Plyajda camaatın fotosunu çəkən dəli, yad qadının evindəki ad günü - Reportaj

Plyajda camaatın fotosunu çəkən dəli, yad qadının evindəki ad günü - Reportaj
3 avqust 2022
# 09:00

Kulis.az Ayxan Ayvazın Nabrandan yazdığı reportajı təqdim edir.

– Qardaş, ora bax...

– Nə olub ki?

– O xiyar gədə qadınların şəklini çəkir...

– Niyə ki?

– Deyəsən, başdan o söz...

– Vay-vay...

– Gedək döyək, bəlkə. Nə deyirsən?

– Yorğunam, sən tək döy.

Nabrandakı yay tətilimizin ilk günü bu dialoqla başladı. Oteldə şey-şüylərimizi təzəcə yerləşdirib görməmiş kimi hovuza cummuşduq. Hovuzun ətrafında çətirlərin altında uzanıb dincələn, günəşlənən qadınlar bayaq söhbəti gedən əxlaq keşikçisinin olduğu yerə baxmaqdaydılar. Bir azdan hovuza girən qadınları telefonla çəkən oğlanın qarşısı Çin səddi kimi kəsildi. Söyüşlər, yaxadan tutub dartmalar... Qadınlar əməlli-başlı canfəşanlıq eləyirdilər. Həmin oğlan isə bütün bu baş verənlərə səfeh-səfeh gülürdü. Tamaşaya xeyli adam yığılmışdı. Hardansa bu söhbəti eşidən təsbehli qaqaşlar da oğlana sarı dartınmaqda idilər. Sonradan, çox güman oğlanın dəli olduğunu zənn edib onun başını buraxdılar. Bircə kimsə (yəqin otelin işçilərindən biri idi) telefonunu əlindən alıb cibinə saldı və çıxışa doğru getdi.

Otel otağımızın qapıları güc-bəla açılırdı. Hovuzdan qayıdıb hamama girdim, qapını bağladım, duşu açanda su əvvəlcə bir xeyli xırıldadı, sonra segah oxudu, ardınca damla-damla göz yaşı tökdü, dalınca isə leysan yağış kimi üstümə töküldü. Təmiz dilxor oldum, dişim bağırsağımı gəmirə-gəmirə, qurulana-qurulana elə ordaca qərara gəldim ki, üç günlük otel pulunu bəri başdan verməklə düz eləməmişəm. Gedib pulu geri alacam və bir də otel tərəfə hərlənməyəcəm.

Qapıya yaxınlaşdım, cəftəni burdum, açılmadı. Bir də, bir də. Olmadı. Cəftəni tuta-tuta bir ayağımla qapını döyəclədim. Yoldaşım uşağı yatızdırırdı, deyəsən. Yaxınlaşıb pıçıldadı ki, yavaş ol bir az. Dedim, çağır o adminstratoru. Gedirik burdan.

– Nə?

– Gedirik.

– Niyə?

– Görmürsən niyə? Qapı açılmır e.

– Qapı açılmır deyə gedirsən? Açılsa, getməyəcəksən?

Mübahisə çox uzandı. O sırada, deyəsən, qapının mənə yazığı gəldi və qəfildən açıldı.

Bəlkə də, Ginnesin rekordlar kitabına düşəcək cəldliklə tezbazar şey-şüylərimizi yığıb aşağı düşdük. Adminstrator mənim narazılığımı bir qulağından alıb o biri qulağına ötürdü:

– Müəllim, mümkün deyil. Qalmalısınız. Qaytara bilmərik pulu.

– Necə yəni e? Mən deyirəm, qala bilmirəm axı.

O dedi, mən dedim, axırda bir çarə tapdım:

– Bibim rəhmətə gedib. Xahiş edirəm, pulu verin gedək.

Bayaqdan divara çevrilən adminstratorun üzündə kədər oyandı və yumşaldı:

– Belə de da, qardaş. Mən müdirə deyim, indi həll edərik.

Həqiqətən də, həmin ərəfədə bibim rəhmətə getmişdi. Pulu alanda yoldaşım tərs-tərs mənə baxdı: “Yəni sən gör nədən istifadə edirsən”. Xəyalımdakı bibimə baxıb dedim: “Bağışla, bibi, məni düzgün başa düş. Bu azərbaycanlılarla dil-boğaza qoymaq olmur. Onların ancaq ölüyə hörmətləri var”.

Nabranın girəcəyinə gəlib dayanacaqda durduq. Əşyalar yanımızda fikrə getdik. Nə edək? Hara gedək? Yaxınlıqdakı çayxanadan gözəl çay qoxusu gəlirdi.

– Gedək, çay içək, fikirləşərik.

Çayxananın yanında yaşlı bir qadın qabağımızı kəsdi. Elə bildim, dilənçidir, əlimi yelləyib dedim ki, pulum yoxdur. Qadın çiynimdən yapışıb dartdı:

– A kişi, mən dilənçiyə oxşayıram?

Baxdım ki, yox, oxşamır. Dedim, bəs nə istəyirsən?

– Evim var, otağını günü 20 manata verirəm. İstəyirsiz gəlin göstərim.

Çönüb yoldaşıma baxdım, gördüm göy gözləri par-par parıldayır.

Dənizin yaxınlığındakı həyət evinə getdik. Darvazanı keçəndə içəridən radio səsi gəldi. Gördüm ki, qoca bir kişi girəcəkdə oturub, köhnə radio da qucağında xəbərlərə qulaq asır. Qadın səssiz-səmirsiz bizi apardı otaqlar olan yerə. Baxdım ki, bu otaqlar qaldığımız otel otağından min dəfə yaxşıdı. Çöldə bağ, ağaclar, sərin hava, dəniz də düz yanımızda. Elə bil lotoreyadan uduş qazanmışdıq.

Axşam dənizə getdik. Hamar qumluq, dənizin fonunda cərgə-cərgə düzülmüş diskotekalar, dükanlar, uzaq, kələ-kötür sahil qayaları nağıla bənzəyirdi. Uzaqda dənizin sinəsi gah qalxır, gah da enirdi. Ləpələrin şırıltısı qırıq-qırıq gəlib çatan radio dalğaları kimi qulağımıza çırpılırdı. Bu şırıltını sahildəki kafedən gələn bayağı mahnı səsi batırırdı. Dənizi uzаqdа köpüklü dаlğаlаr örtmüşdü və onlar təkər kimi diyirlənə-diyirlənə sаhilə qədər gəlib çıхırdı. Dənizin dalğaları sahilə tələsirdi. Eləcə gəzməyə çıxmışdıq. Bacım, mən, yoldaşım, bir də balaca qızım. Ayaqlarımızın altında balıqqulaqları xırçıldayırdı.

Dözmədim, tez əynimi soyunub cumdum dənizə. Arxadan bacımla yoldaşım nə qədər qışqırsa da, əhəmiyyət vermədim. Dənizin içində hər şey soyuq və hamar idi. Ayağıma hərdən yovşanmı, nəsə dolaşırdı. Arada bir suya atılan butulkalara dəyirdim. Atam həmişə deyirdi ki, sən xırda balıqlar kimisən, dayazda üzürsən. İndi də dayazda üzürdüm. Dalğa yavaş-yavaş, bir xəfiyyə kimi gizlin-gizlin gələndə onun üstünə tullanıb suyu ikiyə bölürdüm. Getdikcə su dizimə çatırdı, dəniz elə bil balacalaşırdı. Külək haradansa tanış bir nəğməni qulaqlarıma gətirirdi – nəğmə dalğa səsinə qarışır, üzüb çıxır, təzədən peyda olurdu. Mən bir az da irəli getdim, qorxmadım, sahildə yoldaşımla bacımın mənə nəsə dediyini əl hərəkətlərindən görürdüm. Su onların səsini boğurdu. Bir azdan lap uzağa getdiyimin fərqinə vardım. Gördüm ki, şarlar olan tərəfdəyəm və müşahidəçilərin fit səsi dənizin dalğa səsinə qarışa-qarışa üstümə gəlir. Mən idim dənizdə, bir də suyu ard-ardına şappıldadan əllərim.

– Yaxşısan? Eyy! Səninləyəm!

Qulaqlarım batmışdı, gözlərim torlanmışdı, səslər karlaşmış, görüntülər bulanıqlaşmışdı. Ürəyim elə bil dayanmışdı, atmırdı, alnımda buz kimi soyuq tər qabarcıqları yaranmışdı və ayaqlarım yarpaq tək əsirdi.

– Sənə dedik də girmə... Amma sən... tərs... – bacımla yoldaşımın üzü gəlib-gedirdi.

Nabranda yeniyetmə dənizdə boğulub

Həmin gün bacımla yoldaşım mənə cəza verdilər – dəsmal, pal-paltar gətirmədilər və mən də evə yaş-yaş qaçası oldum. Darvazadan həyətə girəndə gördüm ki, qoca kişi hələ də radionun böyründə oturub, amma yuxulayır, radioda isə idman xəbərləri verirlər.

Nabranda gecə hamı küçələrdə olurdu, bütün həyət evlərinin qapısında qadınlar tum çırtlaya-çırtlaya söhbət edirdilər, uşaqlar yolda top-top oynayırdılar. Biz hər gün, qaş qaralanda çıxıb gəzirdik – bir axşam gəzintisində isə maraqlı bir qadınla tanış olduq. Qadın axsayırdı, yanında qız uşağı vardı. Onlar marketdən çıxırdılar, biz marketə girirdik. Çöldə qızımla gözləyirdim. Balaca qız uşağı gəlib rusca qızımı əzizləməyə başladı. Bir azdan həmin qadın da axsaya-axsaya gəldi, ardınca da bacımla yoldaşım. Yola düzəldik. Qadınla söhbətləşirdik.

– Mən burda doğulmuşam. Adım İrinadır.

– Atanız azərbaycanlıdır?

– Yox, anam da, atam da rusdur.

– Bəs bura necə gəlib çıxmısınız?

– Atam o vaxt bura işləməyə gəlib, elə burdaca qalıb. Anam da burda işləyirmiş. Elə tanış olublar.

– Əriniz azərbacanlıdır?

– Azərbaycanlı idi.

– Ölüb?

– Yox, boşanmışıq. – qadın kədərlə susdu. – Məni döyürdü. Qızımı da döyürdü.

Bu vaxt dəniz sahilindən bir it çıxdı qarşımıza. Qızım ona baxıb “ham-ham” dedi. İt Qəraib dənizinin quldurlarına bənzəyirdi. Gözünün biri qaralmışdı. Elə bil dəniz quldurları kimi gözəbənd taxmışdı. İti sığallamaq istədim, yoldaşımla bacım qoymadı. Rus qadın isə elə hey danışırdı:

– Çox içirdi – boğazına çırtma vurdu. – Çox. İçirdi və gəlib məni döyürdü. Heç nəsiz.

Və birdən qadın qəfildən dedi:

– Bu gün mənim ad günümdür!

Hamımız onu təbrik etdik. Rus qadın irəlidəki həyət evini göstərib dedi:

– Gəlin bizə. Nə olar? Ad günümü qeyd edək.

İçəridən qəribə səs gəlirdi, elə bil otaqda qanad çalan yarasa vardı. Birotaqlı evin içində corab toxuyan yaşlı bir qadın görünürdü.

– Anamdır. – dedi İrina. Corab toxuyan qadın bizi görüb ayağa durdu, əlindəki ipliyi bilmədi hara qoysun. Rusca “xoş gəldiniz” deyib süfrəyə dəvət elədi. İrina aldığı iki litrlik kolanı, kolbasanı, bir də toyuğu bizə göstərib gülümsündü:

– İndi ziyafət olacaq! – sonra mənə baxıb əlavə etdi: - İçənsiz?

– Bəli.

– Heyf, içkimiz yoxdur. Bilsəydim, alardım. Ancaq ərim gedəndən sonra evimizə içki almırıq.

Yoldaşımla bacım məni dümsüklədi:

– İçmə, ə.

Bir azdan süfrə hazır oldu. İrina, anası və qızı işıqları söndürdü. Otaqda tortun üstündəki şamların işığı qaldı təkcə. Anası və qızı İrinaya baxa-baxa əl çaldılar, “Happy birthday” oxumağa başladılar. Bayırda it hürdü. Pəncərədən baxdım ki, bizim arxamızca düşən itdi. İşıqlar yandı və alqışlar yerini sükuta çevirdi. Bircə stulların, qaşıq, çəngəllərin səsi gəldi. Pəncərənin o üzündəki it pəncələrini qoşalaşdırıb uzanmışdı. Süfrədə boş qalan bir stul vardı. İt, deyəsən, mürgü döyürdü. Uzaqdan az-maz dənizin səsi gəlirdi. Anası İrinanın saçından öpə-öpə onu sığallayırdı.

# 6118 dəfə oxunub

Oxşar xəbərlər

# # #