Millət vəkilinin ölümünə sevinmək – Nifrət, yoxsa naqislik?

<b>Millət vəkilinin ölümünə sevinmək – <span style="color:red;">Nifrət, yoxsa naqislik? </b>
16 aprel 2018
# 11:55

Ayxan Ayvaz

Həyat faciə janrındadır, çünki sonu ölümlə bitir. Bizim bütün hərəkətlərimiz, yaşadıqlarımız ölümümüzə hazırlıqdır. Hər şey bizi ölümə doğru aparır. Ölümə tələsirik.

Yazıya bu cür pessimist tonda başlamaq istəməzdim. Amma əbədi-əzəli mövzu olan ölümün indiki mənzərəsi ürəkaçan deyil.

Biz ölümü hər an xatırlayırıq. Onu bəzən bir filmdə görürük, bəzən hansısa əsərdə, bəzən hansısa şeirdə.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

Yaxud:

Öləsən, bir düşmən sevindirəsən.

Ölüm bizim camaat üçün dəhşətlidir. Ağlaşmağa həssas insanlar ölkəsindəyik. Yas mərasimlərimiz çox ağır şəraitdə keçir.

Bizim üçün ölüm hər şeyin sonu deməkdir. Düşünürük ki, o adam bir daha gəlməyəcək və bir neçə ildən sonra tamamilə unudulacaq.

Bir az mistik düşünənlər də var. Başqa bir həyatın olduğuna bütün qəlbi ilə inananlar.

Onlar digərlərinə baxanda ölümü rahat qarşılayırlar. Bunu dünyanın təbii halı kimi izah edirlər.

Bir də var buddist yanaşma: nə vaxtsa ölən adam başqa bir canlı kimi həyata qayıdacaq.

Hər nə olur-olsun, bütün ölümlər erkən ölümdür. Və insanda kədər oyadır.

Amma bəzən ölümün kədəri basdırdığı, sevincə xeyli yer ayırdığı olur. Necə deyirlər? Kədər səni nə qədər dərindən oyursa, içində o qədər çox sevinc saxlaya bilərsən.

Mən ölümə sevinənlər görəndə sözün həqiqi mənasında şoka düşürəm. Qəribə mənzərədir.

İlhamə Quliyeva öləndə sanki ölkə toy-bayram keçirirdi.

İndi də “otxod” sözü ilə əbədiyaşarlıq qazanan deputat.

İnsanların bu ölümlərə sevinməyinin altında qisas, intiqam duyğusu baş qaldırır. Bəzən gücün çatmayan birinin ölümü səni uğurlu günlərə səsləyir. Həmin adamlar düşünür ki, yaranan vəziyyət insanı ölümə sevindirir. Ölüm bir anlıq qəhrəman kimi qabağımıza çıxır. “Həmişə yaxşı adamlar gedir” düşüncəsini özündə daşıyan insanlar “pis adam”ın ölümünə sevinməyə bilmir.

Amma bu sevinc indi içdən-içə getmir, gün işığına çıxır, hamının gözünü deşir.

Bayram edən kim, yumor hissinə söykənib kef çəkən kim...

Bu nifrətin, aqressiyanın əsaslı səbəbləri var. Burası aydındı. Başa düşürsən ki, ölən adama münasibət birmənalı deyil, di gəl, yenə hamıya car çəkə-çəkə sevinməyi anlaya bilmirsən.

Bu bizim cəmiyyətin naqisliyi olmaya?

Ya bədbəxtliyi?

Ya çox zəif və aciz olmağı?

Səbəb nə olur-olsun, mən ölümə sevinməyin altında iblisanə bir məkr duyuram. Ölümə sevinmək insanı neqativ göstərir, onu gözümüzdə çirkinləşdirir. Bəli, bəzən elə adam görürsən, deyirsən, o niyə həyatdadır, ölsə daha yaxşıdır. Ancaq o adamlar da olmalıdır axı. Və var. Həyat birtərəfli deyil. Pisi də olmalıdır, yaxşısı da.

O başqa söhbət ki, insan gərək elə hərəkət etsin, sabah arxasınca danışmasınlar. Bu da aydındır. Ancaq bəlkə elə ölüm o adamın xilasıdır.

Bəlkə ölümdən o yanası doğrudan da yoxdur. Nəyə sevinirik axı? Bəlkə hamımızın ölümünü gözləyən, o ölümə baxıb üzündə təbəssüm yaradacaq adamlar var? Niyə özümüzü kimdənsə yüksəkdə tuturuq ki? Bəlkə elə sənin baş daşının üstündə ağlayan qarapaltarlı qadın həm də sənə irad tutacaq ki, zamanında kimlərinsə ölümünə sevinirdin?

Nə qədər çıxılmaz bir vəziyyətdə olasan ki, birinin ölümünə sevinəsən. Həqiqətən, o adamlara baxanda qəribə bir hüzn dolur içimə. “Biz zəifik, zəif”. Bir “pis”in ölümünə sevincək qədər zəif...

Mən ölümə ancaq zırhazır ağlamağın da tərəfdarı deyiləm. Yanlış anlaşılmasın. Hətta bununla dəfələrlə zarafatlaşmışam. Ölümlə ironiya etmək, onu yumor hədəfinə çevirmək olar. Yerində işlənmiş bənzətməyə canım qurban. Lakin...

Ölüm insanı ibliscəsinə sevindirirsə, o zaman çox böyük təhlükədir. O ölümün heç bir günahı yoxdur. Adam yaşayır, kiməsə pisliklər edir və bir gün adı dəyişib olur ölüm. Vəssalam. O artıq sənin lağa qoyduğun adam deyil. Onun adı ölümdür.

Ölümə sevinməzlər.

Çünki sənin də adın nə zamansa ölüm olacaq.

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

11:52 18 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:40 18 aprel 2024
# # #