Odu qoruyanların bayramı: Milli Teatr Günü

Odu qoruyanların bayramı: Milli Teatr Günü
10 mart 2020
# 11:35

Bu gün Milli Teatr Günüdür.

Azərbaycan teatrı 147 yaşını qeyd edir.

Bu, peşəkar teatrın tarixidir. Əlbəttə, xalqın milli oyun mədəniyyətinin yaşı isə bundan on dəfələrlə çoxdur. Yerin, göyün sirr olduğu o müqəddəs qədim zamanlarda adamlar odla, suyla, torpaqla, yellə danışırmışlar. Oyun mədəniyyətimizdəki "Sayaçı", "Novruz", "Kəvsəc", “Xıdır Nəbi”, “Qodu-qodu”, "Kosa-gəlin" kimi tamaşalar insanın təbiətlə unikal, mistik ünsiyyət formasıdır.

Ki, bu günədək zaman-zaman teatr dürlü-dürlü vasitələrlə məhz bunu axtarıb. Bizim peşəkar teatrda da buna cəhdlər olub, amma bu haqda bir qədər sonra.

Hələlik tarixin hesablandığı 1873-cü ildən danışaq. Bakı “Realnı məktəbi”nin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu tarix o zamana təsadüf edir ki, Azərbaycanda neft bumu başlayırdı. Bakıdan neft hasil edən avropalılarla birgə Avropa mədəniyyətinin formaları da daxil olurdu. Və bunun xaricilərlə əlaqəsi yox idi. Bu, maarifçilərin teatrı idi. Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında peşəkarlaşdı.

Milli teatr söhbətləri gündəmə gələndə bu fakt tez-tez vurğulanır: Bugünkü teatr bizə “gəlmə”dir, ənənə üzərində qərar tutmayıb. Teatrın bütün uğursuzluqları bu arqumentə calanır. Bunu deyənlər haqsız sayılmazlar.

Teatr maarifçilərin az qala güclə qəbul etdirdiyi yeni hadisə idi. Yadınıza salın, artistlərə aşağı münasibət, tamaşa oynamağa binanın tapılmaması, qadın rolunda kişilərin çıxış etməsi və s. Bayram günü yazılması ədəbdən olmayan bir xeyli faktlar…

Qısası, teatr dünyəviləşmə yolunda nişangaha qoyulmuş bir sənət idi.

Dünyəvilik və ənənə demişkən, Milli teatr gününün qadınlar bayramı və Novruz ərəfəsində qeyd olunması xoş təsadüfdür. Ona görə xoş ki, hər iki bayramda teatrın haqqı var. Yazın gəlişini qeyd edən, buna şənliklər düzənləyən camaat həm də mərasim və oyun mövsümünü açır.

Teatr dünyəvilik yolunda, qadını səhnəyə çıxarmaq, cəmiyyətə qatmaq yolunda da xeyli mücadilə edib.

Bu gün Azərbaycan teatrının mövqeyi məhz bu iki fakt arasındadır: dünyəvilik və ənənə. Lakin bunların heç biri teatra yük olmamalıdır. Bu 146 il ərzində teatr bir çox yüklərdən qurtulmuş olmalıdır. Ötən əsrin əvvəllərində maarifçilərin özləri teatrı maarifçilikdən azad etdilər. Sovet tarixinin sonu ilə teatr ideologiya yükündən qurtuldu. Xeyli müddət “militarixist” öhdəliklə “müddət” çəkdi. İndi teatrın səhnənin dərin qaranlığında həyatı, insanı tapmağa, göstərməyə xeyli sərbəstliyi var.

Bu bayram günündə təhlil yazısı ilə teatrın indiki vəziyyətini yazmaq, onu yaradan səbəbləri axtarmaq, dəfə-daraq açmaq istəmirəm.

Milli teatrın uğurları da, uğursuzluqları da adamlara borcludur. Yaradıcı şəxsiyyət ola bilənlərə və bilməyənlərə. Teatrı insanlar yaşadır. Abbas Mirzədən, Ərəblinskidən Şövqi Hüseynovadək, Pərviz Məmmədrzayevədək qəlbindəki səhnə atəşini odu qoruyan qədim insanlar kimi bir-birinə ötürənlər...

Ənənə deyil, məktəb deyil, məhz od!

Vacib olan bu təamı kimlərinsə dadması, bu xəstəliyə kimlərinsə yoluxması, bu eşqə kimlərinsə tutulmasıdır. Dünyanın teatrıyla tanış olmaq, onların nə odlara düşməsindən xəbər tutmaqdır. Yoxsa ayrılan paralar, verilən statuslar yalnızca istedadsızlığı, ruhsuzluğu, teatrsızlığı daha böyük miqyasda təqdim etmək olacaq…

Bayram günündə müqəddəs odu qoruyan bu xüsusi missiyalı adamları təbrik edirik!

Pərdələrini sirr kimi açan teatra sehrini itirməməyi, tamaşaçıları məyus etməməyi arzulayırıq.

# 5651 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #