Hələ səni tanımırdım

Hələ səni tanımırdım
21 iyul 2014
# 14:47

Vüsal Hacıyev

Elə həmin vaxtlar idi. İnsanlar beyinlərində bəlkə ehtimalını saqqız kimi çeynəyə-çeynəyə şəhərin yaraşıqlı binaları arasında özlərinə lazımlı adam imici verərək harasa tələsirdilər. Bunlar şəhərimizin sakinləri idi. Adamın yanında bir türk ola deyə ki, “abi, bu insanların suratı beş karış bunların nesi sakin”...

Elə həmin vaxtlar idi. Tv-lər səhər verilişlərində tamaşaçılarda sanki süni etibar yaratmaq üçün ekranın sağ küncündə saat yerləşdirirdilər. Mən isə digər kanallarla bu saatı ən az saniyəsinə qədər müqayisə edirdim. Beləcə, səhər proqramları ilə əylənmək olurdu.

Elə həmin vaxtlar idi. Kondisionerlər gecədən sabaha qədər işləyir və su damcıları qadın göz yaşları qədər aramsız axıdırdı. Pəncərələri açıq olan qonşular isə elə bil bu göz yaşlarına bais olan günahkar kişilər kimi narahat yatırdılar.

Elə həmin vaxtlar idi. “Kaş 88 nömrəli avtobus qədər bəxtim gətirəydi”- deyirdim. Oturacaqları çürük diş kimi çıxarılsa da adam əlindən tərpənmək olmurdu. Bu basabasda son yazıma görə deyilən tərifləri oxuyurdum. Qarpız kimi böyüyən qolumu çətin ki, bu sıxlıqda gizləyə bilim...

Elə həmin vaxtlar idi. Şəhərdə üzərinə ətir vurulmuş reklam kağızları paylayırdılar. Bu iyli kağız parçaları vasitəsilə ətir dükanlarının reklamları nə dərəcədə effektli olduğunu deyə bilmərəm. Həmişə bir şey düşünürəm necə ola bilər ki, bu ideya bu qədər uzunömürlü ola bilər. Çox güman ki, bu reklam aksiyası hansısa məşhur ətir brendinin satışı zamanı istifadə edilib. Hazırda isə kütləvi hal almaqdadı. Nədənsə ideya müəllifinin unudulması məni bu vurhavurda narahat edirdi.

Elə həmin vaxtlar idi. Cibimdə başqasının siqaret çəkməsi üçün yandıran gəzdirmək lazım gəldiyini düşünürdüm. Çünki hər addım başı ucu tüstüləməyən, dodağı siqaretli adamlar arasında dolaşmaq vicdan əzabından başqa bir şey deyil.

Elə həmin vaxtlar idi. Televiziyalar Babək, Nəsimi, Dədə Qorqud, Nəsimi Dədə Qorqud, Babək, Dədə Qorqud, Babək Nəsimi kinolarını bu ardıcıllıqla verirdilər. Gecə saatlarında isə Milli parkdan konsert yayımlayan AzTV-nin reytinqi yüksəlirdi buna səbəb kameraya əl sallayan yaxınlarını görmək ya da yarım saatlıq atəşfəşanlığı seyr etmək olurdu.

Elə həmin vaxtlar idi. Hər yanda statistika komitəsinin boşanmaların sayının artması ilə bağlı verdiyi məlumat müzakirə edilirdi. Nədənsə boşanmaların səbəblərini axtaran mütəxəssislər hər ayda fərqli səbəblər tapırdılar. Qidaların keyfiyyətsiz olmağından tutmuş, qlobal istiləşməyə qədər, xarici seriallardan tutmuş, mobil telefonlara qədər, ən sonda isə sosial şəbəkələrin geniş yayılması faktı ailələrin dağılması tendensiyasına gətirib çıxarması qənaətinə gəlmişdilər. Elə bil bütün dəyişikliklər, bütün yeniliklər qəsdən bizim cəmiyyətdə ailə institutunun dağıdılmasına hesablanıb.

Elə həmin vaxtlar idi. Xırda təfərrüatlara vaxt itirəcək qədər zamanım olurdu, onda hələ səni tanımırdım...

# 1717 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #