Korlar və maşınlar

Korlar və maşınlar
20 iyun 2018
# 15:56

Məlik Rza

Ətrafındakı ayaq səslərinin azalması ona axşamın düşdüyünü xəbər verəndə cibləri bəs qədər dolmuşdu və oturmaqdan yanları ağrıyırdı. Ovucları səhərdən qəpik yığıb ciblərinə ötürməkdən yorulmuşdu. Əllərini dizlərindən sallayıb dincə verir, astadan fit çalırdı. Birdən qalxmaq istədi, lakin həvəsi gəlmədi. Tezcə evinin rahatlığını, yatağının yumşaqlığını düşündü. Əsanı yerə dirəyib dikəldi. İllərdir əsanın əzbərlədiyi yolu keçib köşkün önündə dayananda yol kənarındakı maşından yüksələn bayağı musiqi yan-yörəsini bürümüşdü. Boş qalan əliylə cibindən qəpik çıxardıb içəri uzatdı. Siqaret alıb tüstüləməyə başladı. O nə havaya vurduğu tüstünü, nə də ki tüstülərin yaratdığı yöndəmsiz fiqurları görə bilmədi. Təzədən əlini əsasına söykəyəndə hava ağıllı-başlı qaralmışdı. O isə, yavaş-yavaş metronun girişinə irəliləyir, sıxlıq içindən itib-batır, uzaqlaşırdı.

Ovucları ağır rejimdə işləyirdi. Min cür qəpik qəbul edir, yalnız tıxa-basa dolub ağırlaşanda onları cibinə boşaltmaq eyninə gəlirdi. Kor gözləri və əsalı əlləri onun şikəstliyini əyani sübut edir, insanlar ona inanır, buna görə də, əllərini səxavətlə ovuclarına uzadıb qəpik tolazlayırdılar. Kor isə, insanları görmürdü. Bilmirdi ki, ovuclarına qəpik atanlardan biri tələbələri kəsib-doğramaqdan pul qazanır, digəri kiçik mağaza işlədir və dünən iki-üç nəfərə qalıqda kələk gəlib. O elə pul qəbul edir, başını razılıqla yelləyir, susur, digərləri kimi dualarla heç kəsə xoşbəxtlik arzulamır, camaatın baş-beynini dəng eləmirdi.

Qatarın gəlişini xəbər verən sərt külək üzünə şillə kimi dəyəndə saat on olardı. Qatar yavaşladıqca, külək də sakitləşir, üz-gözünə sığal çəkirdi. Vaqonun qapısı açılan kimi içəri təpildi. Hər iki ovcunu yuxarı qaldırıb vaqonun boş hissələrində gəzinir, müvazinətini itirib küləkli havadakı bayraq kimi sağa-sola yellənib insanlara tutunurdu. Stansiyalar biri-birini əvəzlədikcə sıxlıq artır, ovuclarının tutduğu boş sahə azalırdı. İnsanlar onun qara eynəyinə ümidsizcə baxıb ovuclarını, ovucları bədənlərə sıxılıb itəndə isə, ciblərinə pul basırdılar. Sıxlıq içəri presləndikcə hərarət artırdı. Korun alnından muncuq-muncuq tər axıb dodaqlarına qədər sürüşür, acı tam dilində əriyirdi.

Ovuclarına daha çox satıcıların və sürücülərin iti gözlərindən sivişib keçməyən, dayanacaqdakı və metrodakı aparatların həzm edə bilməyib qaytardığı sürtülmüş qəpiklər soxuşdurulurdu. Mağazaya girib ərzaq almaq istəyəndə yaşadığı uzaq məhəllədəki dükan sahibi ağzını büzüb qəpikləri ona geri qaytarır, yalnız abırlı qəpik-quruşları ciblərindən seçib götürdükdən sonra biş-düş üçün aldığı şeyləri aparmağa icazə verirdi.

Metronun çıxışından evinə piyada gedirdi. Son aylarda tez-tez öskürür, ağzından çıxan mayeni görmür, qan qusacağından qorxurdu. Televiziya sağlamlıq üçün yerimək məsləhət gördüyü gündən hər axşam ayaqseyrinə çıxırdı. Həm də ki, yeridikcə acır, iştahası açılırdı. Bir qədər də tələsirdi, çünki məhəlləsindəki yeganə mağaza gün bitməmiş bağlanır, bəzi gecələr onu ac qoyurdu.

Ovuclarına təmiz qəpiklər atıldığı bayram günlərində əllərinin içi yenicə yağıb palçığa çevrilməyə macal tapmamış qar kimi ağarır, lap uşaq əli kimi yumşalırdı. Elə günlərdə, məhəllədəki dükan sahibi də səxavətli olur, ən yaxşı kolbasadan kəsir, tərəzidə ən yaxşı şirniyyatlardan çəkir, kefli vaxtına düşsə, barmaqlarıyla pendirdən bir parça qoparıb korun ağzına da dürtürdü. Kor bayram günlərini sevirdi. Qəpiklərin təmizliyindən yumşalmış əlini üz-gözünə yatıranda, sanki bir qadın əlinin başını tumarladığını, saqqalının içində itib-batmış və qartımış dərisinə sığal çəkdiyini düşünür, qollarını balış əvəzi başının altına yığıb şirin-şirin yatırdı. Qalan günlərdə isə, ovucları və günləri də, gözləri kimi qara keçirdi.

Anadan gəlmə kor idi. Buna görə də, doğulanda gözünü dünyaya aça bilmədi və ağlamadı. Əvvəlcə düşündülər ki, ölüb, amma sonradan həkim qulağını onun üzünə yaxınlaşdırıb başını əminliklə yellədikdə, anasının gərilmiş üzünə gülüş qondu. Dil açdığı ilk günlərdə təsvirlərin adını, rəngini, insanların üz quruluşunun necə olduğunu öyrənə bilmədi, çünki valideynləri yol qəzasında canlarını tapşırmışdı. Ağacların yaşıl olduğunu, dənizdəki sahilə çırpılıb səs çıxaran mavinin dalğa olduğunu ona yetimxanadakı baxıcı öyrətdi. Baxıcı ona yalnız gözəlliklərin rəngini, formasını, təsvirlərini öyrətdi. Korun qulaqlarını hər cür ölümlərdən, müharibələrdən, bədəni didib-parçalayan xəstəliklərdən uzaq tutdu. Ona hər səhər şirinçay içirdi və dedi ki, yer üzündəki hər şeyin dadı şirindir.

Mağazanın lövhəsindəki hərflər sürətlə yanıb-sönürdü. Bürkü havanı tutmuşdu. Kandardan içəri girəndə kənardakı boş qutulardan birinə ilişib səndirlədi. Satıcıynan hal-əhval tutdu, havadan-sudan danışdı, uzun müddət çənə döydü. Ən yaxşı kolbasadan 300 qram çəkdirdi, yarım litrlik düşeş və qayış kimi zavod çörəyi aldı. Piştaxtada qəpikləri manata çevirdikdən sonra da, uzun müddət satıcını dinlədi. Satıcı mağaza sahibindən, maaşının azlığından, havanın istiliyindən şikayətlənirdi. Kor beynində yaşamının uzaq nöqtələrindən birinə səfərə çıxmışdı, artıq satıcını eşitmirdi. İlk dəfə eşitdiyi səsi xatırlayırdı, divarın o başında döyülən qadının yalvarışlarını, kişinin içkidən və siqaretdən batmış səsinin söyüşlü xırıltısını, ev əşyalarının divara atılıb sındırılmasından yaranan boğuq titrəyişləri və əlbəttə ki öz ürəyinin çırpıntılarını. Satıcının ağzı isə yorulmadan işləyirdi. Korun qulağına səs getmir, çırpıntılardan, titrəyişlərdən və yalvarışlardan başqa heç nə eşidə bilmirdi. Sonra isə, kor bir bağırtı eşitdi. Bu bağırtı hafizəsinin tozlu nöqtələrindən yox, indiki zamanın özündən gəlirdi:

- İşlər necə gedir?

- Nə?

- Deyirəm ki, işlər necə gedir?

- Yaxşıdır, yaxşıdır, qarnım doyur, boş qalmır.

Kor on səkkiz yaşı olanda müstəqil yaşamağa başladı. Aclıq gördü, küçələrdə yatdı, içkilər içdi və ağzı ilk dəfə acı tam daddı. Bütün qapılar onun üzünə çırpıldı. Kiməsə bilmədən toxunanda söyüşlər eşitdi, bir dəfə küçədə döyülüb çətinliklə qazandığı bütün pullarını itirdi. Gecələri eşitdiyi səslərdən, qışqırıqlardan, yalvarışlardan və günortaları yemək yediyi ucuz kafelərin köhnə televizorlarından ölümləri, müharibələri, oğurluqları və pisliyin geniş çərçivəsini öyrəndi. İyirmi bir yaşında ilk dəfə ovuclarını insanlara açdı, iyirmi üç yaşında, oturduğu binanın digər tərəfindəki dilənçi qadının dualar yağdıran səsinə aşiq oldu, sevgini öyrəndi. Günlər keçdikcə ona daha da yaxınlaşdı, ilk dəfə danışanda həyəcandan əlləri titrədi və qəpikləri yerə töküldü. Qəpiklərini maşın pəncərələrini silən kirli uşaqlar yığıb qaçdılar. Öyrəndi ki, qadın da kordur və hər dəfə qadın az qazandığından şikayətlənəndə ovuclarından ovuclarına qəpiklər atdı. İyirmi dörd yaşında, diləndiyi binanın arxasındakı iş yoldaşlarını tanıdı, hamısının kor olduğunu öyrənəndə təəccübləndi. İyirmi beş yaşında şəhərdə maşınlar çoxaldı, yollar genişlənməyə, səkilər daralmağa başladı. Daralan səkilərdən birində, korun iyirmi altı yaşı tamam olanda, dostları onu təbrik etmək üçün sıralandığı bir vaxtda, dilənçi qadını maşın əzdi, kor qulaqlarıyla qadının qışqırıqlarını, iniltilərini eşitdi və bu gün də, gecənin ortasında yarıyuxulu vəziyyətdə, bəzən həmin yalvarışları, səs-küyü eşidir. Korun otuz yaşı olandan səkilər azaldı, dostlarının bir çoxunu maşınlar əzdi, bəziləri öldü, bəziləri dilənçiliyin daşını atıb dövlətə sığındı. Kor isə, elə öz yerində oturdu. Payızın işıqlı, ağacların hələ yarpaqlarını yerə tökmədiyi bir günündə, korun qulaqlarının eşitmədiyi və keçmişin səsləri ilə məşğul olduğu bir günündə, ayaqlarından birinin üstündən maşın keçdi. Bu hadisə şəhərin ən uzaq, kimsəsiz küçələrindən birində baş verdi. Kor gecəni həmin küçədə yatdı, yalnız səhər, bir neçə nəfər onu içkili hesab edib uzaqlaşdıqdan sonra, bir insanın qulaqları onun iniltilərini eşitdi, xəstəxanada əzilmiş, qanqren olmuş ayağını kəsdilər. O gündən bu yana kor darısqal küçələrdən uzaq düşüb və ən geniş səkilərdən birini seçib orada dilənir, maşınlardan ürkür. Ona kömək edəcək istənilən insan əlini rədd edir, yalnız əsasına güvənir. Hər axşam, əsasını yerə dirəyib bitib-tükənməyən yolları keçir, heç bir maşın ona dəyib-dolaşmır, yalnız arada siqnallar, açıq pəncərələrdən söyüşlər eşidir. Gecələri kəsilmiş ayağının yöndəmsiz səthinə toxunur və qulağına tükürpədici xırçıltı səsindən, damarlarındakı qanı donduran payız gecəsinin soyuq xışıltısından başqa, heç nə gəlmir.

Kor kilidi birtəhər tapıb qapını açanda, evində və gözlərində qaranlıq daha da qatılaşdı. Beş il qəpik-qəpik yıxıb bu dar, havasız və binanın ən alt qatında olan birotaqlı mənzili almışdı. Evə girən kimi pencəyini, bütün paltarlarını soyunur və cibindən xırda, kağız pula çevirmədiyi beş-altı qəpiyi boşaldır. Sıxdığı əlini açır və tərləmiş ovcuna yapışmış qara qəpikləri də açdığı siyirməyə atır. Kor düşünür, kədərlənir, anasının və atasının unutduğu səsini qürub etməkdə olan körpə yaddaşına xatırlatmaq istəyirsə də, heç nə alınmır. Evdə masa olmadığından ayaqüstü çörək arasına kolbasa dilimlərini doğrayıb yeyir, şirin dadan duşeşdən içir. Yaşamağın acı tamını yalnız armudlu, eyni zamanda bir qədər kimyəvi məmulatlarla zənginləşdirilmiş duşes ona unutdurur. Televizoru yandırıb yatağa uzananda, istidən sıxılır, siqaret yandırıb evin donuq havasında tüstülədir. Kanalları çevirir, ölüm xəbərlərini eşidir, futbol şərhçilərinin həyəcanlı nitqlərini dinləyir, gecə şoularının göstərildiyi bir kanalda dayanır. Ağzından çıxan tüstülər otağın donuq səmasında ləngər vurub yenidən korun üstünə hücum çəkir, kor öskürür və siqareti söndürür. Televizordakı şounun bağırtılarının səsini azaldır, düşüncələrinin dumanı qatılaşır və korun keçmişindən baş qaldıran, qaranlıq və müəmmalı adamların səsi aparıcının bayağı suallarına qarışıb itir.

- Qaranlıq... Qaranlıq... Düz otuz altı il deyirlər... Çayın dadı şirindir... Maşınlar yoxdur...

Kor yuxulu səsindən qaranlığa pıçıldayaraq sözlərini əridir, başı yana əyilir, ağzından süzülən qan balışın tozlu səthində irəliləyib, damcı-damcı xalçaya tökülür. Şou bitir, reklamlar başlayır. Ekranlarda, adamsız yollarda çovğun küləyi kimi sürətli, münasib qiymətə və kreditlə verilən maşınlar şütüyür.

# 1972 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #