Qarnından brilyant çıxan balıq – Orhan Aras Azərbaycandan yazır...

Qarnından brilyant çıxan balıq – <span style="color:red;">Orhan Aras Azərbaycandan yazır...
20 iyul 2018
# 15:49

Kulis.az Almaniyada yaşayan türkiyəli yazıçı Orhan Arasın Azərbaycan səfəri ilə bağlı yazdığı “İşıqlı, isti günlər” silsiləsindən birinci yazını təqdim edir.

Çox istidir...

Əlimi başıma qoyuram. Saçlarım qaynar tel kimi əllərimi yandırır... Aman Allahım, başım yanacaq sanki. Günəşsə təpədə inadkarcasına qızardıqca qızarır. Dərəcələr qırxın üzərində... Dəniz sahilinə gəldim, amma nə fayda! Tək yarpaq belə tərpənmir. Mən də deyingən adamlar kimi şikayətə başlayıram:

“Haradasan, ey Xəzərin hamının şikayətçisi olduğu xəzrisi? “

Bu gün əslində Bakının köhnə küçələri arasında gəzəcək, bilmədiyim yeni məkanları kəşf edəcəkdim. Buraya hər gəlişimdə özümə bir-iki gün ayıraraq, təkbaşına bilmədiyim Bakı küçələrində boydan boya gəzirdim. Hərdən qarşıma bir şairin, bir yazıçının ev muzeyi çıxdıqda, ərinmədən böyük həvəslə o muzeylərə girib sənətkardan qalma əşyaları diqqətlicə incələrdim. Hacı Zeynəlabdin Tağıyevin, Səməd Vurğunun ev muzeylərini beləcə təsadüfən gəzəndə tapmışdım. Amma bu gün səhər saat 11 olmasına rəğmən isti məni çox yordu. Tərpənəcək halım yox idi. Sərin bir yer tapmalıyam, amma harada?

Arxamda böyük bir bina var. Ora sərin ola bilər... Artıq durğun dəniz, həmişə maraq duyub, amma gedə bilmədiyim Nargin adası, bulvarda aradabir keçib gedən rusdilli gənclərin heç biri vecimə deyil. Qaçaraq binaya girirəm. Həyat varmış! Bir neçə gün əvvəl bütün ölkədə baş verən elektrik kəsintisi zamanı hamı nə edəcəyini bilmirdi. Yenə buna da şükür.

Bir gün əvvəl Gürcüstan sərhədinə qədər getmişdim. Gedərkən xüsusilə dağlıq yolları seçmişdik. Yaşıllıqların arasından dağlara qalxdıqca bütün yorğunluğumu unudurdum. Dağlar oğlu deyiləm, amma nədənsə dağları daha çox sevirəm. Bəlkə də anamın “dağlı” ruhundan almışam bu duyğuları. Yollarda qocaman çinar ağacları insanı keçmişə aparır. Burada yaşayan atalarımız gələcəyi görən mərd insanlarmış. Bizlər üçün yaşıllıq, sərinlik, rahatlıq qoyub getmişlər. Bizlər övladlarımıza nə qoyub gedəcəyik, bax orası məchul. Çünki gördüyüm yeni nəsil tikməkdən çox dağıdıb yox etməyin hayındadır. Çoxunda nə çevrə bilinci var, nə təbiət sevgisi. Müdhiş bir hodonizm baş alıb gedir. Bəzi restoran və parklarda meymunları, tovuz quşlarını, şahinləri, dovşanları daracıq otaqlara həbs etmiş və uşaqların əylənməsi üçün onların işgəncə görməsinə səbəbkar olmuşlar. Öz ölkəsinin təbii zənginliklərinə işgəncə edən bu nəsildən qalacaq hansı iz yaramıza məlhəm olacaq?

Qobustanı keçdikdən sonra maşına dolan kəkotu ətri ilə sərxoş oldum. İlk dincəlmə məkanında dayandıq. Samovarda qaynamış suyla dəmlənmiş kəkotulu çayı ləzzətlə içdik. İnsanların hamısı Anadoludakı insanlar kimi utancaq və gülərüzlü... Şirin türkcələri ruhumu oxşayırdı. Türkiyədən gəldiyimi bildiklərində daha da səmimi davranırdılar. Bu ölkənin ən ucqar köşəsinə belə Türkiyə sevgisi öz damğasını vurmuşdur. Heç bir sevgi bu sevginin yerini tutammaz. Ən sadə türk serialları belə aramızdakı bağları gücləndirir. Türkiyədə də Anadolunun ən ucqar qəsəbəsinə getdiyinizdə, Azərbaycan demirlər, can Azərbaycan deyirlər. Bu qarşılıqlı eşq möcüzə deyil, bəs nədir?

Qəsəbələri, kəndləri keçdikcə yavaş-yavaş başlayan yaşıllıq dənizi və dağlar, dağların ətəyində qıvrılan yollar, aradabir dayanıb suyunu içdiyimiz buz kimi bulaqlar Bakıda yaşadığımız havasızlığı, gurultunu, qarışıqlığı çox qısa zamanda bizə unutdurmuşdu. Şamaxı, Ağsu, Göyçay, Yevlax, Gəncə, Tovuz, Qazax - hər birisi ayrı bir gözəlliyin içində qucaq açırdı bizə. 1990-93-cü illərin arasında gəlmişdim buralara. Dağların qoynunda öz ayaq izlərimi axtarırdım. O zaman daha gənc, daha dəli-dolu, daha da milliyətçiydim. 21-22 yaşların dəliqanlılığı ilə addımlamışdım buralarda. İçimdə dərin bir üsyan, kin və gözlərimdə yaş vardı. Amma indi daha rahat, daha səbirliyəm. Aradabir tanış köşəyə gözlərim sataşanda kövrəlsəm də, ağlamaq yerinə gülümsəməyi tərcih edirdim.

Image result for Qazax

Bir yanı Gürcüstana yaslanmış Ağ gölü gördüyümdə Şərif Ağayarın “Ağ göl” romanı yadıma düşür. Daha bir neçə gün əvvəl Kulis.az-ın qonağıykən yazıçı öz imzasıyla kitabını hədiyyə etmişdi. Zaman-zaman “Yüzillik tənhalığ”ı xatırladan bu kiçik romanla bu Ağ gölün nə əlaqəsi ola bilərdi əcəba? Romandakı Camal ata buralardamı gəzmişdi? Pircahan kəndi buradaydımı? Bunları düşünürkən orta yaşlı bir adam çıxdı qarşımıza. Heç salam belə vermədən qarşıma keçib: “Bu binaya bax” - dedi. Maraqla Ağ gölün yaxınlığındakı üç qatlı xaraba qalmış böyük binaya baxdım.

“Üstündəki ağacları görürsənmi?”

Doğurdan da evin damında qocaman iki ağac boy verirdi.

“Onlar tut ağacıdır” - dedi adam. “Altı betondur, buna rəğmən burada bitiblər. Səncə bu möcüzə deyilmi?”

Gülümsədim. “Bəlkə birisi oraya çıxıb bir az torpaq töküb iki fidan əkib” - deyəcəkdim, amma vaz keçdim. Qoy adam möcüzələrə inansın deyə düşündüm.

Adam bu dəfə əliylə Ağ gölü göstərdi.

“Bax, orada da möcüzələr var” - dedi. “ Keçənlərdə Məsim orada bir balıq tutmuşdu. İçindən nə çıxsa yaxşıdır?”

“Nə?”

Təəccüblə adamın üzünə baxdım. Əlli yaşlarında qumral saçlı, üzü təmiz, gözləri canlı, ətli-qanlı bir adamdı. Yumru çənəsi və işıqlı baxışlarıyla başqa bir aləmdən gəlmiş kimiydi. Bu çəyirtkə, ilan, böcək dolu boz çöllərdə nə işi vardı? Çoban idimi yoxsa dağlara vurğun bir səyyah idimi, bəlli deyildi.

“Brilliant!” – adam söylədi.

“Yaxşı, bəs o brilliant balığın qarnına haradan giribmiş?” - deyə soruşdum. İncə qaşlarını yuxarı dartıb əliylə Gürcüstanı göstərdi.

“Oradakı bir gürcü gözəlindən... Mütləq birini sevmiş və özünü brilliantıyla birgə Ağ gölə atmış”.

Bunu deyib qəhqəhə ataraq yanımızdan uzaqlaşdı. Xeyli ardınca baxdım. Əsəd Bəy yadıma düşdü. İyirminci illərdə Almaniyada yazdığı “Qafqazın 12 sirri”, “Şərqdə qan və neft” adlı kitablarında Azərbaycan haqqında qəribə, anlaşılmaz hekayələr yazınca, Berlində yaşayan azərbaycanlılar tərəfindən tənqid olunmuş, yalançılıqla günahlandırılmışdı. Bəlkə də o, uşaqlığında, gəncliyində rastlaşdığı bu cür hadisələri bir az da nağıllaşdırıb yazmış, qərblilərə fərqli bir Şərq göstərmək istəmişdi.

Image result for Kür çayı

Maşınımızı Ağ gölün sahilindən Kürə doğru sürdük. Çay boyu göz aldıqca uzanan yaşıllığa buranın insanı Qarayazı meşəsi deyir. Əvvəllər meşə dağlara qədər uzanırmış. Yiyəsizlik və kəsimlərdən böyük meşə kiçilmiş, əzəmətini itirmişdi. Çay boyunca yaşılın ən canalan tonlarında çeşid-çeşid bitki və ağaclar insanın ruhunu oxşayırdı. Uzun dolanbaclı yollar, yorğunluq, aclıq vecimizə deyildi. Çay boyu irəliləyib Gəmiqaya deyilən yerə vardıq. Uzaqdan görünən qaya həqiqətən də bir gəminin göyərtəsini xatırladırdı. Uçurumun aşağısında Arazla birləşərək buraya qədər axıb gələn Kür nazlı-nazlı axırdı. Bahar aylarında bu nazlı axan su qabına sığmayaraq dəlicəsinə ətrafını yıxa-yıxa axıb gedirmiş. Buralarda Artvinin, Ərzurumun, İğdırın ətri vardı. Aşağıdakı suların bir qismi Anadolunun ən əzəmətli dağlarından olan Bingöl dağlarının zirvəsindən qopub buralara gəlirmiş.

Yanımızdakı dostların söylədiyinə görə, çayın sahilində alov alıb yanan qazlı bulaqlar da varmış. Aşağı düşüb o sularda əl-üzümü yuya bilmədim. Yolumuz uzaq idi, gözlərimlə Kürü və Qarayazını öpə-qoxlaya oradan uzaqlaşdım.

Almaniyada ikən Yücəl abi (Yücel Feyzioğlu – O.A.) uzun-uzun buralardan danışmış, “Mütləq Salahlı kəndinə get” - deyərək əlavə etmişdi: “Orada Azərbaycanın gerçək mədəniyyətini görəcəksən!”

Salahlı üç kənddən ibarətdir: Yuxarı, Aşağı və Orta Salahlı... Üçündə də maraqlı görüntüylə qarşılaşdım. On yaşlarında bir uşaq eşşəyə oturmuş, belində sazı, başında qalpağı ilə bir nağıldan çıxıb gəlmiş kimiydi. Digər kəndlərdə də ağac altında sazlarıyla oturmuş uşaqlar şirin-şirin söhbət edirdilər. Kim bilir, bəlkə də bir-birlərinə “Əsli və Kərəm” dastanını oxuyub, bir Kərəm olmağı xəyal edirdilər?! Təəssüf ki, zaman darlığından orada da dayana bilmədim.

Bu kəndlərin arasında bol-bol qədim qəbir daşları, türbələr, ziyarətgahlar var. Məzar daşları eynilə Anadoluda olduğu kimi yüksək və naxışlarla çizilmişdi. Daşların üzərindəki sürahi şəkilləri ilə nəyi demək istəmişdilər, Allah bilir. Bəlkə eşqi, bəlkə susuzluğu, bəlkə də təmizliyi simgələmişdilər. Bitlisin Ahlatında Səlcuqludan qalma boyu 4 metrlik daşlar var. Buradakılar da oradakılarla qardaş imişlərmi görəsən?

Salahlı kəndlərindən çıxaraq Aslanbəyli kəndinə getdik. Burada Nəxşibəndi şeyxi Mahmud Əfəndinin türbəsi var. Onun nəslini Veysəl Qaraniyə qədər aparıb çıxardırlar. Məzarların olduğu kiçik bağçadan türbəyə girdik. İki üstü yaşıl Quran ayələri yazılı örtü ilə örtülmüş məzarın başında dua etdik. Yanı başımızda tavana qədər uzanan bir süpürgə var. Bu türbənimi təmizləyir, yoxsa türbəyə gələn könüllərimi görəsən?!

Bağça qurban kəsən, dua oxuyan insanlarla dolu idi. Hər arzusu olan bura qaçıb gəlir. Həyat o qədər sirlərlə doludur ki, insanlar bəzi mövzularda çarəsiz qaldığında rahatlanmaq üçün bəzən ağaclardan, bəzən də yüksək dağlardan bir ümid gözləyirlər. Həyatda hər kəs aşiq, hər kəsin bir məşuqu var.

Orada çinar ağacının altında oturub bir az dincəldik. Mahmud Əfəndi, Dağıstan qartalı Şeyx Şamillə bir məktəbdə oxuyubmuş. Dağıstandakı hərəkatı dəstəklədiyi üçün Çar tərəfindən iki dəfə həbs edilibmiş. Muğannanın “Türfə” əsərində də bu mövzu işlənmişdir. On doqquzuncu yüzildə bu bölgələrdə yüzlərcə müridi olduğu söylənilir. Hamı onu böyük hörmətlə xatırlayıb yad edirlər. Qurban deyən gəlib burada qurbanını kəsir, nəzir verir. Anadoluda da hər şəhərdə, hətta hər kənddə bir təpədə bir türbə və ziyarətgah vardır.

Image result for Mahmud Əfəndi türbəsi qazax

Mahmud Əfəndinin türbəsinin bağçasında oturarkən birdən-birə yaşlı bir qadın şair Akif Səməddən bəhs edir. Həyəcanla yerimdən qalxıb türbənin arxa divarlarına doğru yeriyirəm. Dilimdə Akif Səmədin misraları...

Arıyız güldə balımız

Dərddən əyikdir dalımız

Ayrılıqdan bil halimiz

Yamandır yolcu, duruver.

Haqqın ən sadiq qulları

Açmışlar bizə qolları

Belə gettiyin yolları

Dumandır yolçum, duruver...

Yorğunduq, yolçu idik və sanki onun səsini duyub “duruverdik”. Türbənin arxasında onun məzarını göstərdilər. Başında mütəvazi bir büst... Allah sənə rəhmət eyləsin, ey iyirminci yüzilin dəyəri bilinməyən Yunus Əmrəsi... Necə də gəlib tapdıq səni, gördünmü? Bəlkə də sənin ruhun çəkib gətirdi bizi buralara?! Bir fatihə, bir dua, bir misra sənə hədiyyə etmədən necə gedə bilərdik buralardan?

Hanı Ustad qərib Yunus nə demişdi?

Bir garip ölmüş diyeler

Üç günden sonra duyalar

Soğuk su ile yuyalar

Şöyle garip bencileyin...

Buraların sufi dərvişi Akif Səmədi də ziyarət etdikdən sonra Muğanlı kəndinə gedirik. Burası İsa Muğannanın doğulub böyüdüyü yerlərdir. Onun romanları və hekayələrində bol-bol bəhs olunan dərələri, təpələri, kəndləri maraq və diqqətlə izləyərək geridə qoyuruq. “İlan dərəsi” romanında bəhs olunan boz çöllər buralardımı görəsən? Hər getdiyim yerdə oranın yerli yazıçılarının kitablarından yadımda qalan işarətlər axtarmadan durammıram. Burada da hey yadıma düşən Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna, Vidadi Babanlı kimi ustadlar oldu. Təbiəti də, insanları da özünəməxsus yozumlarıyla bizlərə çatdıran ədəbiyyat deyilmi?!

Bu yollardan keçmişdə tərəkəmə xalq aranla yaylaq arasında köç edib durmuşdular. Hələ də yollarda o köçlərdən qalma izlər var. Kölgəsində dincəlmək üçün əkilmiş qocaman budaqları ilə göyləri tutan ağaclar, sanki üzərində oturmaq üçün qoyulmuş daşlar, sağı-solu sarmış moruq kolları, baş qaldırıb qızaran süpürgə otları, saqqız ağacları... Başı boş buraxılmış incə belli, incə biləkli, qızılı atlar, ağ, qara çoban itləri...

Yol boyu min-bir ətir, min bir rənglə tanış olurduq.

Günəşin getdikcə aşağılara endiyi və qızıllaşdığı axşam çağı Muğanlıya girdik. Muğanlı kəndi sanki yaşıl bir gölün içində qurulubmuş. Yüksək ağaclar, bərəkətli əkinlər, səsləri bir-birinə qarışan qoyun-quzular sanki bizə “xoş gəldin” deyirdilər. Burada evlərin hamısı geniş bağçalı və fərahdır. Çoxu ikiqatlı, taxta balkonlu və təmiz. Bəlli ki, işləyən çalışqan insanlardır. Həyat yoldaşımın dayısı Kəmaləddin bizi gülər üzlə qarşıladı. Quzusunu çoxdan kəsib hazırlayıbmış. Evin qarşısındakı daşlıq meydanı təmizləmiş, sərinlənmək üçün sulamış və qonaqlar üçün hazır hala gətirmişdi. Masaya düzülmüş çeşid-çeşid meyvələr iştahamızı daha da açmışdı. Yan bağçadakı kərənti səsi qulağıma tanış gəlirdi. Atam kərəntiylə buğda biçərkən türkü də oxuyardı...

Kışlalar doldu bugün

Doldu boşaldı bugün.

Gel gardaş görüşelim

Ayrılık oldu bugün.

Atam o yanıqlı səsiylə bu türkünü söylədikcə kərənti səsi mənə saz kimi gəlirdi. Əgər onun türküləri və heç bitməyən həsrəti olmasaydı, məndəki bu Azərbaycan sevgisi bu dərəcədə olardımı? Təbiətə, insanlara olan sevgimi də, Azərbaycana olan bağlılığımı da o zəif, qısa boylu, kosa saqqallı adama və onun türkülərinə borcluyam.

Ayağa qalxdım və qarşı tərəfdəki bağçaya baxdım. Yaşlı, zəif bir adam bağçadakı yüksək alaq otlarını böyük bir hirslə biçirdi. Yaxınlaşdım. Məni görüncə dayandı və cibindən siqaretini çıxardıb yandırdı.

“Xoş gəlibsən!” - dedi.

“Xoş gördüm!” - dedim.

Daha ağzımı açar-açmaz Türkiyədən gəldiyimi başa düşdü. Oğlunun biri Türkiyədəymiş... Türkiyədən danışmağa başlasam, işini-gücünü buraxıb məni dinləyəcəkdi. Mən əkin-biçindən, əməkdən, ana-ata sevgisindən söz açdım. O da dərin-dərin içini çəkdikdən sonra sağa-sola dağılmış övladlarından söz etdi. Qürbət, qəriblik biz türklərin qədəri olmuş. Mayamızı oluşduran torpaqları, bizə can deyən ana-ataları buraxmış, bir təsbeh dənəsi kimi yad ellərə dağılmışıq.

Yeməklər masaya düzülüncə söhbətimiz yarıda qalır. Qulaqları cırmaqlayan atəş böcəklərinin səsi, təpədə adəta bir günəş kimi parıldayan işıqlı ay, keçmişə, dünyasını dəyişənlərə yönəlik, onları ikidə-bir rəhmətlə anılan söhbətlər Muğanlı kəndini mənə daha da sevdirirdi.

Səhərə yaxın yata bilmişdim. Havanın istiliyi dözüləsi deyildi. Səhər mehi əsdikdən sonra gözümə yuxu getdi. O az yuxuda da hey yollarda... Gah at üzərindəyəm, gah araba... Amma durmadan gedirəm.

Ertəsi gün də yollarda olacaqdım. Bir nəxşi dərvişi Veyis baba, alman bir qadından doğulan İslam və poçtalyon Mustafa, almanların yaşadığı qəsəbə və kəndlər ziyarətimə açılacaqdı. Gördüklərimi sizə yazmaq üçün uzun bir yol məni gözləyirdi!

Image result for orxan aras

# 1676 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #