəl Şamil Mahmudbəyov, sonra Həbib İsmayılov cəlb olunublar və daha sonra film Zeynəb Kazımovaya tapşırılıb. Məhkəmənin qərarında göstərilir ki, o vaxt ssenarisi üzrə film çəkilmədi, çünki iddiaçı N.Gəncəli rejissor Hüseyn Seyidzadə ilə müştərək müəlliflik etməyə razılıq vermədiyini deyir. H.Seyidzadə isə ərizəsində göstərir ki, bu ssenarini başqa rejissorlar işləyib. O isə həmin vaxt “Koroğlu” filmini çəkirmiş. “Təəccüblüdür ki, olmadığım müddətdə məhkəmə bir neçə dəfə mənim adımı cavabdeh kimi hallandırıb. Buna qanun yol verirmi? Mən belə qənaətə gəlirəm ki, insani qiyabi surətdə müttəhim və ya müqəssir hesab etmək heç kəsə haqq vermir. Məhkəməyə gəlmək üçün çağırış vərəqəsini iyun ayında aldım və o zaman Alla Axundova Bakıda yox idi. Hakimə kağız yazıb bildirdim ki, Axundova olmadığına görə mənim məhkəmədə iştirak etməyim artıqdır. Məhkəmə belə qərara gəldi ki, Axundovanın “Yaşayın qızlar” ssenarisinin məzmunu mənimlə birlikdə Novruz Gəncəlinin ssenarisindən köçürmədir. Bu, əsassız qərardır. Plagiatlığı sübut etmək üçün SSRİ Yazıçılar İttifaqının müəllif hüququnu müdafiə idarəsinin eskpertlərini təyin edə bilərlər. Lakin məhkəmə onları cəlb etməyə cəhd göstərmədi. Məhkəmənin qərarında göstərilir ki, Alla Axundova onun iştirakı olmadan işə baxılmasına razıdır, çünki “Yaşayın qızlar” ssenarisinin əsl müəllifi özüdür. Belə olan halda nə səbəbə mən məhkəmə qərarına cavabdeh kimi düşmüşəm. Əgər cavabdehəmsə niyə məhkəməyə çağırılmıram”. Rejissor yenidən onun iştirakıyla işə baxılmasını xahiş edib.

Kinostudiyanın rəhbərliyi o vaxt söz-söhbətin yayılmaması üçün filmin nümayişini dayandırıb. Novruz Gəncəlinin Vikipediya məlumatında qeyd olunur ki, uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə o, ssenarinin müəllifi kimi təsdiq olunur. Bununla belə titrlərdə onun adı yoxdur.

Gallery

Filmdə Solmazın qızı Nigarı oynayan Arzu Səfərova bundan əvvəl Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filmində oynadığı üçün “Var olun qızlar” filminə kastinqsiz keçib. İndi konsermeyster işləyən A.Səfərova bir neçə il əvvəl Kulisə verdiyi müsahibəsində bu haqda deyir:”Şamil müəllimin çəkiliş zamanı yaratdığı atmosfer bu filmdə yox idi. Birinci filmin çəkimlərini əla xatırlayıram. Amma ikinci filmin yox. Mənim üçün maraqsız idi. Baxmayaraq ki, Eldar Quliyevin filmində bir səhnədə anam mənə kuklalardan tamaşa göstərir. Amma mən yaşamırdım. Sadəcə oynayırdım. Deyirdilər, belə eləmək lazımdır, edirdim və hamısı da razı qalırdı”.

“Var olun, qızlar” aktyor Rafael Dadaşovun kinoda ilk işidir.

Filmin çəkilişi 1958-ci ildə baş verən faciə təkrarlana bilərmiş: balaca uşaq dənizdə boğulurmuş. Yaxınlıqda olan, Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev batan uşağı xilas edir.

Filmin operatoru Arif Nərimanbəyov, bəstəkarı Polad Bülbüloğludur.

P.S. Bəzi faktlar Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabına istinad edir.

# 8701 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #