"Ağ göl" romanı haqqında bir neçə söz

"Ağ göl" romanı haqqında bir neçə söz
7 may 2018
# 12:22

Kulis.az şair-filoloq mübariz Məsimoğlunun Şərif Ağayarın özü və "Ağ göl" romanı haqqında bir neçə söz” məqaləsini təqdim edir.

Şərifin ədəbiyyata saz havası və qoşma laylası altında qədəm basması indiki kimi yadımdadır. Sonra Şərif muğamın, sərbəstin, qəzəlin, hekayənin, kinonun, teatrın, fəlsəfənin nəzəri bilgilərilə özünü zənginləşdirdi. Fitrətində olan yaradıcı mahiyyəti cilaladı, ovsarladı, milli səmadan keçirib bəşəri fəzaya ötürdü...

"Ağ göl" romanı Şərif qələminin daha da kamilləşməsinin əyani sübutudur. Dünən birnəfəsə oxuyub başa vurmuşam, hələ də təsiri altındayam. Əsərdə hadisələr reallıqla gerçəklik, fizika ilə metafizika, həyatla irreallıq, şərqlə qərb və sair müstəvidə gah müqayisəli şəkildə təhlil olunur, gah iç-içə - biri o birini yola verir, gah da yanaşı addımlayır.


Əsərin birinci cümləsindən tutmuş (Hər şey böyük iydənin altında yatan övliyaların Camal atanın gözünə görünməsilə başladı) sonuncu cümləsinədək (Mənsə, sapsarı alovlara qərq olub səmadan bir topa qaratikan çiçəyinə oxşayan qəsəbənin üstündə səadət axtaran arılar kimi sağa-sola uçurdum) ürəyin qələmin ucunda döyünməsi hesabına yazılıb...


Əsərin əsas qəhrəmanı - Camal ata əsər boyu demək olar ki, dililə heç nə danışmır. Nə danışırsa ürəyində danışır, onun ürəyindən keçən fikirləri, hissləri oxucuya hadisələri nəql edən ölmüş uşaq çatdırır. Və mən şahidəm ki, Camal atanın ürəyindən ayrı şeylər keçirdi şəklində… Və mən şahidəm ki, təqdimatı əsərə xüsusi bir şirinlik, dərinlik və mistika qatır...


Pircahan qəsəbəsinin əsası Böyük iydə ağacının altında uyuyan övliyalar tərəfindən qoyulub. Uca dağlardan hökmdarın qəzəbi nəticəsində qovulan bu müqəddəslər Ağ gölün sahilinə yeni gələndə göldə qurbağalar, çömçəquyruqlar üzürmüş, heyvanlar bir-birini qanına qəltan edirmiş, həmin ərazidən leş qoxusu gəlirmiş. Sonradan övliyanın böyük oğlu həmin göldə batır. Övliyanın sidq ürəkdən Allaha yalvarması nəticəsində onun cəsədi göldən tapılır və basdırılır. Sonradan onun bir oğlu da dünyaya gəlir və doğuş zamanı arvadı dünyasını dəyişir. Sonra özü. Və nəhayət oğlu dünyasını dəyişir. Eyni yerdə torpağa əmanət edilirlər. Və bu övliyaların sidq ürəkdən Tanrıya dua etmələri nəticəsində göldən qurbağalar, çömçəquyruqlar yox olur, qurd quzu ilə otlayır, həyətdəki pişiklər göyərçinlərə toxunmur.

Qəbrlərin üstündə bitən iydə ağacının qoxusu adamı bihuş edir...


Qəsəbə əhlinin inancına görə övliyaların qəbrinin üstündəki mamırlı yazıda ilahi sirlər gizlənib. Hələlik onu oxumaq mümkün deyil. Amma kəndin xeyir-bərəkəti ərşə çəkilib. Səbəb övliyaların müqəddəs dualarının, niyyətlərinin kənd əhlinin murdar əməlləri nəticəsində zədələməsi imiş. İnanca görə övliyalar kiminsə gözünə görünməli və həmin adam övliyalarla eyni taleyi yaşamalı və bundan sonra kəndin din-bərəkəti özünə qayıtmalı imiş...


Bu adam Camal atadır. Amma Camal atanın bu kəraməti qəbul etmək gücündə olub-olmaması kənd əhlini fikir dalğınlığına gətirib çıxardır. Səbəblər müxtəlifdir. Hərə bir niyyətdən çıxış edir. Və bu murdar niyyətlərin savaşı nəticəsində müqəddəs məqsədə çatmaq mümkünsüzləşir...


Camal ata fiziki baxımdan hörümçəyə oxşayır. Savadsızdır. Amma bununla belə onda nəsə sirli, sehrli məqamlar var. Qəsəbənin bütün çəpərlərini qaratikan kolu ilə o hörür. Balıq tutmaq üçün torları o toxuyur. Qurdun quzu ilə bir yerdə otlaması onun gözünə görünür. Və onun arxasınca edilən qeybətlərin təməli təsadüflər nəticəsində bir-bir laxlayır...


Əsərdə İcra nümayəndəsi - Qəbzəliyev hakimiyyəti, kəndin mollası - Hacı Mikayıl dini, məktəb diroktoru - Maarif müəllim elmi təmsil edir. Və bunların arasında baş tutmayan dialoqlar adamı gah arana, gah dağa daşıyır. Bu dialoqlar baş da tuta bilməz. Çünki kimsə kimsəni həzm etmək gücündə, imkanında, böyüklüyündə deyil. Hamısında sünilik var. Bunlar Mamırlı yazının oxunmasını, Camal atanın (təbiiliyin, təbiətin) başa düşülməsini bir az da qəlizləşdirir...


Övliyaların Camal atanın gözünə görünməsi sual altındadır. Görünüb, yoxsa yox. Əlamətin biri baş verib. Onun oğlu göldə batıb. Həmin məqamda Şərif oxucunu başqa labirintə salır. Baxaq:

"…Atası (söhbət Camal atanın göldə batan oğlu Pirməmməddən gedir- M.M.) Maarif müəllim idisə, Cahan ana ən azı bir dəfə onunla göz-gözə gəlməliydi və Camal ata bu baxışlara şahid olmaqdan yaman qorxurdu.


İçindən keçirdi ki, görən, Pirməmməd Maarif müəllimin oğlu idisə, onun Ağ gölə batmasına və indi də meyitinin tapılmamasına üzülməli idi, yoxsa üzülməli deyildi? Yox, üzülməli idi. Çünki heç bir halda Pirməmmədin günahı yox idi.


Bəs Pirməmməd Maarif müəllimin oğlu deyildisə, Camal atanın halal-hümmət övladıydısa, onun belə düşünməyi eyib deyildimi? Cahan ananın haqqına girmək, günaha batmaq deyildimi? Hətta nakişilik, binamusluq deyildimi? Deyildi! Camal ata əmin idi.


İçindən keçirdi ki, görən, doğrudanmı övliyalar onun gözünə görünmüşdü? Deyəsən, görünmüşdü. Böyük iydə də, ehsan bulağı da o an həmişəki kimi deyildi. Çəkdiyi çəpərin içi nura qərq olmuşdu. Camal ata gözlərini bərəldib baxırdı. Ağzı heyrətdən açıla qaldığından dişinin arasında sıxdığı qaratikan çöpü yerə düşmüşdü. Başqa heç nə görməmiş, heç nə eşitməmiş, heç nə hiss etməmişdi. Nə xoşbəxt idi, nə bədbəxt. Nə razı idi, nə narazı".

Adamın tükləri biz-biz durur. Bu monoloqda insan xislətinin ən mübhəm və qəddar, şübhəli, işıqlı, ağlı-qaralı cəhətləri cəm olub. Və bu monoloqu yazmaq hər qələmə qismət olan nəsnə deyil...


İnanca görə meyit göldən tapılmalı idi. Tapılmır. Camal ataya olan inam bir az sarsılır. Lakin başqa hadisələr baş verir. Camal ata xəstələnir. Yataqda uzanarkən bəzi mətləblərdən agah olur. Onun haqqında danışılan murdar şayiələrin əsası sarsılır. Və nəhayət, arvadı ondan hamilə qalır. Doğuş zamanı dünyasını dəyişir. Oğlunun meytinin göldən tapılmaması xarıc inancda təsbit olunanlar həyata keçir. Ancaq kəndin işləri düzəlmək əvəzinə bir az da pisliyə doğru gedir. Və hadisələr yer mütəvisindən fəza mütəvisinə keçir.


Xarici şirkətlərdən biri Ağ gölü özəlləşdirmək istəyir. Burada ərəb əlifbasının “Əlif”i ilə xarici holdinqin “Dablyu”su müqayisə edilir. Xarici holdinqin nümayəndəsilə görüşmək qəsəbənin başbilənlərinə, hətta Camal atanın özünə belə nəsib olmur...


Ağ gölü xilas etmək üçün fond yaradılır. Fonda yatırılan pullar sağa-sola xərclənilir. Nəticədə, xarici holdinq qəsəbə əhlinə kompensasiya verməyə razı salınır. Kompensasiyanın miqdarı nə qədər olsa yaxşıdır? Holdinqin nümayəndəsini tapmaq üçün qəsəbə əhlinin Ağ göl üçün yaratdığı fonddan xərclədiyi pul qədər...


İnam tamamilə sıradan çıxdığından fəlakət bir az da dərinləşir. İnsanlardan, ətrafdan iydə qoxusu yavaş-yavaş qeybə çəkilir. Və Ağ gölün ətrafı övliyalardan əvvəlki vəziyyətinə qayıdır. İydə ağacına balta zərbəsi endirən Camal ata sonda kəndin bütün çəpərlərinə od vurur. Hər şey yanıb külə dönür...


İnsanlığın ölümü onun inanc sistemlərinin dağılması imiş, sən demə...

Təzə inanc sistemləri təzə nəsnələr yaradırmış sən demə və s.

# 1808 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #