Səxavətli qonaq - Seymur Baycandan yeni hekayə

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

1 mart 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Seymur Baycanın “Səxavətli qonaq” hekayəsini təqdim edir.

(ibrətamiz hekayə)

İstər kişi olsun, istərsə də qadın, fərqi yoxdur, Valeh evində, ümumiyyətlə, qonaq xoşlamazdı. Valeh kişi qonaqdan, daha çox qadın qonaqdan çəkinirdi. Ona görə ki, qadınların söz gəzdirmələrinə və sözbazlığına yaxşı bələd idi. Bilirdi ki, qadınların ağzına bir söz düşdümü, saqqız kimi çeynəyə-çeynəyə duracaqlar, çürütməmiş əl çəkməyəcəklər. Valeh qorxurdu ki, evə gələn qadın qonaqlar arvadının beynini ziyanlı fikirlərlə doldura bilərlər. Nə çox dünyada paxıl, qurdlu, onun-bunun xoş gününü gözügötürməyən qadınlar. Evə qonaq dəvət etməməklə Valeh bir növ ailəsinə üz verəcək bədbəxtliklərin qabağını əvvəlcədən alırdı. Ümumiyyətlə, o, öz işindən başqa hər şeyə laqeyd yanaşan adamlardan idi. İctimai-siyasi mənada heç bir şəxsi fikri, düşüncəsi yox idi. İstəyirdi ki, sakit, dinc yaşasın. Heç kəs bu sakitliyi pozmasın. Sarıköynək isə Valehdən fərqli olaraq çox qonaqpərəst idi. Bunun səbəbi vardı. Sarıköynəyin böyüyüb boya-başa çatdığı ata evi həmişə qonaq-qaralı olmuşdu. Sarıköynək gözünü açandan evlərini həmişə qonaqlı-qaralı görmüşdü və evi qonaqlı görməyə öyrəşmişdi. Evlənəndən üç-dörd ay sonra qonaqsızlıqdan darıxan Sarıköynək bir dəfə ərindən soruşmuşdu:

– Valeh, neçə vaxtdır, fikir verirəm, heç kəs qapımızı açmır. Görən, niyə belədir? Niyə bizə gələn yoxdur?

Valeh göyçək arvadının üzünə diqqətlə baxıb, onun sualının mənasını tapmaq üçün bir neçə dəqiqə düşünmüş, sualın mənasını tapa bilməyib demişdi:

– Əsl kişi razı olmaz ki, arvadı durub onun-bunun qabağına çay-çörək qoysun.

– Nə olar qoyanda?

– Yox, mən o kişilərdən deyiləm. Əsl kişi qonağını aparar restorana, yedirdib-içirdər, yola salar. Rəhmətlik babam nənəmi o qədər qısqanırdı ki, evdə erkək qoyun, erkək it, xoruz saxlamazdı. Deyərdi ki, arvadın gözü gərək erkək adama, erkək heyvana sataşmasın.

Zaman keçdikcə Sarıköynək ərinin xasiyyətlərinə adət edir, o cümlədən, evin qonaqsızlığına da öyrəşirdi. Hər ikisinin təbiəti eyniləşməyə başladı. Arvad dünyaya ərinin gözləri ilə baxır, onun beyni ilə düşünürdü. Sarıköynək düşünürdü ki, ərin sözü qanundur, arvad bu qanuna tabe olmalıdır. Onu belə tərbiyə etmişdilər.

Ona görə də bir axşam Valeh “Hazırlaş, evi-eşiyi sahmana sal, sabah qonağımız olacaq” deyəndə Sarıköynək karıxdı. Valehin evə qonaq gətirmədiyinə adət edən Sarıköynək təəccüblə ərinə baxdı və maraqla sual verdi:

– Qonağımız olacaq?

– Bəli.

– Kim olacaq qonağımız?

– Direktorumuz. Sərvər Muradzadə.

Sarıköynəyin marağı bir az da artdı.

– Sərvər müəllim nə əcəb bizə qonaq gəlmək istəyir?

– Dedi, səninlə vacib söhbətim var, başqa yerdə oturmaqdansa, evdə oturub rahat söhbət eləsək, yaxşıdır.

– Sən də razılaşdın?

– Əlbəttə! O boyda kişinin sözünü yerə sala bilməzdim. Biz fəxr etməliyik ki,
Sərvər Muradzadə kimi hörmətli bir zat evimizə qonaq gəlmək istəyir. Sərvər müəllimin maşını darvazamızın ağzında üç-dörd saat dayansa, bəsimizdir. Qoy qonşular görsün, ürəkləri çatlasın.

– Qonaq evin yaraşığıdır.

– Baxır hansı qonaq. Rəhmətlik atam həmişə deyərdi ki, kasıb qonaq qotur itdən pisdir. Atamın ağıllı sözləri çox idi. Həmişə mənə deyərdi ki, Valeh, evlənəndə qəşəng arvad al. Sonra lazımın olar. Əgər arvadın kasıb adamın xoşuna gəlsə, cəzalandır. Özü də elə cəzalandır ki, hamının xəbəri olsun. Əgər arvadın varlı kişinin xoşuna gəlsə, çalış istifadə et.

– Ağıllı sözlərdir. Bəs mən sabaha nə hazırlayım. Gərək kişidən soruşaydın görək ürəyi nə istəyir.

– Nə istəyirsən, hazırla. Amma elə et ki, hər şey dadlı olsun. Özün də yaxşıca bəzənib-düzənərsən. Qoy Sərvər müəllim görsün ki, Valeh arvadını necə qəşəng saxlayır. Gərək elə edək ki, Sərvər müəllim bizdən razı qalsın. Sərvər müəllim bizdən razı qalsa, yəqin ki, vəzifəmi qaldıracaq.

– Baş üstə, sənin sözün mənim üçün qanundur. Canla-başla çalışacam ki, Sərvər müəllim evimizdən razı getsin.

Sarıköynək elə söhbət qurtaran kimi hazırlığa başladı. Elə bil Sərvər Muradzadə sabah yox, gecə qonaq gələcəkdi.
Sərvər Muradzadə Valehə öz dili ilə onlara qonaq gələcəyini deyəndə Valeh çox sevinmişdi. Bunu taleyin işıqlı dönüşü hesab etmişdi. Çünki Sərvər müəllimin ayağı çox bərəkətli idi, hansı evə qonaq gedirdisə, həmin evə özüylə bərəkət aparırdı. Sərvər müəllimin onun evinə də bərəkət gətirməsini Valeh çox istəyirdi. Valeh az zəhmətlə böyük adamların rəğbətini necə qazanmaq lazım olduğunu bilirdi. Həyatda hər kəs yaxşı işlətdiyi silahla özünə yol açır.

Qonağı çox hörmətlə, gülərüzlə qarşıladılar. Sarıköynək evi təmizləyib səliqə-sahmana salmışdı. Ədəb-ərkanla çox qəşəng bir süfrə açmışdı. Bütün əzalarını bariz göstərən, əyninə kip oturan mavi don geyinmişdi. Valeh hörmətli qonaq gəlməzdən əvvəl arvadını dönə-dönə nəzərdən keçirmiş, saç düzümündən, makiyajından, ümumiyyətlə, görünüşündən razı qalmışdı. Həmin gün hava çox mülayim idi. Həm pencəkdə gəzmək olardı, həm də köynəkdə. Pencəkdə gəzsəydin, isti, köynəkdə gəzsəydin, soyuq olmazdı.

Valeh və Sərvər Muradzadə masa arxasında əyləşəndə evdə sakitlik hökm sürürdü. Yeganə oğlu əl-ayağa dolaşmasın, qonaqlığa mane olmasın deyə Valeh onu səhər saat onda Sarıköynəyin atası evinə aparmışdı. Sarıköynək hər dəfə masaya nəsə gətirib qoyanda Sərvər müəllimin üzünə gülümsəyir, masanın üstünə lazım olandan daha artıq əyilib məmələrini hörmətli qonağa nümayiş etdirir, masadan nəsə götürüb mətbəxə qayıdanda mavi donunun içindəki dalını oynadırdı. Sərvər müəllim kök və yağlı sifətinə nisbətən çox xırda görünən gözlərini azacıq qıyaraq Sarıköynəyə zənlə baxır, onun hər bir hərəkətini izləyir, ürəyinə xoş və həyəcanlı hisslər yayılır, qonaqlıqdan razı qalması üzündən açıq-aşkar oxunurdu.

Hörmətli qonağın razı qalması Valehi də sevindirirdi. Sərvər Muradzadə və Valeh, Sarıköynək xanımın hazırladığı dadlı yeməklərdən yeyə-yeyə, qırmızı çaxırdan içə-içə xeyli söhbət etdilər. Hər ikisi məmnun idi, hər ikisinin üzü gülürdü. Hiss olunurdu ki, söhbətləri tutmuşdu. Gecə saat ikiyə qədər davam edən qonaqlıq qurtaranda Sərvər müəllim mehriban nəzərlərini Sarıköynək xanıma çevirib olduqca mülayim, qadınları yoldan çıxaran səslə dedi:

– Yeməkləriniz hədsiz ləzzətli idi, Sarıköynək xanım. Çox sağ olun, əliniz var olsun. Valehin bəxti yaman gətirib. Hər gün belə dadlı yeməkləri yemək böyük xoşbəxtlikdir. Güman edirəm ki, Valeh innən belə məni tez-tez evinizə dəvət edəcək.

Sarıköynək ağzını açmağa macal tapmamış Valeh tez cavab verdi:

– Dəvət niyə, Sərvər müəllim, bu nə sözdür? İnciyərəm, vallah. Öz evinizdir, ürəyiniz nə vaxt istəsə, buyurub gələ bilərsiniz. Adam da qardaş evinə getmək üçün dəvət gözləyər?
– Çox sağ olun, süfrəniz açıq olsun, belə səliqəli evə qonaq gəlməyə, belə dadlı yeməkləri yeməyə hər zaman hazıram.

Valeh Sərvər müəllimi həyət qapısına qədər ötürdü. Sərvər müəllimin qara maşını darvazanın ağzında dayanmışdı. Sürücü yatmamışdı, oyaq idi. Küçənin sağında və solunda yan-yana düzülmüş evlərdə işıqlar yanırdı. Bu evlərin pəncərələrindən adamlar başlarını bayıra çıxarıb Valehin Sərvər müəllimi yola salmasına həsədlə baxırdılar. Şəhərdə hamı bilirdi ki, Sərvər müəllimin var-dövlətinin həddi-hesabı yoxdur. Aydındır ki, bu barədə söhbət edəndə adamlar həmin var-dövlətin qədərini azı beş dəfə artırırdılar.

Bundan sonra baş verənləri qoy Sarıköynək xanım özü danışsın.

* * *

Sərvər müəllim qonaq gələn günün səhəri mətbəxdə yemək bişirirdim. Uşaq evdə yox idi. Həyət qapısı döyüldü. Gedib qapını açdım. Gördüm qapını döyən əlli-altmış yaşlarında, yaşına uymayan dərəcədə üzü-gözü boyalı, qısa yubka, hündürdaban tufli geyinmiş bir qadındır.

– Sizə kim lazımdır?

– ...

– Kimi istəyirsiniz?

– Sizin adınız Sarıköynəkdir?

– Bəli! Sarıköynək mənəm.

– Deyilən qədər varmışsınız. Eşq olsun bu gözəlliyi yaradana!

– Sizə nə lazımdır?

– Gəlmək olar?

– Əlbəttə!

Qadın həyətə daxil oldu. Mən onu evə dəvət eləmək istəyirdim, amma o təklifimi gözləmədən həyətdə, söyüd ağacının altındakı skamyada oturdu.

– Buyurun evə keçin?

– Yox, açıq havada söhbət etsək, daha yaxşıdır. Təmiz havaya ehtiyacım var.

– Nə içmək istəyirsiniz?

– Heç nə lazım deyil.

Qadın mənə yanında əyləşməyi təklif etdi və mən bu qəribə qonağın təklifinə razı olub, onun yanında əyləşdim.

– Bağışlayın, siz kimsiniz ki?

– Mən Muradzadənin katibəsiyəm.

– Sərvər müəllimin?

– Bəli, Sərvər müəllimin.

Qadın bu kimi söhbətlərdə vacib olan, nəzakət üçün söylənilən gəlişigözəl sözlərə vaxt sərf etməyi boşboğazlıq hesab edərək müqəddiməsiz-filansız birbaşa mətləbə keçdi. Sanki aramızda bu haqda çoxdan söhbət gedirmiş.

– Qızım, mənə diqqətlə qulaq as. Mən konkret danışmağı xoşlayıram. Söhbəti uzatmaqdan zəhləm gedir. Məni bura Sərvər müəllim göndərib. Sizə baxıram, fikirləşirəm ki, Sərvər müəllimin necə də incə zövqü var. Sərvər müəllim sizə heyran olub. Əgər sən onun təklifinə müsbət cavab versən, ərinə yaxşı bir iş verəcək. İki-üç ilin içində ərini beş kişidən biri edəcək. Özün də ki, kef çəkəcəksən. Naz-nemət içində üzəcəksən. Sərvər müəllim səni daş-qaşa, qızıla-brilyanta qərq edəcək. Ən bahalı paltarları geyinəcəksən. Sərvər müəllim çox səxavətli kişidir. Sərvər müəllimin sizə heyran olması sizin üçün böyük xoşbəxtlikdir. Xoşbəxtlik quşu özü gəlib çiyninizə qonub. Bundan sonra hər şey sizin Sərvər müəllimin təklifinə necə cavab verməyinizdən asılıdır.

– Sizin dediyiniz sözlər bizim ailəmiz üçün xoşbəxt gələcək vəd edir, Amma Sərvər müəllimin təklifinin nədən ibarət olması mənə bir az qaranlıq qaldı. Sərvər müəllimin təklifi nədən ibarətdir?

– Sərvər müəllimin təklifi çox sadədir. Həftədə bir dəfə, iki dəfə gəlib səni s*****k. Məncə, o qədər də ağır təklif deyil.

Sərvər müəllimin katibəsi öz gücünə inanan adamlar kimi çox konkret danışırdı və onu düz başa düşəcəyimə, “hə” cavabı verəcəyimə əmin idi. Bu qadın o qədər təmkinli idi ki, onun, həqiqətən, kimisə sevə biləcəyini, pulsuz kiminsə ona toxunmasına, hədiyyəsiz kiminsə onu qucaqlamasına razı olacağını təsəvvür etmək olmurdu.

– Şəxsən mən razıyam, amma Valehlə danışıb onun razılığını almalıyam.

– Valeh kimdir?

– Valeh mənim ərimdir.

– Narahat olmayın, əriniz razıdır. Onunla Sərvər müəllim özü danışıb. Sərvər müəllim burda gecələdiyi günlərdə əriniz evdə olmayacaq. Sərvər müəllimin yaxşı istirahət etməsi naminə gedib başqa yerdə qalacaq.

– Əgər Valeh razıdırsa, mən də razıyam. Ərimin sözü mənim üçün qanundur...

("Gecikmiş hekayələr " silsiləsindən)

# 5822 dəfə oxunub

Oxşar xəbərlər

# # #