Bu tamaşa Hacıbəylini heçə endirir -  Abid Tahirli “Nuri-didə Ceyhun”dan yazır...

Bu tamaşa Hacıbəylini heçə endirir -  <span style="color:red;">Abid Tahirli “Nuri-didə Ceyhun”dan yazır...
13 mart 2018
# 14:58

Kulis.az filologiya elmləri doktoru Abid Tahirlinin “Xəyal qırıqlığı: Ceyhun bəy niyə “nuri-didə” ola bilmədi” məqaləsini təqdim edir.

Etiraf etməliyəm ki, Azərbaycan Dövlət Musiqili Dram Teatrında mart ayının 10-da səhnəyə qoyulan “Nuri-didə Ceyhun” pyesinin tamaşasına böyük sevinc, həyəcan və həvəslə, ürək çırpıntısı ilə getmişdim. Səbəbi çox, anlaşılan, həm də sadədir:

- tariximizin və taleyimizin şah əsərlərindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu mövzuda əsərin səhnələşdirilməsi təqdirəlayiq hadisədir;

- xalqımızın iki parlaq simasının - Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının səhnə obrazlarının yaradılması bir tərəfdən keçmişə, dəyərlərimizə qədirbilənlik nümunəsi, digər tərədən də bu qəhrəmanların timsalında yüksək əqidə və fədakarlığın, Vətənə, millətə və dövlətə sonadək sədaqətlə xidmətin təbliğidir;

- bu qəbildən olan əsərlər yalnız onun qəhrəmanlarının yox, bu obrazların timsalında, həm də istiqlal mücahidlərinin hər birinin əziz və unudulmaz xatirəsinə ehtiramdır;

- sovet rejimi və kommunist ideologiyasının göstəriş və prinsiplərinə uyğun olaraq uzun illər boyu həyatı, irsi gizli saxlanılmış Ceyhun Hacıbəyli şəxsiyyətinin, xüsusi ilə onun qardaşı Üzeyir bəylə olan münasibətlərinin daha geniş işıqlandırılmasına və daha dərindən tanıdılmasına yardım edə bilərdi.

Tamaşanı (pyesin müəllifi yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) ərsəyə gətirən hər kəsə, yaradıcı heyətə hörmətimi bildirməklə yanaşı, təəssüflə qeyd etməliyəm ki, premyeranı məyus və xəyal qırıqlığı ilə tərk etdim. Bizi tarixi mövzuda yazılmış əsərin, o cümlədən haqqında bəhs etdiyimiz pyesin janr və üslubundan, süjet xətti və kompozisiyasından, hətta dramaturji konfliktin kəskinliyindən, tamaşanın səhnə, rəsm və musiqi tərtibatından, dekorasiya və geyimlərdən, dialoqların dinamizmindən daha çox səhnə əsərinin ideya və məzmunu, aktuallığı, mətnin sanbalı, hadisələrin xronologiyası, faktların təhrif olunmaması, tarixi şəxsiyyətlərin portretlərinin təxəyyülə yox, daha çox sənədlərə istinad edilərək yaradılması maraqlandırdığından bu qeydləri etmək məcburiyyətindəyik.

Ceyhun bəyin (Əməkdar artist Pərviz Məmmədrzayev) Zöhrə xanıma (Gülnarə Abdullayeva) uşaq şıltaqlığı ilə, hay-küylə Parisə gedəcəyini sevinclə xəbər verməsi, bu azmış kimi ardınca da yarıçılpaq fransız qızlarının balet rəqsi etməsi səhnəsi nəinki inandırıcı deyil, bayağıdır və istiqlal mücahidinin müqəddəs missiyasına kölgə salır. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu rəsmi dövlət qəzetinin - “Azərbaycan”ın 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində “Möhtərəm oxucularımıza” adlı müraciətində yazırdı: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən Vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan Sülh Konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz Vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.

Bu məsul və şərəfli vəzifə ona 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin son tapşırığı idi. Ceyhun bəy bir daha vətənə qayıda bilməsə də, Azərbaycana vəfat edənədək xidmət etdi: son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu.

Zöhrə xanımın fransız qızlarına işarə ilə iradından sonra Ceyhun bəyin “Onda biz evli deyildik”- deməsi belə təəssürat yaradır ki, sanki Ceyhun bəy Parisə ilk gəlişində Sorbonna Universitetində oxumaqla yox, elə eyş-işrətlə məşğul olurmuş, günlərini barlarda keçirirmiş. Zöhrə xanımın əsəbi və ədəbsiz hərəkətləri (stəkandakı suyu Ceyhun bəyin sifətinə atması və.s) həqiqəti əks etdirmir. Elə bilirəm ki, onun haqqındakı kiçik arayış Zöhrə xanım barədə müəyyən fikir formalaşdırmaq üçün yetərlidir : 1893-cü ildə Qubada dünyaya göz açan Zöhrə xanım Həmdulla bəylə, Kazan mənşəli Volqa tatarlarından olan Aişə xanımın qızıdır. Bakıda rus məktəbində orta təhsil almışdır. Bakı Pedaqoji Məktəbini bitirmiş, bir il Sankt-Petrburqda tibbi təhsil almışdır. Zeynalabdın Tağıyevin Müsəlman Qızlar məktəbində 7 il müəllim işləmişdir. 12 noyabr 1912-ci tarixində Ceyhun bəylə evlənmişdir. Çətin, eyni zamanda şərəfli həyat yolu keçmiş, milli-mənəvi dəyərlərə, adət-ənənələrə sahib Zöhrə xanım nədənsə, tamaşa boyu çılğın, ərkəsöyün, kasıbçılıqdan, həyatından giley-güzar edən obraz kimi verilir. Təəsüüf.

Ceyhun Hacıbəylinin anasının Şirinbəyim xanımın (Xalq artisti Fatma Mahmudova) obrazı qürbətdəki oğlunun dərdini çəkən, xiffət edən, qəm-qüssədən üzü gülməyən, daim fikirli, kədərli ana kimi yox, ağzındakı tək çürük dişininin hayında olan, onu qızıl dişlə əvəz etməyə çalışan, oz ifadəsi ilıə desək, anadan abırsız doğulan ana, ailədaxili, qohumlararası münasibətləri, münaqişələri qızışdıran, dedi-qodu ilə məşğul olan qadın tipi kimi yadda qalır. Əslində isə belə olmamışdı. Ceyhun Hacıbəyli ömrünün son illərində qələmə aldığı «Bir il xə­yal­lar­da... və bütöv bir ömür» memuarında yazır: “Әmin olmuşdum ki, mənim və mənimkilərin üzə­rində, hətta uzaq mə­safədən olsa belə, bizim üçün qocalan anamın sa­də nəfəsi var idi. Bir gün son­be­şi­yi­ni və nəvələrini görmək (yalnız bir-iki aylıq böyük nəvəsini görmüşdü) ümidi onu ya­şadırdı. Narahat bir vaxtda onun dünyadan köçməsi mənim üçün yaxşı heç nə vəd et­mir­di. Bu, onun doğmalarının başında çatlayacaq fəlakətləri görməmək ar­zusu de­yil­dimi? Bütün hallarda onun yaşamaq iradəsi sarsılmışdı... ». Bu cür sarsıntılar keçirən, qərib övladının həsrəti ilə alışıb-yanan ana obrazını, əlbəttə ki, səhnədə də görmək istərdik, görmədik…

Tamaşada Ceyhun bəyin silahdaşları ilə görüş səhnələri də təəssüf və təəccüb doğurur. Parisə gələn nümayəndə heyəti Ceyhun bəyi dilə tutur ki, Vətənə qayıtma, burada qal, bir yerdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparaq. Ceyhun Hacıbəyli nəinki Azərbaycan istiqlalı uğrunda mübarizə aparan həmvətənlərinzin ən fəallarından biri idi, həm də bu işin qabaqcıl təşkilarçılarınfdan, öncüllərindən sayılırdı. Bunu tarixi sənədlər, təkzibolunmaz faktlar təsdiqləyir. Bircə faktı deməklə kifayətlənəcəyəm. Vəfatından üç gün əvvəl - 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktubdakı fikirlər bu gün də aktual səslənir. H.Xəzər adlı müəllif “Mücahid” jurnalında “Ceyhun bəyin vəziyyəti” məqaləsində (№ 53-54, fevral 1963) göstərir ki, Ceyhun bəy Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bəyan edir və bildirirdi ki, “mühacirəti bir yerə toplamağa səy ediniz, bu, istiqlalımız üçün çox mühümdür”. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü.

Məxfi işçinin (Elməddin Dadaşov) Üzeyir bəyə xitabən « Kim idi Ceyhun, nə diplomat idi, nə siyasətçi. O, Üzeyir bəyin qardaşı idi, vəssalam! »- deməsi əslində düşmənin dili ilə olsa da, Ceyhun Hacıbəylinin mühacirətdən əvvəlki xidmətlərini inkar etmək, heçə endirməkdir. Amma, bu belə deyildir, axı ! Ceyhun Hacıbəyli qardaşı Üzeyir bəyin ən yaxın silahdaşı idi. Bakıdakı Xeyriyyə cəmiyyətlərinin, o cümlədən «Qardaş köməyi »nin fəallarından sayılırdı. «İt­ti­had» (1917), eləcə də «Kaspi»nin əlavəsi kimi çıxan «İzvestiya» qə­zet­lərinə redaktorluq edən C.Hacıbəyli «İrşad», “Həqiqət”, «Proqres», «Tərəqqi», «Kas­pi», «Baku» qəzetləri ilə əməkdaşlıq edirdi. C.Hacıbəylinin həmin illərdə təkcə «Kas­pi» qəzetində 237 (!!!) məqaləsi dərc olunmuºdu. C. Hacıbəyli Şərqin şah əsərlərindən “Leyli və Məcnun” operasının yaradılmasında qardaşı Üzeyir bəyə yaxından köməklik etmişdir. O, bu barədə “İlk Azərbaycan operası necə yarandı” adlı xatirəsində geniş bəhs etmişdir.

Tamaşada Üzeyir bəy (Elçin İmanov) məzlum, miskin, qorxaq surət kimi canlandırılır. Məxfi işçinin arxasınca onu addım-addım izləyən Üzeyir bəyin günahkar görkəmlə acizanə « Mən Ceyhun bəyə dəfələrlə yazdım, o gəlmədi »- deməsi obrazı tamamilə gözdən salır. Bu səhnələrdə dövrün, Stalin rejiminin ölüm saçan mühiti, mənzərəsi verilməkdənsə, Üzeyir bəy cılızlaşdırılır.

Tamaşada C. Hacıbəylinin oğlu Ceyhunun (Nicat Həbibov) obrazı da təhrif edilmişdir. O, atasının üstünə çığırır, səhnədə var- gəl edə-edə, « Mən onlara sübüt edəcəyəm »- deyə bağırır, lakin kimə, nəyi, necə, niyə sübut edəcəyi məlum olmur. Halbuki ali hərbi təhsilli Ceyhunun Fransa Müqavimət Hərəkatının fəallarından və ilk qurbanlarından olduğu bəllidir və bu mənada müasir dövrdə Azərbaycan- Fransa əlaqələrinin möhkəmləndirilməsinə də xidmət edə biləcək bir obrazın yaradılması üçün real imkan vardı. Fikrimdə mübaliğə axtarılmaması üçün Fransa Müqavimət Hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyə Cəbrayılovun və İmişli rayonunun Murğuzallı kəndinə gəlin köçən fransız İvonna Botto-Şirməmmədovanın bu münasibətlərdəki rolunu xatırladıram.

Tamaşa boyu hadisələrin xronoloji ardıcıllığının pozulması, əsərin qəhrəmanının, eləcə də digər obrazların lazımsız səhnə əşyaları ilə yersiz, yorucu və mənasız davranışı premyeranın ciddi qüsurlarındandır. «Azərbaycan Cümhuriyyət ili»ndə bu cahanşümal hadisəyə, onun qəhrəmanlarına həsr olunmuş əsərin səhnədə oynanılması nə qədər təqdirəlayiqdirsə, həmin dövlətin himninin müəlifindən bəhs edən tamaşada himnin səsləndirilməməsi bir o qədər də təəssüf doğurur.

Çox istərdim ki, yaradıcı kollektiv xəyal qırıqlığı ilə ayrıldığım bu tamaşa üzərində deyilənləri nəzərə almaqla, bir daha işləsin və böyük bayramımıza layiqli hədiyyə versin. Yaradıcı kollektivin gücünə və bu işin öhdəsindən gəlmək iqtidarında olduğuna ürəkdən inanıram.

# 1231 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
#
#
# # #