Lars Fon Trier: "Yeni filmlərə baxmıram" - MÜSAHİBƏ

<b><span style="color:red;">Lars Fon Trier:  "Yeni filmlərə baxmıram" - <span style="color:red;">MÜSAHİBƏ </b>
24 may 2018
# 21:00

Kulis.az Aygün Aslanlının tərcüməsində rejissor Lars Fon Trierin Kopenhagen Universitetinin professor Peter Şepelernlə söhbətini təqdim edir.

- Sonning mükafatını (Avropa mədəniyyətinə göstərdiyi böyük xidmətlərinə görə Danimarkada tanınmış şəxsiyyətlərə verilən mükafat-A.A.) almağınız münasibətilə təbrik eləyirəm.

- Hə, bu, həqiqətən, gözəldi.

- Bu mükafat haqqında nə fikirləşirsiniz? Onun əhəmiyyəti haqqında danışa bilərsiz?

- Yox, amma mükafat alanların siyahısı yaxşıdı.

- Berqman, Haneke, Trier – münasib kampaniyadı?

- Üçlük kimi… Çox münasib kampaniyadı. Mən minnətdaram və xoşbəxtəm. Həm də ona görə ki, digər mükafatlarımı yalnız kinofestivallarda almışam. Ki, tamam absurddu. Heç olmasa, bir neçə filmə baxanlar bunu bilir. Bir filmi necə o birindən üstün tutmaq olar? Çox güman ki, böyük mükafatların təqdim olunmasında münsiflər heyəti arasında konsensus yaranır. Sonra da görürsünüz ki, qalib gələn filmlər alababat səviyyədədi. Çünki hamı bununla razılaşıb, elə deyil?

- Demək istəyirsiniz ki, “Palme d-Or”u qazanmış “Qaranlıqda rəqs edənlər”, alababat filmdi?

- Bəli. Bu mükafat ümumi işə verilib. Mənə və bütün prosesə görə, ya da necə istəyirsiniz, elə adlandırın. Və bu, çox qürurvericidi. Təsadüfən, münsiflər heyətinin rəğbətini qazanan film çəkməkdənsə, bu, daha yaxşıdı. Əslində, filmlərin kompozisiyası düşünülmüş olur. Mən bunun məntiqini izah eləyə bilmərəm, amma çıxışımda da dediyim kimi, özümü bir adada tərk olunmuş tədqiqatçı kimi hiss eləyirəm. O təqqiqatçıya kimsə deyib ki, daima şərqə tərəf getməlidi. Nəsə həyəcanlı görünür deyə marşrutu dəyişməyə gərək yoxdu. Mən də belə eləmək qərarına gəldim. Qərara gəldim ki, şərqə getməliyəm, çünki buna elmi nöqteyi-nəzərdən inanıram. Onlara tapşırılan marşrutla getməyən skautlardan heç nə gözləmək olmaz.

- Yəni “bir az sağa dönmək əyləncəli olardı” kimi impulsiv ideyalara da yer yoxdu? Getdiyin yolla gedirsən?

- Hə, mən yeni filmlərə baxmaqdan qaçıram. Çünki nədənsə təsirlənmək başıma gələcək ən pis şey olar.

- Hə, bu, heç yaxşı olmaz.

- Elədi, mən bunu istəmirəm.

- Siz həmişə işinizin sənət kimi təqdim olunmasını xoşlamısınız, sanki siz…

- Mənim təzə bir fikrim də var: Çəkdiyim filmlər başqa cür heç vaxt yaranmazdılar. Elələri yoxdu. Sanki sizin bürcünüz var, amma ulduzunuz yoxdu. Bu, yaxşı deyil. Yadımdadı, universitetdə kimsə məndən “insanları kinoya getməyə necə vadar eləyirsiz?” deyə soruşdu. Mən də cavab verdim ki, insanları küçə tinlərindən yığışdırmaqdan başqa bir fundamental məqsəd yoxdu. Yəni söhbət həmişəyaşar filmlər yaratmaqdan gedir. Ola bilsin, onlar 20 il yaşayacaq, amma bir mənbə, resurs olacaq. Mən Mədəniyyət naziri ilə görüşdə bunula bağlı söyləmişdim ki, o pulların bir hissəsi gəlir gətirməyən layihələrə ayrılmalıdı.

- Başqa hansı planlarınız var? Yeni filminizi nə vaxt görə biləcəyik?

- Hə, filmlərin belə bir problemi var – onları göstərmək lazımdı.

- Hə, bu, çox pisdi. Bəs yeni planlarınız da varmı?

- “Cekin tikdiyi ev” filmini çəkdiyim müddətdə özümü çox pis hiss eləyirdim. Bunda heç kim günahkar deyil, təqsir özümdədi. Sadəcə narahat idim, içki içirdim və s. Odur ki, mən indi film çəkə bilmərəm, hər halda dərhal. Buna görə də, “Etüdlər” adlı çox sadə, on dəqiqəlik, ağ-qara filmlər yaratmağı planlaşdırıram. Orda dramaturji, texniki və ya obrazlar baxımından bəzi şeyləri sınamaq mümkün olacaq. Bu filmlərdə şimallı aktyorlarla işləməyi düşünürəm, çünki onların arasından çox yaxşıları var. “Etüdlər” ideyası özümü yaxşı hiss eləməyim üçündü. Çünki mən özümü yaxşı hiss eləyəndə 90% daha məhsuldar oluram, nəinki pis hiss eləyəndə. Henninq Basın (danimarkalı rəssam, aktyor) dediyi kimi: “Mən özümü yaxşı hiss eləyəndə özümü əla hiss eləyirəm”. Maraqlıdı ki, o, bunu nahar zamanı iki qədəh şnapsdan sonra deyib. Biz Nordisk kinostudiyasında çoxlu-çoxlu içirdik və buna görə ora çox minnətdaram. Amma indi bütün növ qruplara yazılmışam və tam ayıq olmağa çalışıram. Hərçənd bu, çətindi, çox çətindi.

- Çətindi, ona görə ki, siz həm də əylənmək istəyirsiniz?

- Yox, daha çox ona görə ki, alkoqol özünümüalicə üsuludu və təəssüf ki, son dərəcə effektivdi. Problem ondadı ki, alkoqolun miqdarı azalanda narahatlıq, qorxu sizə daha çox zərbə vurur.

- Deməli, içkini atmaq gerçək, qəti qərar deyil?

- Bu, qərar deyil.

- Yeni çıxan Danimarka filmlərindən hansınısa izləmisiniz?

- Hə, bizimkilərdən bir neçəsinə baxmışam.

- Onlar sizə təsir elədilər?

- Yeni filmlər? Yox. Daima şərqə getmək prinsipinə həm də başqa filmlərə baxmamaq daxildi. Mən də bacardığım qədər bu prinsipə əməl eləməyə çalışıram. Odur ki, elə böyük təəssürat almamışam. Ancaq kino məktəbində işləmək mənə yaxşı təsir eləyirdi. Kino institutunda işləmək isə ondan daha az. Bu tələlərdən möcüzə nəticəsində xilas oldum.

- Mən sizin metodunuza qayıtmaq istəyərdim. Siz daima janr şablonları, strukturları arasındakı uyğunluqları götürürsünüz və onlardan yeni, fərqli bir şey yaradırsınız. Əksər müəlliflər, ya da art-film rejissorları deyərdilər ki: “Janrlı film – tamamilə başqa şeydi, mənim çəkdiyim çox şəxsidi”. Siz isə göz önündə olan, əlyetər bir şeyi götürürsünüz və ona özəl bir şey yaradırsınız.

- Daha çox ona görə ki, janrlı filmlər hamıya tanışdı – kinoya gedən insanlar bunu bilirlər. Mənim ideyam ondan ibarətdi ki, əgər siz, həqiqətən, fərqli bir şey yaratmaq istəyirsinizsə, bunu filmin bir “trekində” eləməlisiniz. Məsələn, qatildən bəhs eləyən yeni filmi götürək. Siz artıq bir qədər sakitsiniz, düşünürsünüz ki, bu, əyləncəli ola bilər. Amma mən onu bir az fərqli çəkirəm.

- Filminizin annotasiyasında deyilir ki, silsilə qətllər törədən Cek adlı bir adam var və o, törətdiyi hər qətlə incəsənət əsəri kimi yanaşır. Və bu hissələr sonda birlikdə vahid bir sənət əsərinə çevriləcək. Bu, o deməkdi ki, siz sənət adamını bir növ fırıldaqçı, fırıldaqçını da sənətkar kimi görürsünüz?

- Hə, siz filmi belə yoza bilərsiniz – əsas mövzu olaraq protaqonist qismində mən və qətllər əvəzinə sənət. Amma mən belə fikirləşmirəm. Düzdü, bu, məzəlidi, ancaq vacib deyil. Mən Yenle Hallundla işləmişəm. Bu filmin konsepsiyasının yaradılmasında onun böyük payı var. Elə “Nimfoman” filmində də. Bunu ona görə deyirəm ki, adətən, mən konsepsiya üzərində təkbaşıma işləyirəm.

- Amma bu dəfə ideyanın, konsepsiyanın tapılmasına o, kömək eləyib?

- Hə, onun hər şey haqqında məlumatı var. Məndə belə şey yoxdu. Məsələn, o, Bleyki oxuyub.

- Bleyk? Şair?

- Hə, Bleyk. Mən onu oxumamışam.

- Hə, amma başqalarını buna məcbur eləyə bilərsiniz. Siz boş-boş oturub səbəbsiz yerə Bleyk oxumamalısınız. Başqa nə oxumusunuz? Daha doğrusu, Yelne sizə başqa nə oxuyub? Deyə bilərsiniz?

- Düzü, indi yadıma sala bilmirəm, amma o, fəlsəfəyə keçmişdi.

- Sonra diqqətinizi fotolara yönəltdiniz?

- Hə, hadisələr, personajlar və s.

- Geriyə, filmlərinizdən tikdiyiniz evə baxanda ən çox nə ilə fəxr eləyirsiniz?

- Mən hələ də “Doqvill”i ən yaxşı işim hesab eləyirəm, çünki mənə elə gəlir ki, o, həddindən artıq yaxşı yazılıb. Tarantino dedi ki, əgər bunu teatr üçün hazırlasaydın, Pulitseri qazanardın. O, buna əmin idi. “Doqvill”in ən yaxşı ssenarilərdən biri olduğunu dedi. Onu yazmaq da son dərəcə asan idi. Həm də ona görə ki, öz həyatımda rastlaşdığım insanları yığıb müxtəlif evlərə yerləşdirmişdim.

- Karyeranızda sizin üçün ən böyük problem, ya da məyusluq nə olub?

- Yəni nə necə alınıb baxımından?

- Yox, siz dediniz ki, ən çox “Doqvill”ə fəxr eləyirsiniz. Bəs nə vaxt “Yox, bu mənim istədiyim deyildi” deyə fikirləşmisiniz?

- “Manderley”də… Onda ilk dəfə düşünmüşdüm ki, müdrik olmalıyam və eyni tərzdə çoxlu film çəkməliyəm. Amma bu, məndə alınmadı. Həddindən artıq darıxdırıcı idi. Kaş onu başqa tərzdə, ya da başqa cür çəkəydim… Mən heç vaxt ABŞ-da olmamağıma əsaslanaraq ABŞ-la bağlı üç film çəkməyə hazırlaşırdım.

- Hə, bu, yaxşı istinad nöqtəsidi.

- Niyə də yox, Kafka da orda olmayıb.

- Bəs Avropanın böyük tarixindən nəyi seçdiniz?

- Birinci, mən anladım ki, hər şeyə qərar verən bir rejissor, ya da yazıçı olmalıdı və populyar olmayan qərarlar verməlidi. Məncə, “Buddenbroklar”dadı, dəqiq hansı hissədə olduğunu xatırlaya bilmirəm – Tomas Mann deyir ki, indi dəhşətli çevriliş olacaq və olmur, o, hardasa 100 səhifə nəsə başqa şeydən danışır. Sadəcə oxucuya “mən qərar verirəm-mən göstərirəm” demək üçün. Məncə, bu, göstərən rejissorun, yaxud da yazıçının üstünlüyüdü. Bu zaman siz bir az məzələnə, qıcıqlandıra da bilərsiniz. Siz artıq dediniz ki, qıcıqlandırmaq – mənim filmlərimin ən vacib cəhətidi.

- Hə. Bəlkə də sizin filmlərinizin və individuallığınızın qarışığıdı. Siz hələ də qıcıqlandırırsınız?

- Əgər aradan çıxmaq imkanı varsa.. Hərçənd çox az eləyirəm. Amma biz Hitlerlə bağlı məsələdən danışmağa hazırlaşırıqsa, bir neçə kəlmə demək istəyərdim. Siz mətbuat konfransını bir neçə dəfə izləmisiniz. Məncə, orda hər şeyi moderator korladı, çünki o, mənə məsələni aydınlaşdırmağa imkan vermədi. Sonuncu cümləm: “Yaxşı, onda mən nasistəm”... Siz nəsə müzakirə edəndə və qarşı tərəf əl çəkmək istəməyəndə deyilən bir cümlədi. O zaman siz deyirsiniz ki, “yaxşı, siz deyən olsun”, ya da “əgər məni rahat buraxsanız, sizin haqlı olmağınıza icazə verəcəm”. Orda eyni uğurla “mən dalımdan çıxan günəbaxanın üstündəki mavi qırxayağam” da deyə bilərdim.

- Bəlkə elə belə də deməliydiniz?

- Çox güman ki, mən deyərdim, hə. Mən, məhz, bunu deməliydim, amma ağzımdan başqa söz çıxdı. Təbii ki, mən nasist deyiləm!

- Yox, siz köhnə kommunistsiniz.

- Doğrudu, mənim kommunistlərə bağlılığım vardı. Və hələ də sosialist olduğumu hiss eləyirəm. Xatırladığım qədərilə, mətbuat konfransı olan yerdə heç kimin dediklərimlə bağlı problemi yox idi. Əks halda onlar ayağa qalxıb “Mister Trier, mən sizin dərsinizi verməliyəm” deməliydi. Yalnız iddialar… Ancaq birmənalı şəkildə demək istəyirəm ki, Hitlerin heç bir əməlini alqışlamıram! Başqa nə deyim? Mən onun qəddarlığına, daşürəkliliyinə nifrət eləyirəm. Mən bilirəm ki, bu, əksər diktatorların başına gəlir – onların axırı belə qutarır. Hərçənd Hitler, həqiqətən, əclaf olub. Amma Hitler haqqında insan kimi danışmaq vacibdi. Düzdü, biz asanlıqla əlimizi yellədib “Hitler-şərdi” deyə bilərik, ancaq o, həm də insan olub, axı! Bunu anlamaq vacibdi, çünki onun elədikləri, ya da o, hər nədisə, təkrarlana bilər. Prinsipcə, əgər mən Şəri təsvir eləsəydim, ona çox incə, şəfqətlə yanaşardım. Və mən bir qəhrəmanı təsvir eləməliyəmsə, bu, Dantedəki kimi olur- sadəcə daha darıxdırıcıdı. “İlahi komediya”nı yazmaq əyləncəli olub. Dante bu əsəri ona görə yazıb ki, çoxlu düşmənləri olub və bu yolla onları cəhənnəmə göndərib. Yəni əslində bu onun qisası idi. Cənnətə gedib görmüşdü ki, insanları aliləşdirmək o qədər də əyləncəli deyil. Bir də.. O qızın adı nə idi?

- Beatriçe.

- Hə, Beatriçe. Onu da elə yüksəltmişdi ki, demək olar, dizlərinin üstündə otururdu.

- Hə, cəhənnəm cənnətdən daha həyəcanlıdı.

- Cənnəti həzm eləmək çətindi.

- Bir məsələ barədə fikrinizi öyrənmək istəyərdim. Öz filmlərinizə baxanda- onlar həm bir-birinə oxşayırlar, həm də fərqlidilər, ancaq sizin özəl mövzunuz var ki, onların hamısından bir xətt kimi keçir, hamısı arasında əlaqə var. Diqqətçəkən başqa bir şey də budu: demək olar ki, bütün müasir rejissorlar necəsə “gəlin, dünyanın bizə aid hissəsində bu günü, gündəlik həyatı, indi və burda baş verənləri təsvir eləyək” demək istəyirlər. Siz həmişə gündəlik həyatı az istifadə eləyirsiniz, əsasən, “Krallıq”da olub. Amma həmişə ona çoxlu alleqoriyalar, çoxlu simvolika, çoxlu sizin hardasa başqa yerdə və fərqli yaşda olduğunuzu göstərən nəsnələr əlavə eləyirsiniz.

- Bu, bir növ, nəsnələri daha monumental göstərmək üçün istifadə olunan ucuz fənddi. Amma bu dəfə elədiklərim 70-ci illərdə də olub.

- Siz bunu ucuz fənd adlandırırsınız, ancaq əminəm ki, son 40 il ərzində elədikləriniz sadəcə ucuz fənd deyil.

- Yox, bu, rəsmin ətrafına çəkilən, onu asıldığı divardan fərqləndirən və tamamlayan qızıl çərçivəyə bənzəyir. Az qala, sənədli tərzdə olan müasir filmlər mənim çox xoşuma gəlir. Onlar qarışıqdı və dramaturgiya hər şeyi məhv eləməyib. Ümumiyyətlə, mən dramaturgiyanın böyük əleyhdarıyam.

- Bir şey də soruşmaq istəyirəm. Xüsusən, yeni texnologiyalardan danışarkən, kino aləmində təzə bir məfhum var- virtual reallıq. Bu barədə nə fikirləşirsiniz?

- Söz tapa bilmirəm… Sanki mənim qızıl çərçivəm sınır. Bəlkə nə vaxtsa daha yaxşı sensorlar yaradılsa və siz o reallıqda həqiqətən mövcud ola bilsəniz… İndi sizin yalnız əlləriniz var. Amma bir şey aydındı ki, virtual reallıq həddindən artıq inkişaf eləyəcək. Odur ki, nələr olacağını görmək maraqlıdı. Siz yorulmusunuz?

- Hə, amma məmnunam. Sizcə, 20-30 ildən sonra kinonun vəziyyəti necə olacaq? Bu barədə bir fikriniz var?

- Yox, artıq dediyim kimi virtual reallıqda heç bir gələcək görmürəm, ancaq çox güman ki, bu, baş verəcək. Dəqiq, çünki virtual reallıq tamaşaçıya azadlıq verir. Məncə, bu, sənət yaratmaq üsulu deyil. Mən inanıram ki, bütün yaxşı sənət əsərləri diktatura şəraitində yaranıb. İnsanlar idarə olunmaqdan həzz almalıdılar. Bu, qaranlıq meşəyə bənzəyir. İnsanlar onun içindən keçməlidilər, amma qorxurlar. Əgər orda “mən bu meşəni tanıyıram” deyən bir dost varsa, məmnuniyyətlə onun ardınca gedəcəklər və o qaranlıq meşədən zövq alacaqlar. Mənim prinsipim, qaydam budu. /threewitchesdiary.wordpress.com/

# 961 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #