Ölüm xəbərini necə verməli? Qismətin hekayəsi

Ölüm xəbərini necə verməli? <span style="color:red;">Qismətin hekayəsi
21 oktyabr 2015
# 11:18

Kulis Qismətin “Performans” adlı yeni hekayəsini təqdim edir.

Cərrahiyə masasındakı qadın canını tapşırıb. İyirmi dəqiqə bundan qabaq astadan da olsa qalxıb-enən nəbzi kardioqrammada düz xəttə çevrilərək qadının dirilər siyahısındakı adının üstündən çəkilib.

Xəstəxananın dəhlizində ağlayıb kiriyən, həyətə düşüb siqaret çəkən, pıçıldaşan, dilinin altına validol qoyan, zarafatlaşıb gərginliyi götürmək istəyən adamların heç nədən xəbəri yoxdur. Ümidlər hələ iflasa uğramayıb. Əməliyyat otağında isə artıq tamaşanın son hazırlıqları gedir, cərrah rolları bölüşdürməyə başlayıb.

Dəhlizdəki vəziyyəti götür-qoy edəndən sonra, cərrah “xəstə” yaxınlarının qabağına birinci əziz assistentini göndərdi. Assistent əynində təslim bayrağı kimi duran bəyaz xalatını düymələdi, dərindən nəfəs aldı, üzünə məşq edilmiş bir təbəssüm qondurub dəhlizə çıxdı. Bircə anın içində mərhumənin bütün ümidli qohumları onun başına yığışdı və o, danışmağa başladı.

“…İşimiz hələ uzun çəkə bilər, çünki əməliyyat zamanı məlum oldu ki, qəza xəstənin təkcə ciyərinə zərər vurmayıb, başqa orqanlarında da zədələr var, sınıqlar da çoxdur. Sizə deyim ki, vəziyyəti orta-ağırdı, amma bu “ağır” sözündən qəti qorxmaq lazım deyil…”

Assistentin çıxışındakı bəzi sözlərin statistikası:

“inşallah” – 3 dəfə (ümidli tonda)

“amin” – 7 dəfə (köks ötürərək)

“səbrli olun!” – 40 dəfə (ürəkdən)

“Mətbuat açıqlaması” bitən kimi, mərhumənin qohumları çarəsizcə qayıdıb dəhlizin o biri başındakı yerlərində oturdular. Qadınlar köynəklərinin yaxasına gözlərini silə-silə pəsdən ağlamağa başladılar. Kişilər yenə siqaret çəkmək üçün həyətə düşdülər. Bütün bunlar olarkən, aralıqda nəzarətsiz qalmış uşaqlar hələ dünyaya öyrəşməmiş ürkək addımları ilə dəhlizin bu başından o başına qaçışırdılar. Xəstəxanın həkim xalatına qohumluğu çatan bəyaz divarları arasında gəzişən bütün adamların geyimi ala-bula, qara qura idi, bircə uzunsov dəhlizi gülüşləri ilə uşaq parkına döndərən iki balacadan başqa.

Assistent əməliyyat otağına qayıdan kimi hamı onu alqışladı, o da öz növbəsində reverans etdi. Növbəti performansa qədər hələ iyirmi dəqiqə vardı və cərrah düşünməyə başladı ki, hər dəfə dəhlizə çıxış üçün bir adam göndərmək düzgün deyil, yenilik etmək, gələn dəfə iki nəfər göndərmək lazımdır.

Əməliyyat otağında növbəti səhnənin quruluşu haqqında müzakirələr gedərkən, həyətə siqaret çəkməyə düşən kişilər öz aralarında dərdləşməyə başladılar. Ucuz siqaret çəkən belə dedi: “Yeriyə bilməsə uşaqlara kim baxacaq?”, bir az bahalısını çəkən köks ötürdü: “Şikəst qalsa, guya özünə baxan olacaq ki?”

Kişilərin bu qayğılı söhbətindən xəbərsiz qadınlar dəhlizdə ağlaşıb bir-birini təsəlli edir, sonra sakitləşib ən pis ehtimallardan danışırdılar. Özləri də bilmədən kişilərin çöldəki tüstülü söhbətini irili-xırdalı əlavələrlə təkrarlayan qadınlardan kimsə yırtıcı bir fikrin qəfəsini açan kimi, hamı susdu: “Ölsə, bundan yaxşıdır…”

Cərrah təxminən iyirmi dəqiqə keçən kimi barmağı ilə tibb bacılarına işarə etdi, növbə onların idi. Yenidən həyəcanla bir yerə topalaşan mərhumənin yaxınları tibb bacılarının mənzum performansına diqqət kəsildilər.

I-ci tibb bacısı:

“Camaat, xəstəxanadasız…”

Mərhumənin yaxını:

“Bunu siz belə anlayırıq biz…”

II-ci tibb bacısı:

“Axı susmursunuz…”

Mərhumənin yaxını:

“Susmuruq bəli,

Susammaz ürəyi hey səksəkəli !”

I-ci tibb bacısı:

“Xəstə gah düzəlir, gah pisləşir…”

II-ci tibb bacısı:

“Biləsiz, vəziyyəti qəlizləşir.

Bu, gözlənilməz haldı.”

I-ci tibb bacısı:

“Bəlkə şikəst qaldı…

Ola bilsin yeriyə bilmədi.”

II-ci tibb bacısı:

“Özü yemək də yeyə bilmədi…

Gözləyək, dua edək!”

Mərhumənin yaxınları bir ağızdan “amin” dedilər və qəfildən qadınların ən yaşlısı hönkürüb ağlamağa başladı. Kişilər qadının qoluna girib xəstəxananın gümüşü skamyalarından birində oturtdular. Yenə pıçıltılar, dualar, xəyal ilə reallıq arasında gedib-gələn ehtimallar havada uçuşmağa başladı.

Nəzarətsiz qalmış uşaqlar dəhlizin ayağında, pəncərinin yanında qoyulmuş iri saxsı qabdakı ekzotik çiçəyə baxırdılar. Saxsıdakı balaca torpaq parçasında çörək qırıntısı daşıyan qarışqalar uşaqlara maraqlı gəlirdi.

Tibb bacılarının çıxışı effektiv oldu, çox keçmədi ki, mərhumənin yaxınları ürəklərində də olsa, iyirmi dəqiqə əvvəl səslənən amansız fikrə haqq qazandırmağa başladılar: “Ölsə, bundan yaxşıdı…” Dilə gətirməsələr də, hamısı – qadınlı-kişili hamısı düşündü ki, ömürlük yükdənsə, bircə dəfə yas vermək rahatdı. Bu amansız həqiqəti qəbul etməyə əvvəlcə tərəddüd etsələr də, sonra ayrı-ayrı yollarla hamısı eyni nəticəyə gəldi: “Reallığı nəzərə almaq lazımdır.”

Əməliyyat otağında final performansına hazırlıq gedirdi. Otaqdakıların hamısı təlaş içindəydi, bircə cərrahdan başqa. İçlərindən biri dözməyib dilləndi: “Birdən alınmadı…?”

Cərrah gülümsədi, ayağa durdu, xalatını düymələdi, dərs keçdiyi günlərdən otaqda qalan insan kəlləsini götürüb monoloquna başladı: “Orijinal, yoxsa təqlid? Əsas məsələ budur. Onların hamısı zəmanəyə uyğunlaşmağa məcburdular. Hamımız məcburuq. Bu, hamımızın reallığıdır. Mən onlara imkan yaradıram ki, özlərini bir yükdən xilas olmuş, vəziyyətdən çıxmış hiss etsinlər. Özləri də bilmədən bundan zövq alırlar. Əvvəldən desəydim ki, xəstə dünyasını dəyişdi, onlar qəhrəman olmaq üçün, guya nəsə bir işin axırına çıxmaq xatirinə, polisə, məhkəməyə ayaq döyəcəkdilər. Amma indi mən onlara imkan yaradıram ki, həm istədikləri kimi kədərlənsinlər, həm də işi yoluna qoyduqlarını düşünüb bundan həzz alsınlar. Hazırlaşın, gedib onlara həqiqəti demək olar.”

Cərrah xəstənin dünyadan köçdüyünü bildirən təəssüf dolu çıxışını bitirən kimi, əzizlərini hissə-hissə itirmiş adamlar ağlamağa başladılar. Amma bu göz yaşları doğma adamın itkisinə tökülən yaşlardan çox, nədənsə bir filmin, bir tamaşanın hansısa təsirli səhnəsinə kövrəlməyə bənzəyirdi.

Dəhlizin ayağından təcrübəsiz addımlarla qaçan uşaqlardan biri çığırdı: “Ata, olar bu qarışqanı evə aparaq?”

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #