Qızları intihara sövq edən serial -Marianna ESSE

Mirmehdi AĞAOĞLU




Bakıya köçdüyümüz bir il idi. Ətrafımızda təkcə yan qonşularımız bizimlə eyni vaxda köçmüş azərbaycanlılardılar, qalanların hamısı rus və qeyri millət idilər. Biz kənddə yaşamış beşnəfərlik ailə şəhər həyatına uyğunlaşmağa çalışır, getdikcə kənddən gətirdiyimiz adət və xasiyyətlərimizi tərgidirdik.

Məsələn, Bakıya köçdüyümüz günün səhərindən çıxıb otururdum qapının çərçivəsinin üstündə, başlayırdım gəlib-gedənə salam verməyə. Amma heç kəs salamımı almırdı. Elə bilirdim kənddəki kimi şəhərdə də hər gördüyünlə salamlaşıb hal-əhval tutmalısan. Şəhərlilərin soyuqqanlılığını gördükdən sonra bu xasiyyətimi tərgitdim.

Şəhər bekarçılığı

Anam kənddə üç uşağından başqa böyük təsərrüfata da rəhbərlik edirdi. Səhər o başdan heyvanları yemləyib, sağıb naxıra yola salır, həyət-bacanı süpürür, bostanda tərəvəzlərə qulluq edir, böyük bağımızda heyvanlar üçün axşama alaq edir, ağacların dibini belləyir, günortaya və axşama yemək hazırlayır, ev-eşiyi yığışdırırdı.

Şəhərdə isə onu elə də çox işi olmurdu. Təkcə ev işi və uşaqlara qulluq idi. Bütün günü ev təsərrüfatında çalışmış anam indi demək olar ki, bekar qalırdı. Bu bekarçılığı isə “Tauras” adlı yekə ağ-qara televizorumuz doldurmağa başlamışdı. Kənddə olanda çox vaxt axşamlar açılan televizorumuz, burda demək olar ki, gecə sonuncu ev sakini yatanda söndürülürdü.

Varlılar ağlayarmış

Anam və biz uşaqlar rus dilində bilmədiyimizə görə rus kanalına baxmırdıq. Elə arada ötəri çevirib təzədən kanalı dəyişirdik. Daha orda gedən verlişlərdən xəbərimiz olmazdı.

Əsl adı “Varlılar da ağlayır” olan, xalq arasında isə “Marianna” adlanan serialına bizdə maraq bibimgildən yarandı. Bir dəfə olara gedəndə gördük ki, evdə hamı maraqla seriala baxırlar. Rus dilində bilməsək də, biz də onlara qoşulası olduq. Onsuz dili bilməsən belə filmdəki prosesləri aktyorların hərəkət və mimikalarından, jestlərindən anlamaq olurdu. Beləcə, “Marianna”nın izləyicisi olduq. 91-ci ilin noyabr ayının 18-dən yayımlanan seriala biz ortasından baxmağa başlamışdıq. Amma az sonra serialın məftunu olmuşduq. Bütün keçmiş sovet xalqları kimi.

Yenidənqurmanın gətirdiyi sovqatlardan biri də seriallar oldu. Keçmiş sovet xalqları kimi biz də serialın nə olduğunu bilmirdik. Bizim üçün çoxseriyalı film yalnız “Baharın on yeddinci anı” sayıla bilərdi. Sovetlərdə yayımlanan ilk serial “Kölə İzaura” olmuşdu. Sadə sovet vətəndaşı bu serialı böyük maraqla izləməyə başladı. “Varlılar da ağlayır” isə onun ardınca yayımlandı.

Bir az serial haqqda

Marianna Vilyareal atasını itirəndən sonra ögey anası evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu dəfə də baş qadın qəhrəmanı kişilər aralarında bölə bilmirlər.

Qəhrəmanımızı tanıyaq

Marianna rolunu oynayan Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Aktrisalıqla, müğənnilik və teleaparıcılıqla məşğuldur. Veronika ilk dəfə 16 yaşında “Caballero” jurnalında çılpaq göründü. “Varlılar da ağlayır” serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “ Varlılar da ağlayır” serialı qədər sevib baxdığımız “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi. Bu sevgi ötən il Veronikanı yenidən Rusiyaya gətirdi.
Hələ də Veronika Kastronun həsrəti ilə yanıb yaxılan kişilərə onu bildirək ki, aktrisanın bir oğlu olmasına baxmayaraq, heç vaxt ərə getməyib, hələ də subaydır.

O hər yerdə idi

Keçmiş sovet ölkələrində hara getsəydin, Mariannanın başına gələnlər müzakirə olunduğunu görərdin. Hamı sadəlövh qızın halına acıyır, onun həyatının sonrakı gəlişlərini böyük həyacanla izləyirdilər. Sovetlərdə sinfi bərabərsizliyin mif olduğunu biz - o epoxanın cənazəsini görmüş yeni nəsil dəqiq bilsək də, sinfi ayrı-seçkilik, təbəqələşmə, varlı-kasıb bölgüsü indiki kimi kəskin deyildi. Elə buna görə də kasıb Mariannanın taleyi, onun Luis Alberto ilə olan sevgi macərasının nəticəsi sovet vətəndaşları üçün müəmmalı və maraqlı idi.

Odur ki, avtobusda, metroda, toyda, yas məclislərində, mağazalarda, iş yerlərində bütün söhbətlərin bir başı həmişə Mariannaya dirənərdi.

Çörək növbələrində bir olduq

Hətta bəzən qorxu içində xatırladığımız o ucsuz-bucaqsız çörək növbələrində belə camaat bu serialı müzakirə etməyə imkan tapırdı. Serial o qədər sevilmişdi ki, onun haqqında lətifələr qoşulmuşdu.

Marianna ilə Luis Alberto mehmanxanaya gəlirlər.
- Bircə gecəlik zəhmət olmasa, - Luis Alberto deyir.
-Siz necə də xoşbəxtsiz, xanım, – administrator Mariannaya deyir. - Bu cənab, adətən, otaqları bir saatlığa kiraləyir.

Buruqsaç qızlar dövrü

Bəlkə, yadınızda olar, Marianna obrazını canlandıran Veronika Kastro şabalıdı saçlı, buruqsaç qız idi. İri mavi gözləri vardı. Evimizdə kimsə onun şəkli olan kalendarı da alıb divara asmışdı. O təqvim uzun müddət bizim evin yoxsul divarını bəzədi.

“Marianna”dan sonra gənc qızlar özlərini ona bənzətməyə başladılar. Buruqsaç qızların dövranının gəlhagəli idisə də, saya saçlı qızlar gecələr saçlarını burmaq üçün min oyundan çıxırdılar. Buqudi ilə, ya da kağızdan qayırdıqları qaytanlarla saçlarını yığıb bürmələyərək səhərə burulmasını gözləyirdilər. O zamanlar saçburan fenlər hələm-hələm tapılmırdı.

Pamuk da bu haqda yazdı

“Marianna” serialı dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orhan Pamuk “Qar” romanında yazıb.

Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Arıtq qızlardan bəziləri intihar etmişdir. Qarsa jurnalist kimi gəlmiş K.A. intihar etmiş qızlardan birinin ailəsi ilə söhbət zamanı öyrənir ki, qız intihardan qabaq “ Marianna” serialına baxıb, bundan sonra otağına keçib intihar edib. Yəqin ki, sevgisi uğrunda mübarizə aparan Mariannanın cəsarəti ilə özünün çarəsizliyini müqayisə etdikdən sonra çıxış yolunu intiharda görmüşdü bədbəxt qızcığaz.
Çox şükür ki, bizim ölkədə o cür bədbəxt hadisələr baş vermədi. Amma əvəzində bizim sovetlərdən çıxmış şüurlarımıza bir sıra yeniliklər gəldi. Bundan sonra seriallar bizim həyatımızın ayrılmaz parçasına çevriləcəkdi. Sonralar serialların mənfi təsirlərindən nə qədər danışsaq da, xeyri olmadı, “Marianna”yla gələn dalğa artıq öz işini görməyə başlamışdı.


LENT

25 May 2018
24 May 2018
23 May 2018