"Əmi, sən Şaxta Babanın nəyisən?" – Ucqar dağ kəndlərindən Yeni İl REPORTAJI

"Əmi, sən Şaxta Babanın nəyisən?" – <span style="color:red;">Ucqar dağ kəndlərindən Yeni İl REPORTAJI
29 dekabr 2017
# 16:19

Şaxta Babayla yol yoldaşıyıq. İki sürücü də bizimlədi. Yolumuz Qəbələyədi. Sonra Şəki, Zaqatala...

Üç qrupa bölünmüşdük:

Şimal-1 komandası: Bakı - Quba rayonu Möhüc və Üçgün kəndləri (26 dekabr)

Cənub komandası: Bakı - Lerik, Lərmərud kəndi - Yardımlı, Şıxhüseynli kəndi - Füzuli, Zobucuq 2 qəsəbəsi (26-27 dekabr)

İkinci Şimal komandası biz idik...

Uşaqları Yeni il ərəfəsi sevindirməyə gedirik. Şaxta Babasız da Yeni il keçərmi? Hansı uşağa əslində Şaxta Babanın uydurma qəhrəman olduğunu demək olar?

Yol üstümüzə gəlir. Qar görmək arzusuyla ürəyim çırpınır. Eynən uşaq kimi. Bakını geridə qoymuşuq, Şamaxanı keçmişik, hələ də qar görə bilmirəm. Şairin dediyi kimi, axı qar örtüyü olmayan torpaqları Vətən deyib uşaqlara sevdirmək olmaz. Mən də bir uşağam, əslində. Bir az yaşım böyükdü. İçimdəki uşaq hələ də bir yerdə durmur, hey əlini əlinə vurub şıltaqlıq eləyir.

- Bax... – sürücü uzaqdakı dağları göstərir. – Qara bax...

Dağlar təkəm-seyrək qarla örtülü. Buludlar da qaş-qabaqlı. O tərəflərdə, ucqarda uşaqlar qar arzusuyla deyil, hədiyyə həsrəti ilə böyüyürlər.

Biz o həsrəti yoxa çıxartmaq üçün yola çıxmışıq. O həsrət də, o uşaqlar da bizimdi. Qar örtüyü var o həsrətlə uşaqların arasında. Xoşbəxtliyin qarşısını kəsən dağlara baxıb uzaqlardan gələcək Şaxta Babanı həsrətlə gözləyən uşaqları düşünün. Biz onların ümidsiz gözlərində sonsuz parıltı yaratmaq istəyirik. Onların da başqa uşaqlar kimi işığa bürünməyini, sevinclə Yeni ilə girməyini arzulayırıq. Əslində həm də arzuları gerçəkləşdiririk. Düzdü, bütün uşaqları bir meydana yığıb oyuncaqlardan xoşbəxtlik yaratmaq çox çətindir. Bizim gördüyümüz iş bir para uşağın oyuncaq şəhərinə pasportsuz keçib kef-damaq içində dolaşmağı üçündü. Dünyanın bütün uşaqlarını xoşbəxt edəcək qədər gücümüz yoxdu. Amma hədiyyə bir uşaq üçün dünyalara dəyər.

Şaxta Baba layihəsi çərçivəsində ucqar kəndlərə gedirik. Mənəm, Şaxta Babadır, bir də iki sürücü. Layihənin rəhbəri Amerikada yaşayır, adı Fərhad Ələkbərovdur. Bu layihə ucqar kəndlərdə yaşayan uşaqları arzuladığı hədiyyələrə çatdırmaq məqsədi ilə yaradılıb.

Miriyusif adlı oğlan Şaxta Baba olacaq. Əvvəl elə bilmişdim ki, müğənni Miri Yusiflə qarşılaşacam.

- Vallah, elə bildim həmin Miri Yusifsən.

Gülür.

- Sənə seyid Şaxta Baba demək olar.

Təbəssüm qonur üzünə.

- Bizdə də bir Miri var, saytdakı iş yoldaşım. – deyirəm. – Uşaqlar onu görsə qucaqlayarlar.

Şaxta Babamız bu dəfə məni dinləmir, məşğuldu, avtobusun içini doldurmuş hədiyyələri ələk-vələk edir.

İlk dayanacaq Qəbələdi. Yeni Dizaxlı kəndinin orta məktəbi.

Seyid Şaxta Baba deyir ki, bu layihəyə könüllü qoşulub. Təsadüfən layihənin elanı ilə rastlaşıb.

- Gördüm, Şaxta Baba axtarırlar, mən də dedim qoşulum. Əvvəl heç bilmirdim belə bir şey var.

Deməli, bu layihədə ucqar kəndlərdən seçilən müəllimlər aztəminatlı uşaqları bir yerə yığır, onlardan şeir deməyini, mahnı oxumağını istəyir. Video şəklində çəkilən şeir oxuma, mahnı demə daha sonra layihənin rəsmi saytına (Baba.az) göndərilir. Məharətini göstərən uşaqlar sonda Şaxta Babadan hədiyyə istəyirlər. Sonra Bakıdan layihəyə bir neçə yerdən dəstək göstərilir. Mover.az şirkətinin ofisində hədiyyələr toplanır və onların öz hədiyyələri ilə birlikdə qablaşdırılıb maşınlara yerləşdirilir. Yol xərci, yemək, otel pulu qarşılanır, hədiyyələr göndərilir. Elə mən də APA Holding adına göndərilmişdim. Əlimdə də çoxlu nağıl kitabı...

Hər şey hazır olandan sonra könüllü bir adam bütün bunları öz öhdəsinə götürür, maşın tutur, hədiyyələri doldurur və bir-bir məktəblərə aparıb Şaxta Baba qiyafəsində uşaqlara paylayır.

Miriyusif də birinci dəfə bu layihəyə qoşulub. İndi də həyəcanlıdır. Əlində siyahı var. Hədiyyə qazanan uşaqların siyahısı. Kasıb uşaqlarıdı onlar. Biri ayaqqabı istəyib, başqa biri oyuncaq. Dörd gözlə Şaxta Babanın hədiyyəni gətirib çıxarmasını gözləyirlər. Hələ ona məktub yazanlar da var.

- Sən internet dövrünün Şaxta Babasısan. – deyirəm, Miriyusif isə hələ də məşğuldur. Deyəsən, Şaxta Baba paltarını tapa bilmir.

Səhər yeməyindən sonra nəhayət ki, Şaxta Baba qiyafəsi tapılır, Miriyusif elə maşındaca paltarı əyninə keçirib telefonu üzünə tutur, yaraşıb-yaraşmadığını yoxlayır.

- Saqqalım altdan görünür. – yalançı saqqalı nə qədər aşağı dartsa da xeyri olmur, həqiqi saqqalının üstünü örtə bilmir. Üstəlik qaşları da qaradır.

- Təbaşirlə həll edərik. – deyirəm və birdən ağlıma maraqlı ideya gəlir. – Məncə, sən bu ağ saqqalı taxma, öz saqqalın var, təbaşirlə boyayaq, əsl Şaxta Baba ol.

Miriyusif bir az tərəddüd edir, amma sonra əlini yelləyir, razılaşmır. Şaxta Baba qiyafəsində məni də qucaqlayıb selfie eləyir. Layihənin Facebookdakı qrupuna atır, gülüş gülüşün dalınca atılır. Və intizarla bizi gözləyən müəllimlərin mesajları...

Qəbələ. Yeni Dizaxlı kəndi.

O səhnə indi də gözümün qabağından çəkilmir. Filmi başladıram: maşın darvazanın qabağında saxlayır, iki taksi sürücüsü, Miryusif və mən məktəbin önündə əlimizdə siyahı dayanmışıq.

Bu dəm uşaqları görürəm, əlləri bizi qucaqlamaq üçün açılıb. Yüyürürlər. Bir növ yarış keçirirlər bir-biriləri ilə. Kənd adamları da böyür-başımıza yığılırlar.

Bir azdan sağımız-solumuz uşaqlarla dolur. Hər yer uşaqdı. Sanki uşaqlar şəhərinə düşmüşük. Yanlarında da müəllimələri.

- Nəhayət, - deyir, - uşaqlar səhərdən sizi, hədiyyələrini gözləyir.

Əlimdəki siyahıya baxıram, çiyinlərimi atıram. Burdakı uşaqların hamısına çatmayacaq. Hədiyyə qazana bilməyən uşaqların əli hədiyyəli uşaqları görməsi səhnəsi...

- Nərgiz müəllimə, - deyirəm – xahiş edirəm, uşaqlara deyin, maşından qırağa getsinlər, məktəbə. Hədiyyə ala bilməyən uşaqlar baxıb pis olmasınlar.

Nərgiz müəllimə uşaqlara səslənir, məktəbə gedin deyir, biz də gəlirik. Uçuq-sökük məktəbin qabağına axışırlar.

Biz hədiyyələri yerbəyer eləyirik, kimə nə düşüb onu seçirik, əlimizdə sellofanlar məktəb qapısına yaxınlaşırıq.

Uşaqların sevinc çığırtıları eşidilir.

Miriyusif Şaxta Baba qiyafəsini geyinməlidir. İstəyir ki, uşaqlar onu görməsin. Şaxta Babanın saxta olduğunu bilməsinlər. Müəllim onu hansısa bir otağa aparır.

- Yağış yağanda başımızdan su axa-axa dərs deyirik. – bunu darvazadan içəri keçəndə Nərgiz müəllimə demişdi...

Yavaş-yavaş məktəb qapısının həndəvərindən uşaqların sevinc çığırtıları yığışır, sükut öz yerini alır. Mən çölə çıxıram, damağıma bir siqaret qoyuram və çömbəlib ağlayıram.

Uçuq-sökük məktəbdi qabağımda. Təkəm. Hıçqıra-hıçqıra ağlayıram. Yaxşı ki, uşaqlar yoxdu.

Birdən qaça-qaça yanıma bir qız uşağı gəlir.

- Xoş gəlmisiniz! – deyir gülümsəyərək.

Mən tez-tələsik gözümün yaşını silib üzümə təbəssüm qondururam, qızı qucağıma alıb öpürəm.

Tədbir başlayacaq indi. Akt zalına tələsirəm.

İçəri uşaqlarla dolub. Müəllimə, direktor sakitləşdirməyə çalışır.

Bir azdan Şaxta Babanın gur səsi eşidilir: “Ehheehey!!!”

Alqışlar qopur. Gülüşmə düşür.

- Çox ellər dolaşmışam... – Şaxta Baba öz şeirini deyir. Qara saqqalı altdan görünür.

Uşaqlardan biri barmağıyla yanındakına göstərir:

- Bax əsl Şaxta Babadı e... Öz saqqalı var.

Şaxta Baba bir-bir uşaqları çağırır.

Jalə, Aliyə qız paları istəyib – realistdirlər.

Rəhim, Pirəmməd, Amin, Nəbi, David futbol topunu qucaqlayırlar – macərapərəstdirlər.

Mariya çantasını qoluna vurur – romantikdir.

Babək Şaxta Baba paltarını götürür – xəyalpərəstdir.

Sabir 36 ölçüdə futbol ayaqqabısını alır – tam realistdir.

Şaxta Baba hədiyyəni verməzdən onları danışdırır, suallar verir.

- Mənim neçə yaşım var?

- 25.

Gülüşmə düşür.

- Qoca kişiyəm e, mən.

Uşaq indi oyun oynadıqlarının fərqinə varır, başını yelləyir.

- Yüz.

- Ay sağ ol!

Yaman səs-küy düşür. Artıq Şaxta Babanın qalın səsi də bu qara-qışqırığı batırmağa yetmir. Hətta direktor da, müəllimlər də bacarmırlar. Uşaqlar Şaxta Babanı dövrəyə alır. Hədiyyə almayan uşaqların məsum baxışlarını izləyəndə kövrəlirəm.

- Kaş ancaq hədiyyə alan uşaqları yığardıq. – müəlliməyə deyirəm. – Belə pis olacaqlar.

Çiyinlərini atır müəllimə.

Şaxta Baba əlavə hədiyyələr də verir. Hər uşaq hədiyyəsini alan kimi Şaxta Babayla şəkil çəkdirir. İçəriyə sevincin, xoşbəxtliyin bəstəsi dolur.

Hədiyyələr bitəndən sonra hamılıqla şəkil çəkdiririk. Zal yaman soyuqdu, hər kəs kurtka geyinib.

- Çox kasıb uşaqlardı. Bura kasıb yerdi, ümumiyyətlə. – müəllim deyir.

Mariya qabağıma çıxır, şəkil çəkdiririk.

- Niyə çanta istədin Şaxta Babadan? – soruşuram.

Utanır, əzilib-büzülür. Bir də təkrarlayıram. Gülümsünür. O tərəfə, bu tərəfə baxır.

- Xoşuma gəlir. Ona görə... – birtəhər dili çözülür.

Üzündə Günəş doğub. Gözlərindəki parıltı tərif edilməz.

Futbol topu alan uşaqlara baxıram.

- Futbol oynamağı sevirsiz?

- Başqa nəyi sevirik ki? – diribaş biri cavab verir. – Hər gün oynayırıq.

- Hansı futbolçunu sevirsiniz?

- Messi! – hamısı birdən deyir.

- Niyə o?

- Ondan yaxşısı var ki?

Bu vaxt böyür-başım uşaqlarla dolur.

- Müəllim, - biri deyir, - bizə də hədiyyə olacaq?

- Hə, olacaq. Novruzda. – aldadıram.

- Çox var axı Novruza. – təəssüflənir.

- Martdadı da. Nə qalıb ki? – qonur gözlü oğlan deyir.

- Ən yaxşı hədiyyə hansıdı, müəllim?

Uşaqlar həmişə belə çətin suallar verirlər.

- Maşın. – ağlıma gələn ilk variantı deyirəm.

- Şaxta Babadan maşın istəsək verər?

- Hə... Hə...

- Bəs Ayfon?

Gülürəm.

- Mən Galaxy istəyirəm.

- Mən noutbuk.

- Mən də ev istəyirəm.

Hərəsi bir ağızdan istəyini dilə gətirir. Məni lap o qızıl balıq hesab ediblər. Elə bilirlər bütün arzularını reallaşdıracaq adam mənəm.

- Papaq istəyirəm. – bir uşaq deyir. – Yolda itirmişəm. Mamam evdə danlayacaq məni.

Saçını sığallayıram.

- Denən, Şaxta Baba gətirəcək...

- Soyuqdu. Şaxta Baba bizə paltar paylayar?

Gülümsəyib uşağı bağrıma basıram. Kasıblıq uşaqların üzündəki təbəssümü yoxa çıxartmayıb. Mən onların təbəssümünə baxıb içimdə oyanan kədəri basdırmağa çalışıram.

Hamısı eyni anda əl eləyirlər mənə. İnanırlar mənə. Yalan deməyəcəyimə əmindilər. Gələn il arzularını yerinə yetirəcək adamı gözləyəcəklər.

Şəki. Baş Göynük kəndi.

- Sizsiz müəllimə?

- Hə. – gülümsünür.

- Uşaqlardan seçilmirsiniz.

Gülüşmə düşür. Şəkinin Baş Göynük kəndindəydik. Məktəb təzəcə təmirdən çıxıb. Uşaqlardan seçilməyən Aysel müəllim şanslı olduğunu deyir.

Şaxta Babanı geyindirməyə aparırıq.

- Siz də yəqin Şaxta Babanın köməkçisi olarsınız. – bu da Aysel xanımın mənə atmacası. Şəki yumoru.

- Bəlkə sən olasan Şaxta Baba? – Miriyusif deyir.

- Problem deyil.

Xalatı əynimə geyinirəm. Uzun gəlir.

- Ayağı yerdə sürünür. – Miriyusif təəssüflə başını yelləyir, təzədən özü geyinir. – Özüm olaram e.

- Sən də uşaqlarla vor-zakon kimi danışırsan. “Vor-zakon” Şaxta Baba.

Gülür.

- Məndən şirin Şaxta Baba olar.

Taksi şoferi yaşlı dayıdan soruşuram:

- Bəlkə sən olasan Şaxta Baba. Ağsaqqal adamsan.

Əlini yelləyir.

- Yox, qaqa, mən danışa bilmirəm.

Akt zalında uşaqlar bizi gözləyir. Mən bu dəfə kamera rolunu oynayıram. Şaxta Babanı telefonda videoya çəkəcəm. Səliqəli zala keçirəm, hamı sakitcə oturub. Uşaqların ata-anaları da burdadır.

- Uşaqlar, indi Şaxta Baba gəlib hədiyyələrinizi verəcək.

Siyahıya baxıram.

Elvin – Vinçester silah

Elnur – Tapança

Zəhra – Tapança

Qalanları pultlu maşın, oyuncaq ayı, oyuncaq ev, qol saatı, gəlincik istəyiblər.

- Niyə tapança istəyiblər, Aysel xanım?

- Bu uşaqların hamısı kasıb uşaqlardı. Camaat da bir az dalaşqandı. – gülür. – Yəqin ona görə...

- Qız da istəyib.

- Hə, Zəhra... Bilirsiniz, hamısı çox kasıb uşaqlardı. Televizorda gördüklərini istəyirlər. Yəqin tapança çox görürlər.

Oyuncaq ev istəyən də var, adı Nuray. Yəqin Nuray o evə arzularını yerləşdirəcək. O oyuncaq evi gerçək ev sanıb xoşbəxt olacaq.

Özü də Nuraylar yaman çox idi. Lap “Əhməd haradadır” filmi yadıma düşdü. Yaxşı ki, hamısı burda deyildi. Şaxta Baba çağıranda yalnız biri gəldi.

- Sən Nuraysan? – Şaxta Baba soruşur.

Başını yelləyir.

- Dəqiq?

Gülümsünür.

- Birdən Aytən olarsan ha.

- Yox.

- Dərslərini yaxşı oxuyursan?

- Hə.

Şaxta Baba üzünü uşaqlara tutur:

- Düz deyir?

- Bəli! – hamı xorla cavab verir.

Hədiyyə alanların qabağına “+” qoyuruq. Bu vaxt uşaqlardan biri ağlayır. Hədiyyə qazanmayanlardan biridir. Qız uşağı. Tez Şaxta Baba onu yanına çağırır, könlünü alır, əlavə hədiyyələrdən birini bağışlayır. Qızın nəmli gözləri sevincdən parıldayır.

- Mən də hədiyyə istəyirəm. – bunu Aysel müəllimə deyir.

- Şaxta Babaya şeir deyin, göndərin, sonra verərik. – ciddi-ciddi deyirəm.

- Eee... – lap uşaq kimi ayaqlarını yerə döyür.

- Yaxşı, yaxşı, bir şey fikirləşərik.

Hamımız yığışıb şəkil çəkdiririk.

Valideynlər də bizə qoşulur.

Bu şəkilin adı “Sevgi”dir.

“Çrrık”dan sonra oyuncaq silahla dayanmış uşağa yaxınlaşıram.

- Niyə bunu istəmisən?

- Xoşuma gəlir. – deyib tətiyə basır. Yalandan özümü qorxmuş kimi göstərirəm, əlimi havaya qaldırıram. Xoşhallanır.

- Adam öldürmək istəyirsən? – bu da Şaxta Babanın sualı.

- Yox! – qətiyyətlə deyir və təzədən tətiyə basır.

- Əsgər olacaq. – anası deyir gülümsəyərək.

Hamı çıxıb gedir. Bir mən qalıram, bir Aysel müəllimə, bir də yarımçıq Şaxta Baba. Artıq saqqalı ilə papağını çıxarıb.

Uşaqların bir-ikisi qapının ağzından bizə baxır, gülümsəyir.

- Şaxta Baba oğlan imiş. – deyir biri.

Mən ona baxıram, ikisi də aradan çıxır.

Artıq Şaxta Baba xalatını da soyunub. Uşaqlar pəncərənin o üzündə durub içəriyə baxmağa çalışırlar. Şaxta Babanın kim olduğunu bilmək istəyirlər. Bu hadisə Qəbələdə də başımıza gəldi. Müəllim qapının ağzındakı uşaqları ordan uzaqlaşdırmasaydı, Şaxta Babanın əslində Miriyusif olduğunu biləcəkdilər.

- Guya bilmirlər ki. İndiki uşaqlar yamandı. – Qəbələdəki müəllimin sözləri yadıma düşür. – Nəsə istəyirlər, deyirsən, Şaxta Baba gətirəcək. Deyir, Şaxta Baba sənsən, çünki nəsə istəyəndə sən alıb gətirirsən.

Zaqatala. Üçüncü Tala kəndi.

Böyük meydançası olan bir məktəb. Bütün dünya uşaqlarını bura yığmaq olar. Nə böyükdü. Hələ uşaqlar üçün lap böyük. Bax lap “bu boyda”.

Ehtiram müəllim bizi qarşılayır, gülərüz, mehriban adamdır.

Miriyusif Şaxta Baba qiyafəsini dəyişənə qədər sinifə baxmalıyam.

Uşaqlar məni görüb çığırmağa başlayırlar. Masanı döyəcləyirəm. Özümü müəllim kimi hiss etmək xoşuma gəlir.

Bapbalaca, kibrit boyda sinif otağına velosipedlər yığmışıq. Dörd velosipeddi. Kimlərin qismətinə düşəcək görən.

Dərsə çıxan uşaqlar kimi bir neçəsi əlini qaldırır: “Mən istəmişəm yelsovet”.

Onları sakitləşdirirəm: “Şaxta Baba gəlib verəcək indi”.

- Müəllim, hardan gəlir?

- Uzaqlardan.

- Marallar hanı bəs?

Gülüşmə düşür.

- Bu internet dövrünün Şaxta Babasıdı.

- Nə?

- İnternet. Siz videoda şeir demisiz?

- Hə... – xorla cavab verirlər.

- Şaxta Baba da internetə girib baxıb sizə.

Ağıllarına batır deyəsən. Bir-iki dəcəl uşaq var aralarında. Mənimlə zarafat edir.

- Siz də Şaxta Babasız?

- Yox.

- Qar qızsız?

Gülürlər.

- Sakit!

- Belə oturun, uşaqlar. – deyəsən bu diribaş liderləridir. Qollarını paralel şəkildə partanın üstünə qoyub ciddi görkəmə keçirlər. Nizam-intizamlı şagirdlər kimi.

- Ehtiyac yoxdu deyirəm.

Qolları azadlığa çıxır, gülüşmə düşür.

Şaxta Baba qalın səsi ilə sinif otağında peyda olur. Uşaqlar onu alqışlayır. İndi fikir verirəm ki, bizim Miriyusif Şaxta Baba olanda yaman sərtləşir, mənə, fotoqrafımız Pakizə xanıma elə əmr eləyir ki, az qala bağrımız partlaya. Hələ uşağın biri hədiyyəsini almağa gələndə “Tez gəl”i necə dedisə, uşaq bir addım geri çəkildi. Məncə, bu Şaxta Baba gecə uşaqların qorxulu yuxusuna çevriləcək. Yola çıxanda bunları Miriyusifə də deyəcəkdim, o da uğunub gedəcəkdi.

Velosipedlər qaliblərə veriləndə valideynlər gəlib aparırdı.

Şaxta Baba şeir deyirdi, suallar verirdi, uşaqlarla zarafatlaşırdı.

Velosiped udanlardan biri Şaxta Baba çağıranda yanına getmədi.

Qəribə gəldi bizə.

Uşaq sakitcə durub baxırdı. Sonra gözləri dolmağa başladı, axırda da başını qolları arasına alıb ağladı.

Direktor bizim tutqun görünüşümüzə baxıb izahat verdi. Sən demə, bu uşağın sinirlərində nəsə problem varmış.

- Epilepsiya?

- Hə, ay sağ ol.

Qadın direktor dedi ki, ailədə üç uşaqdılar, hamısında bu problem var, məktəbə belə zorla gəlirlər. Anası güc-bəla məktəb həyətinə gətirir, uşaqları görəndə onlara qoşulurlar. Nə dinirlər, nə danışırlar. Heç nə də öyrənə bilmirlər. Nazirliyə də müraciət ediblər, həkimə də. Hələ ki problemi həll edə bilməyiblər.

- O Şaxta Babanın yanına getmirsə, Şaxta Baba onun yanına getsin. – dedim.

Şaxta Baba uşağı qucağına aldı, üzündən öpdü. Uşağın üzündə yarımçıq təbəssüm peyda oldu.

- Yaxşı uşaqdı, - direktor qulağıma pıçıldayırdı. – amma neynəyəsən? Həmişə gözü nəmli olur. Elə bil indicə ağlayacaq.

Sonra... O uşaq var e, Abdurrəhman, valideynləri ayrılıb, nənəsi ilə qalır. Çox yaxşı uşaqdı, yaxşı da oxuyur dərslərini. Burdakı uşaqların hamısı çox pis vəziyyətdə yaşayırlar. Heç olmasa bu hədiyyələr onları bir az da olsa güldürəcək.

Kədərlə başımı yelləyirəm. Şaxta Baba yenə hədiyyələri paylayır. Alqışlar var otaqda, gülüş var, sevinc var. Kədər bir küncə, lövhənin qırağına, uşaqların cəzalandığı yerə qısılıb.

Sonra hazırlıq dərsinin uşaqlarına hədiyyələr payladıq. Yolka qurmuşdular, sinfi bəzəmişdilər. İçəridə bayram ovqatı vardı. Balaca qar qızı da gördüm orda. Qucağıma götürdüm. Adı Mavra. Anası dedi ki, dağ adıdır. Ay parçası idi Mavra. Nağıllardan çıxıb gəlmişdi.

Uşaqlardan birinin mənə verdiyi sual hər dəfə yadıma düşəndə gülürəm:

- Əmi, sən Şaxta Babanın nəyisən? Balası?

- Hə... Böyüyəndə mən də Şaxta Baba olacam və sizə hədiyyə gətirəcəm.

Şeirlər oxuyurdu uşaqlar. Günəşli, sevgi dolu şeirlər. Hüznə yer olmayan şeirlər.

Bütün bunlar çəkdirdiyimiz şəkildə öz əksini tapıb. O şəkillər bizim necə mutlu olduğumuzun sübutudur.

Uşaqların güldüyü, sevindiyi yer dünyanın ən xoşbəxt yeridir.

# 3086 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #