Kitabı biabır edənlər...

Kitabı biabır edənlər...
30 iyul 2014
# 11:01

Elə bilirik, illərdir "kitab, mütaliə, ədəbiyyat" deyib-durmağımızın nəyəsə xeyri olub. Belə çarəsiz-naümid yazılarla ortalıqda görünmək könüllü təslim olmaq deməkdir, bilirəm. Onu da bilirəm, biz hamımız məhz bu mövzuda yalnız işıqlı şeylərdən yazmalıyıq. Məsələn, ucqar kənddə qapısına qıfıl vurulan kitabxanadan yox, örüşdə heyvan otaran məktəblinin kitab oxumağından qürurla yazmalıyıq, danışmalıyıq. Amma bəzən iş o yerə gəlib çıxır ki, ürəyini boşaltmasan, olmur. Tutalım, orta statistik əyalət adamının kitaba olan münasibəti, daha doğrusu, münasibətsizliyini görəndə anlayırsan ki, ilahi, biz necə mənasız işlərlə məşğuluq. Özü də, bu emosional-tələsik qərar verməyin, ruhdan düşməyin günahını kiminsə boynuna atmaq kimi sadəlövhlükdən özümü qorumağa çalışıram.


Paytaxtın kitab bazarında son illərdə olan canlanmanın, insanların kitaba yaranan sevgisinin əyalətə yaxından-uzaqdan dəxli yoxdur. Üstəlik, iki-üç böyük şəhərdə keçirilən yarmarkalar ümumi mənzərə demək deyil. Əyalətdə yaşayan insan ömrü boyu kitab üzü açmasa da, o dünyaya xoşbəxt gedər, həyatın mənasını gündəlik dolanışıq pulunun çıxarılmasında, qızına cehizlik aldığı mətbəx mebeli dəstinin 100 manat bahalı olmasında görər. Görər yox, görür, vallah, görür! Ümumiyyətlə, müasir ədəbiyyat deyilən o zəhrimar əyalət adamının həyatından təsəvvür edə bilməyəcəyimiz qədər uzaqdır. Vəziyyət o qədər ümidsizdir ki, rayon yerlərində yazı-pozu adamlarına axırıncı "sort"dan olan adam gözü ilə baxırlar. Ya demaqoq, ya naqqal, ya da işverən damğası bu bədbəxtlərin alın yazısıdır. Onların yazdığı kitablar ancaq gülüş hədəfi ola bilər. Yaxud, bekar və mənasız adamın baş qarışdırması.

Bu mənzərə ancaq Masallıya, Kürdəmirə, Cəlilabada, Yevlaxa, İsmayıllıya xas deyil. Rayonda olduğum bir həftə ərzində əyalət adamının gündəlik həyatında mütaliənin sıfıra bərabər olmasının və onların heç nə olmayıbmış kimi rahat yaşamasının şahidi olmaq nə deməkdir, onu gördüm və bunu izah etməkdə tamam-kamal acizəm. Əyalət adamı gündəlik çörək qayğıları ilə ömrünü yelə verir, bir də gözünü açır ki, ölüm qapısını döyür. Onun gözündə övladının kitab oxuması, ancaq instituta daxil olmaq üçün dörd fənni əzbərləməkdən ibarətdir.

Və anladım ki, rayonlarda kitab mağazaları çox olmalıdır düşüncəsində nə qədər sadəlövhlüyə qapılmışam. Demək nə qədər çətin olsa da, əyalət adamının düşüncəsində "Qanun"un, "Əli və Nino"nun min zəhmətlə keçirdiyi dəyərli yarmarkalar, kitab kampaniyaları mənasız, bekara işdir. Tutalım, kitab mağazası açıldı, əyalət adamı yolunu ordan salacaqmı? Vallah, salmayacaq! Onun gözündə beş manat köhnə "011"nin beş günlük benzin puludur, evə yüngülvarı bazarlıqdır, qonşunun əsgərlikdən gələn oğluna bir dəst köynək almaq deməkdir, ölü yerində salavat üçün mollaya verilən cibxərcliyidir. Bu qədər dərdə dəva olan o şax beşliyi əyalət adamı kitaba niyə versin? “Sahil” metrosunun yaxınlığında Seyidzadə adına kitabxana var, onun birinci mərtəbəsində kitab evi açılmışdı. Bir müddət sonra mədəniyyət naziri özü etiraf elədi ki, kitab mağazası gözlənilən nəticəni vermədi, satış həddən artıq az oldu. Bir neçə ay əvvəl həmin kitab mağazası bağlandı. Təsəvvür edirsinizmi, şəhərin mərkəzindəki kitab mağazası satış olmadığına görə tarixə qovuşursa, əyalətdəkinin aqibəti necə olacaq? Tanış bir kitabxanaçı and-aman edir: qardaş, rayonun kitabxanasına pulsuz-parasız kitabı götürməyə gəlmirlər, bekarçılıqdan havalanmışıq.

Əyalət adamının işi Allaha qalıb. Bildiyim bircə həqiqət var: kitaba and olsun, adam belə mənasız ömür sürməz. Kitab oxuma, onu ələ sal, mövhumat-xurafatla ömrü yelə ver, mollaların yas məclisindəki sayıqlamalarını ağıllı-ağıllı müzakirə elə... Nə isə ee, hardan hara gəldim.

Şeyx Şamilin rus əsirliyindən qayıdan oğlu Cəmaləddin atasına təklif edir ki, düşmənlə sülh bağlamağın, silahdan əl çəkməyin vaxtıdır. Şamil oğlunu sürgünə göndərir, dağlı libası geyinməyə məcbur edir. Cəmaləddinin özü ilə gətirdiyi “kafir kitabları”nı çaya atmaq istəyən müridlərə imamın cavabı kəsə olur: “Bu kitablar doğma torpaqlarımızda bizə güllə atmayıb. Onlar aullarımızı yandırmayıb, adamlarımızı öldürməyib. Kim kitaba sataşsa, kitab onu biabır edər”.

Kitabın əyalət adamını biabır edəcəyi gün mütləq gələcək...

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #