Bayılda yaşayan dəli qadını kim zorlayır?

Bayılda yaşayan dəli qadını kim zorlayır?
8 yanvar 2018
# 11:40

Könül Cəfərli

Qızmar yay günü olmasına baxmayaraq, əynində qəhvəyi rəngdə uzun palto vardı. Elə buna görə diqqətimi cəlb etmişdi. Bir az da yaxınlaşanda iri qarnını gördüm, hamilə idi. Ayaqyalın, üstü-başı çirk içində asfaltın üstündə oturmuşdu. Təxminən 40-45 yaşlarında sarışın qadın idi. Əvvəl bomj zənn etdim. Dindirdim danışmadı. Dedim yəqin kardır. Çünki mənə heç reaksiya vermirdi. Bu dəm yoldan keçən qonşum: “Ondan uzaq dur, dəlidir, səni cırmaqlayar”, - dedi. Qorxub geri çəkildim.

Evə gəlib pəncərədən o qadını izlədim. Bir xeyli dinməz-söyləməz oturandan sonra qalxıb getdi. Ayağa duranda uca boyunu gördüm. O qədər kirin-pasağın içində yenə də gözəl görünürdü. Belinə qədər tökülən gur, sarı saçları vardı.

Bayıla yeni köçdüyümdən qonşuları yaxşı tanımırdım. Amma ilk fürsətdə o qadın barədə maraqlandım. Ən çox da dəlinin hamilə olmağı qəribə gəlmişdi. Dedilər adı Dilbərdir, küçənin başında qoca anası ilə yaşayır. Bir böyük bacısı da var, Rusiyada ərdədir. Amma bunları itirib-axtarmır. Bacısından başqa da qohum-əqrəbası yoxdur.

Deyilənə görə Dilbərdə uşaqlıqdan davranış pozğunluğu olub. Qonşuların təkid və tövsiyələrinə baxmayaraq, anası qızı müalicə etdirməyib. Hətta həkimə aparmağı məsləhət görən adamlardan küsürmüş ki, dəli özünüzsünüz, mənim qızımda heç nə yoxdur. Anası Dilbərin adına söz çıxmağından ehtiyat edib. Qorxub ki, böyüyəndə dəli bilib ərə almazlar. Elə zənn edib ki, zamanla düzələcək. Hər halda tez-tez getdiyi pirlərdə belə söyləyiblər. Molla deyib ki, uşaq xəstə deyil, guya körpəlikdə bərk diksinib, vaxtla keçib gedəcək.

Amma nə pirlər, nə dualı sular Dilbərə fayda verir. Qız böyüdükcə səhhətindəki problem daha da qabarır. Artıq gizlətmək, ört-basdır etmək mümkün olmur. Anasının əvvəl dediyi “uşaqdır, ağlı kəsmir” bəhanələri işə yaramır. Dilbərdəki anormallığın çox dilə düşməməsi üçün məcburən övladını bütün günü evdə saxlamalı olur. Lakin müalicə almayan qızın vəziyyəti ildən-ilə daha da pisləşir.

Vaxt ötür, Dilbər böyüyür, ana isə qocalır. Yaşa dolan qadın artıq xəstə övladını evdə zəbt edə bilmir. Dilbər bayıra qaçır, anasını dinləmir, küçədə yatır. Beləcə, qadının ən böyük qorxusu baş verir, ömrü boy qoruduğu qızını “dəli Dilbər” adı ilə çağırırlar.

Hamilə qalmağı isə daha da dəhşətlidir. Küçədə yatdığı gecələrdə onu tez-tez zorlayırlar. Deyilənə görə indiyədək 4 uşaq doğub. Cəmi bir dəfə sancısı tutanda qonşunun yazığı gəlib doğum evinə aparıb. Qalan hamiləliklərinin necə başa çatdığını, uşağı harada və necə doğduğunu, körpələrin aqibətini bilən yoxdur.

Dilbər özünü idarə etməyi tamam itirmişdi. Bəzən geyindiyi paltardan bədəninin ayıb yerləri açıq görünürdü. Arvadlar evə salıb, onu geyindirib bayıra çıxarırdılar. Hərdən küçənin başından ayağına sürətlə qaçır, uca səslə mahnı oxuyurdu. Amma onun kimsəyə zərər verdiyini görmədim. Əksinə uşaqlar Dilbəri çox incidirdi. Gah daş atır, gah saçından tutub dartırdılar. Qabağına it kimi yemək atanlar da olurdu. Dilbər isə torpağa bulaşmış çörəyi götürüb yeyirdi. Hələ aybaşı günlərində tükürpədici mənzərəni demirəm. Ağlını itirmiş insanı seyr etmək olduqca əzabvericidir.

Ən ağrılısı isə onun təcavüzə məruz qalması və övlad dünyaya gətirməsi idi. Dilbərdən çox doğduğu uşaqlara yazığım gəlirdi. Kim bilir biçarə körpələrin başına nələr gəlirdi.

Axırda qonşulara təklif etdim ki, gəlin Dilbəri xəstəxanaya yerləşdirək. Belə onsuz da insan həyatı yaşamır. Heç kəs yaxın durmadı. Dedilər ki, anası, bacısı sağ ikən, bizə qarışmaq düşməz. Daha çox bacısından qorxurdular ki, gəlib camaatla dalaşar.

Bir müddət sonra o küçədən ayrıldım. Dilbərdən daha xəbərim olmadı. Amma onunla eyni durumda olan başqa xəstə insanları tanıyıram. Təxminən oxşar hekayələrdir. Uşaqda problem aşkar olur, valideyn ya əhəmiyyət vermir, yaxud da həkimə yox, pirə aparır, böyüyəndə isə gec olur. Halbuki zamanında doğru müalicə ilə müəyyən qədər xəstəliyin qarşını almaq mümkündür. Bir tanış həkim var, baldızı şizofreniya xəstəsidir. Valideynləri əlamətlərini hiss etdikləri andan həkimə müraciət ediblər. İndi 50 yaşı var, ailə qurmasa da özünü idarə edə bilir, hətta işləyir. Ancaq yaxın qohumları problemindən xəbərdardır. Vaxtlı-vaxtında müalicəsini alır, heç kəs də “dəli” demir. Çünki davranışlarına nəzarət etməyi bacarır. Bu da ziyalı və ağıllı ata-ananın doğru qərarının uğurlu nəticəsi!

Hələ Dilbərin anasından daha çox zərər verən valideynlər - oğlu ruhu xəstə olduğu halda evləndirən, “evlənsə düzələcək” cəfəngiyatına inanan ata-analar da var. Xəstəliyi qız evindən gizlətdikləri üçün yalnız toydan sonra həqiqət ortaya çıxır. Ya gəlin atası evinə qayıdır, ya da boşanmağı ayıb bilərək ömrünü dəli ilə keçirir. Bəzi nikahlardan isə xəstə uşaqlar da doğulur. Beləliklə, valideynin səhv düşüncəsi və seçimi tək övladına deyil, bir neçə nəfərə zərər verir.

Bütün halda xəstəlik ayıb deyil. Onu malalamaq, gizlətmək olmaz. Bu yolu seçən ata-ana övladına ən böyük pisliyi edir. Problem varsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır, gecikdirmədən, vaxtında. Zamanında tibbi müdaxilə gələcəkdə baş verə biləcək böyük fəsadların qarşısını ala bilər. Ört-basdır edilən xəstəlik isə illər sonra qat-qat ağır formada ortaya çıxır. O zamankı artıq nəsə etmək gec olur, çox gec...

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #