Mənə bir yazını dəfələrlə yazdıran adam

Mənə bir yazını dəfələrlə yazdıran adam
22 aprel 2014
# 12:59

1995-in yayı idi. Nəşriyyatı deyib gedirdim. Sabir Əhmədli çağırmışdı. Yazımı oxuyub bəyənmişdi. “Ədəbiyyat qəzeti”nə gəncləri, yeni nəfəs-yeni kollektiv yığmaq istəyirmiş. Əlimdə bir yazı da vardı, elə “Ədəbiyyat qəzeti”nə bükmüşdüm. İstəyirdim ilk görüşdə bir yazı da verim ona.

Bakı Dövlət Universitetinin qarşısından keçib Mətbuat prospektinə çıxdım. Elə tuşutmuşdular mənə “Azərbaycan” nəşriyyatını. Qarşıma hündürboylu, ağsaç, simasından nur yağan bir kişi çıxdı. Tanıdım onu, şair Şahmar Əkbərzadə idi. Yaxınlaşıb nəşriyyatın yerini soruşdum. Uzun barmaqlarını uzadıb nəşriyyatı nişan verdi, sonra da əlini aşağı salıb təbəssümlə mülayimcə soruşdu məndən: “Kim lazımdır sənə nəşriyyatda?” Sabir Əhmədli-deyə cavab verdim. Neyniyirsən onu? Dedim yazım xoşuna gəlib, özü çağırıb məni. “Sabir Əhmədlinin baş redaktoru olduğu “Ədəbiyyat qəzeti” 9-cu mərtəbədə yerləşir, amma bu gün orda heç kim yoxdur, çünki şənbə günüdür, işləmirlər. Birinci gün gələrsən”.

Sözünü deyib dönüb getmək istədi, nə düşündüsə təzədən mənə tərəf qayıtdı: Qızım, əlindəki yazıdır? Bəli-dedim. “Olar, baxım?” Tələsik dörd bükülmüş qəzeti açıb arasından qrankanı götürüb ona tərəf uzatdım. BDU-nun Mətbuat prospekti tərəfindən küncündə dayanmışdıq, həmin yerdə Qobustan Qaval daşına bənzər bir daş vardı-kişi daşın üstündə oturub yazımı birnəfəsə oxudu. Sonra əlimdən qəzeti alıb kağızı səliqə ilə qəzetin arasına qoyub özümə qaytardı: “Bir az düzəlişlər eləmək lazımdır, amma ümumilikdə yaxşı yazıdır, müxalifət qəzetlərində vermək olar”-dedi.

Birinci gün getdim nəşriyyata, Sabir Əhmədli ilə görüşdük, çox uzun söhbətdən, sorğu-sualdan sonra elə həmin gün məni “Ədəbiyyat qəzeti”nə işə götürdü, təsəvvür edirsiniz, heç bir sınaq müddəti vermədən, əməkdaşlıq elə-demədi, birbaşa ştata götürdü, əvvəlcə korrektor kimi, cəmi bir, ya iki ay sonra baş müxbir ştatına keçirdi. Həmin bir-neçə ay vallah, anamdan əmdiyim süd burnumdan damla-damla töküldü. Bir yazını mənə təkrar-təkrar yazdırdı. Yazıda işlətdirim “baxmayaraq” kəlməsinə görə elə danladı ki, dəymişim dura-dura kalım töküldü. Gözlərimin yaşı yanağım boyu sel kimi axırdı, amma sirr orasındadır ki, mən dönüb getmirdim, dözürdüm, dediklərinə bircə-bircə əməl edirdim. Yenidən əlli dəfə yazdırsaydı da yazırdım. Belə-belə bir də gördüm ki, Sabir Əhmədli yazımı oxuyur, gülümsəyir və nöqtə-vergülünə toxunmadan çapa verir. İndi anlayıram ki, mənim qaçmamağımın səbəbi nə imiş-adam danlağı, tənbehi, tənqidi elə edirdi ki, sən onunla hesablaşırdın, çünki sevgi ilə etdiyini, sənə görə etdiyini təhtəlşüur duyurdun, ağzından tökülən tənqid qismində dürr birbaşa qəlbinə axırdı.

Şahmar Əkbərzadə ilə isə sonralar çox rastlaşdıq, müsahib olduq. Bir dəfə də “7 Gün” qəzetində işlədiyim vaxtlar idi. Mədəniyyət Nazirliyini əlimdəki faktlarla, əsaslarla tənqid eləmişdim və yazım manşetə getmişdi. Başlıq da yadımdadır-“Polad Bülbüloğlu dövrünün....” Əşi, qalanını yazmayım, adam daha nazir deyil, arxasınca danışmaq olar.

Qəzet çıxan gün səhər tezdən Şahmar Əkbərzadə redaksiyaya gəldi. Deyəsən, o vaxtlar Mədəniyyət nazirliyində çalışırdı rəhmətlik. Məni çağırıb dedi ki, bəs, nazir səni öz kabinetində gözləyir, gedək. Gedək - deyib çantamı saldım çiynimə. Bayıra çıxmaq üçün baş redaktoru Emin Eminbəylinin otağının qapısından keçməli idik. Çıxdı bayıra, qarşılaşdıq. “Hara gedirsən, Ramilə?” Dedim nazir məni çağırıb, gedirəm onun yanına. “Qayıt, çantanı qoy, işinlə məşğul ol, nazir səni görmək istəyirsə gəlsin redaksiyaya”. Yavaşca keçib oturdum yerimdə. Sabir Əhmədlidən yazmağı, sözü sevməyi, işinə məsuliyyətlə yanaşmağı öyrənmişdimsə, Emin Eminbəylidən böyük, güclü olmağı öyrəndim. O, bizə aşıladı ki, jurnalist olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir. İstənilən kəsi ayağına gətirmək gücün var, yetər ki, özünə və peşənə sevgin-hörmətin olsun.

Bu gün həmin illərin və həmin şəxsiyyətlərin yetişdirdiyi bizlərə çox çətindir...

# 3646 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #