“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi
9 oktyabr 2026
# 18:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari müsabiqəsinə start verib.

Kulis.az xəbər verir ki, layihənin ana xəttini 2020-ci il Vətən müharibəsi dövrü təşkil edir.

Müsabiqə müharibənin yalnız döyüş meydanında deyil, cəbhədən uzaqda insanların həyatında yaratdığı dəyişiklikləri, mənəvi-sosial sınaqları, itkiləri, həmrəyliyi və gündəlik mübarizəni kino dili ilə çatdırmaq amacı daşıyır.

Təşkilatçıların əsas məqsədi böyük tarixi hadisələr fonında diqqətdən kənarda qalan fərdi insan hekayələrini üzə çıxarmaq, ssenaristləri dəstəkləmək və gələcəkdə ekranlaşdırıla biləcək uğurlu kino layihələrinin inkişafına şərait yaratmaqdır.

Mövzuya müxtəlif rakurslardan yanaşmaq mümkündür: əsgər yolu gözləyən ailə, yaralılara yardım edən həkim, müharibədə iştirak edən müəllim, könüllü, jurnalist, eləcə də həmin günlərdə öz gündəlik həyatını davam etdirməyə çalışan hər bir vətəndaşın hekayəsi ssenarinin mərkəzində dayanacağı qəhrəman ola bilər.

Müsabiqədə təsvir olunan hadisələr 2020-ci il Vətən müharibəsi dövrünü əhatə etməli və arxa cəbhə reallıqlarını əks etdirməlidir.

Müsabiqəyə yalnız orijinal, əvvəllər ekranlaşdırılmamış və başqa müsabiqələrdə qalib gəlməmiş qısametrajlı bədii film ssenariləri qəbul olunur; animasiya, sənədli və tammetrajlı filmlər nəzərdə tutulmur. Ssenarinin həcmi maksimum 52 səhifə təşkil etməli, janr məhdudiyyəti isə qoyulmur.

Bir müəllif ən çox iki ədəbi ssenari təqdim edə bilər.

Ssenarilər oktyabrın 10-dan aprelin 1-dək həm elektron, həm də çap formasında qəbul ediləcək.

Finalçılar 2027-ci il iyulun 15-də, qaliblər isə avqustun 2-də elan olunacaq.

İlk üç yerin qalibi müvafiq olaraq I yer üçün 2000 AZN, II yer üçün 1500 AZN, III yer üçün 1000 AZN məbləğində pul mükafatı və diplomlarla təltif olunacaq.

Əlavə məlumat üçün (+994 12) 493 65 86 telefon nömrəsi və [email protected] e-poçt ünvanı vasitəsilə İttifaqla əlaqə saxlamaq mümkündür.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər