Bircə təsəllisi vardı ki, bakirəliyini itirməyib...

Bircə təsəllisi vardı ki, bakirəliyini itirməyib...
16 iyul 2018
# 11:17

Keçən dəfə izlədiyim əcnəbi bir filmin təsirindən xeyli vaxt çıxa bilmədim. Filmin qəhrəmanı istedadlı piano müəlliməsidir, onun dərsinə düşə bilmək üçün yeniyetmələr növbəyə dururlar. Heç kimin ağlına da gəlmir ki, qürurlu, ciddi, özündənrazı bu qadın cinsi ehtiyaclardan əziyyət çəkir. Bu ehtiyaclar onu nələrə sövq etmir ki? O, özünə gizli-gizli kiçik xəsarətlər yetirir, ona meyl edən kişilərə qarşı aqressiv davranır. Yeganə yaxın adamı - anasıdır. Anası hökmlü bir qadındır və çox güman ki, piano müəlliməsinin faciəsində günahkar olan da odur.

Bu filmi izləyərkən öz qızlarımızı xatırladım. Kişilərlə arasında baryer yaratmaq film qəhrəmanının müəyyən qədər öz seçimidir, bizim qızların əksəriyyətinin isə seçim etməyə ixtiyarı yoxdur, bu cür münasibətlərə toplum qərar verir.

Təsəvvür edin ki, mental dəyərlərə üstünlük verən ailədə tərbiyə alan qız öz bakirəliyini bütün həyatı boyu çiyinlərində daşımalıdır. Çünki bakirəliyin yükü ağırdır. Liftə yad adamla birgə minmirsən ki, amandır, manyak çıxar, təcavüz edər. Təkbaşına taksiyə oturmursan ki, birdən sürücünün meyli qonar. Qaş qaralanda evdən bayıra buraxmırlar ki, qız uşağısan, avaraya-filan rast gələrsən. “Qız uşağı” adı altında bakirəlik nəzərdə tutulur. Yəni özün cəhənnəm, bakirəliyinə xələl gələr. Bir sözlə, bakirəlik qız uşağını təqib edir.

Bir tanış qız danışırdı ki, sevgilimdən ayrılandan sonra fikir edirdim, amma bir təsəllim vardı ki, bakirəliyimi itirməmişəm. Onu itirsəydim, necə olardı?

Qız danışır ki, həmin vaxtdan sonra yuxum qarışırdı, görürdüm ki, bakirəliyimi itirirəm, kabus görmüş kimi yuxudan oyanırdım.

Bakirəliyi itirmək milli düşüncəmizdə kabusa bənzəyir. Hər şey getsin, bircə bakirəlik əldən getməsin.

Bakirəliyi nəyin bahasına olur-olsun qorumaq hissi psixoloji qorxulara gətirib çıxarır. Gənc qız normal ünsiyyətdə ola bilmir, hər dəqiqə bu təhlükəylə qarşılaşacağını gözləyir. Bir çox ayrılıqlar bu səbəbdən baş verir.

Psixoloji gərginlik yaşayan qız toy gecəsi də bakirəliklə çətinliklə vidalaşır. Zifaf gecəsi qovuşmaq kimi deyil, ağrı-acılı bir gün kimi yaddaşında qalır.

Tanış bir qız 30 yaşına kimi heç oğlanla ünsiyyət qurmamışdı. Ən gözəl illəri tənhalıqda keçmişdi. Qorxurdu ki, biriylə görüşər, əli əlinə dəyər, söz çıxar, bu oğlan da onu almasa evdə qarıyıb qalar. Qardaşları da ona ağır oturub, batman gəlməyi tövsiyə edirdilər. Gözəl-göyçək bu qız əl-ələ tutub gəzən sevgililərə həsrətlə baxırdı, özünü oğlanın sevdiyi qızın yerində təsəvvür edirdi. Yəni sevib-sevilməyi bu qıza yasaq etmişdilər.

Nəhayət qıza qohumlar elçi çıxdı. Xoşbəxtlikdən qız və oğlan bir-birlərini bəyənib ailə qurdular. Əgər qohumlar biganə olsaydı, bu qız hər qarşısına çıxanı potensial təhlükə bilib “yox” deyə-deyə həyatını tükətəcəkdi.

Sosial şəbəkələrdə oğlanların zarafatla yazdıqlarında bir həqiqət payı var: “Yaxşı ki, hər qızın xalaoğlusu, ya dayıoğlusu var”. Yəni “dar macalda” qohumlar gənc qızı evdə qalmaq təhlükəsindən qurtarır.

Bizim qızlar öz həyatlarına kənardan seyrçi olurlar, necə ssenari yazılırsa, o ssenariyə uyğun həyatlarını yaşayırlar. Amma bəzən həddindən artıq gec olur.

Yaşı 30-u keçmiş başqa bir qızın bəzi problemləri vardı. Həkimə müraciət edəndə ilk sualı “niyə ailə qurmamısınız?” olub. Hər bir insanın qarşı cinsə ehtiyacı var. Cinsəl ehtiyaclar da yemək, içmək kimidir. Vaxtında bu ehtiyaclar ödənməyəndə qarşısıalınmaz problemlər ortaya çıxır.

Məlum olur ki, cinsəl ehtiyacları ödənməyən, səbrlə oturub bəxtinin açılacağını gözləyən qızın orqanizmində xəstəliklər baş qaldırıb. Qız əməliyyat olunur, amma ona tövsiyə edilir ki, ana olmağa cəhd etməsin, çünki bu onun həyatı bahasına başa gələ bilər.

Mental dəyərlərə, ənənələrə sayğı gənc qıza belə baha başa gəlib. Ana olmaq həzzindən məhrum olub. Belə nümunələr bir, iki deyil, yüzlərlədir.

Sonralar intihar etmiş psixoloq bir dəfə dedi ki, nikahdan əvvəl birlikdə yaşamağın qəbahət olduğu ölkədə qızların durumuna ağlamaq lazımdır. Belə çıxır, ərə gedə bilməyən qız ömürlük qadın olduğunu unutmalıdır. Bəlkə də psixoloqun intiharının bir səbəbi də elə bu toplumsal dəyərlər idi.

Maraqlıdır ki, ətrafdakılar ailə qurmamış 40-50 yaşlı qadını da “qız uşağı” kimi davranmağa məcbur edirlər. Toplumun fikrincə, yaşından asılı olmayaraq, ərə getməmiş qadın “qız uşağı” olmaq zorundadır. Toplumun nəzərində hətta ərə getməmiş orta yaşlı qadının da şəxsi həyatı ola bilməz. Madam bəxti açılmayıb, bakirəliyini hifz edib həyatına davam etsin. Onunku da belə gətirib. Belə qadınların yanında deyilən “Qız uşağıdır, onun yanında belə şeylər danışmayın”, - sözlərinin özüm şahidi olmuşam. Doğrudan da gülünc məsələdir.

Bakirəliyin qeydinə elə qızlar qalır. Çünki əksər oğlanlar qızlara əyləncə kimi baxır, qadağan olunmuş zonada özünü istədiyi kimi aparır. Ancaq özü alacağı qıza qəddar şərtlər qoyur: “Əgər bakirə olmasan, özünü ölmüş bil” və s.

Qızın bakirəliyinə hörmətlə yanaşan oğlanlar da var. Onların münasibəti də “faciəvidir”. Bu oğlanlar sevdiklərinin gözü qarşısında dul qadınlarla əylənirlər. Gənc qızın ittihamlarına isə belə cavab verirlər: “Sən evlənəcəyim qızsan. O isə gəlindir. Səninlə evlənənə qədər onunla gün keçirirəm. Sən bakirə olduğun üçün səninlə bu cür münasibət qura bilmərəm. Ona görə normal qəbul et”. Maraqlıdır ki, belə münasibəti normal qəbul edənlər də var.

Belə münasibətlər hansı xoş gələcək vəd edir? Və kimdir günahkar?

# 3109 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #