Elçilikdə bəyin keflənən dostu - Şahmarın hekayəsi

Elçilikdə bəyin keflənən dostu - Şahmarın hekayəsi
19 may 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Elçilik”dir.

Bu işə yalnız Qafar qol qoya bilərdi. Özgə heç kəs! Niyə? Mənə elə gəlir ki, Zirəddin də etiraz eləməz, gedərdi. Amma onun getməyindən nə fayda, gedib nə deyəcəkdi, nə danışacaqdı?

Qafar, yalnız Qafar. Qafarın geyimi, görkəmi, bığları, yeri gələndə asıb-kəsməyi, yeri gələndə sadə, etibarlı danışmağı...

Mühazirədən sonra Qafarı çəkdim kənara. Dedim, ölmüşəm məni yerdən götür.

Qafar heyrət elədi ki, nə olub?

Dedim üç gün bundan qabaq Simanın qardaşı (Sima gəzdiyim qızdı, Qafar onu tanıyırdı) sən öl, mənə bir gəliş gəldi ki, gəl görəsən! Dedi, daha biabır olmuşuq qonum-qonşu içində, yekə oğlansan, bəsdi, dinmədikcə ağ eləyirsən lap. Atamın, deyir, qulağına söz çatıb, yalan-gerçək, deyir, o günləri az qalıb öldürsün Simanı.

Hə, indi də mən Qafarın gözlərinə baxdım ki, görüm danışdığım məsələnin vacibliyini başa düşür, ya yox, - qızın qardaşı düşüb üstümə ki, ya adam balası tək elçi göndər, nişan gətir, ya da sənnən ayrı cür danışarıq. Yeri gəlsə deyir, lap rektorunuzun yanına gedərəm, soruşaram, bu nədi, alə, gör kimlər oxuyur sənin institutunda?

İndi əl mənim, ətək sənin, Qafar. Qızın qardaşı razıdı e, deyir ata-anan olmasa da olar, yaxşı tanış, sözükeçən bir adam olsun ki, deyir, kişini inandıraq. Əsas – kişidi.

Qafarın üzü qayğılı bir ifadə almışdı. Amma bilmədim ki, bu ifadə yalançıdı ya doğruçu. “Əclaf boynuna götürməyəcək, deyən”. O, gözlərini qıyıb soruşdu:

- Bə sənin fikrin nədi?

- Mən razıyam.

- Denən sən öl!

- Mən ölüm.

- Bə üzük filan?

- Üzük hazırdı. (Daha demədim ki, üzüyü qızın qardaşı alıb, borc verib mənə). Ə, qızın qardaşı yaxşı oğlandı, deyir, qorxub eləməyin, kömək eləyərəm sizə. Özü də kişigilə yox e, onun evinə gedəcəyik.

Məsələdə çıxış yolu, işıq ucu görən Qafarın kefi kökəldi. Bir az güldü, bir az təəccübləndi, başını bulaya-bulaya dilləndi:

- Gedərəm, yaxşı. İstəyirsən Dilşadı da götürək özümüznən. (Dilşad Qafarın nişanlısıdı).

- Qafar, - dedim. – Ə, səndən yoxdu e. Bu, əla ideyadı. Dilşad bacının getməyi lap yerinə düşər. Yaşa səni! Bu şəhərdə köməyimə yetən, dadıma çatan bircə sənsən.

Ürəyimdə Zirəddinə “bağışla” dedim.

Qafar xoşallandı. Ağıllı, müdrik bir görkəm aldı.

Biz qərara gəldik ki, sabah yox, birigün gedərik elçiliyə. Qafarı rayondan gəlmiş əmioğlum, Dilşadı da onun ömür-gün yoldaşı kimi təqdim edəcəkdim. Deyəcəkdim ki, Qafar rayondakı böyük mağazalardan birinin zavmağıdı. Qafar da öz növbəsində qızın atasına deyəcəkdi ki, bağışlayın əmi, Rüstəmin dədəsi gələmmədi, ayaqları yaman ağrıyır, yeli var. Hələlik məni göndərdi, siz arxayın olun, özü ayağa duran kimi gələcək. (Dədəm bunu eşitsəydi, ömürlük üzümə baxmazdı).

Hörmətli-izzətli görünmək üçün deyəcəkdi ki, Dilşad da rayonda “stomatoloq” işləyir. Bu sözün deyilişi nədənsə xoşuma gəlirdi.

Bəli, səhər saat on birdə mən, Qafar, Dilşad ağ rəngli bir “Volqa” maşınına mindik. Nağd bir beşlik gedəcəkdi, buna söz ola bilməzdi. Dilşad, gözəl-göyçək, abırlı-həyalı Dilşad arxada Qafarla əyləşmişdi. Pıqqıldayıb gülməmək üçün başını aşağı salır, dodaqlarını dişləyirdi.

Uzun prospekt, qövsi-qüzeh tək görünən körpü, əvvəl böyük binalar, sonra kiçik, köhnə, yorğun görünüşlü birmərtəbəli evlər, maşınımızın birdən sağa dönüb ayrı yola çıxması, tanış bina, tanış həyət, tanış blok. Bir də təzə əkilmiş söyüd ağacları. Çatmışdıq. Şax bir beşlik verdim şoferə. O, hörmətlə, ehtiramla baş əyib “sağ olun” – dedi.

İkinci mərtəbəyə qalxdıq. Qızın qardaşının evi sol əldəkiydi. Üç dəfə gəlmişdim bura. Bu dördüncü dəfəydi. Ona görə də qapının zəngini cəsarətlə basdım. İçəridən tələsik addım səsləri eşidildi, sonra “gəldilər” deyən qadın səsi. Qapını açdılar. Xoş-beş, tanışlıq, “buyurun-buyurun” kəlmələri. Qonaq otağına adladıq. Atlas süfrəli dəyirmi stol, tül pərdəli qoşa pəncərə, parlaq servant, beşlampalı çilçıraq.

Ağ bığlı, hündür bir kişi ayağa durdu.

Qızın qardaşı:

- Tanış olun, atamdı. – dedi.

Qafar birinci əl verdi, sonra mən. Kişi mənimlə könülsüz, soyuq görüşdü, heç üzümə baxmadı. Yanaqları allanmış Dilşad utanır, sıxılırdı. Qapının ağzında qızın qardaşı gizlincə mənə göz vurdu ki, sən bu yana gəl. Mən çıxan kimi o:

- Yaxşı döyül kişinin acığı tutar. Sən hələlik burada ol, - deyib, özü onların yanına getdi.

Mətbəxdə vurçatlasındı. Dolma bükür, plov hazırlayırdılar. O biri otaqdan uşaqlar tez-tez qaçıb gəlir, şabalıd istəyirdilər. Bu vurnuxub-əlləşmə, ədviyyatın ətri mənim kefimi açmalıydı, sevinməliydim. Amma sevinmirdim.

Qızın qardaşı arvadı:

- A Rüstəm, buyur, keç əyləş, - dedi.

- Sima, ləyəni götür stulun üstündən.

Mən əyləşib fikirli-fikirli onların işləyən əllərinə tamaşa eləməyə başladım. Nədənsə naməlum bir qəm-qüssə yavaş-yavaş məni bürüyürdü. Yan otaqda uşaqların biri yıxılıb ağladı. Qızın qardaşı arvadı ora gedəndə, qız tələsik mənə yanaşdı. Yanağını yanağıma söykəyib pıçıltıyla soruşdu:

- Niyə kefin yoxdur?

- Heeeç.

Qardaşı arvadı qayıdıb gələndə qız çəkilib, yenə dolma bükməyə başladı. Beynimdən yüngül, istehzaya bənzər bir fikir keçdi. “Onun indi bükdüyü dolmalar dadsız olacaq”.

Mən siqaret çıxarıb alışdırdım. Yanpörtü oturdum ki, siqaretin tüstüsü otağa yox, pəncərəyə tərəf getsin. Küçə görünürdü. Aşağıda kiçik, sısqa söyüd ağaclarının budaqları tərpənirdi. Nəsə onlar da mənə fikirli-xəyallı görünürdülər. Bozarmış asfalt da mənə kiminsə sifətini xatırladırdı. Və birdən-birə başa düşdüm ki, mən bədbəxtəm. Axmaq və səfeh iş tuturam... Mənim bu “nişanımı”, “toyumu”, dədəm, anam, nənəm və əmim neçə illərdi gözləyirlər. Eşitdiyimə görə, hələ onlar rayonda mənim üçün gözəl-göyçək bir qız da gözaltılayıblar. O qız yəqin ağıllıydı, utancaqdı, əsilli-nəsilliydi. Çünki dədəm də, anam da, nənəm də, əmim də istəyirdilər ki, mən xoşbəxt olum. Mən tələsmişdim. Görməmişlik eləmişdim. Kitablarda yazıldığı kimi, ağılın, məntiqin sözünə qulaq asmamışdım.

Beləcə kədərli-kədərli, itiyi itmiş adamlar təkin, “özü yıxılan ağlamaz” məsəlini büsbütün, tamam-kamal unudub, fikrimdə cavanlığıma, gələcəyimə hayıfıslanaraq dönüb qıza baxdım. Zavodda işləyən bu qızın sifəti, bədəni, hərəkətləri, baxışı yaşından böyük görsənirdi. İncə, həssas gözəllik, adamı ilk baxışdan anlamaq onda yoxdu. “Heç olmasa, görən bu qız mənim yaxşılığımı, fədakarlığımı başa düşüb qiymətləndirirmi?” – deyə düşündüm. Bu müştəbehlik, bədgümanlıq məndə nə vaxt yaranmışdı deyə bilmərəm. Amma ömrümün son gününə kimi mənimlə yol yoldaşı olacağına şübhə eləmirdim. Qız fikrimdəkiləri duymuş kimi, (ondan çıxmayan iş) çönüb üzümə baxdı. Özü də elə baxdı ki, amanım qırıldı, varımdan yox oldum. Onun baxışları sanki dil açıb danışırdı. “Taleyim, ömrüm, bəxtim hamısı, hamısı sənin əlindədi. İstəsən məni ağ günə çıxardarsan, xoşbəxt ollam, üzüm gülər. İstəsən, məni bədbəxt, qaragünlü eliyərsən...”

Birdən bütün fikirlərim dəyişdi, ürəyimə bircə hiss hakim kəsildi. “Nəyin bahasına olursa-olsun, bu qızı xoşbəxt eləmək.” Bu əntiqə, ləzzətli bir hiss idi. “Yaxşı, bir az bundan qabaqkı dilxorçuluq, üzücü fikirlər nəydi onda?” – deyə öz-özümü qınayırmış kimi soruşdum. Cavab – görünür bayaq kişinin məni soyuq qarşılaması, üzümə baxmaması ürəyimə dəymişdi. Etinasızlığa dözəmmirdim, bu, pis xasiyyətdi, başıma oyunlar açacaqdı.

Nə isə bu fikirlər, düşüncələr, sual-cavablar, indiki əhvali-ruhiyyəm heç xoşuma gəlmədi və durub mətbəxdən çıxdım.

Qonaq otağının qapısı açıldı, kişi danışırdı.

- Xeyr, xeyr, mənim dediyim o döyül. Deyirəm, yəni bu elə işdi ki, bunu yaxın adamlar, qız, oğlan atası, anası görməli, həll etməlidi. Adət var, ənənə var. Yoxsa... Biz də qızımızı çöldən tapmamışıq ki? Qıraqdan baxan nə deyər bizə? Ağsaqqal fikri, ağsaqqal sözü alayı şeydi axı, axı?

Qafarın səsi gəldi:

- Əmi, başına dönüm sənin, ağsaqqal da gələcək, qarasaqqal da. Özü də biri yox, ikisi yox, lap kefin istəyən qədər. Niyə də gəlməsinlər axı? Bu ömür-gün sevdasıdı. Aldım qoz, satdım qoz deyil ki? Kişi dünən özü məni yanına çağırmışdı, dedi, get bir ağızlarını ara, gör iş nə yerdədi, qızımın barmağına bu üzüyü tax gəl, sonrasınnan işin olmasın. Allah onun da, sizin də canınızı sağ eləsin, ayağa duran kimi özü gələcək.

“Malades Qafar. Zənnimdə yanılmamışam. Zirəddin belə danışmazdı”.

Mən mətbəxə qayıtdım. Bayaqkı fikirlərim, onların doğurduğu ağırlıq, tutqunluq silinib getdi. Qızın qardaşı arvadı saçını üzündən kənar eləyib mənə baxdı, güldü və:

- Darıxma! – dedi.

Bir saatdan sonra hamımız qonaq otağına yığışdıq. Kişinin, Qafarın, qızın qardaşının sifətində elə bir ifadə vardı ki, elə bil onlar uzun söz-söhbətdən sonra, beynəlxalq əhəmiyyətli, böyük bir məsələni razılıqla, sülh yoluyla həll etmişdilər.

“Sağ əlim başına, Qafar”

Çayları yığışdırdılar, yeməklər düzüldü. Müxtəlif markalı araqlar qoyuldu ortalığa. Mən gözlərimi qaldırıb baxmasam da (doğurdan da utanırdım), hiss eləyirdim ki, kişinin nəzərləri məndədir. Özü də xoş, mehriban baxışlarla baxır ki, bax, tezliklə bu cavan oğlan kürəkənim olacaq, qızımla tez-tez mənim evimə qonaq gələcəklər. Mən qızardım, ürəyim çırpındı. Mətbəxdəki fikirlərimə görə utanıb xəcalət çəkdim. Duyub anladım ki, bu kişi də, onun oğlu da yaxşı adamlardı. Onlar ürəkdən istəyirlər ki, bu qarayanız, dibçək güllərini sevən, gülüşü də fikirləri kimi görünən, kiçik bacısının gözəlliyinə qibtə etməyən bu qız insan adama rast gəlsin, axmağın, dələduzun birinə qismət olmasın.

Onlar hiss eləyirdilər ki, (özüm də hiss eləyirdim, vallah) mən yaxşı oğlanam, ürəyimdə, beynimdə, daxilimdə heç bir hiylə, biclik, kələk yoxdu. Xəsis deyiləm. Paxıl deyiləm, anaşa-filan çəkmirəm, içki... yox hərdənbir düzdü Zirəddinə qoşulub içirəm. Amma qaydasında, normasında. Birdən ürəyimdən qəribə bir hiss keçdi. Mən onsuzda bu qızı alacaqdım, gözəl bir ailə quracaqdım, ay parçası tək uşaqlarım olacaqdı. Oğluma babamın adını qoyacaqdım, qızıma nənəmin adını qoyacaqdım. Bunlar heç, bunlar öz yerində. Bu an. Bu dəm bircə şey arzuladım. Arzuladım ki, bu kişi də, onun oğlu da həqiqətən məni istəsinlər və mən bu istəyin sevincini onların sifətinə baxanda duyum. Çünki mənim bu istəyə ehtiyacım vardı.

Qızın qardaşı badələrə araq süzdü və gördüm ki, onun şüşəni tutan əli üzündən daha cəsarətli, daha ifadəlidir.

- Əmi bağışlayın, mən bir-iki kəlmə söz demək istəyirəm. – Qafar təntənəylə ayağa durdu. – Bu gündən etibarən iki ocaq, iki nəsil bir-biriylə qohum olur. Mən burda qohumluğun gözəlliyi, xeyri barədə danışmayacağam. Bu hamıya məlumdu. Amma desəm ki, bir şeyə mat qalmışam, məəttəl qalmışam, inanın mənə. Nədi bu? Bax, bir-birindən dörd yüz kilometr aralı yaşayan iki ailə qaynayıb-qarışır. Orda dünyagörmüş, hörmətli-izzətli bir kişi, burda dünyagörmüş, hörmətli-izzətli bir kişilə quda olub doğmalaşırlar. Ordakı cavan oğlanların burada yeni, doğma qardaşları, bacıları peyda olur. Ordakıların dərdi, burdakıların da dərdinə çevrilir, sevincləri burdakıları da sevindirir. Burdakılar yuxularını qarışdıranda ürəkləri intizarla döyünür ki, ay allah, görən ordakıların başında nə iş var? Belə-belə, təzə tanışlıq, təzə əlaqələr yaranır. Yaxşı, bunun səbəbi nədi, səbəbkarı kimdi? Üzüm ayağınızın altında, ay əmi, yüngüllük eləyirəm, bunun ən birinci və ümdə səbəbi məhəbbətdir! Qüdrətli və müqəddəs məhəbbət! İçək bu badələri məhəbbətin sağlığına. Sağ olun! – Qafar bu sözləri çəkinmədən, utanmadan birnəfəsə dedi və mən həqiqi mənada fəxr elədim ki, mənim belə qoçaq, dilli-dilavər dostum var. Gözüm Dilşada sataşdı. Onun üzündə gün doğmuşdu elə bil.

Yox, Zirəddin belə danışmazdı. Təxmini bilirəm o, nə deyərdi. Deyərdi ki, siz Allahınıza şükür eləyin ki, sizin qızınız Rüstəm kimi oğlana gedir. Rüstəmin ürəyi tək dünyada ürək yoxdu və s. Bir kitab söz. Sonra da gözlərini yumub uzun bir şer deyərdi.

Mən az içir, az yeyirdim. İstəmirdim kişi mənim haqqımda pis fikrə düşsün. Qafarla qızın qardaşı bəhsə giriblərmiş tək yeyib-içir, sağlıq deyir, ordan-burdan danışırdılar. Kişi də sakit-sakit siqaret çəkirdi. Aradabir Qafar “işlədiyi” mağazadan, alış-verişdən, “xodovoy” mallardan, gələn yoxlamalardan uzun bir söhbət başladı. Onun ticarət qaydalarını belə dəqiq bilməsi məni heyrətləndirdi.

Sonra elə bir hadisə baş verdi ki, mən qorxdum. Qafar oturduğu yerdəcə, əlindəki çəngəli yerə saldı. Əyilib çəngəli götürmək istəyəndə isə az qaldı yıxılsın. Mən təşvişlə, gizli bir həyəcanla ona baxanda gördüm ki, dostumun gözləri axır, başı da çiyinləri üstdə güclə durur.

Qafar keflənmişdi.

Mən onun keflənməyindən qorxmadım, tamam başqa şeydən qorxdum. Qorxdum ki, Qafar ağzından söz-zad qaçırdar, biabır olluq. Mən xəlvətcə qızın qardaşına işarə elədim ki, Qafarı bayıra çıxarmaq lazımdır. Qızın qardaşı ayağa durdu və dodaqlarını dəsmalla silə-silə dedi:

- Qafar, dur bir təmiz havaya çıxaq, həm siqaret çəkək, həm də sənə bir-iki kəlimə sözüm var.

Qafar key-key, altdan-yuxarı bir xeyli qızın qardaşını süzüb:

- Otur yerində! - deyə dilləndi: - Ə, otur!

Sonra Qafar uzun müddət gözlərini kişidən çəkmədi. Onun qırpılmayan baxışlarında get-gedə yumşaq bir kədər peyda olurdu.

Nəhayət, o, ağır sükutu pozdu:

- Əmi, məni bağışla, mənim dərdim var. Ürəyimin başına elə bir ağırlıq çökdü ki, az qaldı nəfəsim kəsilsin. “Axmaqlayır, ə, bu”. Son çarəyə əl atdım. Stolun altından Qafarın qılçına bir təpik ilişdirdim. O, sakit-sakit başını döndərib soruşdu:

- Məni niyə vurursan, ə?

Əlacım olsaydı, doğurdan da durub onu döyərdim. Birdən o, kövrəldi, qəşəng üzü qızarmışdı, boynunu əyib kişiyə baxa-baxa:

- Əmi, məni institutdan çıxarırlar, qovurlar. – dedi.

Əlimlə gözlərimi örtüb, başımı aşağı saldım. “ Allah səni biabır eləsin, Qafar, biabır elədin məni”.

Qafar dəsgahı başladı.

O, teatr institutuna necə zillətlə girməsindən, onu konkursa salmaq istəyən professora yalvarmasından, instituta qəbul olandan sonra kəndlərində hamının ona ayrı gözlə baxmasından danışdı. Kolxoz sədri klub müdiri, hesabdar, məktəbin müəllimləri, Qafarın qardaşları, bacıları onu artıq kino aktyoru sayır, o, hər kəndə gedəndə soruşurlar ki, nə vaxt kinoya çəkiləcəksən, televizora nə vaxt çıxacaqsan? Deyirdilər, çəkiləndə də yaxşı kinoya çəkil, avara kinoya çəkilmə. Koroğlunu, Qaçaq Nəbini oyna...

Fikrimdə, xəyalımda, doğurdan da, inanırdım ki, günlərin bir günü mən çəkildiyim kinonu kəndimizə aparacaqlar, camaat böyüklü-kiçikli yığışacaq kluba, dönə-dönə, doyunca baxacaqlar o kinoya. Təsəvvürümə gətirirdim ki, atam sevincini necə gizlədəcək ki, camaat görüb başa düşməsin – birdən elə bilərlər ki, o, özünü yuxarı tutur, öyür özünü oğluna görə, anam oğrun-oğrun nə təhər göz yaşlarını siləcək.

- Ancaq, deyir sən saydığını say, gör fələk nə sayır. Bizim bir kurs rəhbərimiz var, ay əmi, əzazilin, insafsızın biridir. Son vaxtlar çöküb boğazıma ki, səndən aktyor olmayacaq, deyir sən “pravaplaşat” olammırsan “plastiçnı” döyülsən, mizanları vəziyyətə uyğun yaşayammırsan, real olmayan şeyləri qavrayammırsan və s. və s. Yanıb tökülürəm, az qalıram deyəm ki, nə danışdığındı, a kişi, hara gedim, gedib, kənddə camaata nə deyim?

“Əclaf, qanmaz, professor neyləsin, sənin başını sığallasın? – deyə mən hirsimdən əsə-əsə düşünürdüm. – Mən onun yerinə olsaydım səni çoxdan qovardım, iti qovan kimi. Hələm o yaxşı adamdı, istəmir ki, sən yaraşıqda, sən boy-buxunda adamın - yerə girəsən səni - axırı yaltaq, düşük, içkiyə qurşanmış aktyor olsun. O kişi sən görmədiyini görür, axı ay...”

- ...Hiss eləyirəm, ürəyimə damıb ki, professor gec-tez qovacaq məni. Bə mənim axırım nə olacaq onda?

Dilşad hönkürdü.

Hamının ürəyini əzən sükut çökdü ortalığa. Mən qorxa-qorxa kişiyə nəzər saldım. Əvvəlcə onun üzündə çaşqınlıq, heyrət ifadəsi vardı. Sonra get-gedə bu ifadə çəkildi, bu dəfə onun alnında, gözlərində qətiyyət yarandı. O bığlarının arasından siqaret tüstüsünü cavan adamlar tək, düz xətt boyunca püləyib soruşdu:

- Bə bu sənin nəyindi?

Qafar başa düşmədi.

- Kim?

- Bu da, bu böyründəki oturan quru bəy?

Qafar gözlərini bərəldib mənə baxdı.

- Bu, Rüstəmdi.

- Əmioğlundu?

- Yox e, ay əmi, kurs yoldaşımdı.

Bir saniyədənmi, yoxsa yarım saniyədənmi sonra kişi bir nərə çəkdi ki, vallah Koroğlunun nərəsi bunun yanında yalandı.

- Durun, rədd olun burdan, lotu köpəyuşağı!

Pilləkənləri birinci Dilşad düşdü. Ayaqları bir-birinə ilişə-ilişə, dolaşa-dolaşa. Sonra mənimlə Qafar. Qafarın qoluna girmişdim.

Qızın qardaşı arxadan qışqırdı:

- Bu düdüyü hardan tapmısan, alə?

Küçədə Dilşad ağlaya-ağlaya qabaqda gedirdi. Biz də onun arxasınca. Mən Qafarı güclə saxlayır, qoymurdum yıxılmağa. Həm də peşman-peşman fikirləşirdim. “Yox, Zirəddin belə qələt eləməzdi. O, içəndə bu cür səfehləmir...”

# 3846 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #