Qan Turalının kiflənmiş çörəyi

Qan Turalının kiflənmiş çörəyi
17 iyul 2014
# 10:49

Mirmehdi Ağaoğlu

Məlum, yaydı. İşçilərin də çoxu məzuniyyətdə, tətildə. İş də həmişəki kimi xirtdəyəcən. Baş qaşımağa vaxt olmur. Odur ki, neçə vaxtdı saytları düz-əməlli izləyə bilmirəm. Məsələn, türk saytlarına baxa bilmirəm.

Baş redaktorumuz da məzuniyyətdə. Dünən gün hardan çıxmışdı, bilmirəm, bıy, bir də gördük gəldi. Xoş-beş, on beş! Bizim də nahar fasiləmiz... Oturub söhbət edirik. Öz-özümə dedim, yaxşı fürsət düşüb, Tural gəlmişkən mövzu açım, Türkiyə gündəmindən danışsın, biz də xəbərdar olaq.

Bir az uzaqdan başladım, bir-iki həftə əvvəlin xəbərindən. Dedim, Ərdoğan “Qalatasaray” klubunu ziyarətə gələndə gördün də o bədənində döymə olan futbolçuya nə dedi? Öz aləmimdə mövzu açırdım guya. Adam nə eləsə yaxşıdı? Bu hadisəyə paralel neçənci ildəsə baş vermiş epizodik bir hadisə danışdı Ərdoğan barədə. Vallah, cəddimə and olsun, bunu bəlkə Ərtuğrul Özkök də xatırlamazdı. Amma ki, Tural...

Varam da onun zəkasına! Sənə elə şeylər danışsın, elə adamın, filan vaxtı hansısa mininci dərəcəli bir sayta verdiyi açıqlamada dediyi fikri elə xatırlatsın ki, əlin üzündə qalsın.

Tural məni azmı heyrətləndirib? İqtisad oxumağıma baxmayın, hesabdan başım çıxmaz, mən deyim özünüz hesablayın.

Yeri gəlmişkən, Tural riyazi qabiliyyəti ilə də adamı təəccübləndirir. Odur ki, bir kafeyə-zada gedəndə onu özümüzlə “kalkulyator” əvəzi aparırıq. Ofisiant qələt edə “şot”da bir balaca kəf gələ. Pah... Tural o dəqiqə başlayacaq... “Tikənin bir şişi 4 manat, 10 şiş gətirmisən, pomidor salatının bir boşqabı 1 manat, 5 boşqab gətirmisən, araq filan qiymətə...”

Qısacası, bir neçə saniyəyə məbləği hesablayıb qəpiyinə kimi deyəcək. Bundan sonra Da Vinçi lazımdı, ofisiantın pərt olmuş surətini təsvir etməyə.

Mən də onun riyazi bacarığına əminəm axı. Tay nə işimə qalıb, özümü əziyyətə salam, iş vaxtı hansısa şairin yaşını hesablamaq üçün dəsgah açam, filan rəqəmdən bəhmən rəqəmi çıxam? Elə üzbəüz oturmuşuq, bu başqan o başa çığırıram: “Ay Tural, filan rəqəmdən, bəhmən rəqəmi çıx...”

Hə onu deyirdim axı. Hesablayacaqdız. Turalla 8 il əvvəl elə bu vaxtlar tanış olmuşuq. Yekə çıxmasın, ədəbiyyata gəlişimiz eyni vaxtlara təsadüf edir. “Alatoran.org” saytının forumunda tanış olub, sonra görüşdük... O gün-bu gündür. Bu 8 ildə hər gün görüşmək imkanımız olmasa da, demək olar ki, hər gün telefonla əlaqə saxlamışıq. Hər dəfə də öz iti zəkası ilə məni heyrətləndirib.

O, heç nəyi unutmur. Oxuduğu ən bekara yazını belə arxivləşdirib hafizəsində saxlayır, lazım olan anda şappadan atır ortaya. Hardasa iştirak etdiyimiz bir məclisdə kiminsə, tutalım Kələntər Kələntərli haqqında danışdığı əhvalatı sən unudarsan, amma o, əsla unutmaz. Üstündən neçə il keçsə də yadında qalar və lazım olanda həmin əhvalatdan ustalıqla istifadə edər.

Di gəl ki, bir dənə çürük fikri olmayan bu adamın şkafından, misal üçün kiflənmiş çörək tapa bilərsən. Zarafat eləmirəm. Cəddimə and olsun!

Pintidi. Bir də gördün iş masasının üstündə barmaq basmağa yer yoxdur. İşlətdiyi salfetləri, kitabları, jurnalları, print elədiyi vərəq-vürəqi, cibinin xırda pulunu, içdiyi suyun plastik qabını, qapağını, müxtəlif cür qələmləri daha nələri, nələri yığıb e... masanın üstünə. Lap yüz dəfə xatırlatsan da, xeyri yoxdu, “abi, abi” deyib yola verəcək, amma masanı yığışdırmayacaq.

Hə, bir dəfə doğurdan da şkafında kiflənmiş çörək tapmışdıq. Nahar eləmək üçün alıb gətirib. Sonra da nahara yaxın “Müasir romançılıqda ənənənin gücü” mövzusunda kimləsə dərin polemikaya girişib, çörək yaddan çıxıb, üç ay qalıb şkafın gözündə. Çörək o qədər kiflənmişdi ki, üstündə hələ elmə məlum olmayan göbələklər əmələ gəlmişdi. İstədik Biologiya İnstitutuna göndərək...

Bu gün Qan Turalının, özünün təbiri ilə desəm, “Kobo Abe, abimin” (Bir az keflənən kimi başlayır dayanmadan adama “abi, abi” deməyə. Mən də düzəltmişəm ki, Turalın qabağına yapon yazıçısı Kobe Abe çıxsa, ona belə deyər: Kobo Abe abi) 30 yaşı tamam olur.

Beqbeder deyir, 30 elə yaşdır ki, qoca görünmək üçün çox cavansan, cavan görünmək üçün də çox qoca. Bu baxımdan Tural yaş depressiyasına girməsin, o, çoxdanın qocasıdır. Zarafat deyil, onunla müzakirəyə, lap 70 yaşında adamı da çıxart, elə cavablar verib, elə arqumentlər gətirəcək ki, əlin üzündə qalacaq. Çaşıb qalassan ki, a balam, belə şeyi adam 50-60 yaşında bilər axı.

Özü də onda bir xasiyyət var, Hegeldə, Haydeggerdə, Dostoyevskidə (Folkneri demirəm, onu oxuya bilmir, deyir, bəyənmirəm. Kərəminə şükür, ilahi) yorulan beynini ən bayağı mahnıda, rolikdə, yazıda dincəldir. İşin qızğın yerində bir də gördün Tural kompüterin arxasında şaqqanaq çəkib özündən getdi. A qardaş, noolub? Deyirsən, yəqin, nəsə çox ciddi bir məsələ var. Gəlib görürsən ki, bayağı bir yazı tapıb, ya da “Zeynəbin iti” videosuna baxır, əylənir özü üçün...

Qısacası, mənim Tural abim kefdir, kef!

Kobo Abe abi, ad günün qutlu olsun!!! Yaxşı ki, varsan!

# 2909 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #