Əhməd Cavadla üzləşdirilən, dindar olduğuna görə güllələnməyə göndərilən azərbaycanlı

Əhməd Cavadla üzləşdirilən, dindar olduğuna görə güllələnməyə göndərilən azərbaycanlı
14 fevral 2018
# 21:00

Kulis.az Aslan Kənanın “Zəngəzur qazisi ilə birdəfəlik haqq-hesab” yazısını təqdim edir.

1920-ci ilin aprel ayında bolşeviklər Azərbaycanda qanuni hökuməti “sapı özümüzdən olan baltaların” köməyi ilə zəbt etdikdən sonra xalqa qarşı “səlib yürüşünə” başladılar. İlk öncə nəinki öz zəhməti hesabına varlananları, hətta öz zəhməti hesabına yaşayan ortabab insanları da “kulak” –– “qolçomaq” edib, illərlə topladığını bir anın içində əlindən alaraq, ya güllələyirdilər, ya da ən yaxşı halda Rusiyanın şaxtalı-buzlu yerlərinə göndərirdilər. İş o yerə çatmışdı ki, beş qoyun, bir keçisi olan kəndliyə də həmin damğanı vururdular. Bəzən bu özbaşınalıq elə həddə çatırdı ki, bir kənddə yaşayan xalqın yarıdan çoxuna bu damğanı vurub, sürgünə yollayırdılar. Sürgündən sağ-salamat qayıdanları 1930-cu illərin repressiyaları “qoynuna” alırdı.

02.02.1930-cu il tarixli 44/21 saylı əmrinə əsasən “qolçomaqların ləğv edilməsi və onların əks-inqilabçı hərəkətlərinə sarsıdıcı zərbə endirilməsi” nəzərdə tutulurdu. Burada əks-inqilabçı, qolçomaq fəallarının təcili ləğvi və onların kütləvi şəkildə sürgün edilməsi nəzərdə tutulurdu.

Qeyd etmək lazımdır ki, qanuni hökumət devrildikdən sonra, bolşeviklərin ilk nifrət etdiyi və barışmaz mövqedə dayandığı insanlardan biri də dindarlar idi. Hər bir halda onları tənqid edir, ələ salır, dinin “puç və əfsanə” olduğunu, xalqa güclə də olsa təlqin edirdilər. Onlarda din xadimlərinə qarşı bir nifrət yaranmışdı. Ona görə də dindarların, Allaha etiqad edənlərin üzərinə şər atılır, onlar min-bir yolla güllələnməyə məhkum olunurdular. Ən yaxşı halda isə Rusiyanın şaxtalı yerlərinə sürgün edilirdilər. Bu özbaşınalıq o yerə çatmışdı ki, bolşeviklərin təkidi ilə “Allahsızlar” qəzeti çap edildi. Bu cür əqidə üzərində qurulan dövlət müharibə illərində məscidlərə, kilsələrə əl açıb, onlardan kömək dilədilər. Təsadüfi deyil ki, Stalin müharibənin ağır günlərində, 1943-cü ildə Rusiyanın “baş molla”sı ilə görüşməli olmuşdu. Məhz bundan sonra dindarlara münasibət dəyişməyə başladı. Dindarların köməyi nəticəsində küllü miqdarda vəsait toplanıb müharibəyə göndərilirdi. Bunlar sonralar olacaq. İndi isə dindarlara qarşı bir “səlib yürüşü” elan edilib.

Məhz bu baxımdan da Azərbaycanda olan dindarlara qarşı xüsusi göstəriş verilmişdir. Bu əsasən Respublikanın kənd yerlərində yaşayan, ömrü boyu Allaha inam gətirən sadə kəndlilərə qarşı edilən növbəti haqsızlıq idi.

ÜİK(b)P Siyasi Bürosunun “Azərbaycanda antisovet elementlərin sürgün olunması haqqında” 25 dekabr 1934-cü il tarixli qərarında Azərbaycan KP MK-nın xahişinə əsasən Xalq Daxili İşlər Komissarlığına (XDİK – NKVD) tapşırılırdı ki, Azərbaycandan təcili olaraq 87 qolçomaq və başqa ünsürlər əmlakları müsadirə olunmaqla islah düşərgəsinə göndərilsin. Respublikanın I katibi vəzifəsinə yenicə təyin olunmuş (bir il) Mir Cəfər Bağırov artıq Azərbaycanı qırğına vermək üçün Moskvadan xahişlər edirdi. XDİK-nin 6 aprel 1935-ci il tarixli məlumatına əsasən Azərbaycan rayonlarından xüsusi dəstələr Rusiyanın insan ayağı dəyməyən yerlərinə göndərildi.

30 iyun 1937-ci il tarixdə SSRİ Daxili İşlər komissarı tərəfindən keçmiş qolçomaqları məhv etmək üçün Stalin terrorunun dəhşətini əks etdirən 00447 saylı bir əmrə imza qoyuldu. Bu əmrə əsasən onlar ya 8-10 illik müddətə düşərgələrə göndərilir, ya da güllələnirdilər. Stalinin əmri ilkin olaraq Azərbaycanda tətbiq edilmişdi. Bu soyqırım barədə rəsmi etiraf mövcuddur. Moskva televiziyasının nümayiş etdirdiyi bir sənədli filmdə bu öz əksini tapıb. SSRİ DİN-nin hazırladığı hesabatdan məlum olurdu ki, XDİK 1920-ci ildən 1950-ci ilin əvvəllərinə qədər 3 milyondan artıq adam həbs etmişdi. Azərbaycan SSR-ə aid olan sənədlərdən məlum olur ki, 12 min nəfər güllələnmiş və ya həbs edilmişdir. Qeyd edək ki, tədqiqatçıların fikrincə əslində bu rəqəmlər xeyli ixtisar edilib. Halbuki keçmiş SSRİ-də heç bir xalq Azərbaycan xalqı qədər soyqırıma məruz qalmamışdı.

Azərbaycan Yazıçılar İttifaqının 1930-cu illərə aid olan sənədlərin stenoqramlarından da tanış oluruq ki, orada səslənən böhtan dolu ifadələrin, təhqirlərin ölümə sürükləyən ifadələrin respublikanın böyük bir ziyalı təbəqəsi tərəfindən işlədildiyinə inanmağımız gəlmir. Heç demə xalqımız tərəfindən inam, ümid yeri olan bu məbədgah heç də öz adına layiq yer deyilmiş. Məlum olur ki, burada əyləşib yaradıcılıq hesabatı verənlərin əksəriyyəti yalnız öz mənafeləri naminə çalışanlar olmuşlar. Onların boğazdan yuxarı yaratdıqları qəhrəmanlar yalnız övladlarının gələcək həyatının firavan keçməsindən ötrü imiş. Buradakı məruzələrdə, çıxışlarda deyilən ağlagəlməz böhtanların bu təşkilatın nümayəndələri tərəfindən deyildiyini bildikdə, həmin ifadələrin müəllifinin görkəmli qələm sahibi olduğunu qəbul etmək istəmirsən. İfadələrin məhz “hörmətli” yazıçılarımıza aid olduğuna inanmaq istəməsən də, lakin bu bir həqiqətdir. Həmin illərin həqiqətlərini üzə çıxaracaq sənədləri vərəqləyirəm. Bu vərəqələrin arasında ifadələrlə birgə illərin tozları üzərimə hopmağa başlayır. Mən də düşünmədən həmin tozların qurbanına çevrilirəm. Böyük bir xalqın inanc yeri olan, bu təşkilatda gedən diskussiyaların, mübahisələrin, onu yaradan şəxslərin səsləri arasında diqqətimi cəlb edənlərdən biri də imzası nəinki mənim, hətta bir çox qələm sahiblərinə, oxuculara yad olan və “səsini” ilk dəfə həmin stenoqramlarda “eşitdiyim” Bəhlul Behcətdir.

Bəhlul Behcət kimdir?

Bu qələm sahibi haqqında kifayət qədər məlumatlı deyildim. Lakin bilirdim ki, qatı dindar olduğundan bir neçə dəfə həbs olunmuşdur. Ona görə də Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan şəxsi qovluqlar üzərində işləyəndə Bəhlul Behcətin də şəxsi sənədlərinə olan marağımı gizlətmədim.

23 iyul 1937-ci il tarixdə Azərbaycan SSR XDİK tərəfindən həbs olunmuş Bəhlul Behcətin 15994 saylı istintaq işinin sənədlərini nəzərdən keçirirəm. Məlum olur ki, 1868-ci il tarixdə Azərbaycan SSR Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, azərbaycanlı, SSRİ vətəndaşı, bitərəf, ailəli, əvvəllər əks-inqilabi fəaliyyətinə görə həbs edilmiş Bəhlul Behcət (Əfəndiyev Bəhlul Əfəndi Mustafa oğlu) sonuncu həbsinə qədər “Azərnəşr”də korrektor işləmişdir.

Şərq tarixi və ədəbiyyatını dərindən bilən B.Behcət görkəmli ədəbiyyatşünas, folklorşünas kimi də tanınmışdır. “Qaçaq Nəbinin tarixi”, “Qarabağ tarixi”, “Məhəmməd Peyğəmbər və ailəsinin tarixi” adlı əsərlərin müəllifidir. O həmçinin folklorşünaslığımıza töhvə verəcək “Nizami və Qafqaz folkloru” ilə yanaşı Sarı Aşığın həyat və yaradıcılığını nəinki tədqiq etmiş, həm də onun əsərlərinin toplanmasında da xüsusi xidmət göstərmiş ilk tədqiqatçılardandır.

O xalq ədəbiyyatı ilə bağlı maraqlı tədqiqatlar aparmış və özünə “Behcət” (gözəllik, sevinc, xoşqəlb) təxəllüsünü götürmüşdü. Çox təəssüf olsun ki, B.Behcətin bir çox araşdırmaları əlimizə gəlib çatmamışdır. Görünür B.Behcətin acı taleyinə yazılan yazıdır ki, heç zaman ondan qaça bilməmişdi.

Qeyd edək ki, folklorşünas, ilahiyyatçı olan Bəhlul Behcətin doğum tarixi müxtəlif illərlə göstərilir. Bəzi sənədlərdə onun doğum ili 1869, bəzən də 1885-ci illər qeyd edilir.

B.Behcət ilk təhsilini atasından, sonra isə əmisindən almışdı. Daha sonra Şəkiyə gedib və burada mədrəsədə təhsilini davam etdirib. Bir müddət sonra B.Behcət Türkiyədə və İranda dini təhsil alır. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzura qazi təyin edilir. Həmin illərdə Zəngəzurda erməni qırğınlarının qarşısının alınmasında böyük xidmətlər göstərir. Azərbaycan Xalq Cümhuriyyəti “sapı özümüzdən olan baltalar”ın köməkliyi nəticəsində bolşeviklər tərəfindən ələ keçdikdən sonra Bəhlul Behcətin ağır günləri başlayır.

O, 1924-cü ildə həbs edilərək Bayıl həbsxanasına salınır. 1934-cü ildə həbsdən qayıtdıqdan sonra “Azərnəşr”də və EA-nın Azərbaycan filialının ədəbiyyat şöbəsində çalışıb.

Bəhlul Behcətin həm əvvəl, həm də sonra həbs olunmasının əsl səbəbi heç də Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan sənədlərdə göstərildiyi kimi əksinqilabi fəaliyyəti yox, onun Türkiyədə və İranda dini təhsil alması və bir müddət doğulduğu mahalın qazisi olması idi. Bu da gələcəkdə B.Behcətin repressiyaya məruz qalacağından xəbər verirdi.

1934-cü ildən sonra “Vətənə xəyanətə” görə ölüm hökmü həm də dinlə bağlı idi. Stalin tərəfindən tətbiq edilən bu hökm xalqın Allaha inamına görə verilən cəza tədbiri idi. Çünki ölkədə əhalinin siyahıya alınmasında bir sual da xalqın dinə olan münasibəti idi. Səs verənlərin 98 milyon nəfərin 55 milyondan çoxu dinə münasibətə müsbət yanaşmışdı. Bu cavab Stalini qane etmirdi. Ona görə də nəticələr gizli saxlanılmalı olur. Həmin siyahıya-alınmada iştirak edənlərin əksəriyyəti isə güllələnir.

1937-ci ilin ortalarında Stalinin sevimlisi Georgi Malenkov dindarlarla bir dəfəlik haqq-hesab çəkmək üçün “Rəhbər”ə təklif göndərir. Təklif tez bir zamanda qəbul olunur. Nəticədə dindarlara qarşı “səlib yürüşü” başlanır. Həmin təklifin nəticəsində ölkədə 1937-1938-ci illər arasında 166 min 700 dindar həbs edilərək sürgünə göndərildi, 117 min 700 nəfər isə 15-20 dəqiqəlik məhkəmə iclasının qərarı ilə güllələnməyə məhkum edildi. Həmin vaxtlar güllələnənlərdən biri də ömrü boyu Allaha inanan, onun böyüklüyünə səcdə edən, adı dilindən düşməyən Bəhlul Behcət oldu.

Lakin B.Behcətin haqqında 23 iyul 1937-ci il tarixdə Azərbaycan SSR XDİK tərəfindən hazırlanmış arayışda onun həbs olunmasına səbəb kimi heç də dinə olan müsbət münasibəti göstərilmir. O, bir terrorçu, hökumətə qarşı əks-inqilabçı kimi təqdim olunur.

Azərbaycan SSR XDİK-də olan məlumatda göstərilir ki, Bəhlul Behcət hal-hazırda əks-inqilabın rəhbəri kimi Azərbaycanın bir çox sərhəd rayonlarında yerli əhali arasında hökumətə qarşı fəaliyyət göstərməklə onları sovet dövlətinə qarşı silahlı üsyana hazırlayır. Lakin bu arayış öz həqiqi təsdiqini tapmır və baxmayaraq B.Behcətin istintaq işinə yeni maddələr artırılır ki, bunlar da təəccüb doğurmur. B.Behcət ilk dəfə həbs olunan zaman Azərbaycan Cinayət Məcəllisinin 72 və 73-cü maddələri ilə təqsirli bilinsə də, istintaqdan altı ay sonra onun işinə Azərbaycan C/M-nin 69 və 70-ci maddələri əlavə olunur. Bu maddələr o zaman ən ağır cəzaya məhkum olunanlara verilirdi.

B.Behcət ilkin dindirilmədə özünü heç nədə günahkar bilməmiş, heç bir əks-inqilabi millətçi təşkilatın üzvü olmadığını bildirmişdi. Lakin XDİK-in əməkdaşları tərəfindən görülmüş tədbirlərdən sonra B.Behcət 1936-cı ildə yazdıqlarının əksinə olaraq Ə.Pepinovun, Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin, Rzaqulu Nəcəfovun, S.Vurğunun, A.Şaiqin, S.Mümtazın və başqalarının onun rəhbərlik etdiyi təşkilatın üzvü olduğunu “etiraf” etməli olmuşdur. O “etraf”ında göstərirdi ki, həmin ərəfələrdə bir-birlərinin evlərinə gedər və orada Azərbaycan ədəbiyyatının getdikcə gözdən düşdüyündən danışarlarmış.

B.Behcətin növbəti dindirilməsində aydın olur ki, təhlükəsizlik idarəsinin müstəntiqləri qarşılarına qoyduqları əsas məqsədə nail olmuşlar. Həmin məqsədlərdən biri də guya Azərbaycanın Cəbrayıl və Zəngilan kimi sərhəd rayon­larında əks-inqilabi iş aparmaqla Sovet hökumətinə və dövlətinə qarşı tədbirlər görən bir qrup əks-inqilabçıların zərərsizləşdirilməsindən ibarətdir. Bu yolla da istintaqa cəlb olunan hər hansı müttəhimin günahkar olduğunu boynuna qoymağa çalışırdılar.

“İpə-sapa” yatmayan müttəhimlərin günahlarını bo­y­nuna alması üçün müstəntiqlər tərəfindən daha ciddi tədbirlər görülürdü. Bu tədbirlər o dərəcəyə çatırdı ki, müttəhim müstəntiqin üzünü görər-görməz əlavə “günah­lar”ını da boynuna almağa məcbur olurdu. Müstəntiqin bu “hünərinin” nəticəsi idi ki, B.Behcət əks-inqilabi fəaliyyətinin bir çox müsavatçılarla sıx surətdə bağladığını da “etiraf” etmişdir.

B.Behcət üçün qabaqcadan hazırlanmış bu dindirilmə istintaqı qane etmədiyindən, müstəntiqlər yeni bir üsula əl atmalı olurlar. Bu üsul yalançı şahidlərdən yetərincə istifadə etmək idi. Maraqlıdır ki, həmin şahidin müttəhimlə heç bir tanışlığı olmasa da, onun dedikləri istintaqı qane edirdi. “Şahid”in istintaqın göstərişlərinə əməl etmədiyi halda (bu cür hallar çox təsadüfi olurdu) həmin şəxsin aqibətinin necə olacağı heç kəsə gizli qalmırdı.

Həmin istintaqa cəlb edilən bir “şahid”in sözü ilə B.Behcət müridlilik təriqətinə, xanlıq üsyanındakı fəal iştirakına görə günahlandırılırdı.

Başqa bir “şahid”in sözlərinə görə guya kimsə ona deyib ki, (sənəddə bu öz əksini tapmayıb) Bəhlul Əfəndi Bakı şəhərində əks-inqilabi təşkilatın ən fəal üzvlərindən biridir. Bu ifadəni işlədən Qəhrəmanov soyadlı şahid nədənsə B.Behcətə qarşı heç bir tutarlı sübut gətirə bilmir.

Sonralar həmin “şahid” 16 may 1956-cı ildə yenidən dindirilərkən etiraf edir ki, Bəhlul Əfəndiyev adında belə bir şəxs tanımır, həbs olunanda yalnız bir dəfə onun adı xatırlanıb. Həmin şahid etiraf edir ki, 1937-ci ildə dindirildikdə ona qarşı qanunsuz üsullardan –– fiziki gücdən istifadə edilmiş və bu yolla ondan saxta ifadə alınmışdır.

Maraqlıdır ki, Bəhlul Behcətin dindirilməsində Azərbaycan SSR XDİK-in rəhbərlərindən Atakişiyev və Musayev şəxsən iştirak ediblər. 1956-cı ildə bunların hər ikisi cinayətə cəlb olunaraq layiqli cəzalarını almışlar. Bu sonralar olur. Hələ ki 1937-ci ilin ağır günləridir. B.Behcətə “layiqli” cəza vermək üçün təhlükəsizlik idarəsinin zatı məlum olmayan erməni başkəsənləri Bəhlul Əfəndi ilə Azərbaycan himninin müəllifi, repressiyaya ilk məruz qalmış ədəbiyyat xadimlərindən biri olan Əhməd Cavadı üzləşdirməli olurlar. Təbiidir ki, ağır işgəncələrə məruz qalmış 70 yaşlı ədəbiyyatşünas “etiraf” etməyə məcbur edilmişdir ki, o, Ə.Cavadı əks-inqilabi təşkilata cəlb etmişdi. Həmin təşkilatın da rəhbəri Ə.Pepinov olmuşdu. Lakin öncədən hazırlanmış oyunda iradəsini qıra bilmədikləri Ə.Cavad bunu təsdiq etməmişdi.

15 mart 1938-ci ildə Əfəndiyev Bəhlul Mustafa oğlu (Bəhlul Behcət) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əks-inqilabi fəaliyyətinə görə ən ağır cəzaya –– güllənməyə məhkum olunur. Hökm o gecə yerinə yetirilir.

Yalnız 20 il sonra –– SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 9-da sentyabr 1958-ci il tarixli qərarı ilə Bəhlul Behcətə bəraət verilir.

# 1551 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #