Azərbaycan teatrı haqqında yanlış bildiyimiz 4 FAKT

Azərbaycan teatrı haqqında yanlış bildiyimiz 4 FAKT
4 dekabr 2017
# 14:37

Azərbaycan teatr tarixini araşdıran, bu istiqamətdə müxtəlif dəyərli əsərlər yazan möhtərəm qələm sahiblər olub. Onların hamısının yaradıcılığına ehtiramla yanaşmaq lazımdır. Təəssüflər olsun ki, bu kitablarda müəyyən obyektiv və subyektiv səbəblərə görə bəzi yanlışlıqlar və səhvlər var. Onlardan bir neçəsi barədə öz fikirlərimi bildirməyə ehtiyac duyuram.

* * *

1900-cü ildə Bakıda fəaliyyət göstərən “Müsəlman (Azərbaycan – İ.R.) dram dəstəsi” (“Müsəlman Dram Artistləri Cəmiyyəti” kimi də təqdim olunub) dağılmaq üzrə idi. Teatr prosesi son dərəcə zəifləmişdi.

Sankt-Peterburqda Yol Mühəndisləri İnstitutunda oxuyan, həmçinin Şərq fakültəsinin sərbəst dinləyicisi Əbdürrəhim bəy Haqverdiyev 1899-cu ildə təhsilini başa vurub doğma yurdu Şuşaya gəldi. İki ildən çox burada qulluqda oldu və eyni zamanda şəhərin teatr həvəskarları ilə yaxından əlaqə saxladı, müxtəlif tamaşalara quruluş verdi. Gözəl ziyalı, böyük mədəniyyət fədaisi, nasir və dramaturq Əbdürrəhim bəy 1901-ci ildə Bakıya gəldi. O, hələ tələbə olarkən dramaturgiyada qələmini sınayaraq «Yeyərsən qaz ətini, görərsən ləzzətini» (1892) komediyasını, «Dağılan tifaq» (1896) faciəsini, Şuşa şəhərində «Bəxtsiz cavan» (1900) dramını yazmışdı. Peterburqun Aleksandrinski Teatrının zəngin yaradıcılığını diqqət və maraqla izləmiş, teatr sənətinin incəliklərini öyrənmişdi.

Əbdürrəhim bəyin ilk, ən böyük xidməti o oldu ki, mövcudluğu çox az hiss edilən teatr həvəskarlarını dəstə-truppa şəklində cəmləşdirə və müəyyən məqsədyönlü iş qura bildi. Təzə gələndə şəhərdəki azərbaycanlı teatr həvəskarları ilə ciddi maraqlanır, onlara yardım edir, mütləq vahid bir dəstədə fəaliyyətdə olmağı məsləhət görürdü. Əbdürrəhim bəy əvvəl-əvvəl teatra aid dəyərli tövsiyələr verdi. Bununla kifayətlənməyib 1901-ci ildə özü dram dəstəsi yaratdı. Dəstə afişalarda, mətbuatda, əsasən, “Bakı müsəlman dram truppası” adlanırdı. Dramaturqun özü bu dəstənin, başqa sözlə desək, truppanın baş rejissoru funksiyasını icra etməyə başladı. Əbdürrəhim bəy dörd il sərasər bu truppaya rəhbərlik etdi və əslində Milli teatrda ilk baş rejissor kimi tarixə düşdü.

Əbdürrəhim bəy Haqverdiyev yaratdığı truppaya Cahangir Zeynalovu, Murad Muradovu, özünün xalası oğlu Salah bəy Sa­dıqbəyovu, Əbülfət Vəlini (Vəliyevi), Məhəmməd bəy Əlvəndini, Səməd Mənsuru, Mehdi bəy Hacınskini və başqa teatr həvəskarlarını cəlb etmişdi. Başqa millətdən olan, azərbaycanca az-çox danışa bilən Alma xanım, Mislavskaya Leyla (Tamara Boqatko), Stepanova (Minarə xanım adı ilə), bir qədər sonralar Kastorskaya, Bronskaya, Qişner-Mixaylova, Tamarina-Qruzinskaya, Şura xanım (Aleksandra Olenskaya. O, ailəsinin Qubadan Bakıya köçməsindən əvvəl də şəhərə gəlib- gedirdi) dəvətlə truppanın tamaşalarında oynayırdılar.

Yeri gəlmişkən qeyd edim ki, 1920-ci illərə qədər Azərbaycan səhnəsində qadın rollarını əcnəbi aktrisalarla bahəm, dramaturqlar Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Nəriman Nərimanov, aktyorlardan Bağır Cabbarzadə, Mirmahmud Kazımovski, Ələkbər Süheyli, Hüseynağa Hacıbababəyov, Hacı bəy Axundov (əsasən, Lalə xanım adı ilə), Əhməd Ağdamski (Bədəlbəyli), teatr həvəskarı Dadaş Bünyadzadə, Tiflisdə Yunis Nərimanov (Bakıda da oynayıb), Mirzəxan Quliyev, İrəvanda Ayaqçı Sadıq, Məşədi Hüseynoğlu... oynayırdılar.

Rəsmi Dövlət qulluğunda çalışan Əbdürrəhim bəy Haqverdiyev müəyyən mənada baş rejissor funksiyasını icra elədiyi illərdə Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran xanının vəziri”, Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”), “Müsibəti-Fəxrəddin”, “Adı var, özü yox”, Nəriman Nərimanovun “Dilin bəlası” (“Şamdan bəy”), İsgəndər Məlikovun “Yaxşılığa yamanlıq”, Jan Batist Molyerin “Xəsis” (“Ağakərim xan Ərdəbili” adı ilə Nəcəf bəy Vəzirov təbdil edib), Nikolay Qoqolun “Müfəttiş” (tərcüməçi M.Rüs­təmbəyov), özünün “Pəri cadu”, “Bəxtsiz cavan” dramlarına, bir sıra başqa pyeslərə quruluş verib. Bu illər ərzində adını göstərdiyimiz tamaşaların bəzisini bir neçə dəfə tamaşaya hazırlayıb.

Teatr dəstəsi 1901-ci il yanvarın 10-da Tağıyev teatrının bi­nasında, Orucluq bayramı münasibətilə Əbdürrəhim bəy Haq­verdiyevin “Dağılan tifaq” faciəsinin tamaşasını oynayıb. Əsərə səhnə quruluşunu Əbdürrəhim bəy özü vermişdi. Əsas rollarda Əbdüləli bəy Vəlibəyov, Hacı bəy Axundov, Əliəkbər Əliyev... oynayıblar.

“Kaspi” qəzeti 12 yanvar 1901-ci il sayında yazırdı: “Müsəlman dram truppası bütün qüvvəsini sərf etməlidir ki, Bakı müsəlmanları insanların mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayan teatra gəlsinlər... Bu işdə cənab Əbdürrəhim bəy Haqverdiyevin xidmətləri xüsusi qeyd edilməlidir”.

Martın 17-də Tağıyev teatrında Nəcəf bəy Vəzirovun “Ya­ğışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qənbər”) komediyası göstərildi. Qurban bayramı münasibətilə oynanan tamaşanın rejissoru Əbdürrəhim bəy Haqverdiyev idi. Hacı Qənbər rolunu Cahangir Zeynalov oynayırdı. “Kaspi” qəzetinin 20 mart sayında yazılıb ki, gülüş ustasının ifası səhnədə “çevikliyi və orijinallığı” ilə seçilib.

Nikolay Qoqolun “Müfəttiş” komediyası Nəriman Nərimanovun tər­cüməsində Əbdürrəhim bəy Haqverdiyev tərəfindən tamaşaya hazırlanıb. Tağıyev teatrında oynanılan tamaşada Bələdiyyə rəisini Nəriman Nərimanov ifa edib.

* * *

Əksər teatr tədqiqatçıları Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasının ilk quruluşunun Hüseyn Ərəblinski olduğunu yazırlar (Məmmədşah Atayev istisna olmaqala). Halbuki tamaşanın quruluşçu rejissoru məşhur xanəndə-aktyor Hüseynqulu Sarabskidir. Hüseynqulu Sarabski (Rzayev) səhnəyə ilk dəfə 1902-ci ildə, iyul ayının 1-də çıxıb. Nəriman Nərimanovun “Nadanlıq” dramının tamaşasında Rəsul rolu gələcəyin qüdrətli sənətkarının ilk səhnə obrazı olub. 1906-cı ilə qədər Bakıda fəaliyyət göstərən “Müsəlman dram cəmiyyəti”ndə, 1906 – 1919-cu illərdə “Nicat”, “Səfa”, “Müdriyyət” teatr dəstələrində, özünün təşkil etdiyi “Müsəlman opera truppası”nda, “Müsəlman artistləri ittifaqı”nda aktyorluq və rejissorluq edib. Üzeyir bəy Hacıbəylinin milli operamızın təməl daşı olan “Leyli və Məcnun” əsərində Məcnunun ilk və ən görkəmli ifaçısıdır. Bəstəkarın bütün opera və operettalarında baş rolları ifa edib.

Hüseynqulu Sarabski, əsasən, Bakıda, həmçinin Tiflis, İrəvan, Dərbənd, Batum qastrollarında “Ölülər” (Cəlil Məmmədquluzadə), “Əl Mənsur” (Henrix Heyne), “Napoleon müharibəsi və yaxud Moskva yanğını” (K.Baxmetov), “Yezid ibn Müaviyə” (Mehdi bəy Hacınski), “Əmir Əbül Üla” (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), “Cəhalət” (Hüseynqulu Sarabski), “Pəri cadu” (Əbdürrəhim bəy Haqverdiyev), “Xan-xan” (Haşım bəy Vəzirov), “Dilin bəlası” (“Şamdan bəy”, Nəriman Nərimanov), “Molla Nəsrəddin” (Qulamrza Şərifzadə), “Xor-xor”, “Axşam səbri xeyir olar” (Sultanməcid Qənizadə) tamaşalarına quruluşlar verib. “Ölülər”, “Napoleon müharibəsi” və “Pəri cadu” onun daha bitkin quruluşları sayılır.

Hüseynqulu Sarabskinin quruluşunda 1916-cı il aprelin 29-da oynanılan “Ölülər” tamaşasında əsas rolları Mirzağa Əliyev (İsgəndər), Əliqulu Qəmküsar (Şeyx Nəsrulla), Mirzə Muxtar Məmmədov (Şeyx Əhməd), Ələkbər Hüseynzadə (Hacı Həsən ağa), Yunis Nərimanov (Kərbalayı Fatma), Hüseynağa Hacıbababəyov (Nazlı), Xəlil Hüseynov (Məşədi Oruc), Rza Darablı (Heydər bəy), Ələkbər Süheyli (Müəllim Mirzə Həsən), Əbülhəsən Anaplı (Kərbalayı Vəli), Sidqi Ruhulla (Əli bəy), İbrahim Atakişiyev (Hacı Baxşəli), Mehdi Hacınski (Hacı Kazım) ifa ediblər. Sarabski özü Müsafir rolunu oynayıb.

* * *

Teatr tədqiqatçılarının istisnasız olaraq hamısı yazırlar ki, Azərbaycanda ilk baş rejissor Hüseyn Ərəblinski olub. Bu fikirlə qətiyyən barışmaq olmaz.

Akademik Milli Dram Teatrının tarixinə aid bütün kitablara yazırlar ki, 1920-ci ildə Bakıdakı bütün truppalar birləşdirilib milli teatr yaradıldı. Əbdürrəhim bəy Haqverdiyev teatr komissarı təyin olundu. Bu fakt müəyyən mənada doğrudur, lakin teatrın dövlət təsisatına keçməsi bir il əvvəl olub. Digər tərəfdən, Azərbaycanda şura hökuməti qurulunda truppalar yox idi, Hökumət (Dövlət) Teatrosu (o dövrdə teatro yazılırdı) fəaliyyət göstərirdi.

Faktlara müraciət edək.

1918-ci il mayın 28-də hakimiyyətə gəlmiş Azərbaycan Demokratik Cümhuriyyəti bir neçə ay sonra türk dövlət teatrı yaratdı. Dövlət teatrı, əsasən, rus opera truppasından ibarət idi. Arada, həmin kollektiv dram tamaşaları da oynayırdı. Daha peşəkar yönümlü Hacıbəyli qardaşlarının “Müdiriyyət” truppasının və digər teatr dəstələrinin aktyorluq qabiliyyətli üzvləri bir yerə cəm olaraq dövlət teatrı nəzdində Azərbaycan Dövlət Truppası yaratdılar. Dram, opera və operetta tamaşalarını bu truppa oynayırdı. Dövlət teatrı Mayılov teatrı binasında (indiki Opera və Balet Teatrının binası) fəaliyyət göstərirdi. 1918-ci ilin fevralında Tağıyev teatrı binası erməni daşnakları tərəfindən vəhşicəsinə yandırılmışdı. Mayılov teatrında, əsasən, rus opera truppası oynayırdı (bəzən həftənin altı gününü). Teatrın icarədarı (antreprenyoru) Pavel Amiraqo idi. O, sərbəst, istədiyi vaxt, istədiyi səyyar rus truppaları ilə müqavilə bağla­yırdı. Azərbaycan opera tamaşaları on beş gündə bir, ya da ayda bir dəfə Mayılov teatrı binasında göstərilirdi. Dram tamaşaları çox az oynanılırdı. Onlar da, əsasən Mərkəzi fəhlə klubunda (indiki Sabir bağının aşağı hissəsində idi), Haşımovun evində yerləşən “Türk ocağı” salonunda (indiki Gənclər meydanında Konstutsiya Məhkəməsinin binası) və bu kimi yerlərdə oynanılırdı. “Dövlət Teatro Heyəti”nin müdiri Qulamrza Şərifzadə, onun müavini isə Zülfüqar Hacıbəyli idi.

Dövlət müəssisəsi elan edilsə də, əksər vaxtlar afişa və mə­ramnamələrdə (proqramlarda) böyük hərflərlə Dövlət Türk Teatrosu (bəzən Hökumət Türk Teatrosu) yazılsa da, sənət ocağının təntənəli açılışı 1919-cu il oktyabrın 24-də oldu. Təntənə dörd gecə davam etdi. Birinci axşam Müsavat partiyasının nümayəndəsi Rza Zaki Lətifbəyov nitq söylədi və sonra İsa bəy Aşurbəylinin “Azərbay və Can” pyesinin tamaşası oynanıldı. Səhərisi “Dəmirçi Gavə” (Şəmsəddin Sami), o biri günlər Cəfər Cabbarlının “Bakı müharibəsi” və Mirzəbala Məmmədzadənin “Bakı uğrunda müharibə, yaxud Nuru paşanın igidliyi” dramlarının tamaşaları göstərildi.

1919-cu ildə Qulamrza Şərifzadə yenə Azərbaycan Dövlət Teatr Heyətinin müdiri oldu. Zülfüqar Hacıbəyli onun müavini idi. Dövlət Teatr Heyətinin vəkili Məmmədəli Sidqi, rəssamı Əzim Əzimzadə seçildilər.

“Azərbaycan” qəzetinin 9 oktyabr tarixli sayında Qulamrza Şərifzadə yazırdı ki, dram və operetta dövlətin olacaq. Buna görə də teatra aktrisa və aktyor dəvət edirdi. Həmin qəzetdə oktyabrın 22-də truppaya qəbul olunanlar bəyan edilib.

Bugünkü akademik teatr 1920-ci ildə məhz bu kollektivin bazasında yenidən formalaşdı.

“Azərbay və Can” pyesi ilə bağlı bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bəzi tədqiqatçılar əsərin adın “Azər – Baycan”, “Azər – bay – can” kimi təqdim edirlər. Yanlışdır. Bu, iki obrazdır. Azərbay rolunu Yeva Olenskaya, Şura Olenskaya, Panfiliya Tanailidi, Can obrazını isə Xəlil Hüseynov və Həsən Səbri ifa edirdilər. Tamaşada həmçini Kazım Ziya (Nikolay), Hüseynqulu Sarabski (Ulubəy), Abbasmirzə Şərifzadə (Osman Nuri) Sidqi Ruhulla (Osman bəy), Rza Darablı (Çırkəz bəy) iştirak edirdilər.

* * *

Əksər tədqiqatçılar, o cümlədən Tamilla Təhmasib “Hüseyn Cavid və teatr” (1988), Adilə İsgəndərova “Mərziyə Davudova” (1978), Emin Şeyxzadə “Sidqi Ruhulla” (1978)... ki­tablarında Hüseyn Cavidin “Səyavuş” faciəsinin tamaşasının premyerasını 1934-cü il 1 oktyabr göstəriblər. Kökündən səhvdir. “Səyavuş” tamaşasının premyerası oktyabrın 1-də deyil, mart ayının 1-də oynanılıb. Elə mart ayının 20-ə qədər tamaşa böyük müvəffəqiyyətlə 11 dəfə göstərilib. Bu barədə “Kommunist”, “Bakinski raboçi”, “Gənc işçi” qəzetlərində kifayət qədər məlumat var.

Bəs bu yanlışlıq haradan və necə doğub?

1934-cü ilin payızında Firdovsinin anadan olmasının 1000 illiyi təntənə ilə qeyd edilirdi. Həmin yubiley münasibətilə teatr mövsümü məhz oktyabrın 1-də “Səyavuş” tamaşası ilə açıb. Afişalarda xüsusi elan verilib ki, “Səyavuş” tamaşası Firdovsinin yubileyinə həsr edilib. Görünür, bu fakt tədqiqatçıları çaşdırıb.

“Səyavuş” aşağıda göstərdiyim bir sıra bədii-estetik məziyyətlərinə görə milli teatr tariximizdə xüsusi yer tutur.

1920-ci il dekabrın 21-də “İblis”lə akademik teatra gələn Hüseyn Cavidin “Topal Teymur”, “Şeyda”, bir neçə quruluşda oynanılan “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz” əsərlərinin heç biri “Səyavuş” qədər monumental-romantik vüsətdə səhnə təcəssümü tapa bilməmişdir.

Cavidin, həmçinin digər klassiklərimizin əsərlərini tamaşaya hazırlayan rejissorların sırasında birinci dəfə İsmayıl Hidayətzadə pyesdəki hadisələrin dövrünü, dövrün ictimai-siyasi durumunu, bu durumda insanların psixoloji münasibətlərini, İran və Turan tarixini dərindən öyrənib öz təfsirində ondan bəhrələndi.

“Səyavuş” ilk səhnə əsəri idi ki, monumental romantik tamaşa qəhrəmanlıq dramını ilə məhəbbət dastanını paralel və qovuşuq cazibədarlıqla təcəssüm etdirirdi.

“Səyavuş” birinci tamaşa idi ki, quruluşçu rejissor İsmayıl Hidayətzadə kütləvi səhnələri bir obraz kimi götürmüş, onların mütəşəkkil, nizamlı həllinə, baş mövzu ilə ahəngdar bağlılığına məharətlə nail olmuşdu. Qədim Şərq paltarlarının ziynəti, rəngarəngliyi, faciədəki hadisələrin baş verdiyi İslamdan əvvəlki dövrdə məişət əşyalarından istifadə, müxtəlif silahlarla davranma qaydaları, mərasimlərin keçirilməsi, butafor və rekvizitin bənzər, oxşama dəqiqliyi ilk dəfə “Səyavuş” tamaşasında bu dərəcədə estetik, cazibəli alınmışdı. Hansı silahın hansı heyvanın kəlləsi ilə bəzədilməsinə, qılınc, qalxan, xəncər, nizə, əmud... dəstəklərinin necə naxışlanıb süslənməsinə xüsusi diqqət yetirilmişdi.

Hüseyn Cavidin ilk faciəsi idi ki, rejissor onun təfsir və yozumunda dramaturqun təfəkkür və məfkurə qənaətlərinin təhrifinə, demək olar, yol verməməyə çalışmışdı. Bunların da nəticəsində faciənin tarixi həqiqətinin tamaşada bədii estetik həlli, ictimai-siyasi mübarizələrin əsas mahiyyəti, konfliktin bədii kamilliyinin təcəssümü, milli xüsusiyyətlərin əsas çalarları sənətkarlıqla öz həllini tapmışdı. Sosial və milli mənsubiyyətindən asılı olmayaraq, xarakterlərdə canlılıq, əzəmət, romantik vüsət, tarixi dəqiqlik vardı.

Teatrın tarixində tamaşaçılar indiyədək “Səyavuş” tamaşasındakı qədər parlaq və rəngarəng aktyor ifaları ilə rastlaşmamışdılar. Ülvi Rəcəb və Abbasmirzə Şərifzadə (Səyavuş), Mərziyə Davudova (Südabə), Rza Təhmasib (Keykavus), Ağasadıq Gəraybəyli (Əfrasiyab), Ələsgər Ələkbərov və Möhsün Sənani (Gərşivəz), Mustafa Mərdanov (Vali), Sidqi Ruhulla (Rüstəm Zal), Əli Qurbanov (Piran), Əzizə Məmmədova və Panfiliya Tanailidi (Rübabə), Sona Hacıyeva (Dürdanə), Süleyman Tağızadə (Bəhram), Mustafa Mərdanov və İsmayıl Osmanlı (Vali), Əli Qurbanov (Piran), Məmmədəli Vəlixanlı (Kosa), Əhməd Qəmərli (Vəzir) öz rollarında hərəsi bir sənət nümunəsi, bir aktyor incisi təsiri bağışlayırdı.

Azərbaycan teatr tarixində görünməmiş hadisə idi ki, “Səyavuş” tamaşası premyeradan keçən iyirmi gün ərzində on bir dəfə oynanıldı. On birində də teatrda bir dənə boş yer qalmırdı. Bu da rekord idi ki, milli səhnəmizdə birinci dəfə “yüzüncü tamaşa” sözləri “Səyavuş”a nəsib oldu (noyabr 1936).

Burada başqa bir məsələyə də toxunmaq istəyirəm. Bəzi tədqiqatçılar, tərəddütlə olsa da, göstərirlər ki, Hüsen Cavidin “Səyavuş” dramı 1920-ci illərdə tamaşaya qoyulub. Əvvəla, 1919-cu il martın 4-də oynanılan “Səyavuş” dramının müəllifi Mirzə Rza Vaizzadədir. İkincisi, həmin dövrdə Cavidin əsəri hələ yazılmamışdı.

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #