Sənin “yaxşı olacaq” dediyin bu xəstəlik

Sənin “yaxşı olacaq” dediyin bu xəstəlik
15 yanvar 2018
# 11:32

Rəvan Cavid

Ümid haqqında Bakı

Bu şəhərin ümidi

Xoşbəxtliyindən çoxdu,

Hamının ümidi var,

Hamı xoşbəxt deyil ki.

Sən hər şeyi asan bil,

Vərəmdən ölən dostum dünən gecə deyir ki,

Cənnətin qapısının önü qəbiristan imiş.

Bu şəhərin gedəni qayıtmaq üçün yox,

Unutmamaq üçün bəhanələr axtarır,

Bir az da buna görə sevirəm bu şəhəri,

Sevgisi çox bayağı, nifrəti çox saxtadır!

Bu şəhərin qoxusu

Bir azca neft qoxuyur,

Bir az neftçi parfümü,

Bu şəhərin payızı

Bir az insan itkisi, bir az yarpaq tökümü.

Bu şəhərin ümidi

Xoşbəxtliyindən çoxdu,

Hamının ümidi var,

Hamı xoşbəxt deyil ki.

Yaxşı olacaq!

Balıqçıya küləklər ümidsizlik deməkdi,

Tilovunu balıq yox,

Dalğalar tərpədəndə.

Mən onda öyrənmişdim:

Yalançı balıq olur,

Yalançı ümid olmur.

Yalan-gerçək hər şeyə

Məcbur inanmalıyam, başa düşürsənmi, dost,

Məcbur inanmalıyam.

Limanların tanker yox,

Sərnişin gözləməsi,

Adamların sahildə balaca ümidləri

Hələ əzizləməsi -

Xoşbəxtlik imiş, dostum,

Məcbur inanmalıyam!

Sənin “yaxşı olacaq” dediyin bu xəstəlik

Ümidlə sağalırmış,

Hələ ki yaxşı ümid tapmamışam limanda,

Süni daş döşəməli o soyuq sahillərdə

Yenə gəmi yerinə tanker gəlir limana,

Yenə kimlərsə əksik Bakıda mənzillərdə.

“yaxşı olacaq”, hə, dostum,

Məcbur inanmalıyam,

Hər şey yaxşı olacaq!

Ulucay Akiflə söhbət.

Ayrılıq qanadlarının qırılması yox,

Uçduğun səmanı tərk etməkdi

Ulucay Akif

***

Ayrılıq - qanadların ola-ola

səmaya yerdən baxmaqdı!

***

Sevgi - bir qadın üçün yox,

o qadının

zümrüd boyunbağısı üçün darıxmaqdı!

***

Ümid - hər gün eyni yola çıxmaqdı!

***

Və şair olmaq - hədəflərinə yox,

havaya güllə çaxmaqdı!

***

Bir nə sadə, nə də mürəkkəbdi

- sadəcə... təkdi!

# 4870 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #