Qarabağın iziylə dönüşəlim bir cana – Güneydən şeirlər

Qarabağın iziylə dönüşəlim bir cana – Güneydən şeirlər
7 yanvar 2022
# 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Ramin Yaşarın şeirlərini təqdim edir.


Səlam olsun Turana

Türkün səlamı gözəl
Türkün gözəli səlam
Səlam sağlamlıq doğar
Səlam-səlama inam

inam o üstün gücə
inam qızıl almaya
əlim atdım almaya
alma göydə qalmaya

Səlamlar alma-alma
Güneyin, ərkin olsun
Arazın birlik əli
Qos-qoca türkün olsun

Qarabağın izilə
Dönüşəlim bir cana
Bakı-Təbriz-Ankara
Səlam
Səlam olsun Turana


Qopuz

Qopuz üstə barmaq-barmaq
islanım səs yağışına
Ruhum aşıq ruhu tapsın
Alışım el naxışına

Qopuz üstə saray qurub
Pərdə-pərdə ozanlaşım
Uzaq düşdüyüm özümə
Hava-hava yaxınlaşım

Qopuz üstə səs yağışı
Selə dönüb, dənizləşsin
Dalğalar döyünsün məni
Duyğularım əzizləşsin

əziz qopuz, dəniz qopuz
İslat
islat məni qorqudlaşım
Dədəmin qurd ocağında
Qopuz-qopuz bozqurdlaşım


Ayna

Ayna yaman yalançıdı
Yalan üstə yalan deyir
Necə düz danışsın yazıq
Düzə hamı yaman deyir

Yalan yerdən-göydən yağır
Düz olanın işi yaşdı
Çox da çox özünü yorma
Hara varsan yalan başdı

Gəlgilə əl-ələ verib
Yalan başları daşlayaq
Başı kəsik bu düzlüyün
Başın-başlardan başlayaq

Başı-başlardan başlasaq
Ayaqlar yolun itirməz
Düzlüyün bazarı tutsa
Aynalar yalan bitirməz

Ayna yaman yalançıdı
Vaxtsız susur, vaxtsız coşur
O qədər yalanı sevdik
Aynalar da yalan qoşur

Ayna yaman yalançıdı
Yalan danışıb dirənib
Sındırsaq da sınmayacaq
Yalanı bizdən öyrənib

Yalanı bizdən öyrənib…


Qızıl alma

Bizi cəlladlar ayırır
Bizi vətən barışdırır
Vətəndaşlıq anlayışın
Ürək-ürək alışdırır
Bizi,
Bizi vətən barışdırır

Bizi vətən barışdırır
Barışırıq topraq-topraq
Ulu çinar ağacında
Yer alırıq yapraq-yapraq

Aman ayrılıq-ayrılıq
Ayrılıq havasın çalma
Barış bayramlığımız
Gökcə buta, qızıl alma

Qızıl alma el alması
Elin yolu qızıl alma
Göydən üç alma düşəcək
Tut
Tut almanı yerə salma

Tut almanı , yerə salma…


Şeir-şeir dillərdəyəm

Sətir-sətir pöhrələnib
Şeir-şeir dillərdəyəm
Xan çobanın dünyası tək
Saray-saray çöllərdəyəm

El nisgilli çaylar – çayım
Təklik yarım – özləm payım
inildəyir günüm-ayım
ilim-ilim illərdəyəm

Süzgəclərdən süzülürəm
Düzüm-düzüm düzülürəm
Fəsil-fəsil üzülürəm
Dustaq-dustaq çöllərdəyəm

Sətir-sətir pöhrələnib
Şeir-şeir dillərdəyəm


Özümü yolda salmışam

Özüm-özümdən xəbərsiz
Özümü yolda salmışam
Durum qapıya bir baxım
Şayəd qapıda qalmışam

Yox qapını burax, boşla
Bu cür axtarmaqdan əl çək
Doğrudan tapmaq istəsən
Sevgilimgilə bir baş çək

Əlo, səlam sevdicəyim
Sənə məndən saray hörüm
Evimizdə tapılmadım
Məni sizdə axtar görüm

Sizin qapızda varlığın
itirəndə, tapanda mən
Baxış-baxış könül evim
Gözlərinlə çapanda sən

Sizdə itib-batanda mən
Dəymə, qoy mən itim-batım
Başım balışsız rahatdı
Yatdığım yerdə qoy yatım


İş içində iş gedəcək

Oyun yaman çiy oyundu
Bacaran pişmiş gedəcək
Qarnına düyün düşənin
Boğazında şiş gedəcək
iş içində iş gedəcək

Laxlayan düz laxlamasa
Haqlayan düz haqlamasa
Saxlayan düz saxlamasa
Hamı əli boş gedəcək
iş içində iş gedəcək

Usta naşı, naşı usta
Yaslı toyda, toylu yasda
Yavaş-yavaş, asta-asta
Dustaqlara baş gedəcək
iş içində iş gedəcək

Ağlımızda ağlın atıb
Başını başlara qatıb
Belə ki baxtımız yatıb
Yay, yazımız qış gedəcək
iş içində iş gedəcək

iş içində iş gedəcək…


Təbrizin "Eynalı" dağı

Yazın sağlığına qış yaşayıram
Qışın qışlığına göz dağıyam mən
Yazlanıb Təbrizə nazlanam gərək
Ərkə ocaqlanan el dağıyam mən

Gözüm dağçıların yoluna xalı
Qonaqlıq suframdan gəl düşmə dalı
Soyadım bağ-meşə, adım Eynalı
Eynallıq ruhunun can yağıyam mən

Mən şair baxışı, şeir nəfəsiyəm
Göy tanrı idəsi, od həvəsiyəm
Kəklik bulağında aşıq səsiyəm
Hünər asmanının çanağıyam mən

Günəş ilməklə yurdun sabahın
Tök "acı çayı"ma güneyin ahın
"Govur qalası"nda asdır günahın
Haqqın ay-ulduzlu papağıyam mən

Soy adım bağ-meşə adım Eynalı
Eynallıq ruhunun can yağıyam mən


İnci dilim "mahnı"

Qızıl alma gülüşü
Anamın nazlı dili
Ay, ulduzlar gülüşü
Anamın nazlı dili

Anamın nazlı dili
Tanrımın sevgi əli
Yaşasın, min yaşasın
Elimin şanlı dili

Tarixin nardanası
Dilim ay türkü dilim
Güneyin bir danası
Dilim ay türkü dili

Dilim ay türkü dilim
Hünərin inci səsi
Dilim ay inci dilim
Azərin od həvəsi

Dilim ay inci dilim
inci birinci dilim
Anamın gözəlliyi
Atamın sinci dilim

Dilim ay inci dilim
inci birinci dilim
Könlümün göy butası
Ruhumun dinci dilim

# 3900 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #