Ərini öldürüb uşağını sevgilisinə vəsiyyət edən qadın

Ərini öldürüb uşağını sevgilisinə vəsiyyət edən qadın
25 may 2018
# 11:50

Kulis.az Ülkər Süleymanovnın “Əzizim Fellini” filmində sosial mühit” məqaləsini təqdim edir.

İnsana və onun xarakterinin formalaşmasına təsir edən ən mühüm faktor onu əhatə edən mühitdir, onun şərtləri, qayda-qanunlarıdır. Sosial psixologiya bəzən insanın davranışını məkandan asılı olaraq dəyişdirə bilir. Hər sosial davranışın təməlində isə sosial təsir vardır. İnsan inancını, baxış bucağını, şəxsiyyət və fərdiyyətini içində yaşadığı toplumdan alır. Ancaq müəyyən nöqtədə toplum, mühit insanı əsir alır, həbs edir-hətta zərəri belə ola bilir. Azad düşünmə və araşdırma imkanlarını aradan qaldıran çevrənin təzyiqi isə heç zaman xoş qarşılanmır. Bu aspektdən baxınca 2010-cu ildə çəkilmiş “Əzizim Fellini” filmi (rej. Cavid Təvəkkül, ssen.Cavid Təvəkkül) ən əvvəl tamaşaçını adı ilə cəlb edir. Dünyaca məşhur olan italyan rejissor Federiko Fellinin adını duyan tamaşaçı filmin kino ilə, rejissorluqla bağlı olduğunu düşünərək maraqla süjet xəttinin inkişafını izləyir. Düşünürük ki, belə bir adın seçimi rejissorun uğurlu taktiki gedişidir.

“Əzizim Fellini” filminin mövzusu klassikdir, yəni adət elədiyimiz universal mövzulardan biridir. İnsanların gündəlik yaşamında gördüyü, müşayiət elədiyi adi əhvalatlardan biridir. Kənddə yaşayan Rasim adlı gənc oğlan rejissor olmaq arzusuyla Bakıya gəlir, imtahanda iştirak edir və qeyri məqbul qiymət alır. Aldığı qiymətin təsiri, arzularının yarımçıq qalması heç şübhəsiz ki, Rasimin psixi vəziyyətinə də təsir edir. Bu çətin günlərdə o eyni zamanda yaşadığı həyata, arzularına, sosial statusuna tərs olan Leyla ilə tanış olur. Leylanın da öz dünyası, öz həyat tərzi var. Amma o da yaşadığı həyatdan bezib, yeni bir həyata atılmaq istəyir. Bu iki insanın yolunun kəsişməsi həm Leylanın, həm də Rasimin həyatında bir dönüş nöqtəsidir.

Leyla ilə Camalın münasibəti, onların həyat tərzi Rasimə yaddır. Leylanı başa düşməsə də ona yardım etmək istəyir və edir də. Rasim özü də bilmədən Leylaya aşiq olur. Leyla da kəndən gəlmiş, bu saf xarakterli oğlanın timsalında özünün xilaskarını görür, o da Rasimə qarşı bir şeylər hiss edir. Leylanın və Rasimin bir-birinə qovuşmasına mane olan Camal sevdiyi qadını itirmək istəmir.

Filmin struktur quruluşu bu adi əhvalata orijinallıq qatır. Xətti hərəkətin inkişafı ardıcıl şəkildə getmir və filmdə flashfuture-lərdən geniş istifadə olunur. Filmdə biz bir neçə süjetin inkişafının paralel getdiyinə şahid oluruq. Bəzən Rasimi, bəzən oğulluğunu görürük. Bəzən hadisələrin baş verdiyi günə, bəzən gələcəyə səyahət edirik. Rejissor olmaq Rasimin arzusu idi, amma, oğulluğu həyata keçirir. Leylanın oğlunu internatdan götürərək böyüdən Rasim onun timsalında öz arzularını həyata keçirir. Həm arzuladığı rejissorluğuna qovuşur, həm də sevdiyi qadının övladına sahib olmaqla onunla bağlı olan xəyallarını qismən gerçəkləşdirir.

Rasimlə digər obrazlar arasında cərəyan edən bu hadisələri ardıcıl deyil, paralel izləyirik. Diqqətçəkən məqam odur ki, filmin əvvəlində Rasimin imtahandan kəsildiyini görürük, müəllimlə Rasim arasındakı dialoqlardan bunu duyuruq, amma imtahan səhnəsi uzadılıb filmin sonuna qədər davam etdirilir. Bu səhnə tamaşaçını bir qədər sıxır, diqqət oyatmır. Kinoşünas Aygün Aslanova da filmdəki bu məqama toxunaraq “Qəhrəmanın imtahandan kəsildiyi səhnənin finala saxlanması uğursuz priyomdu, tamaşaçı artıq imtahanın nəticəsindən xəbərdardır” – deyə məqaləsində qeyd etmişdi.

Filmin ən uğurlu nüansı final səhnəsindədir. Çünki final gözlənilməz sonluqla bitir. Filmin əvvəlində fikirlərini dinlədiyimiz gənc rejissorun Leylanın oğlu olduğunu öyrənirik. Bu tamaşaçının təxmin etmədiyi sonluqdur.

Filmin strukturu, taktiki gedişləri Hollivud filmlərini xatırladır, tamaşaçı üçün verilən ayrı-ayrı, natamam parçalar finalda bir araya gəlir və görmək istədiyimiz tablo gözümüzün önündə canlanmış olur. Aygün Aslanova eyni məqaləsində bu məsələyə də işıq salır. O yazır ki, “Rejissor ənənəvi ekspozisiya quruluşunu pozaraq, riyazi dillə desək, toplananların yerini dəyişərək film boyu tamaşaçını maraqda saxlamağa çalışıb. O, hadisələrin təbii gedişatını pozub, epizodları bir-birinə qarışdıraraq mozaika yaratmağa cəhd eləyib. Bu mozaika da Rasim Cəfərovun qəhrəmanının əksidir” Müəllifin bu fikirləri ilə razılaşırmalıyıq. Həqiqətən də final səhnəsi filmin ən maraqlı məqamıdır. Tamaşaçıya beyin gimnastikası etdirən, onu düşünməyə məcbur edən və bir növ tapmaca təsiri bağışlayan filmin auditoriya və böyük nailiyyətlər qazanmasının başlıca səbəbləri bunlardır.

Diqqətəlayiq məqamlardan digəri isə Rasimin imtahan verdiyi müəllimlərin kadrda görünməməsidir. “Film boyu həvəssiz, tənbəl-tənbəl imtahan götürən, tələbələri lağa qoyub istehza edən savadlari qıcqıran bivec müəllimlərin sifəti kadra gəlmir. Tamaşaçı müəllimlərin sifətini görməsə də əvəzində onların obrazları, səsləri vasitəsi ilə yaranır”.

Səsin kinonun dördüncü ölçüsü olduğunu qeyd etməyə ehtiyac yoxdur. Səslə yaranan bu obraz tamaşaçıda bütünlük hissi yaradır. Tamaşaçı tələbəni ələ salan, onlara hörmət qoymayan, laqeyd, yekəxana obrazları görmüş qədər olur. Daha doğrusu, müəllimlərin səs tonları, danışıq üslubu bizə əsas verir ki, gözümüzün önündə məhz belə surətlər yaransın. Bu tamaşaçıda güclü təsir oyadan və sosial mesaj məqsədi daşıyan önəmli nüanslardan biridir.

Filmdə iştirak edən əsas qəhrəman – Rasim obrazının xarakterində kənd, rayon ab-havasına xas olan saflıq, təmizlik var və olduqca mülayim insandır. Həyatda başına gələn, yaşadığı bütün hadisələri səbrlə qarşılayır, təmkinini film boyu qoruyur. Bu tamaşaçıda müsbət düşüncələr oyatsa də, bəzi məqamlarda həddindən artıq soyuqqanlı davranması insanı heyrətə salır. Hətta elə təəssürat yaranır ki, belə bir obraz mövcud ola bilməz, həddən artıq uydurmadır. Gözünün qarşısında sevdiyi qadın - Leyla Camalı, daha sonra isə özünü öldürür, Rasimin halı qətiyyən dəyişmir, hətta tortdan bir qaşıq ağzına aparmaq istəyir, daha sonra isə məkanı tərk edir. Rejissor obrazın xarakterindəki şoku və ya soyuqqanlılığı göstərmək məqsədi daşıyan səhnələrə yer vermiş ola bilər, amma belə nüanslarda tamaşaçıda Rasimin sevgisinə şübhə və suallar yaranır. Çünki Rasim hər şeyi məhz sevgisi xətrinə edir, döyülür, başqa biriylə məşuqə həyatı yaşadığını bildiyi halda onu özüylə ailəsinin yanına, kəndə aparmaq istəyir və ən əsası onun övladını himayəyə alır, böyüdür. Bütün fədakarlıqları sadəcə sevgisi naminə gözə alır, çünki onunku saf, kirlənməmiş sevgidir. Bütün bunlar Rasimi tamaşaçı gözündə ucaldır, amma, bu əməllərinin fonunda olan münasibəti, hadisələrə yanaşması sönük qalır, tamaşaçı hərəkətlərində dinamika, canlılıq görmək istəyir, film boyu bu donuqluq açılsın deyə gözləyir, amma, Rasim sona qədər birmənalı şəkildə davam edir. Sanki kənd mühitindən çıxıb şəhər mühitinə düşmək Rasimin də xarakterində dəyişikliklərə səbəb olur. Rejissor olmaq həvəsiylə bura gəlsə də, başqa xəyallara qapılır. Hətta kənd mühitində yaşadığını unudur və Leylanı özüylə aparmaq kimi böyük məsuliyyət tələb eləyən işi öhdəsinə götürməyə çalışır. Sanki insanın yaşadığı yeri dəyişməsiylə, onun düşüncəsi də, həyata baxışı da dəyişir. Adətən, mühitini dəyişən insanda uyğunlaşma bir qədər çətin olur, müəyyən problemlərlə üzləşir. Amma, bunu Rasimdə müşahidə eləmirik. O, sanki illərdir buranın sakiniymiş kimi davranır.

“Məsələ ondadır ki, filmdə Leyla ilə Rasimin bir-birinə vurulması, onların həyatında dönüş nöqtəsi olur. Fəqət, bu dönüş məqamı sanki onların həyatında təsirsiz, gündəlik bir şey kimi ötüşür, hər ikisi filmin əvvəlindəki kimi statik, ruhsuz, coşqusuzdur. Hətta Leyla yoxa çıxanda Rasimin üzündə nigarançılıq, təlaş əvəzinə biganəlik, vecsizlik oxunur” (Aygün Aslanlı, “Alma” qəzeti)

Beləliklə də, tamaşaçıda belə təəssürat formalaşır ki, Rasimlə Leylanın arasında olan gündəlik yaşanan, ötüb-keçən bir sevgi macərasıdır. Halbuki, Rasimin onun uğuruna etdikləri adi bir macəraya verilən dəyərdən daha yüksəkdədir. Əməlləri və mimikaları, jestləri və sözləri arasında harmoniyanın olmaması belə fikir formalaşmasına zəmin yaradır.

Leyla xarakteri isə yaşadığı həyat tərzindən bezən, həqiqi sevgi üzərində qurulan münasibət arzusunda olan gənc xanımdır. Biz film ərzində müntəzəm olaraq onun halında halsızlıq, sərxoşluq və depressivlik müşahidə edirik. Camalı sevmir, amma, ona qarşı gələcək cəsarəti də nümayiş etdirə bilmir, həyat tərzini qəbullanmalı olur, amma sonda biz onun daxilindəki partlayışı görürük, həm özünü, həm Camalı öldürür.

Sosial təsir ilə insanın xarakterində, rəftarında müəyyən dəyişikliklər gedə bilir. Hər insanın özünəməxsus dünyası var ki, burda xüsusi qayda-qanunlar mövcuddur. Bu qayda-qanunlar insana təsir göstərir və bəzən onu öz tabeliyinə belə ala bilir. Bu mühitin tələbləriylə razılaşmadığı halda isə onun həyatında çətinliklər yaranır və insanı məhvə belə sürükləyə bilir. Leyla məhz bu situasiyayla qarşılaşır - onu əhatə edən sosial mühit-Camal və onun dünyası Leylaya başqa çıxış yolu buraxmır. Bu bahalı və qəddar mühit bir növ Leylanı da öz insanına çevirir, amansız və etinasız eləyir. Onun övladına qarşı etinasızlığı, Camalı soyuqanlılıqla öldürməsi mühitinin ona aşıladığı xüsusiyyətlərdir. Bu cinayət tamaşaçı olaraq məndə göydəndüşmə təsir bağışlayır-çünki o eyni zamanda övladı olan anadır, (baxmayaraq ki, bizə bununla bağlı kiçik bir ipucu belə verilməmişdi) başqa çıxış yolu axtara bilər, qaçıb uzaqlaşmağı da yoxlaya bilər, amma o övladını taleyin ümidinə buraxaraq özü üçün yaşamağı və ya ölməyi seçən insandır. Stabil gedən hadisələrin fonunda iki ölümün gerçəkləşməsi şok effekti yaradır. Digər tərəfdən sual doğuran başqa bir məqam Leylanın Camaldan olan oğlu niyə onunla birlikdə evində yaşamır, uşaq evindədir. Camal Leylanı sevir, ona qayğı göstərir və istəklərini yerinə yetirir. Belə olan halda öz doğma övladından xəbərsiz olması, Leylanın onu uşaq evinə verməsi qeyri-müəyyən bir haldır. Leylada belə qənaət necə formalaşıb ki, Camal o uşağa qarşı çıxacaq və ya imtina eləyəcək. Bir halda ki, Leylanı sevir və başqa biriylə münasibətdə olduğunu, ona xəyanət etdiyini bildiyi halda bağışlayır, Rasimi belə azadlığa buraxır.

Hər bir aktyor öz personajına tip və görüntü olaraq-fiziki baxımdan olduqca uyğundur, amma bəzi məqamlarda boşluqlar hiss olunur. Subyektiv olaraq məndə elə fikir formalaşdı ki, Rasim Cəfərovun ifasında emosiya əksikliyi var, obrazların emosional yaşantısı, ekranın o üzündəki həyatı tamaşaçıya aşılamaq, gerçək kimi təqdim etmə problemi duyulur. Camal rolunun ifaçısı A.Qəhrəmanov isə olduqca maraqlı obraz yaratmağa nail olub. Demək olar ki, əksər filmlərdə biz bu aktyoru mənfi rollarda görürük, bu da çox güman ki, mimikalarının belə obrazlar üçün daha məqsədəuyğun olmasıyla əlaqədardır. Camal obrazında da aktyorun digər obrazlarında olduğu kimi insanlara qarşı etinasızlıq, sərt və kobud rəftar var. Amma aktyorun uğuru bu xarakteri tam olaraq nümayiş etdirməyi bacarmasıdır. Ən maraqlısı isə budur ki, aktyor pis əməllər edib mənfi obraz kimi görünsə də heç bir zaman tamaşçı nifrətini qazanmır, çünki təbii, səmimi və hətta dialoqları, maraqlı replikalarıyla bir qədər gülməli təsir bağışlayır.

Model və aparıcı kimi tanınan Tunay Əliyevanın canlandırdığı Leyla filmin ən vacib personajıdır. Rejissor məhz bu obraz vasitəsilə cəmiyyətə mühüm bir mesaj çatdırır; bəzi xanımlar var ki, onlar asan yolla çox şeyə nail olmağa çalışırlar, ən əsası da rahat yaşayışın başlıca qaynağı olan pul, var dövlət hərisidirlər və bunları əldə etmək naminə hər şey edirlər. Amma fimdə görürük ki, bunları əldə etmək, varlı olmaq xoşbəxt olmaq demək deyil. Bu, həyatın elə bir nöqtəsidir ki, bu həyatdan xilas olmaq istəsən də, buna görə çabalayıb yeni səhifə açmağa çalışsan da həyat buna imkan vermir...

# 1204 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #