Anarın tərcümələri “Dünya ədəbiyyatı”nın yeni sayında

Anarın tərcümələri “Dünya ədəbiyyatı”nın yeni sayında
15 mart 2018
# 12:09

“Dünya ədəbiyyatı" dərgisinin 2018-ci ildəki ilk sayı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın tərcümə yaradıcılığına həsr edilib.

Kulis.azın məlumatına görə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan dərginin bu sayında Anarın uzun zaman ərzində 90-a qədər müəllif və mənbədən çevirdiyi əsərlər, fərqli növ və janrları əhatə edən tərcümələri toplanıb.

Xalq yazıçısının tərcüməsində təqdim olunan mətnlər dünya ədəbiyyatının ta qədimdən günümüzədək - minilliklərlə ölçülən böyük tarixini son dərəcə maraqlı və dolğun şəkildə əks etdirir. Dərginin bu sayının üz qabığında Anarın qrafik portreti (müəllifi İsmayıl Məmmədov), arxa qapaqda isə əsərlərini tərcümə etdiyi müəlliflərin fotolarından ibarət kollaj verilib.

Nəşrdəki təqdimat yazısında Anar bədii tərcüməçilik fəaliyyətinin tarixçəsi haqqında söz açaraq bildirir: “Ardıcıl olaraq tərcüməylə məşğul olmamışam. 1961-ci ildə böyük hind yazıçısı Rabindranat Taqorun yubileyi münasibətilə “Azərnəşr” onun “Bağban” adlı kiçik kitabını buraxdı. Kitabı rəhmətlik Araz Dadaşzadəylə mən çevirmişdik”.

Tərcümə üçün mətn seçimi, bu istiqamətdəki amal və məqsədi barədə isə Xalq yazıçısı bunları qeyd edir: “Bu mətnləri müxtəlif vaxtlarda özümçün çevirirdim. Məqsəd - fərqli epoxaların bir-birindən çox fərqli dil, üslub, təhkiyə vasitələrinin dilimizdə necə səslənməsini, hər cəhətdən bizdən çox uzaq yazıların Azərbaycan türkcəsində ifadə edilməsi üçün dilimizin hansı imkanlara malik olduğunu müəyyənləşdirmək idi. Əlbəttə, yazıların mövzusu, mənası da önəmli idi. Tərcümə üçün mənə bu ya digər cəhətdən maraqlı və əhəmiyyətli görünən mətnləri seçirdim”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Anarın tərcümə yaradıcılığı haqqında bəhs edərkən iki mühüm məqamı önə çəkir: “Əvvəla, sovet dövründə yazıb-yaratmış olan bütün böyük ədiblərimizdə öz ölkələrində imperiyanın ucqarında, əyalətdə mühacirətdəymişlərkimi yaşamaq duyğusu olmalıydı, varıydı. Bu duyğu, dünya mədəniyyəti, ədəbiyyatı ilə münasibətdə bizi mezalyans vəziyyətinə salırdı və Anar kimi böyük ədibimiz, əlbəttə ki, bunu bütün aydınlığı ilə hiss edirdi. İkinci məsələ, daxili sifariş məsələsi idi ki, şəxsiyyətin bütünlüyü və daxili azadlıq göstəricisi olan bu məsələ olduqca vacib məqamdı”.

S.Babullaoğlunun fikrincə, Anar tərcümələrilə, xüsusən mətnləri öz daxili sifarişi ilə müəyyən etməklə həm yazıçı, həm də tərcüməçi kimi özüylə mətnlərini çevirdiyi ö böyük ədiblər arasında, eyni zamanda, Azərbaycanla o vaxtkı azad dünya arasında bir bərabərlik işarəsi qoymağa çalışıb və buna nail olub: “Oktavio Pas yazır ki, tərcümə etmək ən dərin mütaliə və anlama prosesidir. Yazıçı Anar, həm çağdaşlarını, həm də sələflərini ən dərin şəkildə anlamış və mütaliə etmiş, anladıqlarını, hiss etdiklərini ən rasional və duru Azərbaycan dilində gələcəyə ötürən böyük Azərbaycan yazıçısıdır”.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, “Dünya ədəbiyyatı”nın Anarın tərcümələrindən ibarət xüsusi buraxılışı 300 səhifəlik zəngin, sanballı, nəfis bir nəşrdir: “Elə bilirəm, dərginin bu sayını Xalq yazıçısı Anarın 80 illiyinə bizim mütəvazi bir təbrikimiz, töhfəmiz də saymaq olar. Orijinal bədii yaradıcılığına görə ədəbiyyatımızda müstəsna bir mövqe tutan Anarın tərcümələri də əhatə dairəsinin genişliyinə, seçilən müəlliflərin sanbalına, mətnlərin keyfiyyətinə, aktuallığına görə çox qiymətli nümunələridir. Əvvəllər də həm ayrılıqda, həm bir arada nəşr edilmiş bu tərcümələrin "Dünya ədəbiyyatı" dərgisində toplu halda işıq üzü görməsi ədəbiyyatımız, tərcümə işimiz baxımından önəmlidir. Odur ki, "Dünya ədəbiyyatı" dərgisinin "Anarın tərcümələri" xüsusi sayı sadəcə yubiley nəşri kimi deyil, Azərbaycanda tərcüməçilik işinin, bu sahədəki nailiyyətlərin mühüm, vacib bir tərkib hissəsinin sistemli, kompleks təqdimatı olması baxımından da ciddi əhəmiyyət kəsb edir”.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #