Onu öldürüb, türmədə yatacam – Bircənin Romanı

Onu öldürüb, türmədə yatacam – <span style="color:red;">Bircənin Romanı
20 iyul 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Ertəsi günün günortası Maral ərinməyib Misir əmigilə adladı, kişini qabağına qatıb bizə gətirdi. Olanlardan xəbərsiz Misir əmi hamımızla bir-bir görüşüb Zöhrə xalanın qənşərində stula çökdü. Maral axşamdan özüylə gəzdirdiyi parçanı, paslı metrəni, bir də siyahı yazılan dəftəri Misir əmiyə verib gəlinin otağına sarı səsləndi:

- Bir çölə çıx görək, ay qəhrəman. Deyirsən mən İsfahanda yüz iynə boyu hoppanıram – İsfahan yoxdu, yüz iynə burdadı...

Gəlin onun çağırışına hay vermədi. Maral olanları Misir əmiyə sızdırıb içəri girdi, Nərgizin qolundan tutub darta-darta yanımıza gətirdi. Misir əmi parçanı səbirlə ölçüb, dəftərə yazılanla tutuşdurub gəlinin qabağına qoydu:

- Hələ burda 20 santı yazılandan artıqdı. Ayıb deyil sənə? Niyə Bircəni – heç böyükləri demirəm – körpə uşaqlar, qonum-qonşu, hətta qapının iti də istəyir, amma sən yox? Maralla münasibətinə baxmırsan? Sən də onlardan öyrən, sən də qabına bir şey qoy, qoşul onlara, qayna-qarış. Qoy biri sənə ana olsun, biri bacı olsun. Ay qızım, vallah belə yaşamaq olmaz.

Nərgiz hamımızı nifrətlə süzüb kişinin düz üzünə qayıtdı:

- Mənim anam da var, bacım da. Bunlara kor qızımı da umud olmaram. Belə istədiyim odu ki, hamı cəhənnəm olsun evimdən!

Maral gördü ki, gəlinlə dilləşsə Misir əminin abrı-həyası töküləcək:

- Əmi, dur gedək bizdə bir çay içək, - dedi, - istədiyim oydu ki, özün gəlib bu sürtüyün yalanını tutasan.

Misir əmi pilləkəni düşə-düşə dedi:

- Mən özüm xəbər göndərəcəm Bircənin atasına, gəlib uşağını aparsın. Bu xaraba olsun, bir də sən ol. Sənin kimi itə axı biz sümüyümüzü niyə caladıq...

Onlar gedən kimi Nərgiz dabanını qaldırıb meydan suladı, üstümə cumub məni söyməyə başladı. Nə deyirdisə dillənmirdim, fit çala-çala evləri fırlanırdım. Susmağım gəlini dağlayırdı, arada onun söyüşlərinə Zöhrə xala özü cavab verirdi. Xatadan sovuşmaq üçün irəli durdum ki, arvadın qolundan tutub həyətə düşürüm, bəlkə gəlin də səsini kəsə. Onda gördüm Nərgiz aramıza girib Zöhrə xalaya sarı çöndü:

- Əziz-xələf gəlinin işini bişirib, bu gün-sabah elə sənin yanındanca ərə gedər, qalarsız yana-yana.

Elə bildim boğazıma qaynar qurğuşun tökdülər, içimə ağır bir şey düşdü. Zöhrə xala:

- Ay bala, Allahı arada gör, - dedi, - bir tikə çörəyimizi zəhər eləmə.

- Zəhər niyə eləyirəm! Gəlinindən soruş gör Muncuğu (Əlinin anası aldığı inəyi deyirdi) kimə satdı, kəndin ortasında kimlə ağız-ağıza verib saatlarla danışırdı? Qardaşlarım hamısını öyrəniblər.

Zöhrə xala əlimdən çıxıb gəlinin üstünə qıcandı:

- Qardaşlarının hamısı bir əlcəyə yuyulsun, əl çək bizdən!

Sonra mənə sarı qayıdıb sual, şübhə dolu gözlərini üzümə zillədi: yəni bu dəqiqə sübuta yetir ki, gəlin yalan danışır.

Məqsədinə çatdığını görən Nərgiz gözümüzün içinə baxa-baxa qabağımızda oynayırdı, pəhləvanlar kimi gəşt eləyirdi:

- Köhnə nişanlısı dağıdıb ey ailəsini, gəlininə elçi düşüb. Biz axmaq-zadıq, guya inək almağa gəlmişdilər bu qapıya?..

Daha bundan sonra heç nə eşitmədim, gəlinin ilan quyruğu kimi oynayan təvərə dodaqlarından başqa heç nə görmədim. Bir səs içimdən beynimə, boğazıma, üzümə qaynar qan təki vururdu: “Öldür bunu!”

Zöhrə xalanı buraxıb əllərimi bu məxluqun saçlarına yeritdim, onu dartıb arvadın çarpayısına yıxdım, harasına gəldi vurmağa, hərdən də boğazını caynağıma keçirib boğmağa başladım. Yumruqları onun cəmdəyinə döşədikcə hiss eləyirdim ki, ağzım qanla dolub. Kimsə məni arxadan məngənə kimi sıxanda ağzımdakı qanı gəlinin sifətinə püskürdüm.

Yenə Maral idi:

- Bircə, Bircə, aaz, dəlisən, aaz, neylirsən? Aaz, balan var, amandı, qardaşların yazıqdı!..

Maral məni çarpayıya yıxıb sinəmə çökdü, əlinin, üzünün qanına baxıb qışqıran gəlinə dedi:

- Ay günün qara gəlsin, sənə heç nə olmayıb, qorxma, bu yazığın qanı tökülüb üstünə. Dur cəhənnəm ol burdan, itil gözümüzdən!

Səsim-ünüm bəlkə də bütün kəndə yayılmışdı. Burnumdan qan fışqıra-fışqıra ağlayırdım, çığırırdım, bağırırdım, ulayırdım:

- Alma o qancığı əlimdən, canımdan bezdirib məni, öldürəcəm onu, gedib türmədə yatacam!

Maral məni buraxmadıqca onun da saçını yolurdum, xalatını cırırdım. O yazıq da elə hey mənim alışan canıma su səpməyə çalışırdı:

- Bircə, qadan alım, eldən ayıbdı, başına dönüm, sakitləş.

Maral Zöhrə xalayla köməkli məni az qala sürüyə-sürüyə arxın adlamacına gətirəndə Nərgiz əl-üzünü yuyub qapıdan güllə kimi çıxdı. Qovağın altı adamla doluydu. Həm xəcalətimdən, həm də hikkəmdən danışa bilmirdim, düşünürdüm dilim bir də söz tutmayacaq...

***

O gecə səhərəcən aranla dağ arasında min yol get-gəl elədim, haqqın sınıq tərəzisini min yol sağa-sola əydim, nəhayət, dan üzü Nərgizlə anasına haqq qazandırdım. Axı mən burda nə vaxta kimi oturacaqdım? Oturub kimin yolunu gözləyəsiydim? Burdakı qazancım da qazan doldurası deyildi. Daha betər işdəklər baş verməmiş süpürülməliydim burdan.

Nənəm tez-tez deyərdi: “Bir damcı balla çox milçək öldürmək olar, amma bir damcı zəhərlə bir-iki həşərat məhv eləyə bilərsən”. İndi mənim bir damcı yox, bir ovuc balım da zəhər dadırdı. Çiçəyin yerini dəyişəndə öldüyü də olur, qaldığı da. Artıq mən riskə gedib yerimi dəyişməliydim – bu dəyişmədə ya öləcəkdim, ya da şaxələnib yerə-göyə qol-budaq atacaqdım.

O gecə qərarımı verdim: bizlərdən kim dalımca gəlsə ona da qoşulub gedəsiydim.

Qərara gələndən sonra oturub Mahmud əmiyə, Eminə sitəm dolu bir məktub yazdım, ömrümün ən işıqlı çağı köçdüyüm bu evdə onlardan sonra başıma gələnləri onların ruhuna nağıl eləyib içimdə yol tədarükü görməyə başladım.

***

Səhəri günortaya yaxın baldızım Nərgizi qoltuğuna vurub evə qaytardı. Qapıda becərdiyim beçələrdən ikisini kəsib çığırtma eləmişdim, qovağın dibində günorta süfrəsi hazırlayırdım. Bəsti əlindəki torbadan başı üzülmüş bir cüt kök çolpa çıxarıb pilləkənə atdı:

- Bircə, o samovarın suyunu tök bunları pörşələ.

Ona təəccüblə baxıb soruşdum:

- Həyət-baca doludu, bunları nəyə gətirmisən?

- Biz də axşama kimi burdayıq, onları da təmizlə qovur.

Baldızımın arada-bərədə belə pay gətirməyi olurdu. Çolpaları iri ləyənə atıb ayaqlarını kəsdim, Mahmud əminin anasının cehiz gətirdiyi sarı samovarın qaynar suyunu ləyənə boşaldıb yerinə təmiz su tökdüm. Çolpanın birini yolmağa başlayanda baldızımın böyük qızı Cəmilə uşaqlarla qurduğum evciyi bulğanıb yanıma gəldi, gülə-gülə:

- Bibi, bunlar Zəri nənəmin çolpalarıdı ey, - dedi, - görürsən necə kökdü.

Sonra qız mənə bir az da yaxınlaşıb qarşımdakı ləyənin üstünə əyildi:

- Bibi, sənə bir söz deyim, amma heç kim bilməsin.

Mən də uşağa sarı əyilib:

- Qorxulu sözdüsə demə, - dedim.

- Sənə qorxulu deyil ey, anamla Sevda bibimə (baldızımın eltisiydi) qorxuludu.

- Onda saxla özündə, - deyib əlimdəki cücəni pülüşükdən çıxardım.

İkinci çolpanı isti suyla dolu ləyəndən götürəndə qız mənə bir az da yaxınlaşıb qulağıma pıçıldadı:

- Bibi, bu çolpaları Sevda bibimlə anam nənəm bazara gedəndə oğurlayıblar. Axı nənəm cücələrini saya bilmir...

Baldızımın qaynanası kimsəylə işi olmayan sakit, fağır bir qarıydı. Gəlinlərinin heç birindən fərli qulluq görməmişdi, üç gəlinin üçü də toydan bir ay sonra ayrılıb hərəsi otağın birinə çəkilmişdi, mətbəxdə hərə özünə ayrıca yemək bişirirdi, heç biri də bişirdiyindən arvada pay çəkmirdi. Hələ üstəlik mənim qaynanam da o yazığa gün-dirrik verməmişdi. İndi uşaqdan eşitdiyim söz məndən ötrü göydəndüşmə olmuşdu.

Əlimdəki yarısı yoluq çolpanı ləyənə atıb pillələri cüt-cüt dırmandım. Baldızım qaynanamla xosunlaşırdı. Üzümü Bəstiyə tuşudub təntənəli surətdə dedim:

- Çaqqal-çuqqala qoşulub məni oğru tutursan, utanmırsan qaynananın toyuqlarını oğurlayıb bizə gətirirsən? Niyə bizə haram tikə yedizdirirsən?

Bəsti anasıyla baxışıb dilləndi:

- Onu sənə deyən qələt eləyir.

Mən də geri durmadım:

- Sənin qapında bir gəzərin yoxdu, hər həftə dörd-beş çolpanı hardan alıb bizə gətirirsən? Mən oğurluq çolpa yolası deyiləm, düş gəl özün təmizlə.

Təmizlənmişi masanın üstündə, alapörşəyi ləyəndə qoyub özümü verdim Maralın xeyməngahına, eşitdiklərimi ona danışdım. Maral ürəkdən gülüb dedi:

- Görmürdünmü qaynanan qızının gətirdiyi bayram payını zənbildən çıxartmağa qoymurdu, indi xeyir ola əmlik boyda çolpaları daşıyır sizə? Acığa mən də gedib bunları Zəriyə xəbərləyəcəm.

Arada mənə də sataşdı:

- Hökümət bilsə səni də aparacaqlar, təmizləyib bişirib sən də onlarla bərabər yemisən.

Danışığımızı eşidən Bəhruz qayıdasan ki:

- Maral, ölənlərimizin goru haqqı məni də tutacaqlar, o cücələrin ətindən bibim mənə də verib...

***

Yunus günorta yeməyinə gələndə Cavidi də götürüb evə qayıtdım. Baldızım çolpaları təmizləmişdi, qovağın dibində oturub çay içirdilər. Zöhrə xala məni görcək mülayim səslə başladı:

- Üzü doğransın Cəmilənin, sənə yalan deyib ey, bunları Bəsti qonşuları Fitat arvaddan alıb.

- Alıb, aparsın evində yesin, bizə niyə gətirir? Qapımıza bax, gör ondan neçəsi var bizdə.

Söz ağzımdan çıxmamış baldızım dəyirman xoruzu kimi mənlə dimdik-dimdiyə durdu:

- Sən məni oğru tutursan, hələ bir de görək qızılları neyləmisən?

Duruxdum, kəkələdim:

- Hansı qızılları?

- Özünü tülkülüyə qoyma, bilmirsən hansı qızılları deyirəm? Toyda sənə verdiklərimizi.

- Booy, mən də deyirəm sən hər gəlib gedəndən sonra otağım niyə xaşıla dönür. O qızıllarla sənin nə işin, onlar mənimkidi, mən bilərəm neylərəm. Yerə basdırmışam ki, namərd əlinə keçməsin.

Ona mövzunu dəyişmək imkanı verməklə xamlıq eləmişdim, bunu başa düşən kimi bayaqkı söhbətə qayıtdım:

- Sən arabir utanıb qızara bilsən yaxşı olar. Qaynananın zülümlə saxladığı cücələri oğurlayıb bizə gətirmə, halal süfrəmizi murdarlama, apar öz evində bişir ye.

Zöhrə xala gördü belə getsə bu söz-söhbət böyüyəcək, araya girdi:

- Ay bala, ay Bircə, inanma uşaq sözünə, elə şey yoxdu, kiri, əri bilsə biyabır olarıq.

Şərtimi iti bıçaq kimi ortaya atdım:

- Bilərziyimi verməsə hamıya deyəcəm.

Baldızım yenə gəvgən dişlərini şaqqıldatdı:

- Dədəndən bilərzik qalıb? Ölsən də verməyəcəm.

- Hünərin vardı atanın sağlığında alaydın. Tülkü-tülkü marığa yatdın, kişi başını yerə qoyan kimi toy bəhanəsiylə cilbitdin.

Maralın gəlişi ana-balanın hovundan-hikkəsindən bir az aldı. Sirr deyil ki, Maraldan baldızım da silirdi. Eltim bu səfər onları buraxıb düşdü mənim üstümə:

- Aaz, sən niyə ölmürsən! Ay ellər, ay obalar, mən neylədim bu qızın öhdəsindən gələ bilmədim. Aaz, ay maymaq, heç beləsinə də bilərzik verərlər? O bilərziyin ondan da yaxşısını Mahmud əmi mənə verib, di alsınlar görüm necə alırlar! Getdi o bilərzik, daha gözünü çək ondan. Bunlar ana-bala ölmüş eşşəyin nalını sökürlər. Havayı yerə demirəm ha bunlar yiyəsini yıxmış atdılar.

Zöhrə xala Maralı axıracan dinləyib dediyini dedi:

- Yenə qızımın daşı düşməsin təpənizə, qızım heç kimin dədəsinin malını oğurlamayıb.

Maral arvadın lap çənəsinin altına yeridi:

- Amma yazıq Zərinin çolpalarını oğurlayıb sən anasıyla yeyib.

Bəsti cınqırını çıxarmadı, altındakı döşəkçəni götürüb özünü arxa otaqlara verdi. Maral gedəndən sonra qaynanam məni dilə tutmağa başladı:

- Aman günüdü, bu sözü böyüdüb ağızlara salmayın, onun baldızları, əri xəbər tutsa gərək ölümüzü qoyub dirimizi ağlayaq.

- Zöhrə xala, sənin qızın neyləyir özü bilər, - dedim. – Bəs niyə mənim qonşuya verdiyim bir qaşıq qatıq mayasını, bir çörək üzlüyünü oğurluq bilib atama-qardaşlarıma car çəkir, Nərgizə qoşulub məni parça oğrusu tutur? İndi gördün oğru nə təhər olur?

Qaynanamla baldızım qarşımda alaqolay hala düşmüşdülər. Ayrı vaxt burnunu hər yerə soxan baldızımın indi içində quzusu ölmüşdü, bilirdi bu həkət ərinin qulağına çatsa dəhnəsini sel aparacaq.

***

Onları ana-bala baş-başa qoyub Cavidi evin sərininə apardım. Gözüm Səməndərin yolunda qalmışdı – fikrim qətiydi, gedəcəkdim buralardan. Cavid enli çarpayının üstündə oynayır, mən əlimə gələndən zənbillərə qabğarırdım.

Bizim otağın qapısı nə qədər ehmal açılsa yenə cırıldayırdı. Azca aralanmış qapının ardından marıtlayan Bəhruzun bir cüt qapqara şirin gözlərini görəndə elə bildim göydən üstümə nur yağdı. Mən də onun boyu bərabəri əyilib qapının arasından ona baxdım:

- Canım-gözüm, həyatım, niyə oğru pişik kimi durmusan orda?

- Bibi, atam deyir qayçısını da götürüb düşsün aşağı, başımı qırxsın.

Cavidi Bəhruza tapşırıb, qayçı-darağımı götürüb həyətə endim. Qaynım qovağın dibində məni gözləyirdi. Yunus bacısını nadir hallarda, anasını da vacib olandan-olana dindirərdi, buna görə onlara tərəf heç baxmırdı da. Anasıyla bacısı da zəhər yağan acı sir-sifətindən ehtiyatlanıb ona açıq süfrədən heç nə təklif eləyə bilmirdilər.

Balaca kətili qaynıma uzadıb dedim:

- İrəli otur bir çay iç, bir loxma çörək kəs.

Yunusun hövsələsi daralmışdı:

- Yox, tələsirəm, - dedi, - sən elə mənim başımdan bu murdar tükü qaşı, gedirəm çiməm.

Kətili süfrədən bir az aralı qovağın kölgəsinə qoyub əlimdəki ağı Yunusun boynuna tutdum, onun qalın qart saçlarını isti suyla isladıb sabunladım. Elə bilirdim işim həmişəki kimi qayçılıq olacaq, ancaq bu dəfə Yunus başını keçəl qırxmağımı istəyirdi.

Mahmud əmidən qalma ülgücü gətirib qaynımın sabunlu başının parasını kələm kimi ağartmışdım ki, Cavidlə Bəhruz özlərini pilləkəndən uçurlayıb üzü Maralgilə qaçdılar. Dondurmasatanın qırmızı motorollerini doqqazın ağzında görəndə uşaqların qəfil qaçışının səbəbini anladım. Maral əlində şirli ləyən uşaqları başına yığıb darvazaya sarı gedəndə Yunus əlimin altında qurcuxmağa başladı:

- Gəlin, hələ çox var?

Onun başının tüklü yerinə təzə sabun çəkə-çəkə:

- Lap az qalıb, - dedim, - bir balaca səbr eləyin.

Yunus elə oturulu əlini cibinə atdı:

- Nə təhər səbr eləyim ey, allahsızın qızı cibimi sıyırıb dondurmasatana verdi.

İşimi tələsik bitirib Yunusun başını yaş dəsmalla sildim. Zöhrə xala dözməyib açıldı:

- Niyə canınız çıxır, gedib dəlləyə başınızı vurdurmursuz? Odey, iki dəlləyin pulunu arvadın verdi qarın poxuna, küçüklərini də yığdı başına.

Mən əllərimi yuyub Marala sarı gedəndə Yunus söyə-söyə maşını işə salırdı:

- Donuz qızı donuz, buna görə canıyananlıq eləyib məni gəlinin üstünə göndərirdin?

Maral ərinə tərəf baxmadan məni səslədi:

- Əmiqızı, tez gəl, əridi, irəli dur sən də ye.

Yunus başını pəncərədən çıxarıb Marala sarı bir dəfə “tfuu” elədi, sonra maşına hikkəylə qaz verib həyətdən çıxdı. Maralın tükü də tərpənmədi, tozanaq qoparan maşının dalınca gözlərini süzdürüb mənə sarı çöndü:

- Bax kişini indi əsil mən istəyən şəklə salmısan, ona görə sənə ikisini verəcəm, - deyib bir cüt dondurmanı mənə uzatdı.

Uşaqlara qoşulub şadlanan Cavidə baxdıqca qalan ömrümü Maralın dizinin dibində fələyin badına vermək keçirdi ürəyimdən. Ağız-burnu, əlləri, yaxası şirəli südə bulaşmış uşaqlar o anda mənə təbərrük kimi görünürdülər. Bu mənzərəyə bir ömür baxsam doydum deməzdim.

Üzü açıq qalmış doqqaza oturan Maralın gözləri birdən işıqlandı:

- Ay Bircə, bir bax gör nə gözəl qonağımız gəlir!

Darvazaya sarı dönüb baxanda məni ağlamaq tutdu: şaxıyan günün altında alnından tər süzə-süzə, balet oyunçusu kimi barmaqlarının ucunda yeriyə-yeriyə Səməndər bizə sarı gəlirdi...

ardı var

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #