“Atam dedi, evlənsəydin...” - Şəhriyarla ad günü söhbəti

“Atam dedi, evlənsəydin...” - <span style="color:red;">Şəhriyarla ad günü söhbəti
14 dekabr 2017
# 17:04

Bu gün tanınmış şair Şəhriyar del Geraninin ad günüdür. Onun 30 yaşı tamam olur. Ad günündə Kulis.azın qonağı olan şair əməkdaşlarımızın suallarını cavablandırıb. Cavabları təqdim edirik.

- Şəhriyar, adın hardan gəlir? Və ad günü deyəndə ağlına ilk nələr gəlir?


- Mən doğulanda nənəm xəstəxanadan zəng eləyib atama, deyib, oğlun oldu, gözün aydın. Atam da işdəymiş, deyib, “Adını qoyuram Şəhriyar!” Ustad Şəhriyarın hafiz oxucularındandır atam. Mənim dünyaya gəldiyim illər də otaylı-butaylı Azərbaycan söhbətlərinin milli-emosional dövrünə düşüb. Belə. Ad məsələsinin mənə doğma tərəfi bu. Ümumiyyətlə, doğum günlərini sevirəm. Qocalmaq da bir kültürdür, sənətdir. Qocala bilmək həqiqətən də şəxsiyyət faktıdır. Adamlar deyir, yaş artdıqca depressiyası artır ad günlərinin. Çox yəqin məzmunsuz ömür yaşayanlarda olur bu amorf duyğusallıq. Mən yaşlanmağı sevirəm.

- Bəs 30 yaş nədir sənin üçün?


- İçimdəki uşağa 30 il dalbadal sadiq qalmaq.


- Ad günlərini ağlın kəsənəcən necə keçiriblər?


- İlkin cocuqluq illərim ölkənin gərgin siyasi-ictimai dövrlərinə düşüb. SSRİ-nin dağılması, Azadlıq hərəkatları, müstəqillik, müharibə... Yəni nə millət, nə də millətin bir parçası olaraq ailəm o əhvalda olmayıb. Bu, anamın mənə dedikləri idi.

- Ən təntənəli ad günün hansı olub?


- 96-nın bu günü. Əməlli qar yağmışdı - uşaq dizinəcən. Səhər atam oyatdı bizi, çıxdıq gəzintiyə. Evimizin arxa tərəfindən arx keçir. Arx boyunca xırçaxırç gəzişdik – atam, bacılarım və mən. Balaca bacım 3-4 yaşındaydı, atamın qucağında. Mən sevincək atamın gah sağına, gah soluna keçib xırçıltı salırdım. Sanki balaca bacımın da əvəzinə yeriyirdim (gülür). Xülasə, gəzintidən qayıtdıq. Atam mənim ad günüm üçün hinduşka saxlayırdı, dümağıydı. Onu kəsdik, kabab çəkdik. 14 kiloqram gəlmişdi hinduşka. Əzəmətli budları vardı (gülür). İlk dəfə ən böyük tikəni həmin günü yemişəm.


- Ad günlərini necə keçirməyi sevirsən? Kimlərlə bir yerdə olmaq istəyirsən?

- Dostlarla uzun-uzadı yeyib-içib söhbətləşmək, sərxoş-sərxoş piyada gəzmək və gəzə-gəzə türkülər, şeirlər oxumaq...


- Bu gün səni ilk təbrik edən kim oldu?


- İlk təbriklər dün gecə saatlarından başladı. Atam zəng etdi, dedi, yuxum gəlir, təbrik edirəm, evlənsəydin bir toğlu göndərərdim, hələ ki subaysan, 10 manatlıq kontur bəsindi, şifrəni yaz (gülür). Daha sonra dostum Fərid Hüseyn zəng edib baş redaktor olduğu saytda təbrik üçün seçilmiş şeirlərimi yayınladığını dedi, ürək-dilək söhbətləri etdik. Daha sonra proqramçı dostum Zülfiyyə Safkanova zəng etdi, mənə hədiyyə olaraq “shahriyardelgerani.com” veb-saytını surpriz etdi. Belə...


- Fb təbriklərinə necə baxırsan? Cavab verirsənmi?


- Sayğı və diqqət hər zaman könül xoşluğu yaradır. Düzdür, hamısına bir-bir cavab verməyə fürsət olmur. Elə olur aylar sonra nə iləsə ilgili kiməsə mesaj yazıram, görürəm neçə illər mütəmadi olaraq 14 dekabrda təbriklər yazıb. Nacizanə tərz ilən üzr istəyirəm, əfv olunuram və təşəkkür edirəm. Bu gün feysbukda doğum günüm bildirişi yayıldığı vaxtda isə iki dəyər verdiyim və hörmət etdiyim şəxs ard-arda təbrik sözlərini yazdılar – Qənirə Paşayeva və Tofiq Yaqublu. Hər ikisinə “Eşqlər!” yazıb profilimi tərk qıldım (gülür). Hələ vaxt tapıb mesajlara baxa bilməmişəm, fürsət olduqca cavablandıracağam.

- 30 yaşını necə keçirəcəksən?


- Rəşad Məcid iki litr “ukraynski vodka” hədiyyə etdi, hinduşka kababı da məndən, təfəkkür və xaraktercə məni özünə dost bilən kim istəyir gəlsin, böyrün-başın düzəldib oturaq. Burda nə var ki? Özünüz də bilirsiniz, mən “qonaqlıqdan qaçan oğlan” deyiləm. Yasamal uşaqlarına can qurban! (gülür)


- Yeni yaşda səncə həyatında nə dəyişəcək?

- Allah hər şeyi görür. Bu dünya görüşünə daha da yaxınlaşmaq istəyirəm.


- Bəs yaradıcılığında? Evlənmək planı var?


- Maraqlıdır, yaradıcılıqla evlənməyi qəribə tandemdə soruşdunuz (gülür). Çox yəqin evlilik də yaradıcılıqdır, o üzdən. Olsun. Üzü yaza 3 kitab çapa hazırlamağı düşünürəm - şeirlər, esselər, hekayələr. Türkiyədə şeirlər və esselər kitabımın üzərində iş gedir. O da yəqin gələn ilin yayında-filan yayımlanar. Evlilik barəsində isə heç bir fikirdə deyiləm. Elə bir qadın yoxdur hələ. Mən çətin adamam bir az. Məsələn, mən hamamda çiməndə mətbəxdə suyu açan qadınla hamamdan çıxar-çıxmaz ayrılaram. Bu qədər həssasam birgəyaşayış etikasına. Çətin söhbətdir (gülür).


- Tərkibi partlayıcı maddələrdən ibarət statuslar gözlənilirmi?

- Düşünürəm, yaradıcı adamın sinir sistemi mina qatı zədələnmiş diş kimi həssas olmalıdır. Yaradıcı adam bütün müstəvilərdə müxalif olmalı – siyasi hakimiyyətdən tutmuş mental hakimiyyətə, dini hakimiyyətdən tutmuş daşlaşmış düşüncələr hakimiyyətinə və ən sonda özünə. Nə qədər ki, bu məşum düşüncədəyəm, əl-əlbət olacaq.

# 782 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #