Firəngiz Mütəllimova: “13 yaşımda elə səhvlərim olub ki...” - MÜSAHİBƏ

<span style="color:red;">Firəngiz Mütəllimova:  “13 yaşımda elə səhvlərim olub ki...” - <span style="color:red;">MÜSAHİBƏ
19 mart 2018
# 21:00

“Sən yaxşı qızsan Gülnar...” - bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, onu bir gecənin içərisində məşhur etdi. Minlərlə tamaşaçı sevgisi qazandırdı. Bu sevgi bəlkə də ona şəxsi həyatını qurmaqda da mane oldu. Amma sənətə, teatra, səhnəyə olan sevgisinə hər gün bir az güc, qüvvət verdi. Bir müddət səhnələrdən uzaqlaşdı. Amma tamaşaçının Gülnara olan məhəbbəti bir an olsun belə azalmadı. O, təpədən dırnağa səmimiyyətlə, mehribanlıqla yoğrulmuş insandır. Canı ilə, qanı ilə Şuşalıdır. Bütün qəlbi ilə əsl aktrisadır. Beləliklə, bu günkü "Dördüncü divar" lahiyəsinin qonağı həmişə yaxşı qız olan Milli Akademik Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovadır.

- “Almaz” tamaşasındakı Fatmanisə rolunuzla sübut etdiniz ki, aktrisa üçün heç bir ştamp yoxdur. Bu həm də sizin sənətkar kimi böyüklüyünüzdən irəli gələn faktor idi...

- Mən həyatımla rolumun fərqini bilirəm. Həyatda bilirəm ki, Firəngizəm. Amma səhnədə hər bir rolu ifa edə bilərəm. Azər Paşa müəllim də Fatmanisə obrazını mənə həvalə edəndə həmin obrazı yaratmaq barədə bir xeyli düşündüm. Çalışdım ki, məhz özümün Fatmanisəmi yaradım. Misal üçün, müştüklə səhnəyə çıxmadım. Onsuz da Fatmanisə tez-tez tüpürürdü. Bu da onun tənbəki çəkməsindən xəbər verirdi. Sonra da Azər Paşa müəllimlə birlikdə özüm də müxtəlif tapıntılar əlavə etdim. Əslində, heç özüm də təsəvvür etmirdim ki, rol belə yaxşı alınacaq. Çünki biz səhnədə olanda özümüzü görmürük. Bizi siz tamaşaçılar daha yaxşı görürsünüz. Tamaşaçıların və müxtəlif sənət zövqü olan insanların fikrincə isə Fatmanisə obrazı alındı. Mənim üçün də çox xoş oldu ki, tamaşada iştirak edən sənət dostlarımla birlikdə rolun öhdəsindən gələ bildim.

- Sizinlə "Qanlı Nigar" tamaşası ərəfəsində söhbət edərkən də öz Nigarınızı yaratmağınızı vurğulamışdınız...

- Bəli. Mən çox istəyirəm ki, yaradacağım obrazı öz içimdən gələn düşüncələrim, rastlaşdığım müşahidələrim əsasında yaradım. Mən özüm qadınam axı... Misal üçün mənim on üç yaşımda elə səhvim olub ki, indi yadıma düşəndə gülürəm. Niyə də ağlayım? Sonra on beş, iyirmi yaşım olub. O zaman ürək ağrısı gətirən səhvlər indi çox xırda görsənir.

- Bəzən otuz yaşda olan səhvə belə gülmək olur...

- Bəli. Tamamilə haqlısınız. Bəzən sənə ən ağır gələn, səni stressə salan nələrəsə də qəhqəhə çəkib gülə bilirsən. Göz yaşı insanı hər şeydən xilas etmir axı. Deyilmiş fikir olsa da, həqiqətən də, göz yaşı çox vaxt acizliyin əlaməti kimi təzahür edir. Ona görə də baş verənlərə gülümsəyərək, gülə-gülə də münasibət bildirmək olar.

- Firəngiz xanım, müxtəlif erkən yaş səhvlərinə daha kamil yaşlarda gülmək nəyin əlamətidir? Təcrübə, ya həyat insanı tədricən gülməyə vadar edir?

- Həyat, təcrübə insanı məcbur edir, döyə-döyə öyrədir. Sonradan fikirləşirsən ki, ilahi nəyəsə və yaxud da kiməsə görə o qədər göz yaşlarına dəyərdimi? Cavabı da elə tanrı yox, insan özü verir ki, dəyməzdi.

- Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə aktrisalıqdan əlavə, həm də bir peşəkar tamaşaçı kimi hansı hisləri keçirirsiniz?

- Hərdən olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim, daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma elə rollarım da var ki, düşünürəm ki, onlara heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə necə varsa, elə də yaxşıdır. Onu da deyim ki, hər yaşın da öz təcrübəsi var. Bu sənətdə də belədir. Sənətdə atdığın ilk addımlarda rollarını necə ifa etmisənsə, elə də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa etmişəm.

Image result for firəngiz mütəllimova

- Bəs rejissorlarla iş prosesi məsələsində necə, o dövrün rejissorları ilə bu dövrkülər arasında fərq var?

- Yox, mənə görə fərq yoxdur. İş elə gətirib ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən rəhmətlik Əşrəf Quliyev, Hüseynağa Atakişiyev, Oruc Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş olum. Bu da aktrisa üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi var. Elə rejissor var ki, onunla işləmək daha asandır. Onun səndən nə istədiyini tez qavrayırsan. Elə rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək aktyor özü axtara, tapa. Bütün bunlar həm də iş üslubunun gedişatından asılıdır.

- Həssas sual olsa da, maraqlıdır ki, xəstəliyinizdən sonra səhhətinizlə bağlı rejissorlardan özünüzə qarşı hər hansısa eyham, ehtiyatkarlıq hiss etdiniz?

- Qətiyyən. Əksinə, özümə qarşı dayaq, qayğı hiss etdim. Azər Paşa müəllim gələnə qədər mən ancaq repertuarımda olan tamaşaları oynayırdım. Yəni yeni tamaşada iştirak etməmişdim. O gələndən sonra elə bil, mənə ikinci ruh verdi. Elə sənət dostlarım, Nurəddin Mehdixanlı və digərləri də mənə çox dayaq oldular ki, “Almaz” tamaşasının məşqlərində mən səhhətimlə bağlı hər şeyi unudurdum. Rejissorların heç birindən hansısa eyham hiss etməmişəm, eşitməmişəm də. Mən ümumiyyətlə, səhnədə nə desələr, edə bilərəm. Fatmanisə obrazı kiçik rol olsa da, emosional və hərəkətlidir. Civə kimi bir yerdə dayanmır. Mənim əməliyyatdan sonra bircə problemim bu olub ki, hündür dabanlı ayaqqabılar geyinə bilmirəm.

Image result for firəngiz mütəllimova

- Sırf sizin üçün nəzərdə tutularaq yazılan səhnə əsəri olub?

- Sırf mənim üçün olmayıb. Amma rəhmətlik İlyas Əfəndiyev “Tənha iydə ağacı” pyesini yazarkən Gülgəz obrazını məxsusi mənim üçün yazmışdı. Mənim zarafatlarım, hirslənməyim, sevinməyim həmin rolda təzahür edib. O vaxtı İlyas müəllimdən soruşanda ki, siz necə olub ki, mənim xasiyyətlərimi belə dəqiqliklə hiss etmisiniz? O da deyirdi ki, sən bilmirsən, mən məşq vaxtı səni ağladırdım, güldürürdüm ki, xasiyyətini öyrənim. Çünki təzə pyes yazırdım.

- İlyas müəllimin bir çox əsərlərində iştirak etmisiniz.

- Bəli. Onun hardasa yeddi, səkkiz əsərində rolum olub. Elə Elçin müəllimin də xeyli əsərlərində iştirak etmişəm. Özü də baxmayaraq ki, Elçin müəllim İlyas Əfəndiyev kimi böyük dramaturqun oğludur. Amma onların sənətkarlığı arasında xeyli fərqlər var. Elçin müəllimin əsərləri daha fəlsəfidir. Əsərə, obraza vardıqca daha da dərinlərə gedirsən. Və maraqlı olan budur ki, bu gediş bitmək bilmir. Bu da aktyor üçün çox yaxşı iş prosesidir. Hər aktyor da Elçin müəllimin aktyordan nə istədiyini dərk edə bilmir. Mən Elçin müəllimin “Şekspir” əsərini öz tələbələrimlə birgə hazırladım. Tamam başqa aləmə düşmüşdüm.

İlyas müəllim də isə sırf vətənpərvərlik, nakam sevgilər mövzusu qabarıq idi. Fikir vermisinizsə, onun əsərlərində sevən sevdiyinə heç vaxt qovuşmur. Həm də İlyas müəllim heç vaxt heç nədən çəkinmirdi. Hələ sovet dövründə o tay, bu tay məsələlərini mərd mərdanə, cəsarətlə öz əsərlərinə gətirmişdi. Həm də İlyas müəllimin elə cümlələri vardı ki, onu hər aktyor da bacarıb deyə bilmirdi. İkisi də mənə görə böyük və qüdrətli sənətkardı.

Image result for firəngiz mütəllimova

- Bu yaxınlarda Zərnigar Atakişiyevə evində tənha vəziyyətdə rəhmətə getdi. Və yaxud da elə xalq artistimiz Səfurə İbrahimova da hal-hazırda tənha yaşayır, heç kimlə ünsiyyət qurmur. Sizcə, nə etmək lazımdır ki, aktyor ömrünün sonunda tənha qalmasın?

- Bilirsiniz, tənha qalmamağa aktyor gərək özünü məcbur edə. Mən o günləri efirdə Səfurə xanımı gördüm. Nə qədər sevindim ki, nə yaxşı ki, efirə çıxıb. Səfurə xanım həm çox gözəl, həm də istedadlı aktrisadır. Biz səhnədə həmişə onlara baxıb öyrənmişik. Amma sonra o, qəfildən küsdü və getdi... Düzdür, mən indi bunun səbəblərini tam dəqiqliklə bilmirəm. Çünki yaş etibarilə də onlar bizdən yaşlı nəsil hesab olunurlar. Mən həmişə də böyük sənətkarlarımızın hörmətini saxlamışam.

Amma istərdim ki, insan özü-özünü tənhalığa asanlıqla təslim etməsin. İnsanın kənara çəkilib özünə qapanması pisdir. Hamımız insanıq. Küsdüyümüz, bezdiyimiz anlar olur. Şəxsən mən özüm əməliyyatdan qayıdandan sonra ümumiyyətlə yaşamaq istəmirdim. Amma həkimlər başa salırdılar ki, sən yaşamaq istəməsən də, yaxınların sənin yaşamağını istəyirlər. Sonra tədricən özüm də ümidlənməyə başladım. Axı bu həyatı, ömrü bizə allah verib. Onunla necə gəldi davrana bilmərik. İnsan həyatın müəyyən məqamlarında yaşamaq üçün heç bir səbəb tapa bilmir. Həmin məqamda mütləq insanın doğmaları, qohumları, yaxınları onun ətrafında olmalıdır ki, ruh düşkünlüyü dərinləşməsin. Allah heç kimə tənha sonluq qismət etməsin.

- Mütaliə edirsiniz?

- Bəli. Son vaxtlar daha çox kitab oxuyuram. Düzdür, sənətimlə bağlı olduğundan daha çox pyeslər oxuyuram. Bu yaxınlarda Orxan Pamuku oxudum. Amma belə pis çıxmasın, mənə klassiklər, loru dillə desək, köhnələr daha maraqlıdır. Misal üçün, Dostoyevskinin əsərlərini dəfələrlə oxumaqdan heç vaxt yorulmuram. Və yaxud da Mopassanın novellalarını oxuyanda bir aktrisa kimi təsəvvür edirəm ki, mətndə bəhs olunan təbiətin, meşənin, hadisələrin içərisindəyəm. İndikilərdən isə həmin ləzzəti ala bilmirəm. Bu yaxınlarda Jorj Sandın “İndiana” əsərini yenidən oxudum. Çünki mənə elə gəlirdi ki, acam və həmin əsəri oxuyub doymalıyam.

- Şəxsi kitabxananız var?

- Əlbəttə, evdə özümün şəxsi kitabxanam da var. Çox kitab var. Orda mənim üçün ən qiymətli kitablar müəlliflərin öz imzaları ilə mənə bağışladıqları kitablardı.

Tələbə vaxtı mənim pullarım demək olar ki, ancaq kitablara xərclənirdi. Dünya uşaq ədəbiyyatından tutmuş, özümüzdə çap olunan yeni nə olurdusa, mütləq tapıb alırdım. İnanın, birdən fikirləşirəm ki, kitabların çoxu mənə lazım deyil. Amma atmağa heç vaxt əlim gəlməyib.

Image result for firəngiz mütəllimova

- Öz sənətinizlə bağlı nələr oxuyursunuz? Ümumiyyətlə, peşənizlə bağlı özünüzü nə dərəcədə inkişaf etdirirsiniz?

- Son vaxtlar türk serialları mənə maraqlı gədiyindən indi daha çox onların ssenariləri, aktyor ifaları ilə bağlı materiallar oxuyuram. Bu da sadəcə maraqdan irəli gəlir. Amma bütün hallarda görürəm ki, bizim məktəb, “Stanislavski texnikası” daha güclüdür. Hətta bu barədə onları bizimlə müqayisə belə etmək olmaz. Yəni bacardıqca oxumağa çalışıram. Həm də hər gün vaxtımın müəyyən hissəsini saytlardakı xəbərləri oxumağa ayırıram. Bəlkə də bu bir az mənim mütaliəmə mane olur. Tələbələrimlə yeni tamaşa üzərində işləyirik. Beynim çox vaxt bununla məşğul olur. Yəni mənim üçün oxumaq və ya izləmək çətin məsələ deyil. İstədiyim hər şeyi internet vasitəsi ilə tapa bilərəm.

Bu yaxınlarda İngiltərə teatrı “Hamlet” tamaşası ilə Bakıya gəlmişdi. Mən vaxt itkisi olmasın deyə, təkrar gedib ona baxmadım. Çünki İngiltərənin özündə həmin tamaşaya baxmışdım. Və sizə deyim ki, bizim teatrda Azər Paşa Nemətovun quruluşu ilə səhnəyə qoyulan “Hamlet” tamaşası mənim daha çox xoşuma gəlmişdi.

- Bildiyim qədəri ilə olduqca inanclı insansınız.

- Elədir. Allaha, dinə inamım böyükdür. Əməliyyatdan sonra isə hər gün iki saata yaxın dualar oxuyuram. Və oxuduqca da hiss edirəm ki, daxilən rahatlaşıb, yüngülləşirəm. Hətta başım ağrıyırsa, dualardan sonra sakitləşir. Elə bilirəm ki, hər şey çox gözəldir və belə də davam edəcək. Dualar mənə həm də çox böyük inam bəxş edir. Məhərrəmlik, orucluq aylarında Quran da oxuyuram.

- İsa Məsihin bir fikri var. Ruhunuzu söndürməyin...

- Əlbəttə. Ruh insanın yaşam qaynağıdır. Həm də dua oxumaq pis şey deyil axı. Mənim anam da həmişə dua oxuyardı. O vaxtı mən tam anlamırdım. Öz-özümə fikirləşirdim ki, adam nə qədər dua oxuyar. Sən demə, dualar onu sakitləşdirirmiş...

- Xarici ölkələrə gedəndə necə, müqəddəs yerləri ziyarət edirsiniz?

- Xarici ölkələrdə, Türkiyədə olanda camilərə gedirəm. Qardaşım Minskdə əməliyyat olunanda isə orda məscid tapa bilmədim. Kilsəyə gedib, ayətül-kürsü oxuyub salavat çevirdim. Hamı mənə baxırdı. Amma məncə, burda da qəbahət heç nə yoxdur. Məscid də, kilsə də allahın evi adlanırsa, dinindən asılı olmayaraq inanclı insanların üzünə açıqdır.

Bakıda isə daha çox Mir Möhsüm Ağanın ziyarətgahına, bir də İçərişəhərdəki evinə gedirəm.

Image result for firəngiz mütəllimova

- Şuşada da məscid vardı.

- Vardı. Biz ora gecələr xəlvət gedirdik. Bizə icazə vermirdilər. Sonralar da oranı muzey elədilər.

- Şuşa işğal olunandan sonra ananız tez-tez atanıza deyirmiş ki, "xolodelniki" niyə söndürmədin...

- Şuşa alınmışdı. Artıq yox idi. Atam gəldi, qapıdan girən kimi anam soruşdu ki, xolodelniki söndürdün? O da “yox” cavabı verdi. Anam onda çox hirsləndi, ağladı ki, niyə söndürməmisən? Atam da ona dedi ki, “Şəfiqə, mən səni necə başa salım ki, Şuşa artıq yoxdur. Xolodelnik işləsə də, işləməsə də erməni artıq Şuşadadır.” Anam həmin ərəfədə şokdaydı. Əsəb keçirirdi. İnanmırdı ki, Şuşa işğal oluna bilər. Atam deyirdi ki, onlar hətta Şuşada olanda belə son günlərə qədər anam öz biş-düşündən, mürəbbəsindən qalmırdı. O inanmırdı ki, Şuşa işğal oluna bilər.

- Şuşa ilə bağlı xatirələrinizin tükənəcəyindən ehtiyat etmirsiniz?

- Heç vaxt. İndinin özündə də atamı, anamı yuxuda görəndə mütləq onları Şuşadakı evimizdə görürəm. Real həyatda da ətrafımdakı insanların çoxu şuşalıdır. Bir də görürsən kimsə zəng vurur. Şuşa barədə danışırıq, xatirələrimizi bölüşürük. Nə Şuşa ilə, nə də xatirələri ilə üzülüşə bilmirəm. Heç istəməzdim də...

- Ananız rəhmətə gedəndən sonra evinizdən böyük bir ordunun çəkilib getdiyini deyirdiniz. İndi necə, özünüz ailə üzvlərinizə analıq edə bilirsiniz?

- Hər bir ailədə ana ordunun başçısıdır. Böyük mən olduğum üçün indi bacılarımın, qardaşımın anası kimi hesab edirəm özümü.

Image result for firəngiz mütəllimova

- Seriala da çəkilirsiniz. Səviyyə sizi qane edir?

- Tam qane etmir. Seriallarımız yaxşı formada başlayır. Sonra sıfır həddinə düşür. Mən Türkiyə istehsalı olan seriallara axıra qədər baxıram. Amma bizdə çəkilən seriallara dörd seriyadan sonra baxa bilmirəm. Sənətdən başı çıxmayan, istedadı olmayan adamların çəkildiyi seriala mən niyə baxıb vaxtımı puç etməliyəm? Misal üçün “Vicdan haqqı” serialını çox adam tərifləyir. Amma təəssüflər olsun ki, baxa bilməmişəm. Adamın allahı var, Rövşən İsaq hansı seriala başlayıbsa, birinci mənimlə danışıb. Mənim sadəcə olaraq vaxtım yoxdur. Həm də səhhətimlə bağlı özümü çox yormaq istəmirəm. İndi çəkildiyim yeganə serial “Bacanaqlar”dı. Ona da həftədə bircə dəfə gedirəm. Həm də onlara çox öyrəşmişəm. Belə pis çıxmasın, əməliyyatdan qayıdanda yanıma gələn ilk insanlardan biri Elməddin olub. Mən onlardan həmişə qayğı və diqqət görmüşəm. Həmişə nazımla oynayıblar. Onlara da balam kimi həmişə dəstək olmuşam.

Filmlərə çox böyük məmnuniyyətlə çəkilərəm. Amma seriallar barədə gərək fikirləşim.

- Son illər sənətlə bağlı çox itkilərimiz oldu. Ən çox kimləri xatırlayırsınız?

- Hər dəfə “Qarabağnamə” əsərində çıxış edəndə İlham Əsgərov yadıma düşür. O həm mənim qrup yoldaşım, həm də “Qarabağnamə”də tərəf müqabilim idi. Vəfa Fətullayeva ilə həmişə yaxın olmuşam. Onun gülüşü tez-tez gözümün önünə gəlir. Nəcibə Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıqova ilə səkkiz il bir qrim otağını bölüşmüşük. Onları xatırlayıram.

Evimdə Yaşarın (Yaşar Nuri - S.Ə.) hər yerdə şəkilləri var. Mən elə bilirəm ki, o sağdır. Heç cür təsəvvür edə bilmirəm ki, Yaşar, Telman Adıgözəlov həyatda yoxdular. Telmanın nömrəsini telefonumdan siləndə çox əzab çəkdim. Öz-özümə düşündüm ki, bir-bir adları silirəmsə, deməli artıq onların yoxluğu bir az da bu cür formada sübut olunur. Dəhşətdir.

- Bəlkə heç toxunmazdınız adlara. Qalardı...

- Yox. Bu daha pisdir. Hər dəfə kiminsə adını axtaranda onların adı rastıma çıxırdı. Çox sarsılırdım.

Yaşarın qəbrini ziyarət edə bilməmişdim. Bacılarımı da götürüb getdim. Ordan da İlhamə xanımın qəbri üstünə getdik. İnanın, orda o qədər ağladım ki, bəlkə də heç kim mənim qədər ağlamamışdı. Bir anlıq düşündüm ki, hər şeyin sonu bu torpağın altında bitir. İlhamə xanım çox həyatsevər insan idi. Ondan özümə qarşı həmişə hörmət və diqqət görmüşdüm. Ondan iynənin ucu qədər də incikliyim olmayıb. Əksinə başıma bir hadisə gələn kimi birinci yanımda olan insanlardan biri olub. Allah rəhmət etsin hamısına. Onları unutmaq mümkün deyil.

Söhbətləşdi: Samirə Əşrəf /“Ədəbiyyat qəzeti"/

# 5238 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
#
#
# # #