Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır?  - Sorğu

Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır?  - Sorğu
31 mart 2020
# 12:30

Yazıçılarımız karantin günlərini necə keçirir? Öz oxucularına nə tövsiyə edir? Kulis.azın geniş sorğusunu təqdim edirik.

Elçin Əfəndiyev

Gallery


Doğrusunu deyim ki, mən bu günlərdə nootbukdan çox yorulmuşam. Nootbukda məndən yorulub. Odur ki, yazı yox, mütaliə ilə məşğulam. Hal-hazırda masamın üzərində Tolstoyun cildlikləri var. İndi rus klassiklərini yenidən mütaliə edirəm. Oxuduqlarımı təzədən təkrarlayıram. Bundan əvvəl evdə olan insanlarımızın vaxtlarını necə keçirməsi ilə bağlı mətbuata danışmışam. İndi bir daha təkrar edirəm. Bu günlər fürsət verir ki, insanlar oxumadıqları kitablarla maraqlansınlar. Oxuduqları kitabları, xüsusən klassik ədəbiyyatı təzədən kəşf etmək, yadlarına salmaq üçün təzədən vərəqləsinlər. Bu gün internet insanlara böyük imkanlar verir. Bu imkanlardan istifadə etsinlər. Görmədikləri filmlərə, tamaşalara baxsınlar. İndi bütün dünya teatrlarının tamaşaları internet vasitəsi ilə göstərilir. Onları izləsinlər. Azərbaycanın elə ucqar yerləri var ki, orda internetdən şəhərlərdəki kimi istifadə etmək mümkün deyil. Bunun üçün bacarıq, imkan yoxdur.


Mənim aləmimdə söhbət məfhumunun imkanları internetdən az deyil. Xüsusən 65 yaşdan yuxarı insanlar böyük bir həyat təcrübəsinə malikdirlər. Onlar dünyada gördüklərindən, dünya, həyat, ölüm haqqındakı fikirlərindən vaxt tapıb işdə-gücdə olan övladlarına, yaxınlarına, nəvələrinə, nəticələrinə hətta kötücələrinə danışa bilmədiklərini danışsınlar. Bunun əhəmiyyəti internetdən az deyil. Bu gətirib ona çıxarır ki, insan dünyanı, həyatı, ölümü yenidən kəşf edir. Əbəttə, mən başa düşürəm ki, bəzən evdə oturmaq çox darıxdırıcı, sıxıntılı olur. Çünki hamının evi o qədər də böyük deyil. Kiçik evlərdə yaşayan çoxlu insanlar var. Ancaq bu da bir sınaqdır. Bu sınaqdan çıxmaqdan başqa çarəmiz yoxdur.

Səfər Alışarlı

Gallery


Mən bundan sonrakı ömrümü büsbütün evdə oturmağa hazıram, amma cəmiyyətə gələn, hətta gəlməyən bütün bəlalar fiziki və mənəvi cəhətdən birinci bizi - qələm və düşüncə adamlarını vurur. Ona görə dövlət tərəfindən müəyyən dəstəyə ehtiyacımız böyükdür. Bu arzuolunmaz vəziyyətdə toplum və cəmiyyət olaraq gedişatımızla bağlı deməyə çox sözüm var. Ancaq söz eşidilmir. Ən yaxşı halda fayda əmsalı yüksək olan söz də zirəklər tərəfindən oğurlanıb tamam başqa təyinat üzrə istifadə olunur. Allah bilən məsləhətdir.

Salam Sarvan

Gallery


Maska dərdimi təzələdiniz… Evə çəkilmişəm. İki gündən bir qara çörək almağa on addımlıqdakı dükana gedirəm. Qara çörək gec bayatlaşır. Apteklərdə maska tapa bilmədiyimdən çölə çıxanda nazik şərfin arasına pambıq qoyub üzümü örtürəm. Ən yaxın qohumların da bizə get-gəlinə sərt qadağa qoymuşam. İçki onsuz da içmirdim, bu arada siqareti də iki dəfə azaltdım: mənim qədər siqaret çəkən adamlar da xüsusi risk qrupundadır.


Evdə darıxmıram, kitab oxuyuram, yazı-pozuyla, tərcüməylə məşğul oluram, internetdə şahmat oynayıram. Hərçənd fikrim həmişə maska probleminin yanında olduğundan çox vaxt uduzuram.
Qara xəbərlərlə dolu informasiya burulğanı fanilik duyğusunu artırır deyə xəbərləri izləmirəm. Hə, bunu da deyim: ömrü az olan çətin günlər hardasa maraqlıdır həm də: adam birdən-birə tamam yeni dünyanın, yeni münasibətlər sisteminin içinə düşür. Reallıqla yuxu arasında fərq onsuz da şərtidir.


Sən demə qoruyucu maskaların bir neçə növü varmış: mən sadəsindən istərdim, ümidimizin qanadları rəngində olanından, ağından. Amma apteklərdə tapa bilmirəm.


Hissiyyatım deyir ki, bu vəziyyət iki aydan çox çəkməyəcək, Azərbaycan bu fəlakətin içindən azacıq itkiylə çıxacaq. Maska yoxdur, heç olmasın.


Yeri gəlmişkən, ötən gecə qəribə yuxu görmüşəm... Suların soyuq səthindəki dərin şırımlar bir-birinə sarmaşmışdı. Dayazlaşmış laqunlarda arıqlamış yerin qabırğaları görünürdü. Ağaclar ağımtıl kolluqların üstündə nəfəs almaq üçün yuxarı dartınırdı. Tonqalların alovu yorğun atların gözlərini işıqlandırırdı... Mənsə maska axtarırdım.

Aqil Abbas

Gallery

Karantin günlərində kitab oxuyuram, yazı yazıram, televizora baxıram. İnsanlara tövsiyəm odur ki, həmişəki ailə həyatlarını yaşamaqda davam etsinlər.

Şahnaz Kamal

Gallery


Əvvəla onu deyim ki, bu virusu ciddi qəbul edir, evdən çıxmamağa çalışıram. Baxmayaraq ki, Sankt-Peterburqda dünənə qədər karantin yox idi. Martın 14-dən cəmi iki dəfə evdən çıxmışam, o da səhər tezdən bazarlığa getmişəm. Evdə olduğum vaxtı hədər keçirməməyə çalışıram. Düzü, hardasa bu hadisədə xeyir axtarmağa çalışır və tapıram da.


Fevralın əvvəli rus dilindən Azərbaycancaya kitab tərcüməsinə başlamışdım. Onu bitirdim. Bir elmi məqalə üzərində işləyirəm. Bundan başqa, elektron kitab arxivimi və yazılarımı da səliqəyə salmağa macal tapmışam. Mənim əsas işim rusdillilərə Azərbaycan və Türkiyə türkcəsi öyrətməkdir. Bu işimi də onlayn, skayp vasitəsilə etdiyim üçün, işimdən də qalmış olmuram. Gələn həftədən Mayakovski adına kitabxanada həftədə 2 dəfə keçirdiyimiz Azərbaycan dili danışıq klubu onlayn öz işini davam edəcək. Vaxt imkan verdiyi üçün filmə də baxıram. Məsələn, "Görünməz qonaq", "Bədən", “Tokio povesti", "Başqasına ödə", "Amerika hekayəsi X" filmlərinə də baxa bilmişəm. Bu arada, "Şeyx Sənan"ı yenidən oxuyub bir daha Cavid qələminə heyran oldum.


Bütün bunlardan əlavə, ən əsası, düşünürəm, çoxlu düşünürəm və bu davam etməkdədir. Ömrümü qabağıma qoyub düşünürəm, təhlil edirəm. Yaşadıqlarım, özüm, ətrafımdakı insanlar, etdiklərim, etmədiklərim, edə bilmədiklərim haqqında düşünürəm. Məsələn, tez-tez teatra getmədiyim üçün özümü qınayıram, həm də çox qınayıram. Karantin bitib teatrlar köhnə iş rejiminə dönən kimi bu səhvimi düzəldəcəm.


Məncə, bu karantindən mən, həm fiziki, həm psixoloji baxımdan ayrı cür çıxacam. "Ayrı cür" deyərkən. müsbət və pozitiv şeyləri nəzərdə tuturam.


Sabir Rüstəmxanlı

Gallery


Karantin tələblərinə uymaq məcburiyyətindəyik. Bu, yalnız özümüzü qorumaq məqsədiylə edilmir. Bu fəlakət böyük-kiçik, ağ-qara bilmir. Bütün dünyada insanlığa meydan oxuyur. Bizim cəmiyyət qanunlara biganəliyi ilə fərqlənir. Lakin karantin tələbləri başqa qanunlara bənzəməz: tək-tək adamların deyil, on minlərlə, yüz minlərlə insanın həyat məsələsidir. Adamlarımız məsələnin ciddiyyətini nəzərə almalıdırlar. Evdə, yazı masamın arxasındayam. Ölkəmizdə virusla bağlı aparılan qoruyucu tədbirləri bəyənirəm. Ancaq rəsmi dairələrdən əlavə, hər kəs özünü, yaxınlar bir-birlərini qorumalıdırlar. 65 yaşdan yuxarı insanlara vahimə yaradan münasibəti ədalətsiz sayıram. Xüsusən, Azərbaycanda əksər yaşlıların immuniteti cavanlardan əsla zəif deyil. Bu, genetik bir məsəldir.

Aqşin Yenisey

Gallery


Hamı kimi cəmiyyətdən tam təcrid olunmuş halda yaşayırıq. Amma cəmiyyətdən təcrid olunsaq da, dünyadan təcrid olunmamışıq. Dünya evin içində bizimlədir ki, bu da yeni problemlər yaradır. Mən artıq evdə virusun özü ilə deyil, virus haqqında yayılan xəbər kirliliyinə qarşı karantin elan etmişəm. Virusu spirtlə, maska ilə uzaqlaşdırmaq olur, amma virusa bulaşmış cürbəcür xəbərlər evdə uçuşur. Bu da bir başqa pandemik narahatlıq yaradır. Bizi oxuyanlara da tövsiyə edərdim ki, bu məsələyə evlərdə diqqət etsinlər. Sadəcə, karantin qaydaları ilə maraqlansınlar, virusdan qurtulub virus xəbərçiliyinin kirinə yoluxmasınlar. Onsuz da, evdə otura-otura heç kimə kömək edə bilməyəcəklər. Heç olmasa, özləri psixoloji xəstəyə çevrilməsinlər. Bu ikinci xəstəlik daha pisdir. Çünki təhlükəni gözləmək təhlükənin özündən qorxulu olur həmişə. Hər bir psixoloji xəstə öz gərginliyini digər insanlarla paylaşmaq istəyir, beləliklə, panik mühit yaradır. Sosial şəbəkələr isə bu mühitin yaranması üçün çox imkanlara sahib. Bu aralar cəmiyyətdən uzaqlaşmaqla yanaşı, dünyadan da uzaqlaşmaqda fayda var.

Maral Yaqubova

Gallery

Dünyanın bütün sakinləri kimi evdəyəm. Karantin rejiminin müsbət tərəfi də var. Bütün dünya yaşamın saatların əqrəblərinə tabe olmadığı bir dönəmdən keçir. Bu prosesə zamandan şikayətçi XXI əsr insanı üçün dinlənmək fürsəti kimi baxmaq olar. Gündəmlə bağlı məlumatları rəsmi və etibarlı mənbələrdən izləyirəm. Soyuqqanlı yanaşıram, elmə və bilginin gücünə inanıram. Karantindən əvvəl başladığım işlərimi bitirməyə çalışıram. Nizamlı və ardıcıl şəkildə işləmirəm, sərbəst yanaşıram. İnternetdə araşdırma aparmağı xoşlayıram, bizi heç nəzərdə tutmadığımız yerlərə apara bilir. Kitabları zövq və dincəlmək məqsədi ilə deyil, tədqiqat obyekti, predmeti kimi oxuyuram. Hal-hazırda son illərdə nəşr olunmuş yerli romanlarla bağlı tədqiqat üzərində işləyirəm, mətnlərdə düşüncənin modelləşmə şəkillərini müəyyən etməyə çalışıram. Paralel olaraq, hermenevtika və narratologiya ilə bağlı araşdırmaların əsas qaynaqlarından biri sayılan Pol Rikerin “Zaman və təhkiyə” adlı üçcildlik tədqiqatını oxuyuram.

Fərid Hüseyn

Gallery


3-4 gündən bir evdən bayıra çıxıram. Çörək almağa gedəndə də maska və əlcək taxıram. "Titanik"in son nəfəsi" adlı yeni poetik silsilə yazmışam. "Saatlar" adlı şeirimi yarımçıq qaldı, ruhi müvazinətim düzəlsə ona qayıdacağam. Bu günlərdə onlarla filmə baxmışam. Paralel olaraq Forrest Ganderin "Şairin vədası" romanını oxuyuram. Bir də Mahmud Dərvişin "Atı niyə tənha qoyub getdin?" adlı şeirlər kitabını. Yaxınlarımla görüntülü zəng edib danışıram. Allaha dua edirəm ki, dünyamızı qorusun, ürəyim arzularla doludur, doyunca yaşamaq istəyirəm.

Mehriban Vəzir

Gallery

Karantin günlərində təbii ki, evdə oturmağa çalışıram. Amma ərzaq, çörək üçün bayıra çıxmaq məcburiyyətindəyəm. Mən də hamı kimi evdən kənar işlərimi məhdudlaşdırmışam. Evdə daha çox xəbərləri oxuyuram. Koronavirusun görünən və görünməyən tərəfləri ilə bağlı “yutub”da saysız-hesabsız fərziyyələr var. O fərziyyələri dinləyirəm. Və müşahidə edirəm ki, ətrafımızda olan insanların çoxu bu maarifləndirmə xarakterli məlumatlarla maraqlanırlar. Bu dövr görünür həm də bir maarifləndirmə dövrüdür. Amma həm də qəribə bir dövrdür. Bir atalar sözündə deyildiyi kimi “nə işim var, nə də macalım”. Yəni biz də elə vəziyyətdəyik. Vaxt çox, iş də çox, amma iki yaxanı bir araya gətirmək olmur. Öhdəliyimdə olan yazını bitirə, fikrimi bir yerə toplaya bilmirəm. Daha çox günün mənim üçün gətirdiyi problemlərlə məşğul oluram. İnsanlara məsləhətim odur ki, bir-birləri ilə mənəvi ünsiyyətdə olsunlar. Çalışsınlar ki, evlərində sülh olsun. Bu dövr ağır dövrdü. İnsanlar evə qapanıb, hamı bir-biri ilə didişir, bəzi ailələrdə ümumi söhbət olmur. Daha çox başqaları ilə söhbətləri tutur. İnsanlar bir az öz aləmlərinə boylansınlar, övladları ilə çox söhbət etsinlər, onlara çoxlu kitab oxusunlar. Qadınlar hər gün nəm təmizlik işləri ilə məşğul olsunlar. Kişilər, atalar da övladları ilə daha çox söhbət etsinlər. Analar, atalar uşaqlarına telefon verib, üzlərini onlardan çevirməsinlər.

Əjdər Ol

Gallery

Mənim karantin günlərim o biri günlərdən fərqli deyil. Təbii ki, iş vaxtı işə gedirik, kimlərləsə ünsiyyətə giririk. İndi sadəcə olaraq o ünsiyyətlər azalıb, gediş-gəliş məhdudlaşıb. Ancaq bizim əsas işimiz oxumaq, yazmaq, düşünməkdir. Yaradıcı insanlar təbii ki, yaradıcılıqdan ayrıla bilmirlər. Ən çətin şəraitdə, ən xoşbəxt məqamda belə ziyalı ziyalıdı. O, hər zaman düşünür, izah etməyə, mənalandırmağa çalışır. İndi də elədir. Mən hal-hazırda da oturub kitab oxuyuram.


Nərgiz Cabbarlı

Gallery


Oxumaq, yazmaq üçün fürsət yaranıb dəyərləndirməyə çalışıram. Hər kəsə də bunu tövsiyə edərdim. Ağıllı insanlar hər bir mənfi halı, pis hadisəni xeyrinə çevirməyi bacarmalıdır, necə deyərlər, bardağa dolu tərəfindən baxmağa çalışmalıdır. Ən azından, çalışmalıdır. Həmişə vaxt azlığından şikayət edirdik. Müasir insanın əbədi şikayətidir. İndi o vaxt var, deməli, qalır dəyərləndirmək.

Səhər Əhməd

Gallery


Mən evdəyəm. Daim xəbərləri izləyirəm, facebookda maarifləndirici statuslar paylaşıram. Vaxtımın çoxunu buna həsr edirəm. Yalan xəbər yayanlara, məsuliyyətsizlərə qarşı çıxmağı özümə vəzifə bilirəm. Depressiyada olanlara ürək- dirək verməyə çalışıram. Yaradıcılıqla məşğul olmağa hövsələm çatmır, hamı kimi mən də narahatam. Evdə daha çox fiziki iş görməyə, övladlarımla vaxt keçirməyə çalışıram. Evdə təmizlik işlərinə, uşaqlarımın qidalanmasına, dərslərindən geri qalmamasına çalışıram. Hərdən ümidsizləşdiyim də olur. Amma özümü tez ələ alıram. Soyuqqanlı, səbirli və güclü olmalıyıq. Hamımız. İnanıram ki, bu vəziyyətdən birgə, az itkiylə çıxacağıq.


Sevda Sultanova

Gallery


Mən ümumiyyətlə, evə bağlı adamam, özümü həmişə ev pişiyi ilə müqayisə edirəm. Ona görə karantin günlərində çox əziyyət çəkmirəm. Düzdür, hərdən ekzistensial xiffət yaşayıram. Amma xaraktercə ən çətin vəziyyətlərdə belə özümü motivasiya edə bilirəm. Olanlara keçici yanaşıram. Bir neçə həftədir ki, sosial şəbəkələri izləmirəm, çünki əlavə informasiya ilə özümü yükləmək istəmirəm. Lazımsız psixoloji gərginlikdən qaçıram. Ancaq virusla bağlı ölkəmiz və dünya ilə bağlı xəbərləri oxuyuram. Film izləyirəm, məqalə yazıram, idman edirəm. Bəzən filmə baxmaqdan, xəbər oxumaqdan bezirəm. Onda ev işləri ilə məşğul oluram, yır-yığış edirəm, yemək bişirirəm, ümumiyyətlə, mətbəxi çox sevirəm. Bu günlərdə ən çox dostlarım üçün darıxıram.

Mübariz Örən

Gallery


Son illər iş qrafikim olmadığı üçün karantin günləri elə də əlahiddə bir ab-hava gətirməyib mənimçün. Ümumi narahatçılıq, qeyri-müəyyənlik, sözsüz ki, var. Çalışıram maksimum dərəcədə evdə qalım, həyət-baca işləri ilə başımı qatım. Çoxlu bədii və sənədli filmlərə baxıram. Fikirləşirəm bəşəriyyət azğınlaşmışdı - Allahın verdiyi hədləri, sərhədləri aşmışdı. Hər şərdə bir xeyir də var: bəlkə insanlar bu sınaqdan sonra bir ağıllanalar, öz səfeh ambisiyalarına STOP deyələr, mənasız qovhaqovlardan, qoymaqaçdılardan əl çəkələr. Ümid edək ki, hər şey yaxşı olacaq. Yaxşı günləri gözləmək üçün o qədər səbəblər var ki!

Elnarə Akimova


Bir müddətdir rayona yerləşmişik. Uşaqları şəhərdə evdən çıxmadan saxlamaq çətin idi, psixologiyalarına təsir edirdi, aqressivləşirdilər. Burada da gigiyenik təmizliyə nəzarəti ikiqat artırmışıq.


Onsuz da ədəbiyyat adamları üçün kitab oxumaq gündəlik norma idi. Bunun üçün daha yaxşı fürsət yaranıb. Ədəbiyyat tarixi ilə bağlı görəcəyim işlər vardı, onunla məşğulam. Sabir Əhmədli haqqında oçerk yazacağım üçün romanlarını yenidən oxumağa başlamışam. Başqa oxumağı planlaşdırdığım nə qədər kitab var hələ. Hər şeyin əvvəlki axarına düşəcəyinə ümid edirəm. Daha çox dua və səbr etmək lazımdır. Ən böyük nigaranlığım günəmuzd işləyən ailələrin vəziyyətindəndir. Bu virusun fəsadları onların ailələri üzərinə bədbəxtlik bayquşu kimi qonub. Allah heç kəsi çörəklə imtahana çəkməsin. Düşünürəm ki, dövlətimiz bu məsələnin də həlli üçün mümkün olan işləri reallaşdırıb vətəndaşının yanında olacaq.

Rasim Qaraca

Gallery


Hamı kimi, kitab oxuyuram, filmə baxıram və feysbukdakı debatları izləyirəm. İnsanlara kütləvi psixoza uymamağı, xüsusən uşaqlara və yaşlılara qarşı həssas olmağı məsləhət görürəm.


Məqsəd Nur

Gallery


“Evdәqal” çağırışına әmәl edirәm. Çağdaş Azәrbaycan әdәbiyyatını oxuyuram. Yeri gәldikcә, feysbuk sәhifәmdә oxumaqda olduğum müasir әdәbiyyatımızdan kiçik nümunәlәr paylaşıram.

Narıngül Nadir

Gallery


Karantin günlərini mən də əksər insanlar kimi evdə keçirirəm. Doğrusu, əvvəl bunu o qədər də ciddiyə almırdım. Mart bayramında hətta rayona getmişdim. Bayramı doğmalarımızla birlikdə Oğuzda keçirdik. Martın 23-dən - Avropa ölkələrindəki statistikadan sonra vəziyyətin ciddi olduğunu anladım.


İndi demək olar ki, evdən təsadüfi hallarda çıxıram. Bina evində yaşadığımızdan vaxtımın çoxunu pəncərənin qarşısında keçirirəm. Deyim ki, mənim təklik fobiyam var. İnsanların arasında olmayanda çox darıxıram. Hələ məlum epidemiyadan əvvəl də evdə olarkən çox vaxt pəncərənin qarşısında dayanıb, insanların, maşınların hərəkətini izləməyə alışmışam. Təbii ki, indi pəncərə qarşısından keçən insanların, maşınların sayı da azalıb…


Feysbukda da çox oluram. Hesab edirəm ki, vaxt keçirməyə ən məqbul yer buradır. Bütün xəbərləri eşitmək istəyirəm. Elə bilirəm ki, hər an yaxşı bir xəbər eşidə bilərəm. Karantin günlərindən istifadə edib nəsr kitabımı redaktə edirəm. Hər səhər, təxminən saat 1-ə kimi yazılarımla məşğul oluram. Nə zamandır nəşrə gedəcək kitabımı hazırlaya bilmirdim. İndi boşluqdan istifadə edirəm.


Mütaliə etmək üçün bir neçə kitab da planlaşdırmışam. Ancaq hələ ki oxumağa hövsələm və həvəsim yoxdur.

Hədiyyə Şəfaqət


Mənim karantin günlərim adi günlərdən çox az fərqlənir. Həmişə evdə işlədiyimdən, çox az adamla görüşdüyümdən, gəzintiyə tək çıxdığımdan elə bir fərq hiss etmirəm. Təkcə qızların dərsləri və bütün tədbirlər dayandığından bütün günü evdədirlər. Əvvəlki kimi işləyir, səhərlər qaçır, vaxtlı-vaxtında marketə, bəzən də gəzintiyə, şəkil çəkməyə çıxıram. Şübhəsiz, qorunmaq üçün müəyyən tələblərə əməl etməli olmuşam. Naxçıvanda da bütün respublikada tətbiq olunan qaydalar qüvvədədir, ancaq panik hiss olunmur, sakitlikdir. Düzü, bu virusun bizdə ciddi fəsadlara yol açacağına inanmıram, üstəlik bir az da istəyimiz və iradəmiz xaricində bir məsələ kimi yanaşdığımdan çox sakit qarşılamışam. Deyilənə görə, risk qrupu deyilən bir məsələ var, amma qəribə şəkildə heç bir narahatlıq keçirmirəm. Bir qədər soyuqqanlı görünə bilərəm, lakin insanların bu günlərdə keçirdikləri hissləri, arxayınlıqları, səbirsizliklərini və ya əksinə, təmkinliliklərini, məsələyə dramatik və ya ilahi yanaşdıqlarını, qorxularını, əsas da ölüm qorxusu qarşısında davranışlarını maraqla izləyirəm. İnsanları bu qədər narahat edən səbəblə bağlı olmasaydı bir müddət davam edəcək dünyəvi ahəng, sakitlik və dinclik üçün sevinərdim...

Aqşin Evrən

Gallery

Karantin müddətini əsasən ssenari yazmaqla keçirirəm. Bir də nəzərdə tutduğum kitabları oxuyur, filmlərə baxıram. Hərdən "Antik tənhalıq" adlı ikinci şeirlər kitabımın hazırlanmasına vaxt ayırıram. Hər kəsi karantin qaydalarına birmənalı şəkildə əməl etməyə çağırıram. Vəziyyətin ciddiliyini göstərmək üçün sadə bir misal çəkim: ABŞ kimi nəhəngi çökdürən koronavirus bizə nələr etməz, bir düşünün?

Rəvan Cavid

Gallery


Kənddəyəm. Burda həyat həmişəki axarındadır. Bircə şəhərlər arasında gediş-gəlişin olmaması canımı sıxır. Yaz vaxtıdır, məhlədə işlər olur, onlarla başımı qatıram. Qohum-əqrəba ziyarəti-filan, çoxdandı kəndə gəlmirdim, bolluca söhbət edirəm. Bir neçə roman oxudum, onlarla filmə baxdım. Hazırda Nəcib Məhfuzun "Cəbəlavi məhəlləsinin uşaqları" romanını oxuyuram. "Da Vinçinin şeytanları" serialına baxıram. Ümid edirəm, bu vəziyyət çox uzanmaz. Adam dost-tanış üçün darıxır.

# 8439 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #