Atamı yuxuda rəngli görürəm - İsfəndiyar Vahabzadə yazır...

Atamı yuxuda rəngli görürəm -  <span style="color:red;">İsfəndiyar Vahabzadə yazır...
13 fevral 2018
# 21:00

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü münasibəti ilə şairin oğlu İsfəndiyar Vahabzadənin “Armud qoxulu, sarı rəngli yuxular” məqaləsini təqdim edir.

Yuli Sezar nə zamansa deyib ki, şəxsiyyət olmaq istəyirsənsə ilk növbədə gərək atanın təsirindən çıxasan. Əlbəttə, bu o demək deyildir ki, gərək atanla gedib vuruşasan, dava edəsən yox, əlbəttə, yox... Təsirə düşmək və ya təsirdən çıxmaq ayrı-ayrı məsələlərdir. Onda əgər Yuli Sezarın bu sözlərinə istinad etsək və əgər Lev Qumilyovun da "passionarlıq" fəlsəfəsinə inansaq demək qul oğlu qul Spartakın Spartak olmasından ötrü o ilk növbədə öz atasının təsirindən çıxıb. Babəkində Babək olmasından ötrü o tuluqda zeytun satan kişinin təsirindən çıxıb. Çingiz xanın övladları da elə bil sən deyən təsirə düşə bilmədikləri üçün şəxsiyyət ola bilməyiblər. Əmir Teymurun övladları isə belə... və digərlərin də övladları başqa cür. Belələri çoxdur. Lap çoxdur. Saymaqla qurtarmaz. Hə... K.Marks atasını dəli kimi sevib, amma tez-tez mübahisələri olub. Yola getməyiblər. Ata bir söz deyib, oğul başqa bir söz. Amma bu heç də K.Marksın atasına olan məhəbbətinə xələl gətirməyib. Atasının dəli kimi vurğunu olub. Atasının şəklini də həmişə döş cibində gəzdirib. Hətta K.Marks öləndə belə vəsiyyət edib ki, atasının şəklini onunla birgə dəfn etsinlər. Ata-oğul sevgisi, bir-birlərinə qarşı istəkləri və yaxşı mənada yola getməmələri, mübahisə etmələri həmişə hamının nəzər-diqqətini cəlb edib. Xüsusilə də, oğlunun şəxsiyyət olan bir ataya hədsiz məhəbbəti,ona pərəstiş etməsi çox vaxt bir çox qələm əhlini qələmə aldıtdırıb.

Atamı səslədim dara düşəndə,
Gördüm ki, arada qəbir dayanıb.
V.Səmədoğlu

Özü də necə bir atanın. Hər şeyə qadir olan bir atanın. Öz dövrünün bir telefonu ilə dağı-dağ üstünə aşıran bir atanın. Amma mən heç bir vaxt belə bir telefonun gücünə arxayın olmamışam. Yox, mən özümü heç kimlə müqayisə etmirəm. Əstəğfürullah yox. Hərənin öz yeri var. Hətta məni tanımasınlar deyə vaxtı ilə bir müddət Vahabzadə familiyasını da dəyişdirib "Şəkili" etdirmişdim. İsfəndiyar Şəkili. İran inqilabında iştirak edəndə də, Əfqanıstan müharibəsinə gedəndə də, namizədlik müdafiəmi gecikdirəndə də, doktorluq müdafiəmə badalaq gələndə də.... Heç bir zaman bu telefonun gücünə arxayın olmamışam.

***

Atam düz doqquz ildir ki dünyasını dəyişib. Və bu doqquz ildə ən azı onu bir 100 dəfə yuxularımda görmüşəm.

Adətən deyirlər yuxular rəngsiz, ağ-qara film kimi olur. Doğrudur, mənim də gördüyüm yuxuların hamısı rəngsiz olur. Amma nədənsə atamla bağlı gördüyüm yuxuların hamısı elə həmişə rəngli olub. Bilmirəm niyə. Elə bil ki, gördüyüm bütün bu yuxular əvvəlcə lap o köhnə filmlər kimi, yəni 50-ci illərin filmləri kimi ağ-qara çəkilib, sonra isə bu filmləri yenidən rəngləyiblər. Həmişə də, səhər-səhər yuxudan duran kimi otağımdan armud ətri gəlir. Bu barədə dəfələrlə yazmışam da. Yazmışam ki, atamdan həmişə armud ətri gələrdi. Bunu ona sağlığında deyəndə həmişə gülərdi. Ə... bəsdir deyərdi. Yox... demirəm ki, atamı hər gün yuxularımda görürəm, yox.... əlbəttə, yox... amma tez-tez görürəm. Son vaxtlar isə lap tez-tez görürəm. Bəzən heç yatmıram da. Səhərə kimi oyaq qalıram. Yuxum ərşə çəkilir. Məndə Əfqanıstanda hərbi xidmətdən sonra (1983-1985) yuxsuzluq xəstəliyi əmələ gəlib. Əfqanıstanda hərbi xidmətdə iki dəfə kontuziya almışam. Bundan sonra sutka ərzində heç 40-45 dəqiqə də olsun yatmıram.

Bəzən yuxularımda maraqlı şeylər də görürəm. Amma dediyim kimi, son vaxtlar atamı tez-tez yuxularımda görürəm. Bəzən əlimdən tutub məni harasa aparır, bəzən gülür, çox qəribədir, bəzən də gördüyüm yuxularımla maraqlanır. Mən də gördüyüm yuxularımı ona danışıram. O da yuxularımın içində yuxularımı müxtəlif cür yozmağa başlayır. Bəzən işlərimlə maraqlanır (eh... ay ata, heç işim gücüm var ki.... axırıncı dəfə diplomatik xidmətimi başa vurub geri qayıdandan sonra sanki yaddan çıxmışam, elə bil belə bir adam yerli-dibli olmayıb). Mənim yuxsuzluğumu atam özünə dərd edərdi. Ə... Bu cavan kişidir axı niyə yatmasın... Bəzən də, məni danlayırdı ki, axı sənin nə itin azmışdı Afqanıstanda. Gör bir özünü nə hala salmısan (bilirəm, pul dalıyca getmişdin). Eh.... Ay ata, indi olur da, həyatdır da... Bəzən yuxularımda mənə pul verir. Gülürəm, deyirəm ay ata, səndən sonra mənim Leyla adında bir nəvəm də dünyaya gəlib. Heç babaya da pul verərlər (atam bilirdi ki, həmişə pul sarıdan korluq çəkmişəm). Atam da deyir ki, sən baba yox, lap belə ulu baba da olsan, mənim bir əlim həmişə sənin üstündə olacaq, baxmayaraq ki, yoxam bu dünyada.

Sarı-sarı yuxular görürəm tez-tez,

Armud rəngli yuxular.

Armud ətirli yuxular görürəm tez-tez,

Səhərlər çəkilir armud qoxusu

Yerimin içində yatağımdaca

İki-üç siqaret çəkib birbaşa

Yuxumu atasız yozuram indi.

İstədiyim səmtə çevirirəm mən

Gördüyüm yarımçıq yuxularımı.

Qoy Allah calasın xeyirə - deyirəm.

Atasız yuxular yozmaq çətindir.

Armudun ətrini sarı rəngləri

Bomboz siqaretin həsrət gətirən

Dumanına qatıb yuxu yozuram.

Armudun ətri də sarı rənglərə

Qarışıb tüstüyə həsrət gətirən

Bomboz tülə oxşar tüstü rənginə.

Qarışıb otaqdan çəkilib gedir,

Çəkilib yavaşca gedir yanımdan.

...Mən atamın şəklini evdəki divardan asmamışam. Yox... Atamın şəkli evdə çoxdu. Lap çoxdu. Amma ki, divardan asmamışam. Çünki mənə elə gəlir ki, onun divardan asacağım şəkli ilə baxışlarımız toqquşsa, yenə məni danlayacaq. Mənə həmişə elə gəlirdi ki, mən elmlər namizədi adını alanda da, ən çətin mövzunu götürüb doktorluq müdafiəsi edəndə də, professor olanda da, fövqəladə və səlahiyyətli səfir rütbəsini alanda da, ən müxtəlif xarici ölkələrdən, ən müxtəlif yüksək adlar, təltiflər alanda da, atam məndən sona qədər razı qalmayıb. Məndən daha yüksək şeylər gözləyib. Əlbəttə, günah məndədir. Mənə həmişə elə gəlib ki, atamın ümidini axıra qədər doğrulda bilməmişəm. Daha böyük adlara layiq ola bilərdim, amma ola bilməmişəm. Bəlkə də, bu belə deyil. Amma bu mənə belə gəlir. Ömrü boyu atam məndən razı qalsın deyə dəridən-qabıqdan çıxmışam. Heç kimin yox, ancaq atamın təsdiqi üçün çalışmışam.

Atamın Şəkidə çox gözəl evi var. Atam hər il mayın əvvəllərində Şəkiyə gedər, sentyabrda qayıdardı. O evdən də sanki armud ətri gəlir. Atam dünyasını dəyişəndən sonra nə atamın Şəkidəki evinə, nə də ki, burda olan evinə də getməmişəm. Özümə söz vermişəm ki, getməyim. Atasız evə getmək istəmirəm. Amma atamla tez-tez söhbət etmək üçün Fəxri xiyabana gedirəm. Heç kimin yanımda olmasını istəmirəm. Tək söhbətləşirəm. Çox qəribədir. Daşa dönmüş atam bəzən mənə baxıb başın yırğalayır. Bəzən nəyəsə etirazını bildirir. Bəzən gülür. Bəzən nəyəsə yox, nəyəsə hə deyir. Bəzən də soyuqlu havalarda, mən soyuqlayanda, gedə bilmədiyim zaman onun düz 13 il qolunda gəzdirdiyi saatla söhbət edirəm. Saat çıqqıldayır, sanki mənə "qorxma, ay oğul, yanındayam deyir. Ölməmişəm ki... Həmişə sənin yanındayam" - onun bu sözləri mənə bəsdir.

Artıq düz doqquz ildir ki, mən bu saatı qolumda gəzdirirəm. Nəsə ürəyimə damıb ki, elə mən də bu saatı qolumda düz 13 il gəzdirəcəyəm. Sonra... Nə isə... Demək düz 4 ilim qalıb. Atamın bu sözləri heç bir zaman qulağımdan getmir. "Oğul, özünü şax tut. Möhkəm dur. Heç vaxt heç kimə əyilmə. Əyilənin üstünə yıxılan çox olar. Kişinin başına iş gələr".

"Ata üçün ən böyük faciə oğlunun əyilməsini görməkdir".
Osetin yazıçısı Koste Xetekurov

- Ee... ay ata, bu kişinin başına o qədər işlər gəlir ki, içim özümü yandırır, çölüm özgəni. Vallah daha bezmişəm bütün bu işlərdən. Bütün bu çətinliklərdən. Eynşteyn deyib ki, bu dünyada ən çətin şey elə yaşamaqdır. Nə isə ixtira etməyə nə var ki...

- Qulaq as, sən Eynşteyn deyilsən. Günah məndədir ki, sənə vaxtından çox-çox əvvəl Şopenhauerdən tutmuş Eynşteynə qədər oxutdurmuşam.

- Elə yaxşı ki, Eynşteyn deyiləm, yoxsa başım şişərdi.

Belə mübahisələrimiz çox olardı.

Mübahisələr - mübahisələr, yenə də mübahisələr. İndi bu yazıda bir şey başa düşdüm ki, sən demə, mən həmişə atamla mübahisə etmişəm. Mübahisə etdiyim bir atam olub. O dünyasını dəyişəndən sonra onun xəyalı ilə mübahisə etmişəm və edirəm də. Sən demə, mən hamıya güzəşt eləyən bir adam olmuşam. Amma bircə atamın təsdiqindən ötrü çalışmışam. Mənə bircə onun təsdiqi lazım olub. Ax... Ay ata, bilsəydin ki, mənim bu təsdiqlərə nə qədər ehtiyacım olub... /“Ədəbiyyat qəzeti”/

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #