Atasının ölümünü həbsdə öyrənən qadın, aşpaz məhkum, qatı cinayətkarlar – Qadın həbsxanasından reportaj

Atasının ölümünü həbsdə öyrənən qadın, aşpaz məhkum, qatı cinayətkarlar – Qadın həbsxanasından reportaj
18 may 2022
# 08:59

Kulis.az Samirə Əşrəfin Qadın həbsxanasından hazırladığı reportajın birinci hissəsini təqdim edir. Qeyd edək ki, reportaj hər həftənin 3-cü günü saytımızda yayımlanacaq.

Dəmir, zindan kimi ağır qapı arxamızca şaqqıltı ilə örtülüb kilidlənəndə diksinirəm. İki metr uzunluğu, elə bir o qədər də eni olan dəhlizlə məlumat otağını şüşə arakəsmə ayırırdı. Sağ tərəfdəki masanın yuxarı başında hərbi geyimli xanım masanın üzərində, məhbus üçün gətirilmiş sovqat üzərində yoxlama aparır. Yaşlı, balacaboy, ağarmış saçlarını boynun arxasında sancaqlayan qadın çantasından çıxardığı ərzaqları hərbi geyimli xanıma verdiyindən, bizim dəhlizə girməyimizə zərrə qədər də əhəmiyyət vermədən öz işi ilə məşğuldur. Hətta bir ara mənə gəlir ki, o, bizim dəhlizə daxil olmağımızdan, ümumiyyətlə, xəbərsizdir. Fərqimizdə deyil.

Həbsxana həyatı mənim üçün həmişə maraqlı olub. “İnsanlar orada nə edir?”, “necə yaşayır?” deyə uzun-uzun düşünmüşəm. Oxuduğum kitablar, baxdığım film və seriallar məndə xoş təəssürat oyatmayıb. Zindanın nəsə çox amansız, qorxulu bir yer olması ilə bağlı fikirlər yaddaşıma həmişəlik həkk olunub. Jurnalist kimi həbsxanada olmaq, məhkumlarla ünsiyyət qurmağı çox istəyirdim. Bu jurnalistlikdən əlavə, həm də yazıçı kimi mənə lazımlı idi deyə düşünürdüm. Nə baş vermişdi ki, həbsxanada olan insanlar, məhkumlar ora düşmüşdülər, cinayətkar adı ilə damğalanmışdılar. Üç, beş, on, on beş, iyirmi il və hətta ömürlük həbs cəzasına məhkum olmuşdular. Axı heç kim dünyaya pis insan kimi, cinayətkar kimi gəlmir.

Dəhlizə girəndən sonra əlimdə tutduğum qeyd dəftərinin artıq olduğunu düşünürəm. Fotoqrafımız İlkinə işarə ilə bunu başa salanda, – ver, aparım maşına qoyum, deyir.

Ancaq üzümüzə bağlanmış dəmir qapını təkrar açmaq, bayıra çıxıb maşına tərəf getmək vaxt itkisi idi. Bizimlə birgə dəhlizdə dayanmış həbsxana əməkdaşı divara bərkidilmiş saxlama kabinələrini göstərib kitabçanı ora qoymağımı məsləhət görür. Amma nədənsə, ürpərirəm. “Yox, burda, həbsxananın gözləmə otağında mənim dəftərimin nə işi var axı?” deyə öz-özümə düşünürəm. Bir müddət sonra əllərim məşğul edən dəftər yenidən məni narahat etməyə başlayır. Nəhayət, şüşənin o tayından şəxsiyyət vəsiqələrimizi istəyəndə, dəftərcəni də elə şəxsiyyət vəsiqəsi ilə birgə ora qoymalı oluram. Amma yenə qəribə bir nigaranlıqla. Nədən qorxurdum?

Həbsxananın, buz kimi divarlarının, dəmir barmaqlıqlarının soyuqluğunun, enerjisinin dəftərcəyə hopacağından, sonra bunun əhvalıma, xasiyyətimə, ən dəhşətlisi isə taleyimə təsir edəcəyindənmi? Bilmirəm. Fatalizmi bir kənara qoymağı düşünürəm.

Barmaqlığı olan daha bir dəmir qapıdan keçib həbsxananın geniş həyətinə giririk. Günorta saatları olduğundan yaz günəşinin fonunda həyətdə qəribə bir canlanma müşahidə edirəm. Rastlaşdığım qadınlar diqqətlə mənə, mən isə onlara baxıram. Onlar üçün azadlıqdan gələn, azadlığın əhvalını gətirən adamam. Hazırkı şəraitlərində azadlıq onlar üçün əlçatmaz olduğundan bu onlarda güclə sezilən qüssə yaradır. İlk baxışdan hər şey qaydasında görünür. Özümü soyuqqanlı aparmağa çalışıram. Eyni zamanda da, işgüzar və sadə addımlarla yeriyirəm ki, onlarda hansısa sıxıntı yaranmasın. Amma hiss edirəm ki, sıxılır, hətta müəyyən mənada utanırlar. Üzlərini yana tutanlar, maraqla bizə baxanlar da var. Uzun həyətdən keçib gedərkən gözucu da olsa, diqqətlə hamısına bir-bir nəzər salıram. Onlar da digər qadınlar kimi qadındır deyə düşünürsən. Onların da hissləri, duyğuları var. Onlar da sevirlər, ailə qururlar, dünyaya uşaq gətirirlər. Onlar peşman olurlar. Onlar çoxlu ağlayırlar... Burada qara paltarlı qadınlar gəzişir, söhbət edir, xörək bişirir, təmizlik işləri ilə məşğul olur, namaz qılır, dua edirlər... Amma onlar insan alveri, oğurluq, narkotik istifadəçisi, quldurluq, qətl ittihamı ilə həbs olunublar. Onlar günlərini, aylarını, illərini bu dəmir hasarlar, daş divarlar, barmaqlı pəncərələr arxasında keçirməyə məhkumdurlar. Etdikləri cinayətin cəzası onlara ömürləri bahasına başa gəlib. Hiss edirəm ki, diqqətlə, həm də həsədlə mənə baxırlar. Məndəki azadlığı hiss etməyə, duymağa çalışırlar. Bəziləri xəfifdən gülümsəyir, bəziləri ah çəkir, bəziləri isə öz dünyalarında dalğın-dalğın gəzişirlər. Dərdlərini, məhkumluqlarını, qarşılarında dayanan həbs olunmuş, günlərin, ayların, illərin gətirdiyi ağırlığı dəf etmək üçün özlərini işlə ovudurlar. Ağacların dibinə su verir, əllərindəki qazanlarla mətbəxə tərəf gedirlər.

Həbsxana əməkdaşı bizimlə birgə addımlayır. Ondan həbsxanadakı işçilərin fəaliyyəti barədə soruşuram:

– Nümunəvi məhkumlar burada işləyirlər?

– Hə, boş vaxtlarını səmərəli keçirmək üçün işlə təmin olunurlar.

– Qazancları olur?

– Əlbəttə.

– Problemləri ilə maraqlanırsınız?

– Bəli. Qadın məhkum bura yerləşdiriləndən sonra onlarla maraqlanırıq. Əgər məhkumun evində, ailəsində sosial təminatı yaxşıdırsa, o, özü də burda rahat olur.

Səliqə ilə tikilmiş “besedka”lardakı oturacaqalardan birində əyləşirik. Məhkumların bir neçəsi ilə söhbətləşmək istəyirəm. Həbsxana əməkdaşı bildirir ki, bunun üçün məhkumun öz razılığı olmalıdır. İki məhkumun danışmaq razılığı olduğu üçün onların gəlməyini gözləyirəm.

Gənc, hündürboylu, arıq qız bizə tərəf yaxınlaşır. Ağır cinayətlə həbs olunduğunu, adının isə X. (ad şərtidir) olduğunu deyir. Sifətinə baxanda onun gözlərində ümid görürəm. Ümid və dəmir barmaqlıqlar bir-biri ilə sərt ziddiyyət yaradır. Onun gözləri sanki bura aid deyil. Üstəlik də, 24 yaş. Bu yaşda, gəncliyin ən gözəl dönəmində həbsə düşmək dəhşətlidir. Üzbəüz əyləşirik. Saçları üzünə tökülən X.-dən hövsələsinin daralıb daralmadığını soruşuram. Əsas sol üzüm açıq qalsın, soldan yaxşı görünürəm deyir.

İlahi, ancaq bir qadın, həbsxanada, lap yanğının ortasında belə qəşəng və ya pis düşməsi barədə narahat ola bilər deyə düşünürəm...

– Harda anadan olmusan, ailədə neçə uşaqsınız?

– Bakıda anadan olmuşam, ailənin tək övladıyam. Atamla anam bir-birlərini sevib ailə qurmuşdular. Mən düz on bir ildən sonra doğulmuşam.

Neçə yaşından işləməyə başladın?

– Çox erkən yaşlarımdan işləməyə başlamışam.

Erkən yaşda məktəbə getməliydin axı...

– Hə (susur). Ailəmin vəziyyəti yaxşı deyildi. İşləməyə məcbur oldum. Anam evdar qadın idi. Atam isə ağır xəstəydi.

– Nə xəstəsi?

– Hepatit C. 248 saylı orta məktəbi bitirəndən sonra ticarət üzrə peşə məktəbində də təhsil aldım. Amma atam xəstələnəndən sonra mən işləməyə məcbur olurdum. Əvvəl çörək bişirib satırdım. Sonralar taksi sürməyə başladım. Amma iş elə gətirdi ki, bura düşdüm.

– Cəza müddətinizin nə qədərini çəkmisən?

– May ayının 25-də bura düşməyimin bir ili tamam olacaq.

– Burdakı insanlarla ünsiyyət qura bilirsən?

– Şükür allaha hamı ilə normal münasibətim var. Amma heç kimin münasibəti ananınkı, ailəninki qədər ola bilməz.

O, bu sözləri möhkəm iradə ilə, qətiyyətlə deməyə çalışsa da, gözlərinin kənarında yaş damcıları parlayıb sönür. Hiss edirəm ki, boğazına qəhər yığılır...

– Kövrəlirsən?

– Mən burda olanda atam dünyasını dəyişdi. Xəstə olduğunu bilirdim, öləcəyi ağlıma gəlməmişdi...

– Xəbəri necə aldın?

– Anam mənim yanıma ayda iki dəfə gələ bilirdi. Amma evdən çıxan adam deyildi. Bir neçə dəfə ona zəng vurdum, telefonu açmadı. Sonrakı zənglərin birində açanda, dedi ki, evdə deyiləm. Mən onda şübhələndim. Sonra xalamla danışdım, dedi, hazır ol, hər şey ola bilər. Dedim, atama nəsə olub, cavab verdi ki, hə.

Sən demə, atamı artıq dəfn etmişdilər. Mən həbsdə olanda, belə şeylər çox görmüşdüm. Məhkumlar yaxınlarından kiminsə ölüm xəbərini alanda, ağlayıb, qışqırırdılar.

– Sən nə etdin?

(Ardı var)

Foto: İlkin Nəbiyev

# 4838 dəfə oxunub

Oxşar xəbərlər

# # #