Cəfər Cabbarlı sənətinə Nazım Hikmət baxışı

Cəfər Cabbarlı sənətinə Nazım Hikmət baxışı
24 dekabr 2014
# 15:27

Bu il noyabrın 1-də Xızıda, böyük sənətçimiz Cəfər Cabbarlının 115 illiyinə həsr edilmiş tədbirdə çıxış üçün mənə söz vermədiklərinə görə (nədəni: çıxışçı siyahısında adım olmayıb) sayın professorumuz Asif Rüstəmliyə təşəkkür edirəm. Birincisi, ona görə təşəkkür edirəm ki, böyük ustadımız barəsində demək istədiklərimi yazası oldum. İkincisi də, dəyər, şəxsən sənə olan münasibətə görə yox, insanın xalqına, millətinə, sənətinə və dəyərli zəhmətinə görə verilməlidir. Bu baxımdan, Cəfər Cabbarlı araşdırıcısı kimi, özü də böyük sənətçinin qaranlıqda qalmış məqamlarına işıq saldığına görə təşəkkürlər Asif bəyin halal haqqıdır. Yeri gəlmişkən, Cabbarlının 110 illiyində ona həsr olunmuş “Oğuz Eli” qəzetinin “Yazıçı” adıyla nəşr olunmuş buraxılışında Asif bəyin böyük sənətçi ilə bağlı yazısından gen-bol istifadə etmişdik.

...Gənclik çağlarımda hər dəfə Bakıdan, dünyaya göz açdığım Zəngəzur bölgəsinə gedərkən, dan yeri yenicə söküləndə qatardan encək, Arazın hər iki yanı boyunca sıralanmış, qılınc kimi sıyrılıb göyə dirənmiş, başları yenicə dəymiş tut kimi ağaran qocaman dağları görəndə Cəfər Cabbarlının “Ölkəm” şeirindəki – “Şiş ucları buludlarla döyüşən, Dağlarında buzları var ölkəmin” – ilk misraları xatırlamışam. Sonralar ayrı-ayrı vaxtlarda Tərtər, Yardımlı, Gəncəbasar, Zaqatala, İsmayıllının... dağlarını görəndə də həmin şeirin birinci beyti yadıma düşüb.

Neçə-neçə illər öncə Müşfiq Günlərinin birində yolum Xızıya düşəndə oranın yastı-yapalaq dağlarını görəndə ağlıma gəlib ki, Böyük Cabbarlı Ölkəm deyəndə təkcə doğulduğu gözəl məkanı deyil, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskunlaşmış türk elinin geniş ərazisini nəzərdə tutubmuş.

“Ölkəm” şeirindən söz düşmüşkən... Bu şeirlə bağlı unudulmaz gözəl bəstəkarımız Asəf Zeynallının həmin şeirə bəstələdiyi eyni adlı romansını yeniyetmə yaşlarımdan sevə-sevə dinləmişəm. Ancaq şeirlə romansın ovqatı və havasının bir-biriylə “uyğun gəlməməsi, uzlaşmaması” uzun illər məni düşündürüb, bir sayaq rahatsız edib. Sovetlər dönəmində orta məktəb dərsliyinə salınmış dörd bəndlik “Ölkəm” şeiri oxucuda şən ovqat, coşğunluq, nikbinlik yaradırsa, eyni adlı romansda, xüsusilə, Bülbülün oxusunda, dinləyici daha çox kədər, qüssə, nisgil duyğularıyla yüklənir. Görəsən, bu kədər, notlara haradan hopub?..

Böyük ədibimiz Cabbarlıya həsr olunmuş ayrıca buraxılış hazırlayanda son vaxtlar onun nəşr olunmuş kitablarını gözdən keçirərkən birdən diksindim. Deməyəsən, “Ölkəm” şeiri dörd yox, altı bəndmiş. Sovetlərin gündüz ulduzları seçən, qaranlıqda darı dənləyən gözləri-senzoru (əcaba, belə “ayıq-sayıq” rejimin ömrü, vur-tut, yetmiş ili adlaya bilmədi) şeirdəki son iki bəndin çapına qadağa qoyubmuş. Duyğulu, həssas, son dərəcə hissiyyatlı bəstəçi Asəf Zeynallı həmin şeirdə məhz ixtisar olunmuş bəndlərini, xüsusilə, beşinci bəndin son iki – Bir çağ varmış, ölkəm azad yaşarmış, Bu yollarda izləri var ölkəmin – misrasındakı həsrət, nisgil, (bunlar, Cəfər Cabbarlının ilk bağımsız, azad, demokratik dövlətimizə olan həsrəti, xiffəti deyildimi?) həm də basqılar altında yazıb yaratmış, dustaq həyatı yaşayıb sarsıntılar keçirmiş böyük sənətçinin acı taleyini duyub hiss edərək nostalji ovqatlı ölməz romansını yazıbmış. Ancaq romansdakı musiqinin sirli, mübhəm mənası və eyhamı “ayıq-sayıq” gözlərdən keçərək hər vaxt oxunmuşdu.

Buraya qədər yazdığımı tədbirdə söyləmək, Xızı camaatına, eləcə də Bakıdan gedən qonaqlara nə qədər çəkici və maraqlı olub-olmadığını deyə bilmərəm. Ancaq mənim o tədbirdə mütləq demək istədiyimsə, dünyanın ünlü şair və dramaturqu Nazım Hikmətin Cabbarlı sənətinə verdiyi dəyər olacaqdı. Bir var hər hansı elmlər namizədi, yaxud, elmlər doktorunun Cəfər Cabbarlı haqqında fikri, bir də var ustad Nazım Hikmətin fikirləri...

1957-ci ildə Moskvada teatr, ansambl, xorların ümumittifaq festivalı keçiriləndə Azərbaycan Dövlət Teatrı Cəfər Cabbarlının “Almaz”, Hüseyn Mehdinin “Cavanşir” pyeslərini göstərib. Nazım Hikmət Moskvada bu pyeslərə baxmış, tamaşalar barəsində çap etdirdiyi “Na spektakle Azerbaydjantsev” (“Teatr”, 1958, 1, str.95) adlı maraqlı məqaləsində Cabbarlının “Almaz” pyesini Sovet dramaturgiyasının ən gözəl əsərlərindən biri kimi dəyərləndirmişdi. O, məqaləsində yazırdı:

“...Bir dəfə Moskvada bir gənc aktyorla söhbət edirdim. O, böyük bir rus artisti haqqında danışaraq deyirdi: Şekspir rollarında oynayan adam kolxoz sədri rolunda oynaya bilməz! – Mən cavab verdim, bu, doğru fikir deyil. Kolxoz həyatının tematikası dramaturqa çox mürəkkəb, gözəl material verir. Kolxoz kəndinin yeni adamlarının xarakterləri, ehtirasları çox zəngin və mürəkkəbdir”.

“Almaz”a baxanda bu söhbət yadıma düşdü. Bu pyes bir daha sübut edir ki, insanlar kolxoz mövzusunda əla əsərlər yazmışlar, yazırlar və yazacaqlar. Etiraz edib deyə bilərlər, “Almaz” psixoloji, sənədli, məişət pyesidir. Ancaq mənim gənc aktyorla söhbətim Şekspir qəhrəmanlarından gedirdi. Bu etiraza mən belə cavab verirəm. “Almaz” pyesində bir çox qəhrəmanlar öz ehtiraslarına görə Şekspir qəhrəmanlarından çox az fərqlənirlər. Nazım Hikmət yazırdı: “...Mən elə düşünürəm, Şekspir qəhrəmanlarını oynayan o tanınmış rus aktyoru, məsələn, “Almaz ” pyesindəki qolçomaq surətini də çox gözəl oynayardı”.

Ünlü şair, Azərbaycan teatrının böyük ustalıqla tamaşaya qoyduğu “Almaz” pyesinə sevinir, bu pyesi Moskva teatrının səhnəsində də görməsini arzulayırdı.

...Bir də o tədbirdə deyəcəkdim, görünən azman dalğalar böyük çaylarda, dənizlərdə, okeanlarda olduğu kimi, görünməz dalğalar da olur ki, o dalğalar qəfildən yaranıb suları da bürüyür, sonsuz quru çölləri də. Ötən yüz ilin ikinci on illiyində Azərbaycanı Dədə Qorqud və Turançılıq dalğası – havası bürümüşdü. Böyük Cabbarlı bu dalğanın içində yazıb yaradır, soy adına əlavə elədiyi “LI” şəkilçisi təkin ölməz əsərlərindəki Aydan arı, Sudan duru obrazlarının adları da (Aydın, Oktay, Dönməz, Gülər, Gültəkin, Sevil...) Dədə Qorqud, böyük Turan ruhundan süzülüb gəlirdi. Bu təmiz, dupduru adlar sonralar artaraq bütün Azərbaycanı bürüdü. Bu adların dərin qatlarında indi də böyük Cabbarlı ruhu yaşamaqda... (Bu məqamda, Rəsul Rzanın oğluna verdiyi Anar, Anarınsa “Dədə Qorqud” filminə əlavə etdiyi Günel adları yada düşür.) Cəfər Cabbarlı tədbirində proqram qaydalarına sadiq qaldıqlarına, nizam-intizam içində, səliqə-səhmanla tədbiri başa vurduqlarına görə Asif bəy Rüstəmliyə bir daha sağ olun, deyirəm. Sayın professor, sizin, mənim və xalqımızın istəklisi, sədləri, ehkamları cəsarətlə vurub dağıdan Cəfər Cabbarlımız var olsun, ruhu şad olsun!

Amin.

525.az

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #