Cəfər Cabbarlının vida mərasimindən reportaj - FOTOLAR

Cəfər Cabbarlının vida mərasimindən reportaj - <span style="color:red;">FOTOLAR
29 noyabr 2017
# 09:00

Kulis.az 1935-ci il, yanvarın 5-də “Kommunist” qəzetində Cəfər Cabbarlının vida mərasimi ilə bağlı yayımladığı reportajı təqdim edir.

12 000 əməkçi tabut başında

Dünən türk mədəniyyət sarayına doğru bir axın vardı. Bu, son dərəcə kədərli və məhzun çöhrəli adamların axını idi. Bu axın, ölkəmizin ən yaxşı dramaturqu, şairi və incəsənət xadiminin tabutuna doğru idi.

Ölkəmizin qəlbi Bakının bir sıra müəssisə və təşkilatlarının işçi nümayəndələri, ziyalıları, professor-alimləri, yazıçıları, jurnalistləri, mühəndisəri, doktorları, ali məktəb və texnikumların müəllimləri, tələbə və şagirdləri özlərinin ən görkəmli və sevimli dramaturqu, şairi, şura yazıçısı və şura incəsənətinin ən mübariz xadimi Cəfər Cabbarlı yoldaş ilə son vidaya, son görüşə gəlmişdilər.

Məhzun və qəmgin üzlər, ağlar gözlər və böyük bir bədbəxtlik qarşısında məruz qalmış mədəniyyət cəbhəsi əməkdaşları, özlərinin ən yaxşı və yaxın silahdaşı ilə həmişəlik vidalaşmaq və onun saralmış çöhrəsinə son dəfə baxmaq üçün türk mədəniyyət sarayının uca və geniş qapılarında növbə bəkləyirdilər.

Image result for cəfər cabbarlı ilə vida

Səhər saat 11.20 dəqiqə...

Nizamlı qaravul böyük ədibin böyük vidasına gəlmiş böyük insan axınına “daxil olmaq” işarəsini verir. Sabahdan bəri böyük sakitliyin hökmranlıq etdiyi böyük sarayda ayaq səslərinin ahəstə xışıltıları və fəxri qaravullarda durmaq üçün verilən komandaların ahəstə səsləri eşidilir. Hər 10 dəqiqədən bir fəxri qaravullar dəyişdirilir, qaravulda dayanmaq üçün böyük növbələr yaranır. Mərhumun tabutu başında və onun dəfn mərasimində fəxri qaravulda durmaq üçün növbə gözləyən yüzlərlə əməkçilərin arzu və istəkləri, bu böyük yazıçı, bu böyük dramaturq, bu böyük şair, bu böyük insana olan misilsiz və nəhayətsiz ehtiramlarının ən yüksək rütbəsini ifadə edirdi.

Axşam saat 10.20 dəqiqə olmuşdu... Lakin mərhumun tabutunun yanından keçmək üçün gələn böyük axının sonu kəsilməmişdi. Bu zaman ərzində Azərbaycan Dövlət Dram Türk Teatrosu, Teatro Texnikumu, Yəhudi Teatrosu, İşçi Gənclər Teatrosu, Böyük Dövlət Opera Teatrosu, Bakı Xalq Maarif Şöbəsi, Ali Pedaqoji İnstitutu, Bakı Qızıl Bayraqlı İşçi Teatrosu, Azərbaycan Kino Sənayesi, Azərbaycan Dövlət Univeristeti, Azərbaycan Dövlət Konservatoriyası, Xalq Maarifi Komissarlığı, Şura Yazıçılar İttifaqı, mətbuat işçiləri və sair idarə, müəssisələrin işçi nümayəndələri yazıçının, dramaturqun tabutu yanından keçmiş və əksəriyyəti təşkil edən məktəblilərin keçməsi isə hələ də davam etmədə idi. Hökumət dəfn komissiyası, Cabbarlı yoldaşla vida vaxtının bitmiş olduğunu elan edir. 12 000 nəfərə yaxın adamın tabut yanından keçdiyi və bu böyük dramaturq ilə vidalaşdıqları hesablanır.

Mərhumun tabutu başında fəxri qaravulda müxtəlif təşkilatların 275 nəfərə yaxın nümayəndəsi dayanmışdır. Fəxri qaravulda dayananlar sırasında firqə və hökumət nümayəndələri: Ağayev, Belıy, Aslanov, Bablumian, Ələkbərli, Trınıç, Talıblı və sair yoldaşlar da vardır. Daha sonra cümhuriyyətimizin xalq və əməkdar aktyorları Şərifzadə, Sarabski, Mirzağa Əliyev, Qurban Pirimov, Şövkət Məmmədova, Ülvi, Mərziyyə, Sona, Hidayətzadə, Darablı, Bağırov, Andreyev və xalq rəssamı Əzim Əzimzadə, kompozitor Üzeyir Hacıbəyli və mərhumun silahdaşlarından olan bir sıra şura yazıçısı və mətbuat işçiləri fəxri qaravulda idi.

Son vida bu gün saat 2-yə qədər davam edir.

Tabutu yanında

Həyatını canlı yaşayan CƏFƏR bir son nəfəs oldu. Ölümün dəhşətə uzanan əli devrlər ortasında ucalan qayadan bir parça qopardı. İndi Mədəniyyt Sarayının geniş salonunda təbiətin ən gözəl güllərini, həyatın ən təmiz yarpaqlarını öz son varlığına sərhəd çəkən adam, indi bu hər kəsin qızarmış göz, sararmış dodaq ilə qarşılaşdığı, qaravul çəkdiyi CƏFƏR artıq bizdən uzaqlaşmışdır. Artıq onun parlaq gözləri gözlərimizin içinə girməyəcək, artıq onun qəhrəman qələmi zövqümüzün divarlarına öz ədəbi rənglərini çizməyəcəkdir. Artıq onun rəssam beyni səhnənin ortasına yeni bir şah əsər çıxarmayacaqdır.

Milli sərhədlərin ənqazı (ənqaz - klassik ədəbiyyatda uçulmuş binanın, ümumiyyətlə, dağılmış, sökülmüş, yıxılmış bir şeyin qalıqları, töküntüləri mənasında işlənmişdir – red.) üstündə internasional bir mədəniyyət, bir varlıq yaradan şura dünyası insanlarının kütlə halında son borcu verməyə, son insanlıq məhəbbətini və hörmətini göstərməyə gəldiyi bu tabutun içində uzanan insan bizdə tamaşa zövqünün xaliqi deyilsə belə adı ölməz xadimidir. O həyatda ölü roluna çıxmamış, həyatını hər bir insan gözlənən kimi canlı, varlı və şüurlu yaşamışdır.

Bu gün tabutu yanında ölməz Şopenin ölməz ölüm marşını çalan orkestro, bu gün qızarmış və nəmli gözlərlə qaravulda dayananlar, bu gün dayanmaz və qurtarmaz bir axın kimi bu ölməyən əsərlər yaradıcısının artıq bir son nəfəs olan tabutu yanından keçənlər, bu varlı və şüurlu insanın hörmətini nümayiş etdirməkdə, onun gözlənilməyən bir fırtına kimi dəhşəti ürəklərə girən ölümünü ağlamaqdadır.

İki gündür Mədəniyyət sarayının qapılarından axan yazıçılarda, artistlərdə, musiqi ustalarında, işçi nümayəndələrində, tələbələrdə, qızlarda, qadınlarda, hər millətin böyüklərinə hörmət edən çocuqlarında, onların gözləri içində bu zövq və ədəb ustasına, bu tamaşa sənəti ustasına cəmiyyətin verdiyi qiyməti, qoyduğu hörməti oxumaq nə qədər asandır.

O, cəmiyyətin zövqündən doğmuşdu və cəmiyyətin zövqünə xitab etdi. Bu zövqün üstündə bir memar kimi işlədi. Təzə bir üslub ilə girdiyi tamaşa qübbəsi altında təzə bir zövq yaratdı. Cəmiyyətin ruhuna zərər verənləri bizə gülünc bir qozbel kimi göstərdi. Sosializm quruluşu zərbəçilərini onun əlində və dilində ən gözəl insan nümunəsi kimi gördük, oxuduq və tamaşa etdik. O, bizim zövqümüzü, yeni tamaşa zövqümüzü işlədi. Bizə yeni bir dil, yeni bir üslub, yeni bir səhnə gətirdi. Ona bu imkanı şura hökuməti verdi və o bu imkan qapısından cəsarətlə içəri girdi və cəsarətlə öz əsərini yaratdı. Bizim alqışımız, cəmiyyətin alqışı, onun cəsarəti və əsərini artırdı, yüksəltdi. Dar çərçivələrdən, dar görüşlərdən sənətin, uzaq və yaxşı dünyagörüşünün ortasına çıxdı.

İndi o artıq yoxdur. Gözlənilməyən fırtına bu yeni dünya insanının başında partlamış, onu bir ildırım sürtəilə aramızdan qoparmışdır. Biz yenə öz işimzidə, öz təzə həyat, təzə zövq, qürurlu və şüurlu ədəbiyyatımızda, öz sinifsiz cəmiyyət quruluşumuzda olacağıq. Həyat yenə coşqun və nəşəli davam edəcəkdir. Hörmətli insanlarımızın unudulmaz ölümünə və xatirəsinə, onların ölməz əsərinə bundan əbədi, bundan hörmətli abidə olmaz.

Ə.Ə.

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #